Övladlarının təhsil haqqı ödəniləcək “həssas əhali qrupu” kimlərdir? (EKSPERT)
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək".
Bunu təhsil eksperti Kamran Əsədov deyib. Ekspert yardım paketinin kimlərə şamil olunacağını və hansı illərin təhsil haqqının ödəniləcəyini açıqlayıb:
"Kimdir bu həssas əhali qrupu?
Sosial cəhətdən xüsusi yardıma ehtiyacı olan əhali qrupu - əlillər və onlara bərabər tutulan şəxslər sosial həssas qrup hesab olunur.
Yəni, özü və ya valideyinləri hansısa əlillik qrupuna daxil olursa, onların özləri, övladları və ya himayəsində olan tələbələr təhsil haqqından azad ediləcəklər.
Deyəcəksiniz ki, onsuz da əlillər prezidentin sərəncamı ilə təhsil haqqından azad edilib. Bəli, elədir, amma 1 və 2 ci qrup əlil, valideynlərindən birini itirmiş, digəri isə əlil olmuş uşaqlar təhsil haqqından azad edilmişdi. İndi isə bu, vəziyyətindən asılı olmayaraq hər kəsə şamil olunacaq.
Belə ki, valideynləri və ya özü əlil olan şəxslər 2020-ci ilin 2-ci semestr təhsil haqqını ödəməyibsə, onun qalan təhsil haqqı borcu ödənəcək. Amma kimsə ödəyibsə, onun pulu geri qaytarılmır.
Hətta 2020-2021-ci tədris ili üçün də bu qrupa daxil olanların təhsil haqqı ödəniləcək.
Nəzərə alsaq ki, bu məqsədlə 40 milyon manat ayrılıb, bu da yetərli məbləğdir".
tv713.az