“Əgər bu addımlar vaxtında atılmasaydı xəstələrin sayı 10, bəlkə də 20 min olardı...”
Bu gün prezident İlham Əliyev videokonfrans rejimində ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirə keçirib.
AzərTAC xəbər verir ki, prezident müşavirədə geniş nitqlə çıxış edib. İlham Əliyev çıxışında dünyada və Azərbaycanda koronavirusun yayılmasına dair vəziyyətdən də danışıb.
Sitat:
- Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.
Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.
Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.
Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.
tv713.az