Putinin SSRİ-ni bərpa etməsini istəməyən kimdir? - Politoloq
"Putin isə MDB-dən və Avrasiya İqtisadi Birliyindən daha güclü təşkilat yaratmaq istəyir".
Bunu politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin "Rossiya” kanalına son müsahibəsində SSRİ-ni yenidən bərpa etmək istəməsi ilə bağlı açıqladığı planlarını şərh edərkən deyib. Rusiya prezidenti bu plana maraqlı olmayan qüvvənin də adını çəkib:
"Vladimir Putinin "Rossiya” kanalına son müsahibəsində deyib ki, guya keçmiş SSRİ respublikalarının keçmiş böyük dövlətin bərpasıyla bağlı qorxuları tədricən aradan qaldırılır. Putin deyib ki, keçmiş respublikalar arasında inteqrasiyanın genişlənməsində qəribə heç nə yoxdur. Buna baxmayaraq, Putin mövcud reallığı bu şəkildə ifadə edib: "Təəssüf ki, inteqrasiya istənilən qədər irəli getməyib, halbuki bu mümkündür”.
Vladimir Putin sonrakı cümləsində açıqlamasının mahiyyətini bu sözlərlə büruzə verib: "SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”. Putin keçmiş SSRİ respublikalarının birliyinin dünya bazarlarında rəqabət gücünü artıracağını vurğulayıb. Kreml sahibi keçmiş SSRİ-nin vahid dilinin, nəqliyyat infrastrukturunun və enerji qaynaqlarının olduğunu da xatırladıb. Putin birlikdə maraqlı olmayan qüvvənin də adını çəkib - Qərb.
Birincisi, Putin sonuncu cümləsində yeni heç nə deməyib. Həqiqətən Qərb SSRİ-nin bərpasını istəmir. Ancaq SSRİ-nin bərpasını heç Putinin haqqında danışdığı keçmiş SSRİ respublikaları, indiki müstəqil dövlətlər də istəmir. Bununla Kreml sahibi bu dövlətlərə baxışını ortaya qoyur. Putin ətrafındakı dövlətləri Rusiya və Sovet imperiyasının tərkib hissəsi kimi qiymətləndirir. Təsadüfi deyil ki, Putin illər öncəsi verdiyi açıqlamada SSRİ-nin süqutunu əsrin böyük faciəsi adlandırmışdı. Aydındır ki, bunu deyən şəxs Rusiyanın qonşularını müstəqil dövlətlər kimi dəyərləndirə bilməz. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etməsini, 2014-cü ildə isə Krımı ilhaq etməsini və Donbasda Kiyevə tabe olmayan separatçı bölgə yaratmasını bu siyasətin tərkib hissəsi kimi dəyərləndirə bilərik.
İkincisi, Putin açıqlamasında "vahid dilə qayıdışa” işarə edərkən, hamının yenidən rus dilində danışması gərəkliyinə işarə edib. Putini başqalarının fikri maraqlandırmır, o öz xəyallarını reallaşdırmaq istəyir. Ancaq indi fərqli əsrdir, güclər və maraqlar da fərqlidir. Yəni Putinin dediyi əsas deyil, əsas dünyadakı və bölgədəki qüvvələr nisbətidir.
Üçüncüsü, keçmiş SSRİ respublikalarından hansı biri imperiyanın yenidən bərpasını, Rusiyanın ağalığı ilə Qərblə münasibətlərinin korlanmasını və nəhayət, müstəqillikdən vaz keçməsini istəyir? Rusiyanın yaxın müttəfiqləri Qazaxıstan, Belarus və Ermənistan sayılır. Ancaq hətta bu 3 dövlət belə çətin ki, Putinin "SSRİ-ni başqa şəkildə bərpa edək” ideyasına dəstək versin. Rusiya ilə birləşməyə illərdir hazır olan Belarus belə sonda anladı ki, Moskvaya tərəfdaş yox, vassal lazımdır. Ona görə də Belarus prezidenti Aleksandr Lukaşenko vaxtilə özünün irəli sürdüyü Rusiya ilə ittifaq ideyasından vaz keçib.
Dördüncüsü, Putin eyni açıqlamada ziddiyyətli fikirlər söyləyib. SSRİ-nin başqa formada bərpasından danışan Putin sonrakı cümləsində deyib ki, Avrasiya İqtisadi Birliyinin yeni üzvlərlə genişləndirilməsi məsələsində tələsmək lazım deyil. Putin deyib ki, Avropa təcrübəsi göstərir ki, inteqrasiya proseslərində çətinliklər var və onlarla hesablaşmaq lazımdır. Putinin bu fikri ilə razılaşmamaq olmur. Ancaq inteqrasiyanın mövcüd çətinliklərindən danışan Putin eyni zamanda bundan daha sıx inteqrasiya olunması hədəflənən ikinci SSRİ-nin bərpasını necə mümkün hesab edir? Başqa aktual sual da var. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında inteqrasiya necə mümkündür? Bəziləri deyə bilər ki, axı Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinin (MDB) də üzvüdürlər. Məsələ burasındadır ki, MDB amorf qurumdur. Putin isə MDB-dən və Avrasiya İqtisadi Birliyindən daha güclü təşkilat yaratmaq istəyir".
Elxan Şahinoğlu Putinin "yeni ideyasını” maraqlı dövrdə irəli sürdüyünü deyib:
"Dünya və elə Rusiyanın özü koronavirusla gərgin mübarizə aparır, xəstələrin və ölənlərin sayı artır. Rusiyada vəziyyət ağırdır, bir tərəfdən koronavirus, digər tərəfdən neftin qiymətlərinin düşməsi Rusiya iqtisadiyyatını iflic edib. Kreml sahibi bu problemləri necə həll edəcəyi və ölkənin bütövlüyünün gələcəyi haqqında düşünmək əvəzinə SSRİ-ni başqa formada bərpa etmək istəyir. Burda deyiblər, özünə umac ova bilmir, özgəyə əriştə kəsir".(qaynarinfo.az)
tv713.az