Polis məhəllədaxili yerlərdə nəzarəti gücləndirib
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın məhəllədaxili yerlərdə - yollarda, bazarlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayonlar üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunur. Diqqətə çatdırılır ki, hər bir şəxs tətbiq olunan qaydalara, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidir.
Göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunması istiqamətində nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Qeyd edək ki, fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini davam etdirilir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görülür. (virtualaz.org)
tv713.az