Bakıda tanımadığı yeniyetməyə qarşı quldurluq edən 30 yaşlı İslamın gülünc motivi
Quldurluqda ittiham olunan Qazax rayon sakini, 30 yaşlı İslam Məhəmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Virtualaz.org-un xəbərinə görə, İslam Məhəmmədov ötən ilin dekabrında paytaxtın Nizami rayonu, A.Manafov küçəsində yeniyetmə Zakir Novruzovu bıçaqla hədələyib, sillə vurub və əlindəki telefonu zorla alaraq hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən İslam Məhəmmədov ifadəsində səhhəti ilə bağlı Maştağadakı ruhi- əsəb dispanserində müalicə olunduğunu, Zakir Novruzovla heç bir ədavəti olmadığını, əvvəllər onu tanımadığını, ilk tanışlığı İbrahim adlı dostunun vasitəsilə yarandığını göstərib.
Hadisə baş verən gün Z.Novruzovla İbrahim telefonda görüntülü danışıblar. İslam da İbrahimin yanında olub: “Zakir İbrahimlə danışarkən mənə baxıb güldü. Onun bu hərəkətinə əsəbləşdim. Çox pis oldum”.
İ.Məhəmmədovun ifadəsinə görə, elə həmin gün dostu Kamran Əhmədovla (K.Əhmədov cinayəti bilib xəbər vermədiyinə görə barəsindəki cinayət işi ayrıca icraata ayrılıb-red.) görüşüblər və birlikdə “Qara Qarayev” metrostansiyasına tərəf gediblər. Çörək sexinin qarşısında təsadüfən Z.Novruzovu görüb: “Zakiri görən kimi tanıdım. Heç bir söz demədən əlimlə sifətindən vurdum. Kamran nə etdiyimi, niyə vurduğumu soruşdu. Bizi sakitləşdirmək istədi. Ona dedim, sən kənara çəkil, qarışma. Bıçaq çıxarıb Zakirə dedim ki, tez ol, telefonu ver. Zakir də heç nə deməyib telefonu verdi”.
Yeniyetmənin telefonunu zorla əlindən zorla alan İ.Məhəmmədov hadisə ilə bağlı polisə şikayət edəcəyi təqdirdə onun başına oyun açacağı ilə də hədələyib: “Telefonu elə həmin gün 20 manata satdım. Hadisədən iki ay keçdikdən sonra məni Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə çağırdılar. Oraya gələndə Zakirin orada olduğunu gördüm”.
Zərərçəkmiş Zakir Novruzov ifadəsində hadisə baş verən gün dostu İbrahim Fəttayevlə görüntülü danışarkən onun yanında tanımadığı bir nəfərin olduğunu, həmin şəxsin onların danışığına baxdığını deyib: “Təxminən bir saatdan sonra adlarını sonradan bildiyim İslam və Kamran yanıma gəldilər. İslam görüntülü danışarkən nə üçün güldüyümü soruşdu. Kamran da dedi ki, İslam xəstədir, niyə ona gülürsən? Mən İslama gülmədiyimi dedim. İslam isə məni vurdu. Bıçaqla hədələyib telefonu verməyimi tələb etdi. Bıçaqla məni vuracağından qorxduğum üçün telefonu İslama verdim”.
Yeniyetmə İslamın onu təhdid edərək, “polisə şikayət etsən, səni tapıb qisasımı alacağam” deməsindən qorxduğuna görə hadisə ilə bağlı ailə üzvlərinə heç nə deməyib. Hadisədən təxminən 2 aya yaxın vaxt ötdükdən sonra bibisi ondan niyə telefonunu işlətmədiyini soruşub. Məhz bundan sonra Zakir baş verənlər barədə bibisinə danışıb.
tv713.az