Qarabağla bağlı baza prinsipləri nədir? – 6 bəndlik sənəd
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı məsləhətləşmələrin nəticəsi olaraq əldə edilən atəşkəs razılaşması müharibənin bitdiyi kimi təqdim edilir.
TV 713.az xəbər verir ki, dünəndən etibarən sosial şəbəkələrdə artıq döyüşlərin dayandığı və münaqişənin yenidən “sülh danışıqları” adı altında uzanacağı barədə iddialar səsləndirilir. Halbuki 10 oktyabr saat 12.00 üçün nəzərdə tutulan atəşkəs razılaşması döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi məqsədi daşıyır. Yəni, bu, müvəqqəti atəşkəs hesab edilə bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa müraciətində sərt ritorikadan istifadə etməsi münaqişənin yenidən sıfır nöqtəsinə qayıdacağını istisna edir. Ölkə başçısı növbəti dəfə açıq şəkildə bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. İlham Əliyevin çıxışında ən önəmli məqam artıq şüara çevrilmiş “Qarabağ Azərbaycandır” fikrini bir daha xüsusi vurğu ilə təkrarlamasıdır. Ölkə başçısının danışıqlardan əvvəl bu fikrini təkrarlaması Azərbaycan Ordusunun Qarabağda əks-hücum əməliyyatının davam edəcəyinə ümidləri artırıb.
Türkiyə mediası da əldə olunan atəşkəs razılaşmasını “cənazə atəşkəsi” kimi təqdim edib. Ankaranın Dağlıq Qarabağ məsələsində artıq özünü tərəf kimi aparması bəllidir. Ona görə də bu ölkənin nüfuzlu, siyasi rəhbərliyə yaxın media quruluşlarının atəşkəs razılaşmasını “cənazə atəşkəsi” kimi təqdim etməsi təsadüfi sayıla bilməz.
Xarici İşlər nazirlərinin görüşündə əldə olunan razılıqlardan biri də danışıqların baza prinsipləri əsasında davam etdirilməsidir. Bu, əlbəttə ki, İlham Əliyevin dediyi kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasından sonra baş tuta bilər. Bəs münaqişənin həllinə dair baza prinsipləri hansılardır?
Söhbət 2009-cu ilin iyul ayında “Böyük səkkizlər”in (G8) İtaliyanın Akvil şəhərində keçirilən zirvə toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında əks olunan prinsiplərdən söhbət gedir. Həmin prinsiplər aşagıdakılardır:
1. Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması;
2. Dağlıq Qarabağa onun təhlükəsizliyini və özünüidarəetməsini təmin edəcək müvəqqəti statusun verilməsi;
3. Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması;
4. Dağlıq Qarabağın yekun statusunun hüquqi öhdəlik yaradan öz iradəsini ifadəetmə yolu ilə müəyyənləşdirilməsi;
5. Bütün məcburi köçkün və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qaytarılması;
6. Sülhməramlı əməliyyat da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatları.
2010-cu ilin iyununda Kanadada (Muskoka) keçirilən G8 zirvəsində həmsədr ölkə prezidentlərinin bəyanatında bu çərçivə bir daha təkrar edilib. Həmin il dekabrın 1-də Astanada keçirilən ATƏT sammitində isə həmsədr ölkə liderləri ilə Azərbaycan və Ermənistan prezidentləri birgə bəyanata imza atıblar. Bəyanatda münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktı, eləcə də ABŞ, Rusiya, Fransa prezidentlərinin Akvill və Muskoka bəyanatları əsasında həllinə bağlılıq ifadə olunub (yenisabah).