Xocalıda bağlanan yollar Kəlbəcərdə də qapanmalı idi!
İGİD TEYMURLU
"SÜLHMƏRAMLI QÜVVƏ", YOXSA KOMENDANT ÜSULİ İDARƏSİNİN İCRAÇISI?
RUSİYA bu gün Azərbaycanda sülhməramlı yox, hansısa infrastrukturların yaradılmasıyla bağlı Putinin imzalafığı son fərmanların işığında daha çox komendant üsulu idarəsinin detallarını sərgiləyir. 44 günlük müharibədə müzəffər ordumuz hərb meydanında Ermənistan üzərində parlaq bir qələbə qazanıb, ancaq Rusiya ilə diplomatiya masasında aparılan mücadilənin hansı sonuc verəcəyini zaman göstərəcək...
Noyabr ayının 10-u gecə saat 1-də üçtərəfli qaydada onlayn formada atəşkəs rejiminin bərpa edilməsi və hərbi əməliyyatların dayandırılmasıyla bağlı imzalanan bəyanatın (Ermənistan tərəfi sonradan imzalayıb) müddəalarına uyğun olaraq hərbi əməliyyatlar dayandırılmış, sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsilə bağlı razılıq əldə edilmiş, müzakirələrin gedişatında işğal altında qalan Azərbaycan torpaqlarının azad edilməsi üçün konkret zamanı özündə əks etdirən cədvəl tərtib edilmişdir. Məhz bu cədvələ görə noyabrın 15-i Kəlbəcər, noyabrın 20-si Ağdam və dekabrın 1-də də Laçının boşaldılması nəzərdə tutulub.
Torpaqlarımızı işğal edəndə ermənilər bütün beynəlxalq hüquq və normalara, insan haqlarının qorunmasını özündə ehtiva edən bütün prinsiplərə tüpürsələr də, Azərbaycan tərəfi nə qədər ağrıdıcı olsa belə indiki durumda belə bunun tam əksinə olaraq hər zaman olduğu kimi yenə də humanizm prinsiplərinə söykənməkdədi. Məhz bunun nəticəsidir ki, Kəlbəcərin boşaldılmasıyla bağlı müəyyən edilən 15 noyabr tarixinin 25 noyabra qədər uzadılma zərurətiylə bağlı məlumat verildi və Azərbaycan da buna öz razılığını verdi.
Bu da özlüyündə bir çox yanaşmaları ortaya çıxarır. Hər şeydən öncə bəyanatın öz gücünə də istər-istəməz kölgə salır. Onsuz da bundan öncə Rusiyanın bir çox rəsmilərinin verdikləri açıqlamalar o bəyanatı imzalayan rəsmi Kremlin diktə dilini büruzə verirdi.
Bundan sonrakı addımlarda Rusiya sülhməramlılarının başında duran general Rüstəm Muradovun atdığı addımlarda da qırmızı xətti aşma apaydın göründü. Məlum bəyanat 3 tərəf arasında imzalansa da (arzuolunansa 2+2 formatı olardı: Rusiya ilə yanaşı Türkiyənin də imzasının olması), ancaq sülh yaratmağa gəlmiş missiyanın rəhbəri "dqr rəhbəri" ilə danışıqlar aparmaqla özünün mövqeyini dolayı yolla ortaya qoydu.
Rüsiya bu gün Rüstəm Muradov vasitəsilə 3- cü dəfə Azərbaycanı dişinə vurdu
1. Araiklə görüşüb "dqr"-in gerbini sərgiləyəndə
2. Araiklə görüşüb "dqr"-in gerbiylə birgə bayrağını sərgiləyəndə
3. Kəlbəcərin boşaldılmasıyla bağlı vaxtın uzadılmasında......
ARAİKLƏ GÖRÜŞMƏNİN ÖZÜ BƏYANATI TAPDALAMAQ, AZƏRBAYCANI HEÇƏ SAYMANIN GÖRÜNTÜSÜ DEYİLMİ!?
Torpaqlar işğal ediləndə ermənilər bizə vaxtı vermişdilər? Xocalıda səhv etmitəmsə, 10 saat vaxt verilmişdi, gün yox haaa!
Bəs deyirlər QANUNDA GERİYƏ YOL YOXDUR..
Demək ki, belə deyilmiş: bu bəyanat həm də yaş dəri kimi bir şeymiş - hansı istiqamətə deyirsənsə dart! Dartdıqca da uzanacaq.
BƏYƏM HİKMƏT HACIYEV BU ZAMANA QƏDƏR AZ QALA ÜRƏK YANĞISIYLA VURĞULADIĞI "KƏLBƏCƏR REALLIQLARI"NI BİLMİRDİ?!..
Siyasi yönümdə bunun nə məna kəsb etməsi baxımından deyil, ancaq faktoloji baxımdan ayaqyalın, başı açıq öz yurdundan qovulan hansısa azərbaycanlı inanmıram ki, Kəlbəcərin boşaldılmasıyla bağlı ermənilərə əlavə vaxtın verilməsilə razı olsun . Fərd olaraq mən Kəlbəcərdə itirilən vaxtın uzadılmasının qətı əleyhinə idim. Xocalıda bağlanan yollar Kəlbəcərdə də qapanmalı idi. Biz həm də sülhməramlı qüvvənin özünü Qarabağda komendant üsulu idarəsinin icraçısı kimi aparmasına imkan verməməliyik..
TANRI DÖVLƏTİMİZƏ, MİLLƏTİMİZƏ XEYİRLİSİNİ NƏSİB ETSİN!