(Yazı İkinci Qarabağ Savaşından əvvəl hazırlanıb)
Torpaq uğrunda ölən varsa Vətəndir!..
Amma nə yazıq ki, uğrunda can qoyduğumuz Vətənlə birgə o torpaqlar uğrunda can qoyan Şəhidlərimizin də Ruhu didərgindir, Şəhidlərimizin də Ruhu məcburi köçkün həyatı yaşamaqdadır. İtirilmiş torpaqlarımıza sahib çıxmadıqca bütöv Azərbaycanı Şəhid harayı bürüyəcək, bütöv Azərbaycan yurd həsrətilə dünyadan köçən Şəhid qəbiristanlığına çevriləcək. Və beləcə Şəhid qəbirləri bütöv Azərbaycan üçün bir vətənə çevriləcək. Şəhid qəbirlərindən duyulan iniltilər, sızltılar Vətən ağımıza çevriləcək. Üstündə gəzdiyimiz torpaq da bizi qınayacaq. Şəhid övladına qucaq açan torpaq şəhidini toxdada bilmiyəcək. Çünki o Şəhidin uğrunda can qoyduğu Vətən parçası hələ də tapdaq altındadır. Qara bürünüb dərdinə yas saxlayan Vətən adlı anamızın başını sülh göyərçinlərini pərvazlandıranların şirin vədləriylə çox qatıblar...
Zaman-zaman bu torpaq uğrunda canını fəda etməyə hazır olan oğlanlar erməni və ermənilərin arxasında duran qüvvələrin məkrli planlarını durdurmaq üçün ayağa qalxıblar, yurd uğrunda mübarizəyə qalxaraq siyasi fellərə uymayıblar. Ən azından canlarını bu yurd uğrunda fəda etməklə itirilmiş torpaq anlayışını yetişən nəslin yaddaşına həkk ediblər...
Bu OĞLANLARIN sırasında XASAY QAÇAY OĞLU QULİYEV də var idi...
Quliyev Xasay Qaçay oğlu 22.02.1957-ci ildə Bakı şəhərində anadan olub. O, 1980-ci ildə Bakı şəhəri indiki Xəzər (keçmiş Əzizbəyov) rayonunda yerləşən 27 nömrəli məktəbi bitirəndən sonra “Azəriqaz” Geofizika İdarəsində sürücü kimi işləyib. 1982-ci ildə ailə həyatı qurub. Hazırda onun bu evlilkdən iki övladı var.
Quliyev Xasay məlum hadisələr başlayandan sonra könüllü olaraq ordu birləşmələrinə qoşulub. Onun üçün vətən adı hər şeydən uca idi. O canından çox sevdiyi vətənin müdafiəsi üçün öz ailəsini və övladlarını dövlətə əmanət qoyaraq yurdun müdafiəsinə yollanıb.
Xasay orta təhsilli olsa da, ancaq düşmənin çox məkrli olduğunu tarixdən öyrənmişdi. Digər tərəfdən Xasayın babası indi Ermənistan adlanan Qərbi Azərbaycanda qalan Sisyan rayonunun Şəki kəndindən olub. Babası Quliyev Surxay çar Rusiyası tərəfindən güllələndikdən sonra, nənəsi Gülarə xanım kəndi tərk edərək Laçın rayonunda məskunlaşıb.
Erməni işğalı ana tərəfindən də yan keçməyib. Belə ki, Anası Gülpəri xanımın da doğulduğu Qubadlı rayonu işğalçıların təcavüzünə məruz qalmışdır...
Quliyev Xasayın qısa dönəm döyüş yolundan geniş danışmaq olar. O, Şəhidlik Zirvəsinə ucalmağı arzu etmişdi sanki. 1990-cı ildə 20 Yanvar şəhidlərinə Dağüstü Parkda məzar qazmaq üçün dostları ilə təşkilatlanmışdılar. O, məzarları qazarkən “kaş ki, mənim də məzarım burada olaydı”deyə arzu edibmiş...
Qonşuları,qohumları,dostları onun nə qədər cəsarətli bir insan olduğundan dəfələrlə bəhs ediblər. Onun vətən sevgisindən çox bəhs etmək olar,bunu bir və ya bir neçə sözlə izah etmək mümkün deyil. O,erməni işğalının qarşısını almaq üçün savaşlara qatılıb 1992-ci ildə könüllü olaraq tərkibinə daxil olduğu 713 saylı hərbi hissədəki döyüş dostlarıyla birgə torpaqlarımızın bir qismini yağılardan azad edə bilmişdi. Belə döyüşlərdən birində 21.08.1992-ci il tarixdə Xasay Quliyev Ağdərə rayonunun Arutunaqamer kəndi uğrunda gedən qeyri bərabər savaşda qəhrəmancasına Şəhid olub...
TANRIVERDİYEV İNTİQAM Xasayın həm döyüş yoldaşı, həm də qonşusu olub. Onun Xasayla bağlı söylədiklərinə qulaq asanda adam bir anlığa Xasaylı günlərə qayıdır, o xoşbəxt anları bir də yaşamağa çalışır:
“Mən Xasayla bir məhlədə yaşayırdıq. Adətən Xasay həyətdə gec-gec görünürdü. Elə bilirdik ki, bu, işlə bağlı idi. Ancaq mən özüm də 713 saylı hərbi hissəyə könüllü olaraq yazılanda gördüm ki, artıq Xasay məndən də qabaq bu hərbi hissəyə yazılıbmış. Biz Lacında olanda onunla daha yaxından bir-birimizi tanıdıq. O, çox şən, zarafatcıl bir adam idi. Bölükdə bütün yoldaşlarla çox gözəl münasibəti var idi. Hamı onu zarafatcıl kimi tanıyırdı. Yaxşı yoldaş idi. Bir dəfə nəyə görəsə şəhərə gəlmişdi, balaca bir oglu var idi, adı da Rəşad idi. Rəşad elə bilirdi ki, atası doyüşdən cıxıb gəlib. Qayıdanda Xasay söyləyirdi ki, "sən orada əmiləri qoyub gəlmisən, buraxmıram səni evə"...
Xasay Şəhid olanda mən onun yanında olmamışam. Ancaq burada onu qarşılayıb dəfn elədik. Bu, mənim uçun cox ağır idi. Allah Xasayla birgə cəmi Şəhidlərimizə rəhmət eləsin”...
Həm bir döyüş yoldaşı, həm də yazının müəllifi kimi mənim də Xasayla bağlı yaddaşımda xoş xatirələr qalıb: “İntiqamın da söylədiyi kimi insanlara münasibətdə Xasay çox səmimi idi, O, hər kəslə öz dilində danışmağı bacaran adam idi. Vətənə bağlı olduğu qədər ailəsinə də bağlı bir insan idi. Şirin bir ləhcəsi var idi Xasyın. Hələ Üçtəpədə olanda uşaqlar bir-birini tam tanımadıqları zaman Xasay öz davranışlarıyla sanki bizləri bir-birimizə yaxınlaşdırır, ortalıqda olan baryerləri aradan qaldırmağa çalışırdı. Taksi sürücülərinə xas xüsusiyyəti onun insanlarala daha tez ünsiyyətə girməsinə rəvac verirdi. Aramızda bir az yaş fərqi olsa da, Xasay özünü bizim həmyaşıdımız kimi aparırdı. Heç zaman üzündən gülüş əskik olmazdı. Bir dəfə iki günlük evə gəlmişdi. Qayıdanda elə hey azyaşlı oğlu Rəşadın “qəhrəmanlığı”ndan danışırdı. Deyirdi ki, “Rəşad mənim vayenni papağımı başına qoyub məhlə uşaqlarına deyir ki, sizin atanız kişi deyil. Amma mənim atam kişidi, bax kişilər başlarına belə papaq qoyurlar”...
Döyüşlərin gedişatında belə Xasay zarafatından qalmazdı. O zaman mən qumbaraatan idim. Hətta döyüş gedən zaman belə Xasay zarafatından qalmaz, mənə "ver o qranatamyotu mən də atım, qranatamyot kişi silahıdır" deyərdi. Şux zarafatları, sabaha olan inamıyla bizləri hər zaman müsbət emosiyalar altında kökləyərdi...
Amma nə yazıq ki, müharibənin də öz prinsipləri var. Bu prinsiplər çox qəddardır. O qəddarlıq günün birində bizi də Xasaysız qoydu. Ağdərənin Arutunaqamer kəndinə hücum zamanı Xasay Şəhidlik Zirvəsinə ucaldı. Onu da deyim ki, bu yurd Fədaisinin Şəhidliyi sanki Xasayın ürəyinə dammışdı. O günü Xasay da sıx örtülü meşələr, sıldırımlı yollarla “dşk”-nı daşıyacaq qruppanın sırasında idi. Nədənsə özümə də ilk dəfə idi ki, qəribə gəldi - mən Xasayın üzündə təbəssüm görmürdüm. hansı ki, bütün döyüşlərdən öncə Xasay bizimlə zarafatlaşar, erməni qulaqlarından çevrilməyəcək yeni təsbehlər düzəldəcəyini söylərdi. Bu dəfəsə fərqli oldu...
Ağdərəyə çatar-çatmaz 713 saylı hərbi hissənin tərkibində olan birinci bölüyün uşaqları da daxil olan birləşməyə tezbazar hücum əmrinin verilməsi çoxu kimi Xasayı da maraqlandıran sual idi. O, elə hey “bu yolları kəşfiyyat yoxlayıbmı və hansı kəşfiyyat yoxlayıb? Nəsə ürəyimə damıb” deyirdi. Yerdə oturub gözlərini nədənsə sonsuzluğa zilləmişdi...
Nə yazıq ki, o günü Xasayın ürəyinə damanlar çin çıxdı. Verilən yanlış “kəşfiyyat məlumatları” və “bələdçi” ilə birinci bölük arasında gözlənilmədən kəsilən əlaqə, ara məsafəni gözləyən qüvvələrin əlaqənin itməsi ucbatından bir-birindən ayrı düşməsi, gərəkən köməyin hansısa səbəblər ucbatından göstərilməməsi və paralel olaraq eyni anda erməni hərbi birləşmələrinin sanki düppədüz verilən koordinatlara atəş açmaları neçə-neçə can qardaşımızın Şəhid olmasıyla nəticələndi. Xasay da o Şəhidlərin arasında idi...
Amma bütün Şəhidlərimiz kimi Xasay da ölməyib. Hər addımımda Xasayın gülər üzünü görürəm. Hələ də Xasayın Şəhid Baxışlarından doğan Diktədə bir Vətən harayı var, Allah cəmi Şəhidlərimizə rəhmət eləsin və Allahn millətimizə güc, qüvvət versin ki, hamılıqla Nigaran Ruhların Vətən Harayına səs verə bilək...
İGİD TEYMURLU
Tv 713.az