Xatirə Fərəclinin ad gününə sürpriz...

Mədəniyyət 12-fev, 15:239 tv713 139 0
Xatirə Fərəclinin ad gününə sürpriz...


Xatirə Fərəcli bizim dağların qızıdır, Yardımlının dupduru, buz kimi bulaqlarının suyundan içib, təndir çörəyi, nehrə yağı təam edib. Mayası halallıqdan yoğrulub. Saf dağ havası, dağ məğrurluğu, gül-çiçəklərin ətri iliyinə, qanına hopub. Belə bir mühitdə dünyaya göz açıb, araya-ərsəyə gələn adam şair olmalıydı da:

Fikir yelkənsiz gəmi,
bir mövzu tutub məni
yazımmı yazmayımmı?

Hisslər ağlı hərləyir,
məni şeytan girləyir
azımmı azmayımmı?

Hər kəlmədə bir tənə,
hər baxışda bir məna
yozummu yozmayımmı?

Bu nə eşq, bu nə istək
qovğada ağıl, ürək
dözümmü dözməyimmi?

Hər istək ayrı adda
dünya ayağım altda
əzimmi əzməyimmi?

Bax elə ona görədir ki, dünyaya meydan oxumağı bacarır. Özünü dünyadan güclü sanır. Onu əzə də bilər. Amma sonra fikrini dəyişib, dünyanın insandan güclü olduğunu etiraf edir. Yaşamağın möhnət, həyatın möhlət olduğunu dilə gətirir:

Alışdıq ölümə də,
Adiləşdi hər gediş.
Yansın belə alışmaq,
Od tutsun belə gərdiş.

Eşqlər, vədlər quru söz,
Münasibətlər naxoş,
Bütün sevgilər kimi,
Həyat sevgisi də boş.

Həyat elə özü də
Sevinc donlu möhnətdir,
Ömür deyilən nəsnə
Bapbalaca möhlətdir.

Çarəsizcə çarpışıb
Dilək qoyub gedirik,
Tərk edilib, tərk edib
Ürək qoyub gedirik.

Bu onun "Həyat sevgisi də boş" şeiridir. Sonra da təbiət hadisələrindən zövq aldığını bildirir, yağan qarı vəsf edib, dünyanın təmiz üzünə bənzədir:

Qar yağır...
sevdalı çağıdır təbiətin,
sevgi öpüşü ilə
göydən yerə endirib,
nazı ilə oynayır
ağ üzlü afətin.

Baxıram
lopa-lopa yağan qara,
qar şələli budaqlar üstündə
ayaqları üşüyən,
bəyaz qardan günü qara quşlara.

Kiminə qayğı bu qar,
kiminə göz eşqidir,
Can verib, canlar alan
bu bəyaz zər, bu afət
dünyanın təmiz üzü,
göylərin qız eşqidir.

Kövrək hisslərə qapılıb, içindəki təlatümü, ruhunun ağrılarını şeirə gətirir və şeirin sonunda mən soyuq adamam, qar adamam, söyləyir:

Toxunma, ruhumun ağrıyan yeri
Soldurar dünyanın rəngini, sökər.
İtirər fəhmini, qarışar aləm,
Cahana bir ağrı zülməti çökər.

Diri udar nə var o ölü zülmət
Udar, nə mərhəmət, nə insaf qanar.
Ağrılar görünməz kimsəyə üzdən
İnsan korun-korun içindən yanar.

İçdəki tüstüdən qurum bağlar can
Ha gizlət, gözləri satar adamı.
Toxunsan donarsan yandığım yerdən
Mən soyuq adamam, mən qar adamı.

Və nəhayət şeirlərini hisslərinin fotoşəkili, ömrünün güzgüsu kimi qələmə verib, onları balası tək əzizləyir:

Sətir-sətir məni satan,
dünyaya yadlığımın sübutu,
hisslərimin fotoşəklidir,
yaşadığım andır şeirlərim,
heç bir cihazın,
heç bir rəssamın çəkə bilmədiyi
bir məqamdır şeirlərim,
ağrı-ağrı,
sevinc-sevinc daddığım,
doğram-doğram udduğum,
bağrımın başında yaranıb,
içimi tərpədib gələn
candır şeirlərim,
xoş ovqatım, tünd əhvalım,
tərki-dünyalıq halım,
zəifliyim, özgüvənim,
gizlinim, aşkarım,
ömrümə-günümə güzgüdür,
sonralara
yaşatmağa gümandır şeirlərim.

Xatirə Fərəclinin yaradıcılığına baş vuranda, yaratdığı poeziya nümunələrinin gözəlliyinə heyran olursan. Özünəməxsus üslubu var. Poetik qaydalara yüksək səviyyədə əməl edir. Mövzu qıtlığından əziyyət çəkmir, bir sözlə, şeirlərində qəribə bir rəngarənglik var. Bu rəngarənglik onun iç dünyasının zənginliyindən irəli gəlir. Şeirlərinin hər biri mükəmməldir. Hiss olunur ki, özünə qarşı tələbkardır, zaman-zaman yaradıcılığı üzərində çalışıb, istedadını cilalaya bilib və püxtələşərək gözəl şairə çevrilib. Onun şeirlərini oxuyanda adamın ruhu dincəlir. Sanki, sehirli bir dünyaya düşürsən. Bu dünyanın günəşi, ayı, ulduzları da qeyri adidir...

Fevralın 12-si Xatirə xanımın doğum günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Yeni yaşın mübarək, dağlar qızı!

Elman Eldaroğlu
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr