Hanı mənim övladlarım?” - SABİR RÜSTƏMXANLI Ağdamdan yazdı
Azad olunmuş yurdlarımıza qayıdırıq”... Bu sözü tez-tez eşidirik, oxuyuruq və hərdən doğrudan da bizə elə gəlir ki, otuz il bundan öncə gördüyümüz çinarlı-kəhrizli Cəbrayıla, qovaqları göyə dəyən Füzuliyə, hasarları qızılgüllü Ağdama qayıdacağıq. Yenə gur meydanlar, adam əlindən tərpənmək mümkün olmayan bazarlar, yazın bu çağında yaşıllığı göz alan zəmilər, hər yerdə qarışqa kimi çalışan insanlar, doğma simalar görəcəyik... Çünki Qarabağı o cür görmüşük, gözümüzə, ürəyimizə o cür hopub və onu başqa cür təsəvvür edə bilmirik. Düzdür, müharibə bitəndən sonra dağılmış şəhərlərin və kəndlərin dəhşətli mənzərələrini televiziya ekranlarında və sosial mediada ara-sıra görmüşük. Amma ürəyimizdə yenə bir ümid olub ki, o boyda vilayətin bütün gözəllikləri, o cür abad və inkişaf etmiş şəhərlərin, kəndlərin bütün tikililəri, yolları, bağları, bağçaları, qəbiristanları, abidələri dağıdıla bilməz. Hardasa, hansı bir guşədəsə gözdən yayınıb salamat qala bilər, yaxud evlər dağıdılsa da, küçələr, yollar dağıdılmaz. O yollar bələdçilik edər, axtardığın ünvanı tapa bilərsən, hansısa nişanələr sənə öz doğma ocağını, dağılmış evinin xarabalıqlarını tapmağa kömək edər. Buna görə də müharibədən sonra hər kəsin ürəyində bir istək var: tez qayıdım, görüm ata-babamın izlərini qoruyan yurdlarımız nə vəziyyətdədir? Bağımızdan-bağçamızdan salamat qalan bir şey varmı?
Erməni vəhşiliklərinin bütün murdar üzlərini görmüşük, haqqında çox oxumuşuq, çox bilirik. Ancaq mart ayının 17-də siyasi partiya liderləri ilə birlikdə Ağdama səfərdən sonra mən artıq erməni vəhşiliyi terminini lüğətdən silmək istəyirəm. Vəhşilik sözünün yerinə nə isə onların bütün murdarlıqlarını, insanlıqdan çox-çox uzaq olan iyrənc xislətlərini, insan əli ilə yaradılan hər şeyi viran qoymaq xasiyyətlərini ifadə edə bilən başqa bir söz tapmaq istəyirəm. Bunların özlərini sata-sata dünyada fahişəliyin təməlini qoyduqlarını, yəni qanlarının murdarlığını bilirik, ancaq Ağdamda gördüklərimdən sonra onların bütün bunlardan daha mənfur və alçaq bir yolla dünyaya rəzalət səpməyə gəlmiş bir şeytan törəməsi olduqlarına bir daha əmin oldum.
... Təmas xəttindən başlayaraq yollar boyu hər tərəf qazılmış torpaq təpələri, kanallar, yeraltı sığınacaqlar, lağımlar, ucu-bucağı olmayan səngərlər... Bir sözlə, torpağın altını üstünə çeviriblər. Sanki iki milyonluq Ermənistanın hamısı Ağdam çöllərinə tökülüb, otuz ildə ancaq köstəbək yuvaları qurmaqla məşğul olub. Azərbaycanın ən bərəkətli torpaqlarıdır buralar. Yazın bu vaxtında bu düzlərin üstündə cənnət havası dolaşardı. Erməni ayağı dəyəndən torpağın rəngi qaçıb, sular quruyub, ağacların damarında qan donub, yol itib. Yerli adamlar olmasa, hansı istiqamətə gedəcəyini bilməzsən. Vaxtilə gözəl evləri, bərəkətli bağ-bağçaları ilə insanı valeh edən kəndlərdən ancaq orada-burada sınıq dişə bənzər divar qalıqları qalır. Elə bilirdim ki, nə qədər dağıdırlar dağıtsınlar, Ağdam şəhərinin içinə girən kimi hansı yolun Əsgərana, hansı yolun Xocəvəndə, hansının Ağdərəyə apardığını asanca müəyyənləşdirərəm. Ancaq Ağdam məscidini və onun qoşa minarəsi, Ağdam teatrının sütunları qalmasa, burada köhnə şəhərin heç bir istiqamətini müəyyənləşdirmək olmaz. Bircə İmarət abidələrinin hamısını uçura bilməyiblər. Çünki biz bu torpaqlara qayıda bilməsək, o möhtəşəm məqbərələri, yəqin ki, guya eradan əvvəl yaşamış “tiqranların, aramların” adına çıxacaqdılar. Qoşa minarəyə isə ona görə toxunmayıblar ki, minarələrin ucalığından ətrafa nəzarət edə bilsinlər. Amma hər halda, şükür ki, bu minarələr qalır. “Qarabağ Azərbaycandır” harayının sonuna qoyulan nida işarəsi kimi! Bu şəhərin əhalisinin Allaha ucalan əlləri kimi, azan kimi... Ağdam möhtəşəm bir şəhər idi. Bunu viran qalmış evlərdən nişanə qalan möhkəm daş divarlar da göstərir. Bu evlər şəhərin skeletidir, şəhərin dünyanın haqsızlığına və biganəliyinə gülən dişləridir. Dağıdılmış Ağdamın bənzəri yer üzünün heç yerində tapılmaz. Buranı dünya müharibələrinin viran qoyduğu şəhərlərlə də, hətta Vezuvi vulkanının külü altında qalmış Pompeylə də, atomun ilk qurbanı Xirosima ilə də tutuşdurmaq olmaz. Ağdam şəhərinin qalıqları insanlıq tarixinin görmədiyi ən ağlasığmaz bir düşmənçilik, barbarlıq və qancıqlıqdır.. Ətrafımdakı adamlar olmasa, elə bilərəm, mən doğma planetimizin üstündə deyiləm. Ayda və ya başqa bir planetdəyəm, gördüyüm bu divar qalıqları arasında heç vaxt canlı həyat olmayıb, min illərdir, burda yalnız xəyalatlar dolaşır. Yalnız martın ortaları üçün gözlənilməz istidə saçları yaşıllaşan söyüdlərə baxanda bilirsən ki, bir azdan bu viran yurdlar yaşıllığa bürünəcək və təbiət də bizim qayıdışımızı hiss edərək bu yaraları büküb gizləməyə çalışacaq!
Minalardan təmizlənərək gəlib-gedənlər və əsgərlər üçün açılmış yollarla hərəkət edirik. Ağdamın rəmzlərindən olan çay evi, meydanın ətrafındakı ikimərtəbəli binaların qalıqları, Ağdam teatrının əzəmətli portalı, ön sütunları köhnə xatirələri sızıldadır. 1990-cı ilin yanvar ayının 18-də bu teatrda mənim “Uzaq əsrlərin həqiqəti” adlı pyesim oynanılmışdı. Bakıda 20 Yanvar faciəsinin soyuq yelləri əsirdi, şəhərdən çıxıb Ağdama, intizarla gözlədiyim tamaşaya baxmağa gələ bilməmişdim. Bu, ilk və son tamaşa, mənim pyesim də Ağdamda şəhid olmuşdu...
Yalnız ön divarlarının uçuqları üstündəki fresko qalıqları xatırladır ki, bura Ağdamın çörək muzeyidir. Bura dünyada analoqu, bənzəri olmayan bir muzey idi. O vaxt Ağdamda raykom katibi işləyən rəhmətlik Sadıq Murtuzayevlə bu muzeyi gəzmiş və rayon haqqında yazdığım oçerkdə bu muzeyə ayrıca yer vermişdim.
İmarətdə Qarabağa və bütün Azərbaycana şöhrət olan insanların bəzisi uçurdulmuş, bəzisi toxunulmamış məqbərələrinə, qəbirlərinə baş çəkdik. Sonra Əsgərana, ordan da Şuşaya uzanan yolla düşmən əlində qaldığından eyni açılmamış, ilğımlı dağlara doğru üz tutduq. Erməni vəhşiliyinin zirvəsi buradadır. Neçə min şəhidin məzarını dağıtmaqla kifayətlənməyiblər, qəbirlərdən şəhidlərin bizim üçün müqəddəs olan qalıqlarını, sümüklərini də çıxarıb aparıblar, yuxarı tərəfdəki qəbiristanı şumlayıb taxıl əkiblər! Və bu vəhşiliklər törədiləndə... Bakıda 30 min erməni rahat yaşayıb, qohum-qardaşları burada arın-arxayın kef çəkiblər və imkanlıları Bakıda da başımızda turp əkiblər. Gəl baş aç bizdən! Əsgəranla sərhəddən Şahbulağa döndük. Dağ ətəyində erməni kəndlərinin ağ dəmir damları gün işığında parıldayır, hamısı dağıdılmış Ağdamın hesabınadır, amma biz hələ onlarla hesabımızı çəkməmişik!
Bu da Pənah xanın ilk qalası! Sonra paytaxtını Şuşaya daşımışdı! Qalaya toxunmayıblar. Restorana çeviriblər, gələnlərə öz abidələri kimi təqdim ediblər, bütün bu torpaqları öz torpaqları olaraq tanıtmağa çalışdıqları kimi! Yüzlərlə qonaq, Minsk qrupu... Biri də soruşmayıb ki, buralar sənindirsə, niyə viran qoymusan? Ancaq, bəlkə, elə bu dağıntıları da bizim ayağımıza yazıblar...
Şahbulaq yenə əvvəlki gurluğu ilə axır. Bir vaxt bu bulaqdan ilhamlanıb görkəmli yazıçımız, dostum Fərman Kərimzadə ilə “Ağdamın çörəyi, Şahbulağın suyu” adlı bir oçerk yazmışdıq. Minadan ehtiyat edib Boyəhmədli kəndinin yaxınındakı qəbiristana gedə bilmədim. Oradakı Daş balbalların taleyini düşünürdüm. Bütün Avroasiyanı bürüyən, “Türk qarıları”, “Daş babalar” kimi müxtəlif adlar daşıyan, türkün pozulmaz damğası olan o daşları da, yəqin, aparıb “erməniləşdiriblər”.
Şahbulağın suyu sanki bütün sıxıntılarımı yuyub apardı. Suyun axıb getdiyi sızra boyu uzanan bağ tala-tala çiçəkləyir. Hər tərəf dağıdılıb, düzdür, ancaq əsas budur ki, Biz Qayıtmışıq! Biz düşməni əzmişik. Şəhidlərimizin qisasını ‒ öcünü almışıq. Şükür, işləyən əlimiz, həvəsimiz, ilhamımız, gücümüz də yerindədir.
Ölkənin müəyyən istisnalarla, bütün siyasi partiyalarının bir yerdə işğaldan azad edilmiş torpaqlarımıza bu səfəri son dərəcə əhəmiyyətli, tarixi bir hadisədir. Bizi düşündürür. Bu birliyimiz olsaydı, yəqin, o vaxt bu torpaqları itirməzdik... Bu birliyimiz olmasa, Vətən müharibəsində qələbə qazana bilməzdik! Bu birliklə bütün şəhər və kəndlərimizi yenidən quracağıq. Qədim şəhərlərimizin yerinə gələcəyimizin şəhərlərini ucaldacağıq... Ancaq dağıdılmış Ağdamın bir parçasını da erməni vəhşiliyinin örnəyi, muzey kimi elə indiki kimi saxlamaq lazımdır.
Azad edilmiş səkkiz rayonumuzdan yalnız birini görməyimiz çalınan qələbənin əhəmiyyətini və böyüklüyünü daha yaxşı dərk etməyə imkan verir. Adama elə gəlir ki, o torpaqlar bu baharı da bizsiz qarşılasa, bizdən həmişəlik üz döndərərdi.
Bir də qarşıda bizi nə boyda işlərin gözlədiyini düşünürsən. Bütün torpaqların minalanması tələskənliyə imkan vermir. İlk növbədə, bu gizli xəyanət cəbhəsini də zərərsizləşdirməliyik. Bu işə daha çox qüvvə və texniki vasitə cəlb olunmalıdır.
Ağdamın bu durumunu görəndən sonra bütün ayrılıqlar unudulur , fikir fərqləri, siyasət meydanları mənasını itirir. Üç avtobus müxtəlif adlar altında yadlaşan, uzaqlaşan adamlar bir səmimi ailəyə dönür Elə bilirəm, yaz havası və bizim söhbətlərimiz dağıdılmış şəhəri silkələyir. Hər tərəfdən yorğun səslər gəlir: “Hanı mənim övladlarım?”
Sabir Rüstəmxanlı