Böyük Türk Mücahidi - Başbuğ Alparslan Türkeş
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
“Türk milləti üçün qurtuluş və yüksəlişin çarəsi öz inancları ilə milliyətçilik ülküsünə sarılmaqdır. Hədəfimiz böyük, güclü, qüdrətli, firəvan Türkiyədir. Yenilməz və baş əyməz Türk milliyətçilərinin yürüyüşünün sonunda qurtuluş vardır, zəfər vardır, şərəf və böyüklük vardır”- sözlərinin müəllifi böyük Türk milliyətçisi, mənalı həyatını Türklərin yüksəlişinə həsr edən “Türkiyə”adlı Türk dövlətində Alparslan Türkeş kimi ideal şəxsiyyətlərin “Türkçülük, Türançılıq” dan dolayı vətənə xəyanətdə ittiham olunub məhkəmə qarşısında dayanması əslində o dövrün yönəlticiləri üçün utancverici hadisədir. Türkeş məhkəmə qarşısında hakim, savcı və Başkan Paşanın suallarını cavablandırarkən bildirmişdi ki: “Mənə vətən xaini isnad olunmuşdur. Bunu şiddətlə rədd edirəm. Mən yer üzündə Milləti və Vətəni hər şüydən çox sevirəm. Sözün mütləq mənasında Millətsevər, Yurdsevər bir Türk zabitiyəm... Mən qatı bir millətçiyəm, lakin zənn edildiyi mənada irqçi deyiləm... Məm Türk millətinin yer üzündə eşsiz bir yaradılışa sahib olduğuna və Qəhrəmanlıqda bu millətdən (Türkdən – A.M.) üstün bir millət bulunmadığına iman gətirmişəm. Buna ən yaxın misal olaraq bu istiqlal Savaşını göstərirəm. Dörd tərəfdən düşmənlərimiz tərəfindən sarılmış olduğumuz halda bu qəhrəmanlığımız və üstün yaradışılımız sayəsindədir ki, bizdən hər baxımdan on dəfə, iyirmi dəfə üstün bir düşmənə üstün gəlmiş və istiqlalımızı, yerə düşmüş olan bayrağımızı qurtarmış, onu təkrar yüksəltmişiz...
İdarəçilik məsələsinə gəlincə, mənim şəxsi qənaətim belədir ki, mühüm işlərimizi görəcək şəxsiyyətlərin ya tamamilə Türk olan... və özünü Türkdən başqa bir şey saymayan və yaxud da Türk irqindən gələn kimsələr tərəfindən idarə olunmasını uyğun buluram”.
Hakimin: Turançılıq haqqındakı fikirlərini söyləyiniz – iddiasına qarşı Türkeş: “Turan, yəni Türk Birliyi yalnız Asiyadakılar deyil, bütün Türklərdir... Yəni bütün yer üzündəki Türklərdir. Türk Birliyi yalnız Asiyadakiları deyil, Bolqarıstandakı, Yunanıstandakı və s. yerlərdəki Türkləri də içinə alan bir məfhumdur”.
Hakimin: İlk fürsətdə bütün Türklərin birləşməsi lazımdır deyirsiniz – ittihamına qarşı hələ 1944-cü ildə Türkeş uzaqgörənliklə göstərmişdi ki: “Bunlar mənim gələcəyə aid istəklərimdən ibarətdir... Bu gələcəyə aid bir məsələdir... Məsələn, 1917-ci ildə olduğu kimi 1965-ci ildə və ya 1999-cu ildə Rusiuada bir inqilab zühur edə bilər. O zamana qədər Türkiyə hərb sənayesi baxımından da, elm və irfan baxımından da irəliləmiş bulunar və Türkiyənin köməyi ilə bu Birliyə döğru yürünülə bilər. İştə fürsət budur.
Başkan Paşanın: Birliyin hüdudu nə olacaq? – sualına Türkeş kəsə olaraq: “Türklərin bir bayraq altında birləşməsi” – cavabını vermişdir (Ətraflı məlumat üçün bax: Alparslan Türkeş, Temel görüşler, İst., 1979. Səh.247-349).
Alparslan Türkeş 1917-ci ildə indiki Kipr Respublikasının paytaxtı Levkoşada anadan olmuşdur. İlk və orta məktəbi Lenkosada bitirən Türkeş 1932-ci ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Kiçik yaşlarından hərb sənətinə həvəs göstərən Türkeş 1933-cü ildə Kuləli Hərbi Litseyinə daxil olmuş, 1936-cı ildə oranı bitirərək Hərbi məktəbə girmiş, 1938-ci ildə oranı başarı ilə bitirərək piyada kiçik leytenant rütbəsi ilə Piyada Atıcı Məktəbinə daxil olmuş, 1939-cu ildə leytenant rütbəsi ilə ordu sıralarına qatılmışdır. Bu illərdə milliyyətçi ədəbi dərgilərdə şeir və məqalələr çap etdirən Türkeş “irqçilik və Turançılıq” ittihamı ilə 1944-cü ilin may ayında böyük Türkçü-Turançı Nihal Atsız və digər arxadaşları ilə birgə həbs edilmiş, məhkəmə nəticəsində 1945-ci ilin aprel ayında bəraət alaraq azad olmuşdur.
1945-ci ildə baş leytenant rütbəsində olarkən II Dünya müharibəsində tankların qazandığı başarı dolayısı ilə “Tank ovçuluğu” adlı bir kitab çap etdirən Türkeş həmin ildə Hərbi Akadmiyaya imtahanları uğurla verərək daxil olmuş və qərargah zabiti rütbəsi almışdı.
1950-1955-ci illərdə Türkeş radioda “Total müdafiə” və “Qəhrəmanlıq” haqqında çıxışlar etmişdir.1955-ci ildə Qərargah Minbaşısı rütbəsi ilə Amerikadakı “Vaşinqton Daimi qrupu” nəzdində Türk Gənəl Kurmay Başqanlığının təmsil heyəti üzvlüyünə təyin edilmiş, 1958-ci ilə qədər bu vəzifədə çalışmış, bu müddət ərzində Corc Vaşinqton Universitetinin axşam bölməsində “Millətlərarası iqtisadiyyat və ingiliscə kompomzisiya” təhsili almışdır.
Türkeş 1959-cu ildə Almaniya “ Atom və Nüvə Məktəbi”nə göndərilmiş və bu məktəbi də müvəffəqiyyətlə bitirmiş, Avropada müxtəlif NATO toplantılarında və hərbi manevrlərdə Türkiyə Genəl Kurmay Başqanlığının təmsilcisi kimi iştirak etmişdir. 27 may 1960-cı il Milli Birlik Hərəkatının öndə gələn simalarından biri olan Türkeş bu hərəkatı partiyalarüstü və Milli Birliyi qoruyacaq bir reform hərəkatı olaraq düşünmüş, hərbi müdaxilədən sonra Milli Birlik Komitəsinin üzvü Başbakanlıq Müştəşarı olmuş və bu vəzifədə 25 sentyabr 1960-cı ilə qədər çalışmışdır. Onun hazırladığı “Dövlət Planlama Təşkilatı Qanun layihəsi” Milli Birlik Komitəsi tərəfindən qəbul edilmişdir.
19 noyabr 1960-cı ildə Hökumət Müşavirliyi sifəti ilə Hindistana göndərilən Türkeş nəhayət 22 fevral 1963-cü ildə vətənə dönmüş, 31 mart 1964-cü ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasına üzv qəbul edilmiş,31 iyul 1965 –ci il Qurultayında Partiyanın başqanı seçilmiş, 1969-cu ilin fevral ayında Partiyanın adı dəyişdirilərək Milliyətci Hərəkat Partiyası olmuş və Türkeş bu partiyanın başqanı seçilmişdir.
Alparslan Türkeş 31mart 1975-ci ildə Süleyman Dəmirəl başqanlığında qurulan koalisyon hökumətdə MHP Genəl başqanı olaraq Başbakan Yardımçısı və Dövlət Bakanı vəzifələrində çalışmış, gənclərdən ibarət Ülkü Ocaqları Dərnəyi yaratmışdı. Bu gənclik hərəkatından qorxuya düşən Türk düşmənləri Ülkücü hərəkata qarşı savaş elan etmiş, 1980-ci ilə qədər beş minədək Ülkücünü şəhid etmiş, xeyli Ülkücü həbs edilərək ağır işkəncələrə məruz qalmış, Başbuğ Alparslan Türkeş də həbs edilərək 4 il yarım həbsdə saxlanılmışdı. 9 aprel 1985-ci ildə bəraət alan Türkeş 1987-ci ildə keçirilən refererndumla əlaqədar olaraq digər siyasililərlə birlikdə üzərindən siyasətlə məşğul olmamaq yasağı qaldırılmış və Başbuğ, yenidən Milliyyətçi Çalışma Partiyasının Qurultayında partiyanın Genəl Başkanı seçilmiş, 1991-ci il seçkisində Yozqatdan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilmişdi.
Ümumiyyətlə, Türkeş 1965-ci ildən ta vəfatına qədər (4 aprel 1997) bir çox seçkilərdə Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilmişdi.
Türkeşin “1944 Milliyetçilik Olayı”, “Tank Avcılığı”, “Türkiyenin Meseleleri”, “Dokuz işık”, “Yeni Ufuklara Doğru”, “Dış Politikamız və Kıbrıs”, “Temel Görüşler” adlı əsərləri çap olunmuşdur.
Türk millətinə böyük olmağı, böyük düşünməyi, böyük ideya sahibi olmağı, mənəvi ucalığı hədəf olaraq, çarə olaraq, metod olaraq göstərən Alparslan Türkeş qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün əzab-əziyyətlərə, işkəncələrə sinə gərmiş, ömrünün son anlarına qədər Türkçülük və Türk Birliyi davasını ləyaqətlə aparmışdır.
Bir Türk milliyətçisi olaraq Türkeş dünyada yaşayan bütün Türklərin köləlikdən, əsirlikdən qurtarmaq, onları qorumaq davasını aparmış və göstərmişdir ki, “Türk Milləti üçün qurtuluş və yüksəlişin çarəsi milli bütünləşmədə, sosial ədalətin gerçəkləşməsində, milli eyitimdə, Türk dövlətçilik fəlsəfəsini anlamasındadır”.
Türkeşə görə “Xalqa xidmət və xalqa sevgi, hörmət və güvənlə bağlı olmaq fəzilətlərin ən böyüyüdür. İdarə edənlərin öz xalqından olması, xalq kimi yaşaması, xalqın içində xalqla bərabər, xalq üçün çalışması məmləkətin dərdlərinin çözümü üçün başlıca yoldur”.
Gənclik illərindən başlayaraq Türk millətinin öncəki qüdrətli, rifahlı günlərindən niyə belə geri qalmış, yoxsul və gücsüz hala düşdüyünü və bu zəif vəziyətdən qurtulmağın yollarını arayan Türkeş yaşadığı Türkiyə və Kipri qarış-qarış gəzmiş, xalqla görüşüb konuşmuş, digər ölkələrdəki məzlum Türklərin vəziyyəti ilə tanış olduqdan sonra özü-özünə belə bir sualla müraciət etmişdir. Bütün bunları nə üçün yapıyorum? Elə suala da özü belə bir orijinal cavab vermişdir: “Bunu millətimin içinə bir qurd düşürmək və böyləcə həp bərabər böyük həmlələrə girişmək, bütün milləti hərəkətə gətirmək üçün yapıyorum”(Alparslan Türkeş, Temel görüşlər, İst., 1979.səh19).
Hər işdə fərd və milləti, onların inanc, iradə, ülkü və həyəcan sahibi olmasını əsas hesab edən Türkeş göstərirdi ki: “Bir mübarizə xalqa mal edilmədikcə uyqulana bilməz və başarıya ulaşa bilməz. Bizim dərdlərimizin çarəsi millət olaraq həp birlikdə eyni anlayış içində səfərbər olmaq və millətin enerjisini hərəkətə gətirməkdir. Bu da xalqa mübarizəmizin mahiyyətini anlatmaq və onun güvənini qazanmaqla mümkün ola bilər”(Türkeş, göstərilən əsəri, səh.19).
Dünya siyasətini dərindən anlayan Türkeş xarici düşmənlərin Türkiyə və bütövlükdə Türk dünyasına münasibətini açıqlayarkən belə bir qənaətə gəlmişdi ki: “Bu gün əziz vətənimizin və böyük millətimizin üzərində bütün dünyanın gözü var. Doğudan batıya hər dövlət bu gözəl ölkə (Türkiyə nəzərdə tutulur-A.M). üzərində siyasətlər qurur. Türkiyə üzərində gözü olmayan bir dövlət varsa, o da hələ dövlət olmamışdır”(Türkeş, göstərilən əsəri, səh.19-20).
Türk fikir hərəkatları tarixindən bəhs edərkən “İslamçılıq, Osmanlıçılıq, Milliyətçilik, Pantürkizm, Turançılıq, Türk Birliyi, Türkiyəçilik və Anadoluçuluq” kimi fikir cərəyanlarından Türkeş ən böyük üstünlüyü Milliyətçiliyə və Türk Birliyinə vermiş və göstərmişdi ki: “İslamçılıq bütün müsəlman ölkələrin birliyini hədəf tutan görüşdür. Bu görüşün Osmanlı İmperatorluğunda qəbul edilməsinin əsas səbəblərindən biri də Osmanlı padişahlarının eyni zamanda həm də İslam Xəlifələri... görəvini daşıması idi”. Lakin tarixdə bəlli olduğu kimi xristianlarla bərabər müsəlman xalqları da Xristian İmperatorluqların təhriki ilə Osmanlı Dövlətinə qarşı silahlı mücadiləyə başlamış və sonda İperatorluğu çökdürmüşdülər.
“Osmanlıçılıq” fikrini şərh edərək Türkeş göstərmişdi ki: “Osmanlıçılıq fikri Tənzimatın elanından sonra... bir fikir hərəkatı olmuş, İmperatorluğun o günkü sərhədləri içində bulunan müxtəlif millətlərin din və milliyət fərqi qoymadan “Osmanlı” adı altında bir millət halına gətirmək ... görüşü idi ki, bunun da müxtəlif hadisələr...şərtlərdən dolayı imkansız olduğu ortaya çıxmış və nəticədə bu fikrin də tutulacaq bir fikir olmadığı inancını yaratmışdı”(Bax: Türkeş,göstərilən əsəri,səh 22).
“Milliyətçilik” ideyasını şərh edərkən Türkeş belə bir fikir irəli sürmüşdü ki: “Türk milliyətçiliyi, Türk Millətinin öz varlığını qoruma istəyindən doğmuş bir şüur və duyğudur... Türk milliyətçiliyi heç bir zaman şovinist olmamışdır. Heç bir zaman başqa bir milləti kiçik görmək, yox etmək və ya o millətə zülm etmək fikri ilə əlaqəsi olmamışdır. Əgər elə olsaydı,500 il, 800 il, 900 il bizim idarəçiliyimizdə, əlimizin altında qalmış olan millətlər 500 il, 800 il, 900 il sonra ayrı bir millət kimi öz varlıqlarını qoruyub saxlaya bilməz və içimizdə əriyib gedərdilər ... Dünya sülhünü təhlükə altında qoyan antropoloji irqçilik Türk milliyətçilik ülküsünün dışındadır... Türkçülük hər bir fəaliyyətin Türk Millətinin milli mənfəətlərinə uyğun bir şəkildə düzənlənməsi, yürüdülməsi görüşüdür ”(Türkeş, göstərilən əsəri, səh.23-24).
“Pantürkizm və Turançılıq ”dan bəhs edərkən Türkeş Türkiyədən kənardakı Türklərin yabançı boyunduruğundan qurtulmaq üçün bir-biri ilə əlaqə yaratmağa başlamalarını və beləliklə də “o günlərdə məmləkətimizdə bir Pantürkizm siyasi fikir cərəyanı yayılmış və bu fikir dövlət adamlarına qədər ulaşmışdı. Turançılıq fikri daha geniş bir sahə bulmuş, Macarlar, Finlər, Polşada yaşayan Mişerlər, yəni Turan əsilli bir çox millətlər bu fikri əvvəlcə ortaya atmışdılar”(Türkeş, göstərilən əsəri, səh.24.).
“Türk Birliyi” fikrindən danışarkən Türkeş göstərmişdi ki: “Türkiyədə əsil tərəfdar bulan və dövlət adamlarına qədər bir siyasi görüş olaraq yer edən fikir Türk Birliyi fikridir. Bu fikri hərəkat halına gətirməyi istəyən örnək şəxsiyyət Ənvər Paşa idi”(Bax:Turkeş, göstərilən əsəri, səh.25.)
“Türkiyəçilik və Anadoluçuluq”dan bəhs edən Türkeş bu fikir cərəyanını tənqid edərək göstərmişdi ki, onların ən böyük səhvi Türkiyə Türklərini digər Türklərdən ayrı bir millət olduğunu, “irqi tarixlə millət tarixinin” bir-birindən ayrılmasını müdafiə etmələri, Türkiyə sərhədləri xaricindəki Türklərlə ilgilənməməyi irəli sürmələridir (Bax: Türkeş, göstərilən əsəri, səh.26)
Öz əsərlərində milli mücadilədən, milli hədəflərdən, Türk millətinin kutlu güc qaynaqlarından, dünya Türklərinin birlik və bərabərliyindən, böyük hədəflərdən, millətin ictimai təşkilatlanmasından, milli eyitim, milli kültür, milli əxlaq, milli iradəçilik, türk dövlətçilik fəlsəfəsindən geniş bəhs edən Türkeş özünün məşhur “Doqquz İçıq” doktrinası ilə Türk milliyyətçilik ülküsünə yeni bir çalar gətirmiş, Türk gəncliyinin müəyyən bir qismini bu doktrina ətrafında birləşdirməyə nail olmuşdu.
Alparslan Türkeş özünün məşhur “Doqquz İşıq” doktrinasında milliyyətçilik, cəmiyyətçilik, demokratik milliyyətçilik, mülkiyyət-demokratiya münasibətləri, siyasi demokrayiya, iqtisadi demokratiya, millətlər mücadiləsi və milli doktrina, millətin ictimai, siyasi və iqtisadi təşkilatlanması, sosial ədalətin gerçəkləşdirilməsi, milli təhsil, milli mədəniyyət, milli idarəçilik, milli kalkınma, sənayeləşmə, milli xarici siyasət və s. kimi qlobal məsələlərin şərhini vermiş və göstərmişdi ki: “Mücadiləmiz böyük Türk milləti üçün ən yaxşı, ən doğru və ən gözəl nə varsa, onu nəyin bahasına olursa olsun, əldə etməkdir... Bizim tərəfdarlarımız ruhən və fikrən... olqun və yetkin dəliqanlılar, uca Türk dövlətinin yenilməz həyat gücü olan və Türk millətinin təminatı və gələcəyi olan gənclikdir... Biz əziz millətimizə güclü və böyük bir Türkiyə vəd edir, özümüzü millətə həsr edir və Türklük yoluna başlarımızı qoruyuruq... Tarixin ən qədim çağlarından bəri millətlər arasında davamlı bir mücadilə və yarışma vardır... Millətlər arasındakı Mücadilə şüurundan məhrum olan toplumlar başqalarının boyunduruğu altına düşərlər... “Haqq qüvvətindir” ideyası dünyanın var olduğu gündən bəri millətlərarası münasibətlərdə öz hökmünü yürüdən tək ideya olmuşdur... Bu grçəkləri göz önündə bulunduraraq Türk millətinin haqlarını qorumaq və daim saydıra bilmək üçün güclü, qüvvətli olmağa və güclü olmanın yolunu bulmağa məcburuq... Bir toplum üçün başqa toplumları kor-koranə təqlid etmək çox təhlükəlidir. Hər millətin özünə məxsus mənəvi inancları, adətləri, milli kültürü, milli dünyagörüşü olması gərəklidir. Milləti yüksəldən əsas amillər: sağlam mənəvi inanc və yüksək əxlaq sahibi olmaq, güclü milli şüur və milliyyətçilik ruhu daşımaq, elm və texnikada ən yüksək səviyyəyə ulaşmaq, sənaye və tarımda müasir məhsul istehsal etməkdir... Türkün yüksəlişi xaricdən idxal dilən fikirlərlə ola bilməz. Heç bir yabançı Türk Millətinin mənfəətlərini Türk Millətinin özü qədər düşünə bilməz... Mübarizələrimizin çözümü özümüzə dönmək, sarsılmaz bir birlik halında əl-ələ vermək və gecəli-gündüzlü çalışmağa girişməklə mümkündür... Qayəmiz Türk Millətini insan kimi və elmi üsullarla ən qısa yoldan, öz gücü ilə ayaqda dura biləcək güclü, rifahlı, xoşbəxt, haqq və şərəfinə sahib bir toplum halına gətirmək və müasir millətlərin ən ön cərgəsinə keçirməkdir... Yeni bir Türk möcüzəsi doğmalıdır. Doğacaqdır. Bəlkə yarın, bəlkə yarından da yaxın! ” (Seçmələr bizimdir – A.M. Bax: Alparslan Türkeş, göstərilən əsəri.).
Bu gün də Türk ülkücü gəncliyi öz başbuğları Alparslan Türkeşin yolunu davam etdirir, Türk dünyasının vahid bir orqanizmaya çevrilməsi uğrunda mübarizə aparırlar. Ruhun şad olsun, ey böyük Türk mücahidi!