YUBİLEY ÖNCƏSİ SABİR RÜSTƏMXANLI HAQQINDA SƏMİMİ ETİRAFLAR
MƏKTƏB YOLDAŞI FÜRUDİN ABAZƏLİYEVIN SÖYLƏDİKLƏRİNDƏN
70 yaşın içindəyəm, təqribən 60 ildir ki, SABİR RÜSTƏMXANLINI tanıyıram.
Onunla bir məktəbdə oxuyurduq. Nədənsə o illər yaddaşıma daha güclü hopub. O, səkkizinci sinifdə oxuyanda mən də dördüncü sinifdəydim. Hər ikimiz əlaçı idik. Etiraf edirəm ki, digər əlaçılardan fərqli olaraq onun hörməti da üstün idi.
Şer yazırdı, məktəbin ictimai işlərində çox fəal iştirak edirdi. Ayda bir dəfə çıxan divar qəzetimizin çox oxunaqlı olması daha çox onun əməyinin məhsulu idi. Məktəbimizin ictimai işlərində ən aktiv olanlardan biriydi.
Çox mehriban sinif yoldaşları var idi. Hər cür ayrıseçkilikdən uzaq kənd uşaqları idilər.
Sonradan Sabir müəllimlə daha yaxın olduq. Onun sinif yoldaşı Yaşar Abdulov bizim kürəkənimiz olandan sonra Sabir müəllimlə bir-birimizin xeyir-şərində daha yaxından iştirak edirik.
O vaxt Sabir müəllim rayona gələndə onunla birlikdə dostları da onunla təşrif buyurardılar. Gözəl məclislər qurular, Azərbaycanımızın, bütöv Türk Dünyasının dünənindən, bu günündən, sabahından söz açılar, şux zarafatlar edərdilər. Mən də bu məclislərin əksəriyətinin iştirakçısı olar, bu məclislərdən mənəvi zövq alardım.
SABİR müəllimin həm ədəbi, həm də ictimai fəaliyyətini hər zaman izləmişəm. Demək olar ki, onun bütün məqalələrini oxumuşam, görüşlərinin tam əksəriyyətində iştirak etmişəm.
SABİR müəllim Azərbaycanın Azadlığının carçısıdır, onun qurucularındandır. Onun yaradıcılığı da, millətimizin, dövlətimizin yolunda atdığı addımlar da buna şahidlik edir. Meydan hərəkatımızın Azadlıq Mücahidi idi Sabir müəllim. Bütün bunlar milyonların gözü qarşısında olub. Xalq bunu görüb, həyatını azadlığımız uğrunda dəfələrlə təhlükəyə atıb, heç nədən çəkinməyib, qorxmayıb.
Azərbaycanın ictimai- siyasi həyatında ən öndə dayananlardandır. Hər zaman əxlaqa söykənən siyasət adamıdır.
Turk dünyasında ən tanınmış şəxslərdən biridir, gələcəyimizin doğru-dürüst inkişafını deyən fikir adamıdır və bütün bunlar danılmaz həqiqətlərdəndir.
İctimai siyasi xadimdir, şairdir, publisistdir, ədibdir, sözüylə, əməliylə Bütöv Azərbaycanın oğludur.
Qısası Azərbaycanımızın , Bütün Türk Dünyasının ən böyük sərvətlərindəndir.
Allahdan ona can sağlığı, uzun ömür arzulayıram.