"QARABAĞA DÖNÜŞ" poeması - 2-cı və 3-cü bölüm

Manset 16-may, 04:269 tv713 123 0

"QARABAĞA DÖNÜŞ" poeması - 2-cı və 3-cü bölüm

SABİR RÜSTƏMXAMLI -75 SİLSİLƏSİNDƏN

2-Cİ BÖLÜM

...Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,
Həqiqət min yalanı yandırıb yaxıb keçdi.
Savaş deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı.
Yol gözləyən yurdların harayı hər gün təzə,
On milyonun tək səsi yol açdı üzümüzə.
Qalxdı igid oğullar, oğul düşmən çəpəri,
Qalxdı əmrə müntəzir Azərbaycan əsgəri!
Nəfəsi yaz nəfəsi, səsi ildırım səsi,
Yurdun coşan ilhamı, qisas almaq həvəsi....



3-CÜ BÖLÜM

...Vur, qəhrəman əsgərim, "Xocalı" bağırıb vur,
Yad əllərdə inləyən torpağın xətrinə, vur.

Min-min evim dağılmış, kəndlər qalmış virana
Daşları buz bağlamış ocağın yerinə vur.
Köstəbək yuvasında gizlənməkdir əlacı,
Dağıt bu son deşiyi, mərmini dərinə vur!
Ziyarətgah zirvələr gözləyir gözü yolda,
Bu işğalı bitirib, zülmün məhvərinə vur!

Nəbinin yolu bağlı, Həcərin əli bağlı,
Xatırla bu torpaqda at oynadan kəsləri.
Düşmən top-tüfəngliydi, onun silahı qeyrət,
Hələ itib getməmiş Soltan bəyin izləri.
Düşmənə su vermədən çəkilsə də içinə,
Hər qayanın altından fışqırar kəhrizləri.
Sən aranda, o dağda, sanır ələkeçməzdir,
Qayada yuva açsın poladlaşan dizlərin!..

Havalan zirvələrdə, mən də gəlim dalınca,
Daha kəsməz yolumu çovğunlu qar, nəmli sis.
Düşmən başı alovlu tərk edir cənnətimi.
Bilir çoxdan çatıbdır geri dönmək vədəmiz.
Tərtər yenə oxuyur Kəlbəcər nəğməsini,
Nə qədər qan yusa da bizə baxır tər-təmiz.
Gedənlərə qoşulub zirvəsindən enmədi
Murovdan, Dəlidağdan uca Şəmşir dədəmiz...

Yazılı daşlarıma mən də bir tarix yazım,
Daşlar da dil açacaq diri sözlə yazılsa,
Getdi şair dostlarım, bu yurdlardan nigaran,
Həsrətləri soyumaz hər qaya bir saz olsa.
Bəhmənlə Məmməd Aslan ilhamları tükənməz,
Bir ağız da mən deyim dedikləri az olsa.
Gözümdə bu dağların hər qayası altındı,
Qızıl nəyimə gərək insanları qızılsa.

Hələ də xatırlayır tənha Ceyran bulağı
Üstünə Şəmşirlə bir Vurğun gələn çağları.
Sücaət Dəlidağa bir də uçmaq istəyir,
"Quş yerinə olaydım!" - titrəyir dodaqları.
İmtahan bitməsini gözləyir Ənvər Rza,
Tez qayıtsın kəndinə, başında uşaqları!
Gəzsin xalq arasında - sazından sözünəcən,
Qürbət olmuş Göyçənin Ələsgər soraqları.

Laçın düşmən əlində hələ dirənib durur,
İşıqlı dağlarım var qalxır qəm dumanından.
Şair Ağa Laçınlı - Bakıdadır məzarı,
Ruhu ayrıla bilmir anasının yanından.
Mıxtökəndən atüstə aşsın Hüsey Kürdoğlu
Görsün nişan qalıbmı burda ilk ünvanından.
Yenə Turşsu üstündə qurulsun məclisimiz
Görək hansı sözümüz çıxır saz tufanından!

Tələs, igid əsgərim, havalar soyuqlaşır.
Təpələr çallaşmada, bir azdan qış gələcək.
Süleyman Rəhimlidən hər il bir yeni roman,
Adına neçə eldən neçə alqış gələcək...
Qaraoğlu Əlinin qələmində "Qəhrəman"
Zəngəzurdan nə yazsa millətə xoş gələcək...
Endirib Balayana tərsşapalaq şerini
Dilində lətifəsi Eldar Baxış gələcək.

Azıx tarixə giriş - ağız açıb çağırır,
Hər kurqan sirrə pərdə, demə, adi təpədi.
Bu gücüm, bu ilhamım Füzuli yadigarı,
Diri dağlar ucalsın, diriliyi əbədi!
Bir Vətənim bu yanda, bir Vətənim o yanda
Arada Xudafərin bütövlüyün məbədi
Günahımız çox olub savaşla təmizlənər
Haq-ədalət yolunda ölmək də bir tövbədi...

Yüz min əl uzadacaq bizə çinar meşəsi
Nə Oxçu quruyacaq, nə xatirə bitəndir!
Qayıdım Araz boyu Qarabağ düzlərinə
Yüzillərin həsrəti ürəyimi didəndir...
Əl edir Qarabağa qaradağlı qardaşlar,
Qırx milyon insanıyla ora da bir Vətəndir.
Nə sərhəd çəkilməklə millətim ayrılacaq,
Nə birləşmək arzusu, nə də sevgi bitəndir.

Qoy torpağı titrətsin üfüqdən üfüqəcən
İlxı-ilxı şığıyan Qarabağın atları.
Ağdamı xəritədən silmək istədi düşmən,
Bilmədi açılacaq poladdan qanadlarım.
Yenə Xudu müəllim Mərzilidən yol başlar,
Dirilər naxış-naxış tariximin qatları.
Qarabağ ağrısını yenə Muğam diliylə
Yayar qitələr boyu Şuşanın övladları...

Cəbrayıldan keçirəm - fəxri vətəndaşıyam.
Dünyanı arşınlayan Sabirin yurdudur bu,
Molla Pənah Vaqifdən Bayatlı Vaqifəcən
Sözüylə, nəğməsiylə basılmaz ordudur bu.
Sona bülbül oxuyur yenə Qədir səsiylə,
Sanki fələkdən axan bir mübarək sudur bu
İlahi, Qarabağım yenə öz yerindədir
Nə müqəddəs ziyarət, nə böyük arzudur bu!

Pənah xanın qalası Şahbulağın üstündə
Düşmənin qanlı əli o suya dəyəndə, vur,
Tikiləcək kəndlərim, sonsuz cah-cəlalıyla,
Erməni dil uzadıb "Qarabağ" deyəndə, vur,
Dəmir quşlar uçuşsun qartallarla yanaşı,
İlanı yuvasında, bayquşu göyündə vur!
Boğazı əlindəykən rəhm edib buraxdığın
Barış deyib yalvaran sözünü əyəndə, vur!...


TV 713. az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr