SABİR RÜSTƏMXANLI - 75 silsiləsindən
"QARABAĞA DÖNÜŞ" poeması
I HİSSƏ
Yaramızdan axan qan
qan deyil, qorxumuzdur,
Ağrılarla qovulan ətalət yuxumuzdur.
Dünən ağladığıma bu gün qəlbən gülürəm,
Ölüydüm yaşadıqca, dirilməyə ölürəm.
Nə bu ölüm yenidir, nə yarımcan dirilik,
Üzdə bütöv olsam da ürəyim çilik-çilik.
Yad əllər parçaladı, bölündükcə bölündük,
Küləklərdə sovrulduq, ələklərdə ələndik.
Çökdü bir qara zülmət yurdumun üzərinə,
İşıqlı günlər dedik qara demək yerinə...
Doğrandı sərhədlərim, qayçılandı yollarım,
Başım kötük üstündə, kələfçədə qollarım...
Allahsız, dinsiz olan unutdurdu Allahı,
Allah sevgisi kimi yağmalandı silahım...
Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.
Haqq-ədalət yolunda sonadək savaşmaqdır,
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz parçalanmış Vətənə.
Gözümüzdə bir əsrin axan nahaq qanları,
Kükrəyib dağ çayıtək doldurduq meydanları.
Meydan ana qucağı, bir ürəkdi, bir candı,
Həsrəti qırıb tökmüş bütöv Azərbaycandı.
Yan-yana dayanmışdı Bakı, Təbriz, Ərdəbil,
Araz da xəcalətdən qurtarmışdı elə bil!
Meydan yumruğa dönüb, hər yumruq bir qoşundu.
Harayımız ildırım, sözlərimiz qurşundu.
Gəldi Sovet ordusu, dişinə vursun bizi,
Tanklar, toplar, mərmilər bükmədi dizimizi.
Xalqın iradəsindən çaşıb qorxuya düşən,
Kürsüsünə sarılıb tülkü kimi büzüşən
Millətin haqq sözünü gətirmədən dilinə
Daş qoydu Baş Katiblə xəyanət təməlinə.
Yatıranda milləti yastığa dönən yalan
Soyuq yanvar günündə Bakıda axıtdı qan.
Ordu öz şəhərinə soxulur yağı kimi,
Cırır bayraqlarımı düşmən bayrağı kimi.
Gözündə vəhşi qəzəb çıxır neçə pusqudan,
Uçaqlar göyü tutur, gəmilər qalxır sudan.
Tanklar, raketlər gəlir dinc şəhərin üstünə,
Tuşlanır top lüləsi körpələrin üzünə.
Son silahla qırırlar silahsız insanları,
"Əl çək yurdumdan!" - deyən günahsız insanları.
İşğal ordusu durdu işğalçının yanında
Boğdu öz şərəfini Xocalının qanında.
Dünyanın fitvasıyla coşur Hayın harayı,
Arxadan tankla gəlir - sovetin son alayı.
Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.
Qatilə dur deməyən özü də günahkardı.
Dərin siyasətlərin quruyacaq kökləri
Kəsib atmaq olmasa əl gəzən ətəkləri,
Axırda anladım ki, keçən ömür deyilmiş,
Göydə səsim boğulub, yerdə yolum əyilmiş.
Nəğməm ağıya dönüb, laylamız göz yaşına,
Matəm havası hopub yurdun hər qarışına.
Nə şeytan kimi şeytan, nə xilaskar mələyik
Eləcə boşluqlarda üzən cansız lələyik.
Dünya özü də bilmir istəyi nədir bizdən,
Otuz il qara duman donubdur üstümüzdə.
Sanki görmür kor gözü - Vətənimdir burası.
O millətlər birliyi, bu dövlətlər şurası...
Hamısının ağzında eyni çürük saqqızdı,
Hamı siyasət qurdu, quzu-yurdum yalqızdır...