Bu, həmin 713 saylı hərbi hissədir ki...
İGİD TEYMURLU
QURD AĞIZLI ÇAĞALAR VƏ QIZIL ALMAYA DOĞRU UZANAN YOL
....Kimisinin saçları ağarmış... kimisinin saçları tökülmüş. Kimisinin bədən çəkisi artmış, kimisinin bədəni lap sısqalaşmış.. Kimisinin yaxınları “Laçın” deyə-deyə həyatla vidalaşmış, “dədə-baba yurdlarımızı azad edəndən sonra o elin, o obanın torpağından bir ovuc gətir, tök qəbrimin üstünə deyib, qoy ruhum dincəlsin” vəsiyyətini etmiş, kimisinin də Laçın kimi bir Cənnətdən xəbərsiz olan qurd ağızlı çağaları bu dünyaya gəlmiş...
Beləcə zaman ötüb, dərdlərimiz də elə zamanın özü kimi qartımışdı... Qartımış dünyanın şirin nağıllarıyla səhərimizi açır, günümüzü yola verirdik. Dünyanın özünüsə hörümçək toru bürüyüb. Biz də Təbrizimizlə, Ərdəbilimizlə, İrəvanımızla, Göycəmizlə, Zəngəzurumuzla, Dərbəndimizlə, Borçalımızla, Qarabağımızla bu hörümçək torunun tən ortasında...Bu torun içində həm məhvolma təhlükəsi, həm də elə bu torun içindəcə siyasi, iqtisadi, ideoloji,hərbi fəndlərlə mahir bir oyunçuya çevrilmə şansı var idi...Və günün birində bu nahaq dünyada “üstündən neçə illər keçib, dost olun, barışın bu reallıqla” diktəsindən doğan dəhşətlı üzləşmək qorxusu da var idi..
Və nə yaxşı ki, günün birində böyük güclərin siyasi həyasızlığı türkü öz uykusundan oyatdı, ayağa qalxdıq, haqqımız uğrunda mübarizəyə başladıq. İtirdiyimiz bir qisim torpaqlarımızı geri aldıq.
Dünya indi əndişədədir, çün türkün Yolu Qızıl Almayadır!...
713 SAYLI HƏRBİ HİSSƏ VƏ GÖZ YAŞI AXIDAN QƏLƏM
Ötən illər ərzində həm ölkənin içində, həm də dışında baş verən proseslər artıq Azərbaycan insanına çox şeyləri anladıb. İnsanların fizionomiyası dəyişsə də, ortalıqda dəyişməyən bir şey var - o da yurd sevgisidir. Vətənə, elə, obaya, dədə-babalarımızın uyuduğu məkana, babalarımızın bizə miras qoyub getdikləri sevgili məmləkətə olan sevgi dəyişməyib...
O Müqəddəs Sevgi 29 il bundan öncə birgə döyüş yoluna çıxan, “Vətən bizi yetişdirib bu ellərə yolladı” hayqırtısıyla düşmənin bağrını yaran 713 SAYLI HƏRBİ HİSSƏnin döyüşçülərinin nəhayət ki, bir yerə cəm olduqları məkanda apaydın görünməkdədir. Bu gün keçmiş döyüşçülərin baxışlarında duyulan hisləri yazmaq üçün qələm özü də göz yaşı axıdır - çünki ortalıqda həm sevincimizin kədəri, həm də kədərimizin sevinci var.
GÖZ YAŞLARINDA GÖRÜNƏN DARIXAN ƏLLƏR VƏ ŞƏHİD QARDAŞLARIMIZIN KÖLGƏSİ
Ürəyi Vətən, yurd eşqiylə döyünən Oğlanların gözündən sezilir – onların içində yatızdırılan döyüş əzmi hələ də öz yerindədir. Hələ də baba yaşında olan bu Oğlanların əlləri başqa ipə sapa yatmır.
İndi də o əllər düşməni gəbərdəcək tətiklər üçün darıxır...
İndi də o əllər Vətənimizin hələ də işğal altında qalan yurd yerlərindəki daşını, çınqılını sığallamaq üçün darıxır!...
Darıxan əllərin titrəyişi üzümüzü qusullayan göz yaşlarımızda parıldayır..
Yaşarmış gözlərimizdə Şəhid qardaşlarımızın Kölgəsi görünür. Laçının qartal yuvalarından, Murovdan VÜQAR HƏSƏNQULİYEVİN, İMAN HƏSƏNQULİYEVİN, KAMRAN BƏYİN, OĞLU İMANVERDİNİN Kölgələrinin üzündə bir qayğı var, üzündə bir təbəssüm var və üzündə bir narahatlıq var. Son damla qanlarına qədər bu KİŞİLƏR mübarizələrini hətta təkbaşına apardılar. Bugünkü Azərbaycanı ayaqda saxlayan o Nigaran Ruhlardır, o Şəhidlərdir. Hansı ki, bir para yarıtmazların ucbatından o Şəhidlərin də, o əlillərin də, o veteranların da haqları bu günün özünə qədər tanınmayıb!
Hələ də haqqı tanınmayan 713 saylı hərbi hissənin keçmiş Döyüşçüləri Şəhid qardaşlarının Ruhu qarşısında baş əyməklə onların qisaslarının düşməndən tam şəkildə mütləq alınacağına görə ƏSGƏR ANDI içirlər...
NİGARAN RUHLARIMIZ VƏ ÖVLADINI VƏTƏNƏ SEVGİ RUHUNDA BÖYÜDƏ BİLMƏMƏNİN "NƏDƏN"İ
Yurdun azadlığı uğrunda əsgər andı içmək haqqının tanınmamasına baxmayaraq 713 saylı hərbi hissənin keçmiş döyüşçüləri üçün hər zaman bir nömrəli vəzifədir. Böyüyən nəsli bu ruhda böyütmək, düşmənə nifrət, dosta sevgi 713 saylı hərbi hissənin döyüşçülərinin yaşam tərzlərinin əsas qayəsinə çevrilib.
Hələ də haqları tanınmayan bu döyüşçülərin yaşarmış gözlərinə baxanda nələrin şahidi olmursan, İlahi!?...
O Yaşarmış Gözlərdə babalarımızın Şəhid qardaşlarımızın bizim dözümümüzü Təbrizdən, Dərbənddən, Borçalıdan, İrəvandan, Murovdan , Hoçaz yüksəkliyindən, Sarıbabadan, Qırxqız yaylasından seyr edən Nigaaran Ruhlarının tənələri də var!...
O Yaşarmış Gözlərdə hələ də öz azadlığına qovuşmayan yurd yerlərimizin səması üstündə qıy vuran Kəsik Qolların, Kəsik Qıçların Harayı var...
O Yaşarmış Gözlərdə 8 martda kimin və necə təbrik etdiyini bilmədiyimiz və hələ də yol gözləyən əsir götürülmüş qız-gəlinlərimizin çağırışı var...
O Yaşarmış Gözlərdə dərdlərimizə biganə qalan demokratik dünyanı tüpürcək "yağışı”na tutma qəzəbi var...
O Yasarmış Gözlərdə Ali Baş Komandanın əmriylə “Tam və qəti qələbə uğrunda qalx ayağa Azərbaycan!” istəyindən doğan dərhal antiterror əməliyyatına başlamaq həvəsi var - 44 günlük müharibədə olduğu kimi....
Və o Yaşarmış Gözlərdə rus və erməni birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsində misilsiz xidməti olan 713 saylı hərbi hissənin əsgərlərinin bir yerə cəm olunması, cəm halında Ali Baş Komandanın əmrinə əsgər andı içmə sevdası, bu hərbi hissənin əsgərlərinə qarşı atılan addımlarda edilən yanlışların tez bir zamanda aradan qaldırılması istəyi var...
Baba yaşında olan bu döyüşçülərin öz övladlarını, nəvələrini Vətənə sevgi ruhunda böyüdə bilmirlər. Çünki içlərində bir qorxu var: QORXURLAR Kİ, GÜNÜN BİRİNDƏ VƏTƏN SEVGİSİ RUHUNDA TƏRBİYƏ ETMƏK İSTƏDİKLƏRİ ÖVLADLARI ONLARA "BUDURMU VƏTƏNİN ÖZ VƏTƏNDAŞINA VERDİYİ QİYMƏT!?" deyə sual edərlər....
BU, HƏMİN 713 SAYLI HƏRBİ HİSSƏDİR Kİ...
Təsadüf, ya da düşünülmüş bir addım olsa da, illər sonrası 713 saylı hərbi hissənin keçmiş döyüşçülərinin “20 Yanvar abidəsi” önündə cəm olub dərdlərini bölüşmələrində də tarixin acı həqiqətləri gizlənməkdədir. Məhz 20 Yanvarda millətimiz təzədən doğuldu. 20 Yanvar ayrılıqda fərdlərin faciəsi olsa da, ancaq bütövlükdə millətin Doğum Günü idi. Rusiya imperiyasının qaniçənliyi sonradan Xocalıda 366-cı motoatıcı diviziyanın vəhşiliklərində də öz əksini tapmışdı. Sonradan Ermənistanın Rusiyanın forpostuna çevrilməsi və şimal ayısının Qarabağla bağlı min cür oyundan çıxması da heç kimə sirr deyil...
713 saylı hərbi hissənin döyüşçülərinin məhz bu məkanda toplanmaları bəlkə də ruhdan gələn bir məsələ, özümüzə qayıdış idi ...Özümüzə qayıtdıq və bir anlığa düşündük ki, ey vaaah, bu, həmin 713 saylı hərbi hissədir ki...
BUGÜNKÜ TƏQDİMATDA bu, həmin 713 saylı hərbi hissədir ki, hərbi hissənin komandiri SÜLEYMAN ƏHMƏDOV, hərbi hissənin qərargah rəisinin müavini MEHDİ RÜSTƏMOV, hərbi hissənin tərkibinə daxil olan ikinci bölüyün komandiri VAQİF QULİYEV, bütövlükdə torpaqlarımızın azadlığı uğrunda 36 Şəhid versə də, nə Rəhim Qazıyev, nə Məmmədrəfi, nə Səfər Əbiyev, nə də Zakir Həsənov tərəfindən onların qəhrəmanlıqları qiymətləndirilməyib. Süleyman Əhmədov 52 yaşında idi könüllü olaraq cəbhəyə yollananda. Vaqif Quliyev də könüllü olaraq yollanmışdı orduya, məktəb direktoru olub, iki dəfə Azərbaycan çempionu olmuşdu güləş üzrə. Mən Şəhidlərimizin arasında hansısa fərqin qoyulmasının tam əleyhinəyəm. Sıravisindən tutmuş ta generalına qədər hər biri Vətən yolunda şirin canından keçən mələk timsallı İnsanlardı Onlar. Amma nə yazıq ki, bu gün biz bəziləri tərəfindən həm də o qoyulan fərqi belə görməkdəyik.... Bariz nümunə kimi 713 saylı hərbi hissənin döyüşçüləri hələ də Şəhidlərə, Əlillərə, veteranlara verilə güzəşt və imtiyazlardan yetərincə yararlana bilmirlər.....
Məlumat üçün bildirim ki, bu, həmin 713 saylı hərbi hissədir ki, 1992-ci ildə Laçının işğalından sonra formalaşdırılıb yurd yerlərimizi azad etməyə könüllü olaraq yollanmışdı..
Bu, həmin 713 saylı hərbi hissədir ki, döyüşçülərin özlərinin də dedikləri kimi “bir avtomatla düz Laçına qədər gedib çıxmış, iki dəfə Laçın koridorunu tam nəzarətə götürmüşdü”...
Bu, həmin 713 saylı hərbi hissədir ki, Ağdərənin alınmasında birbaşa iştirak etsə də, ancaq bu konuda “adı heç bir sənəddə çəkilmir”...
Bu, həmin 713 saylı hərbi hissədir ki, həddindən artıq strateji əhəmiyyətə malik Hoçaz yüksəkliyini əldə etmək üçün birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının yüksək çinli zabitinin komandanlıq etdiyi terror birləşməsini darmadağın etmiş və üçrəngli bayrağımızı o yüksəkliyə sancmışdır.
VƏ NƏ YAZIQ Kİ, 713 saylı hərbi hissənin keçirdiyi əməliyyatlar uzun illər ərzində hətta o dövrün bir qisim döyüşçüləri tərəfindən də dilə gətirilməmiş, hətta bir çox hallarda 713-ün düzənlədiyi əməliyyatlar guya onlar tərəfindən həyata keçirilirmiş kimi qələmə verilib.
Bu, həmin 713 saylı hərbi hissədir ki, o dövrün siyasi və hərbi rəhbərliyinin düzənlədiyi oyunların qurbanı oldu. Laçına qədər gedib çıxan hərbi hissəni hansı zərurətdən bir gecənin içində Ağdərəyə gətirib gəlişindən iki saat keçəndən sonra ərazi kəşfiyyat olunmamış döyüşə atırlar!? Ağdərə rayonunun Arutunaqamer kəndində baş verən oyunlar eynilə Vəngə hücum ərəfəsində də baş verir. Nə idi bu hərbi hissənin suçu - neçə-neçə ərlərin hesabına Laçının 42 kəndini, Ağdərənin bir neçə kəndini işğaldan azad etməyimi!?...
Bu, həmin 713 saylı hərbi hissədir ki, AXC-Müsavat hakimiyyətinin parlament sədri, baş naziri həmin döyüşçülər haqqında guya “bilgisiz” olublar, Rəhim Qazıyevin, Pənah Hüseynin ölkə mətbuatına verdiyi müsahibələr də bunu təsdiqləyir. Amma həmin Elçibəy hakimiyyəti, həmin baş nazir, həmin parlament sədri, həmin müdafiə naziri Leyla Yunus kimi bir ermənipərəsti MN-də analitik-informasiya mərkəzinə rəhbər qoyulmasını çox gözəl bilir və çox gözəl də dərk edirdilər. Azmı olub döyüş bölgəsində əsgərlərimizin adlarıyla çağırılıb güllələnməsi? Kim idi bu informasiyaları ermənilərə ötürən? Hətta erməni əsirlərin özləri belə iddia edirdilər ki, "ordunuzda kəşfiyyatçılarımız yetərincədir", kim idi o kəşfiyyatçıları orduya yerləşdirən?
713-cü hərbi hssə həm də rəhmətlik Elçibəy hakimiyyətinin naşılığı və siyasi oyunbazlığının qurbanı oldu...
Bu, həmin 713 saylı hərbi hissədir ki, səsiylə Levitanı xatırladan Şəmistan Əlizamanlı 1992-ci ildə hər gün xəbər yayırdı ki, “ordumuz filan, filan kəndi düşməndən azad edib”...
Bu, həmin 713 saylı hərbi hissədir ki, o zamankı Cəbhə hakimiyyətinin min cür oyunundan xəbərsiz olsa da, qanı və canı bahasına torpağın azadlığı uğrunda mücadilə edib qan töküb, torpaq suvarıblar...
Bu, həmin 713 saylı hərbi hissədir ki, keçmiş müdafiə naziri Səfər Əbiyevin monopolist və dağıdıcı düşüncəsinin qurbanı olub, hətta 701 saylı briqada komandiri rəhmətlik Zadir Rzayevin özü belə müharibə sonrası bir çox hallarda əsgərinin hayına qalmayıb, ya da qala bilməyib...
Bu, həmin 713 saylı hərbi hissədir ki, 701 saylı briqadanın tərkibində olub. Hissənin komandiri rəhmətlik Süleyman Əhmədov olub. Rota komandirləri Rəhman İsgəndərov (sonradan hərbi hissənin komandiri), rəhmətlik Vaqif müəllim, Budaq Budaqov olub.
Bu, həmin 713 saylı hərbi hissədir ki, bütün “nədənlər”ə baxmayaraq yenə də öz keşmiş ampluasındadır. Bu hərbi hissənin əsgərləri olan keçmiş döyüşçülərin çoxu o zamankı ordu rəhbərliyində təmsil olunanların yarıtmaz fəaliyyətləri ucbatından sonradan hətta öz veteran statuslarını belə almasalar da, ancaq düşündükləri yurd yeri olub, döyüş əmrini gözləməklə hər zaman Ali Baş Komandanın yanında olduqlarını apaydın şəkildə ortaya qoyublar və indi də o ruhdadılar.
Bu, həmin 713 saylı hərbi hissədir ki, üstündən düz 29 il keçəndən sonra indi bir yerə cəm olub, sosial şəbəkə üzərindən “713-cü tabor” qrupunu yaradıb, Vətən, dövlət və dövlətçiliyimiz, millətçiliyimiz naminə milli birliyimizin formatını ortaya qoyublar.
Bu, həmin 713 saylı hərbi hissədir ki, sağ qalan bütün döyüşçüləri bir yerə cəm edib əsgərlərimizə dayaq durmaq, onlarla vətənpərvərlik konusunda söhbətlər aparmaq, yetişən nəslə əsgər andının mahiyyətini anlatmağı qarşısına məqsəd qoyub...
Bu, həmin 713 saylı hərbi hissədir ki, Ali Baş Komandanımızın çağırışına dərhal reaksiya verərək 44 günlük müharibədə bir nəfər kimi hamısı müsəlləh əsgər olaraq Laçın rayon hərbi komaissarlığına müraciət etmiş, döyüşdə əsgərlərimizə sipər əvəzi qatılmaq üçün ön cəbhəyə yollanmaları üçün dəfələrlə xahişdə bulunmuşlar. Həm də paralel olaraq silahlı qüvvələrimizə imkanları çərçivəsində bu və ya digər formada yardım kampaniyasında iştirak etmiş, düşmənlə mübarizidə ideoloji cəbhədə də bütün imkanlarını səfərbər etmişdilər.
Və bu, həmin 713 saylı hərbi hissədir ki, “biz bu və ya digər səbəblər ucbatından müəyyən döyüşləri uduzmuşuq, ancaq müharibəni yox” deyir. Keçmiş döyüşçülər bu fikirdədilər ki, müharibə bu gün də davam edir – həm siyasi sferada, həm iqtisadi sferada, həm ideoloji sferada, həm də hərbi müstəvidə. Bu baxımdan da biz bir millət olaraq hamılıqla fəaliyyətimizi hərbi rels üzərinə çıxarmalı və döyüş əmrinə hər an hazır olmalıyıq.....
....Bəli, 713 saylı hərbi hissənin döyüşçüləri bu gün də düşmənlə müharibəyə hazırdır. Keçmiş döyüşçülərin saçları ağarsa da, dərdin, ələmin əlindən belləri bükülsə də, o zamankı qıvraqlıqları azalsa da, bəzilərinin bədən çəkiləri artsa da, bəzilərinin bədənləri lap sısqalaşsa da, amma ruhları hər zaman döyüşkən və dövlətçiliyimizə münasibətdə hər zaman ümidlə yaşayanlardır. 713 saylı hərbi hissənin keçmiş döyüşçüləri Vətənə sahib çıxmanın formatını tam şəkildə ortaya qoyublar, Vətən qarşısında öz övladlıq borclarını bu gün də yorulmadan yerinə yetirmədədilər. Yetər ki, Dövlət Baba keçmiş döyüşçülərin haqlarının bərpasında vətəndaşının yanında olsun, necə ki, mümkün olan qədər olub və dövlətçiliyimizə qənim kəsilənlərin dövlət-vətəndaş münasibətlərinə xələl gətirmələrinə imkan verilməsin....