Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

Şahidlər və Şəhidlər 30-noy, 07:169 tv713 88 0

Döyüşdə şimşək kimi çaxan 713 nömrəli hərbi hissənin Şəhidləri


Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

(Yazı İkinci Qarabağ Savaşından əvvəl hazırlanıb)

“Torpaq uğrunda ölən varsa Vətəndir”. Amma nə yazıq ki, uğrunda can qoyduğumuz Vətənlə birgə o torpaq uğrunda can qoyan Şəhidlərimizin də Ruhu didərgindir, Şəhidlərimizin də Ruhu məcburi köçkün həyatı yaşamaqdadır. Bu gün bütöv Azərbaycanı Şəhid harayı bürüyüb, bu gün bütöv Azərbaycan özü böyda Şəhid qəbiristanlığına çevrilib.


Şəhid qəbirləri bu gün bütöv Azərbaycan üçün bir vətənə çevrilib. Şəhid qəbirlərindən duyulan iniltilər, sızltılar Vətən ağımıza çevrilib. Üstündə gəzdiyimiz torpaq da bizi qınayır. Şəhid övladına qucaq açan torpaq şəhidini toxdada bilmir. Nə qədər ki, o Şəhidlərin uğrunda can qoyduqları Vətən parçalarımız, yurd yerlərimiz düşmən tapdağı altında qalacaq, demək ki, Biz Ruhumuzdan ayrı düşmüşük! Demək ki, başımızın üstündə əsən heç də küləklər deyil, Nigaran Ruhlardır ki, qıy vururlar!...



Cənubi Qafqaza yerləşdiriləndən sonra hər zaman Azərbaycan türkünə deportasiya, soyqırım, qətliam "bəxş" edən erməni və onların havadarlarına heç bir güzəştdən söhbət gedə bilməz və getməməlidir də!!!



Bu gün qəbirləri də didərgin düşən Şəhid qardaşlarımızın Ruhu qarşısında adam utanır, xəcalət çəkir. Amma neyləmək ki, o Şəhid qəbirlərini ziyarət etmək, o Şəhid qəbirləri qarşısında sanki bir hesabatla çıxış etmək, o Şəhid qəbirlərinin qulluğunda dayanmaq həm də bir vətəndaş olaraq bizlərin boyun borcumuzdur. Amma hansı üzlə!?...


Bu gün 713 nömrəli hərbi hissənin Hocaz kəndi uğrunda apardığı döyüş zamanı Şəhid olmuş Asəflə Kamil qardaşlarımızın günüdür. 1992-ci il 1 avqustda 713 nömrəli zabit və əsgər heyəti strateji əhəmiyyət kəsb edən Hoçaz yüksəkliyi uğrunda qanlı döyüşə atıldılar. Texniki təchizat baxımından düşmənlə müqayisədə həddindən artıq çox aşağı bir səviyyədə silahlanmasına baxmayaraq 713 saylı hərbi hissənin qurd ürəkli döyüşçülərinin əlində Vətən sevgisindən, yurd sevgisindən cilalanan ölüm saçan, düşməni vahiməyə salan qorxunc bir silah var idi. Düşmənin böyük texnikaya malik olmaları 713 saylı hərbi hissənin döyüşçülərinə vız gəlirdi. Bu hərbi hissənin döyüşçüləri dədə-babalarından qalma “türklər döyüşdə quş kimi uçuyor, şimşək kimi çaxıyorlar” həqiqətini ortaya qoymuşdular.



O döyüşdə 713 saylı hərbi hissə 7 Şəhid versə də bir həmlə ilə düşmənin 40 nəfərindən çoxunu məhv edib. Şəhid qardaşlarımızdan olan ASƏF QƏNİ OĞLU (1971-1992) MƏMİYEV və KAMİL QƏNİ OĞLU (1965-1992) MƏMİYEVin döyüş zamanı göstərdikləri şücaət bu gün də öz döyüşçü yoldaşları tərəfindən fəxrlə yad edilir.

Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

713 saylı hərbi hissənin döyüşçüləri üçün Tərtər rayonunun Ələsgərli kənd qəbiristanlığı and yeri olmaqla yanaşı həm də bir hesabat yeridir. Hoçaz uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan yeddi Şəhidimizdən ikisi bu gün Tərtər rayonunun Ələsgərli kənd qəbiristanlığında uyumaqdadır. Digər beş şəhidimizin ikisi SƏMƏD və MÜZƏFFƏR Laçın rayonunun Vağazin kənd qəbiristanlığında, digər üç Şəhidimiz ROLAD, VÜQAR və QASIMsa Şəhidlər Xiyabanında dəfn edilib. Bu Şəhidlərimizin timsalında həm Vağazindən, həm Tərtərdən, həm də Şəhidlər Xiyabanından bir Hoçaz yüksəkliyi görünür.



Asəflə Kamilin timsalında bu Şəhidlərimizin qəbirlərinin üstü torpaqlarımız uğrunda canını fəda etmiş qandaşlarımızın atası QƏNİ MƏMİYEV tərəfindən götürülmüşdür.



Rəhmətlik Tavat xalanın göz yaşları ilə sulanıb o qəbir daşları. Övladlarının ağır dərdinə dözə bilməyən Tavat xala 2016-cı ildə, ataları Qəni dayısa 2019-cu ildə Haqqın dərgahına qovuşublar”.

Bizim qəbirlərimiz də didərgin düşüb. Düzdür, Vətənin o başı, bu başı olmaz. Amma istər-istəməz sanki hər kəsdə bir ilahi yaddaş var, ilk dəfə göz açdığın yurdun hənirtisi, istisi, soyuğu, sazağı, şaxtası elə bil insanın canına hopur, Hara gedirsənsə,, get, o ağrı, o acı, o isti, o soyuq hər zaman sənin içindədir. Uzaq yerlərdə qəbir daşlarına həkk olunan şəkillər var haa, onlar da bunu deyir. Bizim övlad borcumuzdur ki, itirilmiş yurd yerlərimizə sahib çıxıb ilahi yaddaşımızı özümüzə qaytaraq. Asəf də, Kamil də, digər Şəhidlərimiz də o yaddaşın daşıyıcıları idilər. Döyüş yoldaşı Daşqın Paşayev söyləyir ki, "Kamil hələ sağlığında söyləyirdi ki, "mən ölsəm məni haradasa basdırmayın, cismimi aparıb qoyarsınız bax o Hoçaz qayasının başına. Sonra sözünü mənə şerlə demişdi:


Əcəl yaman qovur məni,
Mən öləndə çevir məni
Üzü dağlara, dağlara...


O zaman mən də ona mərhum dayım İlyasın “Dağlar” şeriylə cavab verdim.

Haraylaram sizə çatmaz
Mənim səsim, ünüm, dağlar!
Hər nə keçib sizdə keçib
Yaxşı, yaman günüm, dağlar!..



O zaman rəhmətlik dayım bu şerində “yönüm bir də sizə sarı düşəydi” demişdi. Bax bu gün biz keçmiş döyüşçülər olaraq o fikirdəyik ki, yönümüzün o səmtə düşməsinin yolu ancaq və ancaq müharibədən keçir”..



Tərtərin Ələsgərli kənd qəbiristanlıqda qərib məzarlar yoxdur. Ancaq bütün qəbirlərdən bizə sarı boylanan Ruhların baxışlarında bizə yönəli öz yerimizdə qərib kimi yaşamağın tənəsi var. O ruhlar adama sual edir ki, sən bu gün niyə Şuşaya, niyə Ağdama, niyə Kəlbəcər, niyə Laçına gedə bilmirsən? Axı biz qorxaq millət deyildik. Orda o ruhlar sanki bir-birilərinin keşiyini çəkmədədilər. İndi o Şəhidlərimiz öz valideyinlərilə birgə səngər yoldaşı olub. Ələsgərli kəndində bu gün həm də bir Laçın var və laçınlaşan Məmiyevlər var. Haqqın dərgahına qovuşmazdan öncə Tavat xalayla Qəni dayı övladlarının qəbir daşlarına öz ağrılarını, öz acılarını beləcə həkk ediblər:



Dərdi daşa deyərəm,
Coşa-coşa deyərəm
İki əzizim ölüb
Qoşa-qoşa deyərəm.



İndi o qoşalaşmış qəbirlərin yanında Tavat xalayla Qəni dayının özü də Laçın həsrətiylə uyuyurlar...O qəbiristanlıqdan indi bizim qürur yerlərimizdən olan Hoçaz yüksəkliyinin əksi görünür. O qəbirlər bu millət üçün həm də bir aynadır – özümüzə baxmaq, özümüzü tanımaq üçün hər gün baxmalı olduğumuz ayna

Asəflə Kamilin döyüş yoldaşı olan ÇİNGİZ NOVRUZOVUN söylədiklərindən:

Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

“Mən bu qardaşlarla bir səngərdə döyüşmüşəm. Qəhrəman oğlanlar idilər. Bütövlükdə qəhrəmanlarımıza xas olan xüsusiyyətlər bu qardaşlarda var idi. Qorxmazlıq, zamanında düzgün qərar çıxarma, vətənə, millətə olan sevgi, qələbəmizə inam daim onların içində var idi. Hoçaz əməliyyatında bizim qrup 12 nəfər idi. Bu qardaşlar da bizə bələdçilik edirdilər.

Biz Hoçaz qayasından enib, Laçın tərəfdən erməniləri mühasirəyə aldıq. Orada biz 40-a yaxın ermənini məhv etdik. Çox təəssüf ki, qeyri-bərabər olan döyüşdə bu qəhrəmanlarımız da Şəhid oldular. Allah cəmi Şəhidlərimizə rəhmət eləsin”.

Bu gün harada olmasından asılı olmayaraq Şəhid qəbirləri bütöv millət üçün bir ziyarətgah olmalıdır. 713 nömrəli hərbi hissənin keçmiş döyüşçüləri də öz qan qardaşlarının, öz səngər yoldaşlarının xatirəsinə daim sayğıyla yanaşıb o ziyarətgahlara hər zaman baş çəkir, Onlara bir hesabat verirlər.


Asəflə Kamilin döyüşçü yoldaşlarından MÜŞFİQ RƏHİMOVun fikrincə bu gün Şəhid qəbirləri bizim Məkkəmizdi, bizim Mədinəmizdir:

Tərtərdən, Vağazindən və Şəhidlər Xiyabanından görünən Hoçaz yüksəkliyi

“Allah qatında ən uca Zirvədə dayanan Şəhidlərə münasibətdə hansısa icra strukturunun, hansısa bələdiyyənin laqeyd münasibəti, şəhid qəbirlərinin baxımsız halda olması bütövlükdə genefondumuza vurulan zərbədir, bütövlükdə sabahımıza çalınan baltadır.

Bu gün Laçın uğrunda gedən döyüşlərdə canını fəda edən qardaşlarımızın qəbirləri Azərbaycanımızın müxtəlif bölgələrindən bizim nankorluğumuzu seyr etmədədlər.

Mən çox təəssüf edirəm ki. o qəbirlərə münasibətdə həm Laçın rayon isra strukturu, həm də yerli icra hakimiyyətləri, bələdiyyələr bir çox hallarda yetərincə diqqət ayırmırlar.


Biz bölgələrə etdiyimiz səfərlərdə də bunun şahidi oluruq. Çox istərdim ki, ən azından yetişən nəslə görk olsun deyə o Şəhid qəbirləri daim diqqət mərkəzində saxlanılmalı, Şəhidimizin ailəsi dövlətimizin yürütdüyü siyasət, göstərdiyi qayğı çərçivəsində bütün mümkün güzəşt və imtiyazlardan yararlanmalıdır”.

İGİD TEYMURLU
TV 713. az

Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr