Xəzərdə Türkiyə-Azərbaycan birgə təlimi
Azərbaycan və Türkiyənin region ölkələri tərəfindən ciddi izlənilən hərbi təlimlərinin məkanlarından biri də Xəzər dənizi oldu: iki ölkə sualtı hücum və müdafiə məşqləri edir.
Dəniz təlimləri Azərbaycan ordusunun modernləşməsi istiqamətində Türkiyə ilə əməkdaşlığın tərkib hissəsi olmaqla yanaşı, həm də strateji hədəflərə malikdir.
Perspektiv hədəf Transxəzər layihəsidir. 44 günlük müharibədən sonra Azərbaycan iki mühüm nəticə də əldə etdi: Cənub Qaz Dəhlizi layihəsi yekunlaşdı; Azərbaycan və Türkmənistan arasında mübahisəli yataq məsələsi həll olundu.
Beləliklə, Xəzərin hüquqi statusundan sonra Transxəzər layihəsinin qarşısındakı daha bir əngəl aradan qaldırıldı.
Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin bu il üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır: XİN rəhbərləri görüşə hazırlıq üzərində işləyirlər.
Bu görüşdə Transxəzər layihəsi ilə bağlı konkret razılaşmaların olacağı istisna deyil. Və Ankara Bakı ilə birlikdə Xəzərdə hərbi təlimlərlə Transxəzər layihəsinə qarşı çıxacaq ölkələrə (Rusiya layihəni istəmir, İran Türkiyənin Xəzərə gəlişini qəbul etmir) mesaj verir.