İSTANBUL SAMMİTİ öz işinə başlayır
Türk dünyası üçün möhtəşəm gün
Bu gün Türk Şurası dövlət başçılarının İstanbul sammiti öz işinə başlayacaq.
Tv 713 .az xəbər verir ki, bununla bağlı artıq ötən gün Prezident İlham Əliyev də Türkiyəyə səfərə gedib.
Dövlət başçılarının bugünkü VIII Zirvə görüşündə ən önəmli qərarlardan birinin təşkilatın adının Türk Dövlətləri Birliyi adına dəyişdirilməsidir.
Zirvə görüşündə Türkmənistan da qurumun tamhüquqlu üzvü olacaq və bu ad 6 müstəqil türk dövlətini əhatələmiş olacaq.
Qeyd edək ki, Türk Şurası 3 oktyabr 2009-cu ildə imzalanan Naxçıvan müqaviləsi ilə qurulub. Müqaviləni Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə imzalayıb.
Özbəkistan 30 aprel 2018-ci ildə quruma qatılma niyyətini açıqlayıb və 14 sentyabr 2019-cu ildə də Türk Şurasına üzv olub.
Əməkdaşlıq şurasının qurulması fikri isə ilk dəfə 2006-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən təklif edilib. 24 may 2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi və şura üzvlərinin razılığı ilə Nursultan Nazarbayev Türk Şurasının ömürlük fəxri rəhbəri seçilib. 2018-ci ilin sonlarından bu yana Macarıstan müşahidəçi dövlətdir.