Həyatını Azərbaycanın İSTİQLALINA həsr edən Öndər - RƏSULZADƏ

Manset 31-yan, 18:319 tv713 48 0
Həyatını Azərbaycanın İSTİQLALINA həsr edən Öndər - RƏSULZADƏ


AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru



MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ



Müstəqil Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) yaradıcılarından biri və birincisi görkəmli ictimai- siyasi və dövlət xadimi, istedadlı jurnalist, publisist və alim Məhəmməd Əmin Hacı Ələkbər oğlu Rəsulzadə (1884-1955) Azərbaycan milli azadlıq hərəkatının ideoloqu və lideri olmuşdur.
Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884- cü ildə Bakının Novxanı kəndində dindar bir ailədə anadan olmuş, ilk təhsilini Sultan Məcid Qənizadənin əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman-rus” məktəbində almışdır. O, gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttərxanın rəhbərliyi ilə başlayan “Məşrutə inqilabı” na rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə yaxından tanış olmuş, 1910-cu ildə İran Demokrat Firqəsinin özülünü qoyanlardan biri olmuş, 1911- ci ildə Bakıda Tağı Nağı oğlu, qardaşı Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin yaratdığı “ Türk Ədəmi –Mərkəziyyət Müsavat” Partiyasının öncə üzvü, sonra isə lideri olmuşdur. M.Ə. Rəsulzadə 1917- ci ilin oktyabr ayında Müsavat Partiyasının Bakıda keçirilən I Qurultayında Partiyanın Mərkəzi Komitəsinin sədri seçilmişdi.

Həyatını Azərbaycanın İSTİQLALINA həsr edən Öndər - RƏSULZADƏ

Rəsulzadə 1903- 1904- cü illərdə “Azərbaycanlı gənc inqilabçılar dərnəyi” adlı təşkilat yaradaraq “ Millətlər həbsxanası” olan çar Rusiyasına qarşı üsyan bayrağı qaldırmış, Bakıda nəşr olunan Türkcə gündəlik, həftəlik və aylıq qəzet və jurnallarda siyasi məqalələrlə çıxış etmiş, 1906- 1907- ci illərdə nəşr olunan “ Təkamül” qəzetinin redaktoru olmuşdur. 1908- ci ildən 1911- ci ilə qədər Tehranda olan Rəsulzadə İranda Məşrutənin elanından sonra Tehranda nəşr olunan Avropa üsullu ilk gündəlik qəzet olan “ İrani növ” ( “ Yeni İran”) qəzetinin baş redaktoru və Seyid Həsən Tağızadənin lideri olduğu İran Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü olmuşdur. Çar Rusiyası İranda irtica və istibdadı himayəsi altına alaraq Millət Məclisini bombardman etdikdən sonra İranda qala bilməyən Rəsulzadə Seyid Həsən Tağızadə ilə bərabər 1911- ci ildə Türkiyəyə gəlmişdi.
Rusiyada irtica və terrorun şiddətləndiyi bir dövrdə vətənlərini tərk edərək İstanbula gəlmiş Əlibəy Hüseynzadə və Əhməd Ağaoğlu ilə bərabər 1913- cü ilə qədər İstanbulda çalışan Rəsulzadə yeni qurulan “ Türk ocağı”na daxil olmuş və yeni nəşrə başlayan “ Türk yurdu” jurnalında “ İran Türkləri” başlığı ilə silsilə məqalələr yazıb dərc etdirmişdi. İrandakı Azərbaycan Türklüyünü ümumtürk dünyasında tanıdan Rəsulzadə “ ümmət” dövrünü yaşayan müsəlman Şərqində “ milliyət” şüurunun oyanmasında böyük xidmətləri olmuş məşhur İslam mütəfəkkiri “ Milliyət xaricində səadət yoxdur” deyən Şeyx Cəmaləddin Əfğaninin “ Vəhdəti – cinsiyə fəlsəfəsi” ( Milli birlik fəlsəfəsi) ni farscadan Türkcəyə tərcümə edərək “ Türk yurdu” jurnalında çap etdirmiş, sonraları Bakıda milliyət məsələsi ilə bağlı yazıb çap etdirdiyi yazılarında Şeyx Cəmaləddin Əfğanidən xeyli faydalanmışdır.
1913- cü ildə Romanovlar sülaləsinin 300 illik yubileyi münasibətilə ümumi əfv elan olunmuş və bir çox mühacirlər kimi Rəsulzadə də İstanbuldan Bakıya dönmüşdü. Istanbul mühiti Rəsulzadənin ümumi dünyagörüşünə qüvvətli təsir göstərmiş, Bakıya döndükdən sonra Ziya Göyalpın “ Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideologiyasını müdafiə edərək Azərbaycan Türk toplumuna yeni- yeni istiqamətlər vermişdir. Rəsulzadə “ Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” ideoloji sistemini qəbul və təbliğ etmiş, sonradan onu dövlət ideologiyası səviyyəsinə qaldırmışdır.
“Türk yurdu” cəmiyyətinə daxil olan, Şeyx Cəmaləddin Əfğaninin “Vəhdəti- cinsiyyə” fəlsəfi traktatını Türkcəyə tərcümə edərək “ Türk yurdu” dərgisində çap etdirən Rəsulzadə Türk milliyətçilərindən “ Türkçülüyü” əxz edərək redaktoru olduğu Müsavat Partiyasının orqanı olan “ Açıq söz” qəzetində ilk dəfə olaraq “ müsəlman” və “ tatar” sözlərini “ Türk” sözü ilə əvəz etmiş, millətə: Sən Türksən!, rus hökümətinə isə: Biz Türkük! – deyə xitab etmiş, bununla da “ ümmət” və “ ümmətçilik” dövrünün rəsmən qapadığını, “ Millət” və “ Türk millətçiliyi” dövrünün başlandığını elan etmişdi.
Bakıda ruhani ailəsində anadan olan, Şərq İslam Fəlsəfəsinə dərindən bələd olan, ilk əvvəllər ideoloji baxımıdan sosial – demokrat olan Məmməd Əmin Rəsulzadənin dil, din və millət haqqındakı fikir və mülahizələrini digər Türk milliyətçiləri ilə eyniyyət təşkil etdiyindən onu “ Milliyətçi demokrat” adlandırmaq gərəkir. Azərbaycan ictimai – fəlsəfi fikir tarixində millət, dil, din, əxlaq və mənəviyyat kimi milli ideologiyanın əsasını təşkil edən amilləri heç kim Rəsulzadə kimi sistemli şəkildə işləyib hazırlamamışdır. Onun 1914- cü ildə “ Dirilik” jurnalında çap etdirdiyi “ Dirilik nədir?”, “ Milli dirilik”, “ Millətin bir rüknü də dindir” adlı silsilə yazıları bütünlüklə bu mövzulara həsr edilmiş, daha sonra 1915- ci ilin oktyabrından nəşr etdirməyə başladığı “ Açıq söz” qəzetindəki əksər yazıları “ Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” məfkurələrinin mahiyyətini açıqlamağa yönəlmişdir.
İslam dinində islahat tərəfdarı olan Rəsulzadə milli birlik üçün dinin rolunu yüksək qiymətləndirmiş və göstərmişdi ki : “ Millətin bir dövrü vardır ki, o zaman hər şeyə ancaq dini bir qüdsiyyət nöqteyi- nəzərindən əhəmiyyət verir. Bu qüdsiyyəti – diniyyə etiqadı milləti bir çox bəlalardan mühafizə etmək xüsusiyyətinə malikdir”.
Rəsulzadə ilk öncə “ Dirilik” jurnalında ( 1914- 1916) ilk dəfə olaraq millətin elmi tərifini verərək “ Milli dirilik”başlıqlı silsilə məqalələri ilə Rusiya imperatorluğu daxilindəki Türklərin, o cümlədən də Azərbaycan Türklərinin müstəqil bir milli varlıq olduqlarını önə sürmüş, onların qurtuluş davasını toplu halda ələ almış, daha sonra “ Müsavat” partiyası və bu partiyanın orqanı olan “ Açıq söz” qəzeti ilə bu hərəkatın bayraqdarı olmuşdur.
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu, Azərbaycan siyasi Türkçülüyünü əməldə həyata keçirən ən böyük nümayəndəsi, Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə İstanbuldan Bakıya qayıtdıqdan sonra “ Müsavat” partiyasının ideologiyasında çox mühüm və əsaslı dəyişikliklər yaratmış, onun “ ümmətçilik”dən “ milliyətçiliyə”, “ islamçılıqdan” “ türkçülüyə” keçməsini qərarlaşdırmış, silsilə yazıları ilə partiyanın türkçü və istiqlalçı ideologiyasını və inqilabçı taktikasını qəti şəkildə təsbit etmiş, bu ideologiyanı rəhbərlik etdiyi “ Açıq söz” qəzeti vasitəsilə yaymış, ictimai fikri bu yolla formalaşdırmağa nail olmuşdu.
Rəsulzadə maarifçi milliyətçiliklə siyasi – ideoloji milliyətçiliyi çuğlaşdıraraq belə bir fəlsəfi fikri əsaslandırmışdı ki, siyasi və milli dövlətə, milli hürriyyət və milli istiqlala malik olmayan millətlərin milli varlıq və milli mədəniyyətlərini qoruyub inkişaf etdirmələri imkan xaricindədir.
Rəsulzadə millətin formalaşmasında və bütünləşməsində dilə mühüm əhəmiyyət vermiş, bu məsələ ilə əlaqədar olaraq silsilə yazılar dərc etdirmişdir. Bu yazılarında Rəsulzadə dili mühüm bir ictimai amil hesab etmiş, dil birliyinin təsirini din birliyindən daha güclü hesab etmiş və göstərmişdi ki, dil millət həyatının ən mükəmməl bir şəklidir. Dil bir millətin ən qiymətli sərvətinin, həyatının ən ali mənbəyini təşkil edir. Qədimdə “ dil” demək, “millət” demək idi.
Rəsulzadə istər Bakıda olarkən “ Kaspi”, “ Şərqi-rus”,” Həyat”, “ Füyuzat”, “ İrşad”, “ Tərəqqi”, “Hümmət”, “ Yoldaş” kimi qəzet və jurnallarda çap etdirdiyi yazıları, istər İranda Məşrutə inqilabında iştirak edərək fars dilində buraxdığı “ İrani - nov” qəzetindəki siyasi, ictimai, əxlaqi və ədəbi yazıları istər İstanbulda olduğu dövrlərdə “ Türk yurdu” jurnalındakı İran Türkləri və İran mücahidləri haqqındakı elmi- siyasi məqalələri və istərsə də uzun sürən mühacirətdən sonra Bakıya dönərək “ İqbal”, “ Şəlalə”, “ Bəsirət”, “ Dirilik” və özünün redaktoru olduğu “ Açıq söz” və başqa mətbuat orqanlarındakı milli dilə, milli diriliyə, Türkçülüyə, Türk dilinin məktəblərdə tədrisi məsələlərinə, qadın azadlığı məsələsinə, bir sözlə, Azərbaycanın, bütün Türk dünyasının, Şərqin və Qərbin ictimai – siyasi, fəlsəfi – ideoloji, ədəbi – mədəni həyatında baş verən hadisələrə həsr etdiyi dərin məzmunlu məqalələri ilə gələcək müstəqil, demokratik, milli dövlətin fəlsəfi- ideoloji, siyasi- iqtisadi əsaslarını yaratmışdı. Bütün bunlara görə çar höküməti tərəfindən Rəsulzadə təqiblərə məruz qalmış, hərbi məhkəməyə verilmiş, lakin 1917- ci ilin fevral ayında baş verən inqilab nəticəsində həyatını qurtarmağa müvəffəq olmuşdu.
Bütün bu elmi, fəlsəfi, siyasi- ideoloji yazıları ilə kifayətlənməyən Rəsulzadə Bakıya qayıtdıqdan sonra fəal siyasi fəaliyyətə başlayaraq “ İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı ilə meydana atılmış, 1917- ci il fevral- burjua inqilabından sonra rəhbərlik etdiyi “ Müsavat” partiyasının proqramına Azərbaycanın muxtariyyəti məsələsini daxil etmişdi.
Rəsulzadə 1917- ci ilin aprel ayında Bakıda toplanan “ Qafqaz İslam Qurultayı” və həmin ilin may ayında Moskvada toplanan “ Rusiya Müsəlmanları Konqresi”ndə rus əsiri müsəlmanlar üçün ərazi muxtariyyəti və “ Milli dövlət” tezisini israrla müdafiə etmiş və bu müvəffəqiyyət onun şöhrətini bütün Türklər arasında artırmış, onu Rusiya Türklərinin liderinə çevirmiş, Rusiyanın gələcək idarə şəklini təyin edəcək Qurucular Məclisinə Rəsulzadə həm Azərbaycandan, həm də Türküstandan xalq vəkili seçilmişdi.
Peterburq və Moskvada bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra Rusiyadan ayrılan Cənubi Qafqaz millətləri hökumətinin Seym məclisində müsəlman fraksiyasının rəhbəri kimi Rəsulzadə Zaqafqaziyanın müstəqilliyi tərəfdarı olmuş, Birləşmiş Zaqafqaziya Cumhuriyyəti gürcülərin özlərini müstəqil elan etdikdən sonra Quzey Azərbaycanın müstəqilliyyini elan edən Azərbaycan Milli Şurasının Rəyasət Heyətinin sədri seçilmişdir.
Mövcud siyasi vəziyyəti nəzərə alaraq ilk əvvəllər federasiya tərəfdarı kimi çıxış edən Rəsulzadə sonralar tam müstəqillik mövqeyindən çıxış etmiş, öz məqalə və çıxışlarında “ Milli istiqlal” şüarını irəli sürmüş və rəhbərlik etdiyi “ Müsavat” Partiyasının sonrakı proqramına “ Milli istiqlala malik olmayan bir millət hürriyyət və harsını ( Milli mədəniyyətini – A.M.) hifz edə bilməz”, “ Azərbaycan Xalq Cumhuriyyəti şəklində idarə olunmalıdır” və s. bu kimi müddəaları daxil etmişdi.
Rəsulzadə 1918- ci ilin fevral ayında açılan Zaqafqaziya Seymində Qafqazın Rusiyadan ayrılmasını, müstəqil və konfederativ bir dövlət olaraq elan edilməsini və Müstəqil Qafqaz dövlətinin Türkiyə ilə müzakirələrə başlayaraq, Rusiyadan ayrı sülh aktı imzalamasını müdafiə etmiş və bu müdafiə mart ayı ərzində müsbət nəticə verməyə başlamışdı. Lakin Zaqafqaziya Seymi 26 may 1918- ci ildə Gürcüstanın özünü müstəqil elan etməsilə parçalanmış, Seymin Müsəlman Şurası da özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etmiş, bununla da əslində Azərbaycanın ilk Parlamenti yaranmış və Azərbaycanda ilk Parlamentli Respublikanın əsası qoyulmuşdu. Azərbaycan Milli Şurası 28 mayda Tiflisdə keçirilən iclasında Azərbaycanın müstəqilliyini elan etmiş, Məmməd Əmin Rəsulzadəni Milli Şuranın sədri seçmiş, 6 maddədən ibarət “ İstiqlal Bəyannaməsi”ni qəbul etmişdi.
Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən “ İstiqlal Bəyannaməsi” bütün Türk və müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda Demokratik Respublika idarə üsulunun – Parlamentli Respublikanın yaradılacağından xəbər verirdi. 28 may 1918- ci il “ İstiqlal Bəyannaməsi”ndə göstərilirdi ki:
1) Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi- Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2) Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cumhuriyyətidir.
3) Azərbaycan Xalq Cumhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4) Azərbaycan Xalq Cumhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5) Azərbaycan Xalq Cumhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6) Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın idarəçiliyinin başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

Bu hüquqi və siyasi aktda Müstəqil Azərbaycan dövlətinin yarandığı elan edilmiş, onun ərazi hüdudları çərçivəsində dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmış, demokratik dövlətə məxsus əsas prinsiplər müəyyənləşdirilmişdi. Bu “Bəyannamə” ilə Azərbaycan dövlətçiliyi tarixində ilk Xalq Cumhuriyyəti forması öz əksini tapmışdır.
Məmməd Əmin Rəsulzadə Milli Şura sədri kimi Türkiyə ilə hərbi müqavilə bağlamış və bununla da Azərbaycan xalqının milli varlığını yox olmaqdan qurtarmış və bütün Qafqaz xalqlarına müstəqil milli dövlət qurmaq imkanlarını təmin etmişdi. Onun Milli Şuranın sədri kimi 7 dekabr 1918-ci ildə Azərbaycan Parlamentində etdiyi tarixi nitqi və ondan sonra “Müsavat” partiyası adından elan etdiyi “Bəyannamə” gənc Cumhuriyyətin dövlət quruluşunda, daxili və xarici siyasətində təməl daşını təşkil etdiyi kimi, Azərbaycanın əsas təşkilati qanunlarının da ana prinsiplərini əhatə etmişdi. Rəsulzadə həm Azərbaycan Xalq Cumhuriyyətinin təşəkkülündə, həm Parlamentdə, həm də Parlamentdən xaricdəki fəaliyyəti ilə Milli Azərbaycan dövlətinin möhkəmlənməsində mühüm rol oynamışdı.
Rəsulzadə dövlət və dövlətçiliklə bağlı fikir və mülahizələrini özünün məşhur “Qafqaz Türkləri”, “Azərbaycan Cumhuriyyəti”, “Əsrimizin Səyavuşu”, “Çağdaş Azərbaycan Türkləri” və s. kimi əsərlərində daha geniş şərh etmişdir. (Bax: Mehmet Emin Resulzade, Kafkasya Türkleri, İstanbul 1993; M.Ə.Rəsulzadə, Azərbaycan Cumhuriyyəti, Bakı 1990; Məmməd Əmin, Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi, Bakı 1991).
Bu əsərlərdən çıxan ümumi nəticələri xülasə şəklində qeyd edən Rəsulzadə göstərmişdi ki, yüz illik əsarət həyatından sonra Birinci Dünya müharibəsi nəticəsində çökən Rus imperatorluğunun xarabalıqları altından Azərbaycan milli bir dövlət halında qiyam etdi və istiqlalına qovuşdu. Azərbaycan Respublikası öz işlərini özü idarə etməyə başladı. Azərbaycan Respublikası çox ağır şərait və məhrumiyyətlər içində qısa bir zamanda hüquqi, idari, siyasi, iqtisadi, hərbi və milli maarif sahələrini tənzim etdi, məmləkətdə asayiş və intizamı yoluna qoydu və nəticədə 1920-ci ilin 12 yanvarında böyük dövlətlər tərəfindən istiqlalı tanındı... Azərbaycan Cumhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində qurulmuşdu. Azərbaycan Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib dövlətin tamamən taleyinə hakim idi. Millət Məclissiz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlanmaz, heç bir barışıq bağlanmazdı. Hökumət Məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Parlament hakimi- mütləq idi. Burada Avropada belə tətbiq olunmayan həqiqi bir Xalq Cumhuriyyəti qurulmuşdu (Seçmələr bizimdir- A.M. Bax: Məmməd Əmin Rəsulzadə, Əsrimizin Səyavuşu, səh.40,41,42).
Şeyx Cəmaləddin Əfğaninin “Dində, əqidədə birlik”, İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik”, Əlibəy Hüseynzadənin “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq”, Ziya Göyalpın “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”, ideyalarını özünün “Milliyyət, Beynəlmiləliyyət, Əsriyyət” ideyası ilə çulğalaşdıran Məmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cumhuriyyətini bu ideoloji sistemlər əsasında yaradaraq ilk dəfə bu ideoloji doktrinaları dövlət siyasəti səviyyəsinə qaldırmış, iş proqramı kimi elan və qəbul etmiş, üç rəngli dövlət bayrağında bu ideoloji sistemi əks etdirmiş, Azərbaycan milli istiqlalını, ərazi bütövlüyünü, Xalq Cumhuriyyətinin statusu və potensial tarixi əsasını, inzibati və siyasi modelini bu doktrinlər əsasında müəyyənləşdirmişdi.
Azərbaycan Xalq Cumhuriyyəti 1920-ci ilin 28 aprelində bolşevik Rusiyası tədəfindən istilaya uğramış, Rəsulzadə həbs edilərək həbsxanaya salınmış, Stalinin müdaxiləsi ilə həbsxanadan çıxarılaraq Moskvaya aparılmış, iki ilə yaxın nəzarətdə saxlanıldıqdan sonra 1922-ci ildə Finlandiyaya qaçmağa müvəffəq olmuş, həmin ildə də İstanbula gələrək bolşeviklərə qarşı mübarizəsini davam etdirmişdi. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra da ümidini itirməyən, ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Məmməd Əmin Rəsulzadə hələ 1920-ci ildə söyləmişdi ki: “Ey vətəndaşlar! Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla ucaldaraq dedi ki : Bir kərə yüksələn bayraq bir daha enməz” (Bax: M.Ə.Rəsulzadə, Əsrimizin Səyavuşu,səh.56).
Rəsulzadə 1923-1928-ci illərdə “Yeni Qafqaz”, 1928-1929-cu illərdə “Azəri Türkü”, 1929-1931-ci illərdə “Odlu yurd” jurnallarını nəşr etdirmiş və bu dövrdə “Azərbaycan Cumhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti” adlı kitab çap etdirərək Azərbaycan davasını bu illərdə də davam etdirmişdi.
Bəzi diplomatik səbəblər üzündən yaxın yoldaşları ilə bərabər 1931-ci ildə İstanbulu tərk etməyə məcbur olan Rəsulzadə siyasi fəaliyyətini Avropada da davam etdirmiş, orada “Rusiya Məhkum Millətlərinin Müştərək Cəbhəsi” adlı təşkilatda Qafqaz xalqlarının nümayəndələri ilə 1934-cü ildə “Qafqaz Konfederasiyası Paktı”nı imzalamış, Parisdə nəşr olunan “Prometey” jurnalında Milli Azərbaycan davasını müdafiə etməklə Azərbaycan istiqlal davasını millətlərarası bir məsələ halına gətirmiş, 1932-1934-cü illərdə “İstiqlal”, 1934-1939-cu illərdə “Qurtuluş” jurnallarını nəşr edərək milli hərəkatın daha çox yayılmasına çalışmış, xaricdə Qafqaz xalqları, rus olmayan digər istiqlalçı millətlərlə rus əsiri Türklər arasında iş birliyi yaratmağa nail olmuşdu.
Rəsulzadə Avropada olduğu müddətdə bütün bunlarla yanaşı “Panturanizm” haqqında öz fikir və mülahizələrini də irəli sürmüş və göstərmişdi ki, Şərqdəki milli hərəkatın bir növü kimi “Panturanizm” Qərbdə irticaçı sayılan və çox vaxt “Şovinizm” adlandırılan millətçilikdən fərqlənir. “Şovinizm” təcavüzkar hərəkatdır və əsasən milli birliyə malik kapitalist dövlətlərin öz hakimiyyətlərini gücləndirməyə və ərazilərini genişləndirməyə can atan dövlətin ekspansiyası amillərinə əsaslanan bir hadisədir. Avropa millətçiliyi siyasi cəhətdən təcavüzkar ideologiyadır. Şərqdəki millətçilik isə siyasi cəhətdən müdafiə, sosyoloji cəhətdən isə mütərəqqi hadisədir.
Azərbaycan və bütövlükdə Sovet İttifaqına daxil olan bütün Türk xalqlarına qarşı “Panturanizm” damğası altında 1930-cu illərdə başlanan sovet və xarici “Panrusistlər”in təbliğat maşınını və repressiyasını xarakterizə edən Rəsulzadə yazırdı: “Bütövlükdə “Panturanizm” ətrafında qaldırılmış səs-küy iki mətləb üzərində cəmləşmişdir:
1) Ey rus xalqı, özünə gəl! Səni yeni monqol istilası təhlükəsi gözləyir.
2) Ey Qafqaz xalqları! Ehtiyatlı olun! Rusiyadan ayrıldıqdan sonra Türkiyənin hakimiyyəti altına düşəcəksiniz.
Rəsulzadə “Panturanizmdə iki cərəyan” adlı məqaləsində yazırdı: “Panturanizm siyasi fikrin məlum sisteminə çevrildikdə onun tərkibində iki meyl meydana çıxmağa başladı: a) Mərkəzçilərin romantik cərəyanı; b) federalistlərin realist cərəyanı. Birinci cərəyan nümayəndələri Türk xalqlarının qan qohumluğunun, eyni etiqada mənsub olmalarının, dillərinin müəyyən qədər ümumiliyinin müəyyən siyasi vəziyyət şəraitində vahid Türk dövləti yaratmaq üçün kifayət olması qənaətində idilər. Realist cərəyan isə hərəkatın ali idealından ilham alsa da, bu idealda romantik xəyallardan daha çox milli özünüdərkin oyanmasının real nəticələrinə əhəmiyyət verirdi... Bu cərəyan ilk növbədə ayrı-ayrı Türk xalqlarının müstəqil dövlətlər şəklində azad olması üçün çalışırdı. Türk xalqlarının geniş xalq kütlələrini inqilabiləşdirən və onları milli özünütəyin və öz müstəqilliyini təmin və təsdiq etmək uğrunda fəal mübarizə meydanına səsləyən bir ideologiya kimi “Panturanizm” obyektiv cəhətdən mütərəqqi ideyadır və öz növbəsində rus imperalizminə və bədnam “Vahid və bölünməz Rusiya” ideyasına qarşı yönəlmişdir... Hadisələrin gedişindən və düşüncələrdə baş verən belə bir təkamüldən çıxış edərək və bu gün əlimizdə olan məlumatlara istinadən belə bir faktı qeyd edə bilərik ki, romantik siyasi “Panturanizm” artıq yoxdur, yalnız sırf real və konkret milli məqsədlər güdən “Türkçülük” mövcuddur... Türk xalqlarının milli şüuru irqi ideologiyadan milli ideologiyaya keçir və bu, hətta ideoloji-nəzəri sahədə də “təcavüzlük təhlükəsi”ni tamamilə aradan qaldırır... Hazırda Türkiyənin siyasəti realist türkçülüyə müvafiqdir və bu gün Türkiyənin sosial-iqtisadi vəziyyəti də ona uyğun gəlir”.
Atatürk dövrü Türkiyəsindəki “Türkçülük hərəkatı”na qiymət verən Rəsulzadə yazırdı: “Kamalçılıq qəti şəkildə və tam səmimiyyətlə Osmanlı İmperatorluğunun “milli sazişdən” kənarda qalan torpaqlarından imtina etdi. Atatürk bu tarixi zərurəti olduğu kimi qəbul etdi. Onun adına çıxarılan “Panturanizm” planı isə cənab “rusistlər”in dəyirmanına su tökmək arzusunda olanların hiyləsindən başqa bir şey deyil. Öz varlığı ilə Sovet İttifaqındakı Türk xalqlarının milli və azadlıq hərəkatlarına müsbət təsir göstərən “Panturanizm” deyil, bugünkü real Türkçülükdür”.
Inqilabçı sosializm, kapitalizm, kommunizm, bolşevizm və liberalizmin mahiyyətini “Milli təsanüd” əsərində açıqlayan Rəsulzadə onların cəmiyyətə və bütövlükdə insanlığa vurduğu zərbələri göstərdikdən sonra belə bir nəzəri fikir irəli sürür ki: “Nə fərdi hürriyyətlə şəxsi mülkiyyətin mütləqiyyətindən doğan kapitalist anarxiyası ilə sərmayə istibdadı, nə də insanları mənliyindən çıxararaq bir kölə və makina halına salan kommunizm əsarəti. Nə mütləq liberalizm, nə də mütləq kollektivizm. O halda ikisini də birləşdirən solidarizm-təsanüd”.
“Təsanüdçülüyün” əsasının hürriyyət, şəxsi təşəbbüs və mülkiyyətdən ibarət olduğunu hesab edən Rəsulzadə liberalizmin dövləti sadəcə polis və məhkəmə dərəcəsinə endirməsinə, kommunizmin isə “Nə millət var, nə də dövlət. Bu ancaq çalışan kütlələri işlətmək üçün kapitalist ideoloqları tərəfindən uydurulmuş bir yalandır. Var olan siniflərdir...Fəhlənin nə vətəni var, nə də milləti” fikirlərinə qarşı çıxır və göstərir ki: “Solidarizmdə dövlət millətin təmsilçisi və cəmiyyətdəki münasibətlərin tənzimləyicisidir”. Sinifləri əsas götürən kommunizmdən, fərdləri əsas götürən kosmopolit liberalizmdən fərqli olaraq solidarizm millidir. Liberalizm mədəniyyətin ruhunu fərdin yaradıcı eqoizmində görür. Kommunizm isə bunu sinif eqoizmi ilə əvəz edir. Solidarizm isə mədəniyyəti fəal eqoizmi ilə cəmiyyət mənfəətləri arasındakı ahəngdən ibarət bilir. Liberal cəmiyyətdə başqa cür düşünmək qəhrəmanlıqdır. Solidarizmdə isə bu bir vəzifədir... Topluluğun mənfəətlərini təmsil edən müəssisə dövlətdir... Madam ki, “Milliyyətçilik” deyirik, madam ki, milli dövlət istiqlalını müdafiə edirik, o halda bizim üçün nə kosmopolit liberalizmə və nə də kommunizmə dözmək caiz olmaz. Bizcə, müdafiə ediləcək yeganə sosial sistem təsanüd (solidarizm) sistemidir.
İkinci Dünya müharibəsi əsnasında Hitlerin “Həyat sahəsi” nəzəriyyəsinə dayanan istila və hakim olma siyasətinə və totalitar rejiminə qarşı çıxan Rəsulzadə Berlinə dəvət olunmuş, o zamankı Alman hökuməti ilə aylarca müzakirələr aparmış, istiqlal xaricində heç bir anlaşmaya tərəfdar olmamışdı.
İkinci Dünya müharibəsindən sonra dünya iki super cəbhəyə ayrılmış, qırmızı rus imperializmi müharibədən qalib çıxaraq fərd və əməklə bərabər millətləri də öz əsarəti altına almışdı. Belə bir vəziyyətdə Rəsulzadə mübarizəni davam etdirməklə gələcək nəsillərə demokratik azdlıq, fərdin və əməyin azadlığı ilə bərabər millətin də azadlığını bir vacib vəzifə olaraq milli bir məfkurə mirası kimi vəsiyyət etmişdir.
Bütün mənalı həyatını Azərbaycanın istiqlalına həsr edən Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal” deyə meydana atılmış 6 mart 1955-ci ildə Ankarada üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!”- deyərək gözlərini əbədi yummuşdur. Qəbri Ankaradadır.
Ruhu şad olsun. Amin.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr