Dünya Azərbaycanlılarının Zəfər Qurultayı haqqında.

Manset 07-may, 10:149 tv713 112 0
Dünya Azərbaycanlılarının Zəfər Qurultayı haqqında.


Aprelin 22-də Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayından (Prezidentin çıxışı olmasa, tədbiri dünya Azərbaycanlılarının Şuşa səfəri də adlandırmaq olar) əvvəl bəzi fikirlərimi bir sıra qruplarda paylaşmışdım. Gözləntilərimiz olmadı, xaricdə yaşayanların problemləri isə atmaqda davam edir.
Bu qeydlərlə Fuad Muradovun və rəhbərlik etdiyi komitənin fəaliyyətinə kölgə salmaq, qurultay iştirakçılarının gözdən salınması niyyətindən uzağıq. Sadəcə görmək istədiklərimizin bəzilərini tələsik qeyd etməli oldum. İndi isə daha ətraflı:
1. Gözləyirdim ki, komitə sədri hesabat məruzəsində həm də xaricdə yaşayan həmvətənlərimiz və soydaşlarımızın statistikası haqqında məlumat verəcək. Lakin bu olmadı. Halbuki komitənin vəzifələrindən biri xaricdə yaşayan azərbaycanlılar haqqında informasiyanın toplanması, təhlilinin aparılması, qiymətləndirilməsi və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasından ibarətdir. Bu o deməkdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi nəinki xaricdə yaşayan soydaşlarımız, hətta həmvətənlərimizin statistikası haqqında məlumatlı deyil. Çünki xaricdə yaşayan həmvətənlərimizin qeydiyyatı aparılmır. Qeydiyyat aparılmırsa, sayın müəyyən olunması da mümkün deyil. Diasporumuzun gələcəyi isə xaricdə yaşayan və statistikası mövcud olmayan azərbaycanlının birliyindən asılıdır. Xaricdə yaşayan vətəndaşların konsulluqlarda uçotunun aparılması Azərbaycan Respublikasına öz vətəndaşlarının hüquqlarını tam şəkildə müdafiə edə bilməsi, fövqəladə hallarda (təbii fəlakət, terror aktları, vətəndaş qarşıdurması və s.) onlarla əlaqənin yaradılması və ailə üzvləri ilə ünsiyyətin qurulması, konsulluq xidmətlərinin göstərilməsi üçün əhəmiyyətli rol oynayır.
2. Bu gün Azərbaycan Respublikasının hüdudlarından kənarda 3 milyondan çox vətəndaşımız yaşayır. XİN-nin və Diasporla İş üzrə Dövlət Komitəsinin xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və seçkilər zamanı xaricdə səs vermiş vətəndaşların sayından görünür ki, əslində xaricdə yaşayanların və xaricdə əmək fəaliyyəti ilə məşğul olanların təxminən 5-10 faizi konsulluq qeydiyyatına alınıb. Bu isə o deməkdir ki, diaspor quruculuğunda və fəaliyyətində ən yaxşı halda vətəndaşlarımızın yalnız 5-10 faizinin gücündən istifadə olunur.
3. Dünya Azərbaycanlılarının Azərbaycan ətrafında birliyinə nail olmaq üçün onlara ilk növbədə dövlətin səlahiyyətli orqanları tərəfindən normal xidmətlər və güzəştlər təklif olunmalıdır. Məsələn, bu xidmətlərə soydaşlarımızın vizasız Azərbaycana gəlişinə şərait yaratmağı, vətəndaşlığın sadələşdirilmiş qaydada verilməsini, pulsuz və ya güzəştli əsaslarla təhsil almaq hüququnu göstərmək olar.
4. Xaricdə yaşayan həmvətənlərimizə göstərilən konsulluq xidmətləri kökündən dəyişməlidir. Almaniyada Gürcüstanın 4 mərkəzdə fəaliyyət göstərən konsulluğu olduğu halda Azərbaycanın Almaniyada bir konsulluğu var, o da Berlin şəhərindədir. Səyyari konsulluq xidmətləri mövcud deyil. Konsulluqlarda mövcud olan bürokratik əngəllər vətəndaşlarımızın dövlət orqanlarından uzaqlaşmasına xidmət edir. Normal xidmət göstərmədiyin vətəndaşdan və ya soydaşdan vətəni sevməyi, bunun üçün diaspor təşkilatlarında birləşməyi necə tələb etmək olar?
5. Qurultayda hesabat məruzəsi ilə Fuad Muradov çıxış etməli deyildi. Çünki Fuad Muradovu qurultay seçməyib, prezident təyin edib. Belə olan halda dünya azərbaycanlıları adından qrultaya hesabat vermək və çıxış etmək səlahiyyətini Fuad Muradova kim verib? Fuad Muradov rəhbəri olduğu komitənin fəaliyyəti haqqında hesabat verə bilər. Əslində qurultay dünya azərbaycanlılarının icra orqanlarını və rəhbər orqanlarını seçməli və həmin icra orqanının hesabatını dinləməli idi.
6. Qurultayda 65 ölkədən gələn 400 nəfər nümayəndənin iştirakı Fuad Muradovun istəyi, sifarişi və ya dəvəti və siyasi dünyagürüşü ilə deyil, təmsil etdikləri təşkilatların təşəbbüsü əsasında həyata keçirilməlidir.
7. Xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları haqqında qanunvericilikəd ciddi dəyişiklik edilməli, yeni qanun layihəsi geniş müzakirəyə çıxarılmalı, xaricdə yaşayan soydaşlarımıza sadələşdirilmiş qaydada Azərbaycan vətəndaşlığının verilməsi, vizasız və ya sadələşdirilmiş qaydada Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşlarından xaricdə doğulan uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və s. kimi bürokratik əngəllər aradan qaldırılmalıdır.
8. Xaricdə yaşayan və yaşadığı ölkənin seçkili orqanlarına namizədliyini irəli sürülən soydaşlarımıza Azərbaycan icmasının dəstəyi qaydaları işlənməli və icrası təmin olunmalıdır.
9. Xaricdə yaşayan soydaşlarımızı diaspor fəaliyyətində iştirak etməyə təşviq etmək, eləcə də xaricdə Azərbaycan həqiqətlərinin yayılması, tarix və mədəniyyətimizin təbliğinə həvəsi olan şəxslərin müəyyənləşdirilməsi, onların pulsuz təlimlər və zəruri materiallarla təmin edilməsi həyata keçirilməlidir. Xaricdə faaliyyət güstərən mədəniyyət mərkəzlərində soydaşlarımızın uşaqlarına ödənişsiz olaraq milli rəqslərin, ana dilinin, milli adətlərimizin, Azərbaycan haqqında ətraflı biliklərin öyrədilməsi üçün həftəsonu məktəblərinin fəaliyyəti bərpa edilməlidir.
10. Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının təhsil müəssisələrində pulsuz təhsil almasına, elmi və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmasına yardım etmək və ya konkret kvota müəyyən edilməlidir.

ƏLÖVSƏT ƏLİYEV
hüquqşünas
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr