Yolsuzluq yaradanlar - II
XALİQ BAHADIR
(əvvəli burada)My Webpage
..Birincisi, bəlli iki qruplaşma, bu qruplaşmalara qulluq yolu tutanlar bizim Elçibəylə görüşümüzün (93-ün aprel-may ayları) qarşısını almasaydılar, bir sıra gizlinlərin üstü açılmaqla, ola bilsin, hakimiyəti yıxmağa yönəlik nələrinsə qarşısını almaq olardı. Burası indiyədək qaranlıq qalır: Pənah Hüseynov mənim kabinetimdən hökumət telefonunu niyə yığışdırmışdı? Elçibəy bunu bilirdimi, bilirdisə niyə susurdu, reaksiya göstərmirdi? Bu kimi bir çox qaranlıq sorular var. Oqtay Qasımovun sorğulanması da nələrəsə aydınlıq gətirə bilərdi. Qapının o üzündə durmuş Oqtayın (keçmiş prezident köməkçisi) çağırılıb danışdırılmasında ayıb sayılacaq nə ola bilərdi? O arada Oqtayın sorğulanması məndən çox Elçibəyin özünə gərək idi: bəlkə, o çağlar ona qarşı iş qurulubmuş? Bir ay, düz bir ay biz hökumət telefonuyla ona zəng vurduq. Hamısında belə deyilirdi: “başı qarşıqdı”, “yorulub yatır”.
Ölkənin çalxandığı çağlar olduğundan inandırıcı deyildi, ancaq... inanmayıb nə etmək olardı?
Gələcək uğurlarımız üçün çox qaranlıqları aydınlatmağımız gərəkir.
Qapı arxasındakı adam içəri çağrılmalı, sorğulanmalı idi. Ola bilərdi, sorğulama sonucunda çox önəmli gizlinlərin üstü açılardı. Burada söhbət özgə kimsədən deyil, Elçibəyin reaksiyasından göründüyü kimi, nəyə görəsə prezidentlə bağlı yalan danışan, özü də dönə-dönə yalan danışan kimsədən-köməkçidən gedirdi. O adam bizə - tanınmış hərəkat-Cəbhə adamlarına - prezidentlə bağlı özbaşına yalan danışa bilməzdi (özü də dönə-dönə). Ölkənin qarışan çağında, günün günorta çağları “yatan prezident” obrazı yaradan, prezidenti gözdən salmağa yönəlik o yalanların arxasında hansısa güclər dayana bilərdi. Köməkçi Oqtay Qasımovla bağlı bu tezisi doğrulayacaq çox önəmli bir fakt da var. O faktı olub keçənlərlə bağlı yazdığım, pulsuzluğa görə indiyədək çap etdirə bilmədiyim kitabda göstərmişəm. Ola bilər, köməkçi burada yazılana nəsə bir don geydirə bilər, ancaq kitabdakı faktın elə tutalqası var, qaçılası yeri yoxdur!
Mənim “Azadlıq”dan “uzaqlaşdırılmağıma” gəlincə, burası Elçibəylik deyildi. Görünür, bəlli bir konyunkturşik özünü Elçibəyin gözündə doğrultmaq üçün ona öz işinə yarayan yalan söyləmiş, Elçibəy də o yalandan özü üçün yararlanmaq istəmişdi. İndilikdə (indilikdə!) ayrıntılara-detallara varmadan qısaca bildirirəm: mən “Azadlıq”dan qəzetdə baş verən bir sıra neqativ görsənişlərə qarşı çıxaraq getmişdim. Elçibəy onda yetki baxımından “Azadlıq” çevrəsindən çox uzaq idi – “Azadlıq”ın binasında otursa belə...
Bir çox baxımlardan ortada yaxınlıqdakı uzaqlıq faktoru vardı! Bir çox dış fakrorlarla yanaşı, özü öz içində izqoya çevrilən adam faktoru da vardı. Bir çox gizlinlərlə yanaşı, gizlədilməsi çətin, bilinən, görünən gerçəklər də vardı. Bütün bunlarla yanaşı, ortada özünün doğurduğu, özünün nədən olduğu gizlinlərlə gerçəklər arasında can çəkişməsində bulunan adam faktoru vardı – özü öz faciəsini yaradan adam...
2001-ci ilin fevralı. Redaksiyada (“Azadlıq” qəzeti) oturmuşdum. İlyas İsmayılovdan zəng gəldi.
- İşiniz yoxdursa, bizim qərərgaha gəlin, sizi yaxşı bir adamla görüşdürəcəm.
İşim yox idi, getdim. Kabinetdə İlyas müəllimdən başqa yaşlı bir adam vardı. Qəzet oxuyurdu. Görüşdük. Üzü tanış gəlirdi, ancaq kim olduğunu unutmuşdum. İlyas müəllim bizi 3-cü mikrorayondakı “Azərbaycan xörəkləri” restoranına apardı. Onunla üz-üzə oturmuşduq. Ha çalışsam da, onu harda gördüyüm, hardan tanıdığım mənə qaranlıq qalırdı. Görünür, o mənim yaddaş axtarışımı sezmişdi, ona görə gülümsünərək soruşdu:
- Məni tanımadız?
- Tanımadım, - deyə mən də gülümsəyərək bildirdim.
- Mən Abdulla Alahverdiyevəm, – keçmiş Daxili işlər naziri.
- Bildim, - dedim, - bildim. Bayaqdan sizi harda gördüyümü, hardan tanıdığımı düşünürəm.
Abdulla Allahverdiyev. O, bir neçə ayın naziri oldu. Hakimiyət dəyişdi. Hakimiyətə qayıtmış (qaytarılmış!) H.Əliyev nazirləri yığıb tamaşa düzəltmişdi: xarakterik özəlliklərinə uyğun olaraq nazirləri bir-bir əyib aşağılayırdı. AXC generalları onun qarşısında cücəyə dönmüşdülər. Bircə ondan - bir neçə ayın naziri Abdulla Allahverdiyevdən başqa. Sözsüz, H.Əliyev çox istərdi onun qarşısında yazıq duruma düşmüş MTN generalına dediyini A.Allahverdiyevə də desin: “Özünü yaxşı apar - axı sən generalsan!” Abdulla bəyə belə deyə bilmədi: o özünü sonadək gerçək general kimi apardığı üçün! H.Əliyevə gərəkən nə idi? Hamıdan güclü olduğunu göstərməklə özünün qorxulu adam obrazını yaratmaq! - bu onun toplumu psixoloji basqı altında tutmaq üçün yararlandığı yönətim metodlarından idi.
- Sizinlə Televiziyada görüşdüyümüz yadınızdadı? - birdən Abdulla bəy soruşdu.
- Yadımda deyil, - yaddaşımı qurdalaya-qurdalaya bildirdim.
Abdulla bəy Televiziyaya gəlib mənimlə görüşdüyünü danışmağa başladı.
- Hə, yadıma düşdü: gəlişinizi bildirmədən birdən qapını açıb içəri girmişdiz.
Kabinetdə oturub işləyirdim, birdən qapı açıldı, yeni Daxili işlər naziri Abdulla Allahverdiyev qapıda göründü. Onun belə gəlişi görünməmiş görsənişlərdən idi: hökumət adamlarının Şirkətə gəlişi qabaqcadan bilinərdi. Bu isə bir yenilik idi. Aramızda indi ayrıntılarını unutduğum qonuşma oldu. O, nələrsə soruşur, mən bildiklərimi söyləyirdim. Onun çıxışa gəldiyini düşünərək soruşdum: “Deyim studiyanı hazırlasınlar?” O: “Mən çıxış üçün gəlməmişəm, sizinlə tanış olmağa gəlmişəm” - deyincə quşqulandım. Daxili işlər nazirinin Televiziya əməkdaşı ilə belə tanışlıq yaratmaq istəyi elə-belə ola bilməzdi. Ondan bu tanışlıq istəyinin nədən yarandığını soruşmağa da dəyməzdi: özü bildirmirdisə, demək, belə gərəkirdi.
- İndi sizə deyim mən ondaTeleviziyaya nəyə görə gəlmişdim? - Abdulla bəy soruşdu.
- Hə, - dedim, - bilmək yaxşı olardı.
O, asta-asta danışmağa başladı:
- Onda mən Televiziyaya prezident Əbülfəz Elçibəyin bir göstərişiylə bağlı getmişdim. Mən onun göstərişiylə sizi qandallayıb Bayıl türməsinə aparmalıydım.
- Niyə aparmadız? - çaşqınlıqla soruşdum.
- Elçibəyin göstərişindən sonra sizinlə bağlı informasiya topladım. Sonra Televiziyaya gedib əməkdaşları danışdırdım, qadınlı-kişili hamı sizin çox sərt, çox kəskin adam, ancaq çox da doğru-düzgün olduğunuzu dedi. Öyrənib-bildikərimi qayıdıb Elçibəyə dedim.
- O nə dedi?
- Acıqlandı, səsini qaldırdı, dedi: “Sənə nə göstəriş verilib, yerinə yetirməlisən!” Ona: “Doğru-düzgün adamları tutmaq üçün nazir olmamışam, deyib, nazir vəsiqəsini çıxarıb stolun üstünə qoydum, qapıdan çıxan yerdə məni geri qaytardı: “Gəl vəsiqəni götür, get otur yerində!”
İstər-istəməz düşünməli olursan: görəsən, Abdulla Allahverdiyevin yerində professionallıqdan uzaq, vicdansız, karyerist birisi olsaydı, necə olacaqdı? Sözsüz, göstəriş can-başla yerinə yetiriləcək, prezidenti oyuncağa çevirənlərin istəyinə uyğun olaraq suçsuz bir adam qandallanıb Bayıl türməsinə aparılacaqdı. Olduqca ilginc görsənişdir: “Korrupsioner də millətimizdi” - deyə, bir illik hakimiyəti boyunca bircə korrupsionerə, eləcə də korrupsiyaya qurşanmış bir sıra satılmış hərəkatçılara toxunmayan “dünyanın ən humanist prezidenti” düzgünlüyü azacıq da quşqu doğurmayan, bütünlüklə suçsuz hərəkat yoldaşını qandalladıb türməyə göndərirdi! Bu qurğunu quranlar kimlər idi? Onun Şirkətə ayırdığı 3 milyon dolların çoxunu Televiziyadan Nazirlər kabinetinədək basıb yeyənlər, eləcə də onu devirmək istəyənlər! Onlar bir qrupda, belə desək, Nazirlər kabineti, parlament-müsavat qrupunda birləşmişdilər. Onların istəyinə uyğun olaraq prezident seçki platformasına dönük çıxaraq KQB arxivlərini açmayacaq, KQB parlamentini buraxmayacaqdı. Sözsüz, işdə o biri güclü qrupdan olanların da rolu vardı.
Birinin lideri parlamentdə, o birinin lideri Naxçıvanda oturan iki güclü qrup gücsüz-etkisiz prezidenti yıxmaq üçün hakimiyəti içindən yeyib-dağıdırdı. Onu Xaliq Bahadırın Televiziyada “çeviliş hazırladığına” inandırmışdılar. O isə düşünməmişdi: studiya direktoru televiziyada necə çevriliş edə bilər? Deyir: “Sən Mənim Şirkətə sədr qoyduğum Məmməd İsmayılı devirib, yerinə Əkrəm Əylislini gətirəcəkdin”. Bu necə olacaqdı, necə baş tutacaqdı, burada hansı mexanizm işləyəcəkdi? – mən bunu indi də anlamıram, anlaya bilmirəm. Onun Səfər Alışarlı ilə birgə çox inandığı M.İsmayıl H.Əliyevin Televiziyaya ilkin gəlişindəcə (18 iyun 1993) işdə qalmaq üçün ona dönük çıxacaqdı: “Heydər müəllim, məni Şirkətə sədr Elçibəy qoymayıb, Yaqub Məmmədov qoyub”. Çoxdan Y.Məmmədovdan üz döndərmiş H.Əliyev bu uğursuz çıxışdan az sonra onları sədrli-müavinli birgə işdən qovacaqdı. Onlarsa Şirkətin anbarında dəyərli nə varsa bir maşına yüklədib gecəylə aradan çıxacaqdılar...
Rəhim Qazıyevin dediyinə görə, Seyfəlidə böyük güc toplayıb gərəkən hazırlıq işlərini görməklə Xankəndini götürəcəkmişlər. Prezident Elçibəy belə bir çağda onu çağırıb: “Sən mənə qarşı çevriliş hazırlayırsan”, - suçlamasıyla nazir postundan uzaqlaşdırıb. R.Qazıyev dönə-dönə atasının goruna and içməklə bunun yalan olduğunu, Elçibəyi bu yalana İsa Qəmbərlə Pənah Hüseynovun inandırdığını bildirir. Öz başıma gələnlər - yeri olmayan bir yalana Elçibəyin inandırıılması faktı olmasaydı, bəlkə də, R.Qazıyevə inanmazdım. Yeri gəlmişkən, başqa bir “çevrilişçi” - Surət Hüseynov - o çağlar Pənah Hüseynovla Arif Hacıyevin yaxın dostlarından biri yerindəydi. Bildiyimə görə, S.Hüseynova Milli qəhrəman adı verilməsində onlar önəmli rol oynamışdılar. Necə oldusa, dönərgə birdən döndü. Regional rokirovka baş verdi: Tofiq Seyidovun yerinə Fərəc Quliyev AXC İcraiyə komitəsinə sədr gətirildi. Fevralın 8-də Naxçıvandan Bakıya gələn F.Quliyev bircə gün sonra, fevralın 9-da, S.Hüseynovu “xain” çıxaran bildiri yayımladı. Bununla da ölkədə ara qarışdı...
İ.Qəmbər R.Qazıyevin yerinə Rusiya ilə bağlılığı quşqu doğurmayan Dadaş Rzayevi Müdafiə naziri qoydurmuşdu. Mən İnformasiya studiyasının direktorluğundan uzaqlaşdırılandan sonra studiya Səfər Alışarlıya tapşırılmışdı. Bunlar, demək olar, xaraktercə uyğun görəvləndirmələr idi.
1991-ci ildə prezident A.Mütəllibovla uzlaşma sonucunda Elçibəy çoxdankı sevimlisi olan Səfər Alışarlını Naxçıvan Televiziyasına sədr qoydurmuşdu. Altıca ayda Naxçıvan TV-də böyük yeyinti-mənimsəməyə görə prokurorluq Səfərə cinayət işi açmışdı. Elçibəy onda Səfəri prokurorluğun əlindən qoparıb Bakıya gətirmiş, sonra da Teleradio verilişləri şirkətində birinci müavin qoymuşdu. Elçibəy üçün qanunçuluq deyilən bir anlayış yox idi; onun düşüncəsinə görə, “qanunun yanından keçib getmək olar”dı. Onun “qanunun yanından keçib getmək olar” prinsipi AXC hakimiyətini bir ildə anarxiyaya, özbaşınalığa gətirib çıxardı....