Məxfi sənədlər yayıldı
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İkinci Dünya müharibəsi zamanı Berlinə hücumla bağlı bəzi məxfi sənədləri yayıb.
Tv 713 .az xəbər verir ki, sənədlərdə Berlinin müdafiəsində iştirak edən Ukrayna Millətçiləri Təşkilatının (UMT) üzvləri barədə materiallar yer alıb.
Sənədlərdə UMT üzvü olan Nikolay Muxa adlı şəxsin 1945-ci ilin aprelində SMERŞ tərəfindən dindirildiyi qeyd olunub.
Qərbi Ukraynadan olan Muxa dindirilmə zamanı İkinci Dünya müharibəsi başlayandan sonra Stepan Banderanın UMT-nin rəhbərlik etdiyi qanadına qoşularaq, müstəqil Ukrayna dövləti uğrunda mübarizə apardığını və daha dörd nəfəri də bu mübarizəyə cəlb etdiyini deyib:
“Stepan Bandera 1930-cu illərin sonlarında Ukrayna Millətçiləri Təşkilatında parçalanma nəticəsində yaranan iki fraksiyadan birinə rəhbərlik edirdi. UMT (b)-dən olan Bandera başqa bir fraksiya ilə - Andrey Melnikin rəhbərlik etdiyi UMT (m) ilə düşmənçilik edirdi. Eyni zamanda, hər iki qrup nasistlərin dəstəyini almağa çalışırdı və onların liderləri Üçüncü Reyxin məxfi xidmətlərinin agentləri idi.
1941-ci ilin iyunun sonunda Ukraynanın faşistlər tərəfindən işğal olunmuş ərazilərində müstəqil dövlət elan etmək cəhdindən sonra Bandera almanlar tərəfindən həbs edildi. Onun həbsxanada xüsusi konfortlu şəraitdə saxlanıldığı bildirilir. Banderanı 1944-cü ildə azadlığa buraxdılar”.
Muxa Bandera həbs edildikdən sonra UMT(b) -nin digər üzvləri ilə birlikdə meşələrə çəkilməyə məcbur olduğunu, 1942-ci ildə nasistlər tərəfindən tutularaq Almaniyaya işləməyə göndərildiyini deyib.
Muxanın sözlərinə görə, o, 1943-cü ildə mərkəzi Berlində yerləşən "melnikovçu"ların sıralarına qoşulub. O, UMT-yə yeni üzvlərin cəlb edilməsi ilə məşğul olub.
1945-ci ilin aprelində Muxanın yanına təşkilatın Berlindəki mərkəzinin nümayəndəsi İosif Pekar gəlib və bildirib ki, almanlarla birlikdə Berlini Qırmızı ordudan müdafiə etmək lazımdır.
Muxanın sözlərinə görə, Pekar ona həmçinin bildirib ki, UMT-nin Berlin mərkəzinin əmri ilə bütün üzvlər sovet qoşunları ilə döyüşmək üçün səfərbər olunur: "Hər kəs öz yerində qalmalıdır - əgər Qırmızı Ordu şəhərə girərsə, onun logistikasını məhv etmək, tankları yandırmaq və Qırmızı ordunun zabitlərini öldürmək lazımdır".
Lakin Muxa bildirib ki, UMT-nin silahları yararsız idi. Onlar Berlinin müdafiəsi üçün geri çəkilən alman bölmələrinin atdığı və digər qənimət silahlardan istifadə etməyi planlaşdırırdılar.
Plana görə, Ukrayna millətçiləri öz hərəkətlərini Üçüncü Reyxin xalq döyüşçü dəstələri olan "Folksşturm"la əlaqələndirməli idilər. Bundan başqa onlar sovet tanklarını, kiçik qruplarını, maşınlarını uyğun yerlərdə pusqu quraraq məhv etməli, lakin heç bir halda böyük birliklərlə döyüşə girməməli idilər.
Muxa bildirib ki, sovet hərbçilərinə əsir düşən zaman onlara UMT üzvü olduqları barədə danışmamaq tapşırılmışdı.
Dindirilmə zamanı Muxa təkcə ona məlum olan UMT üzvlərinin ad və soyadlarını deyil, bəzilərinin ünvan və nişanələrini də verib.
Muxa bildirib ki, ona tabe olan bütün UMT üzvləri ilə görüşüb və onların hər birinə Qırmızı ordunun gəldiyi təqdirdə nə etməli olduqlarını izah edib:
“Pekar getməzdən əvvəl məni xəbərdar etdi və dedi: "Berlini saxlasaq, o zaman müharibədə qalib gələcəyik". Bundan başqa, o özünün də Qırmızı orduya qarşı təxribat və terror aktları törətmək üçün Berlində qaldığını söylədi”.