Çingiz xan türkdür, yoxsa “monqol”?
Sosial şəbəkələrdə Moğol dövlətinin başçısı Timuçinin (Çingiz xanın) türk olmadığına dair müzakirələr aparılır. Çoxları da “moğol” sözünü qəbul etməyərək, “monqol” sözünün düz olmasını iddia edir.
Birincisi “monqol” sözünün mənası “axmaq” deməkdir. Biz də daxil olmaqla, Fransa, Belçika, Rusiya və bir sıra Afrika dövlətlərində belə “monqol” kəlməsi “axmaq” mənasında işlədilir.
1866-cı ildə ingilis həkimi Lanqdan Daun yeni bir xəstəliyi (daun) bir qız uşağında müşahidə edib və onu “monqolizm” adlandırıb. Sözügedən xəstəlik daşıyıcılarında zəka geriliyi müşahidə olunduğu üçün “monqol” kəlməsi sonradan “axmaq” mənasını üzərinə götürdü. Lakin Asiyadan gələn güclü etiraz nəticəsində xəstəliyin adı 1961-ci ildə həkimin adına uyğun olaraq “daun”a dəyişdirildi.
Çingiz xanın müasiri olan XIII əsr tarixçisi İzzəddin ibn əl-Əsir “Əl-kamil fi t-tarix” (“Mükəmməl tarix”) əsərində yazır: “Çingiz xanın moğolları bir növ türklərin böyük əhalisidir”.
Xarəzmşah isə oğlu Cəlaləddinə deyirdi: “Türk bölgəsi üzərimizə gəlir”.
Səmərqənd əhalisi Çingiz xanın yürüşü zamanı deyirdilər: “Biz eyni soydanıq, bizi öldürməzlər”.
“Moğol milləti tarixən mövcud olmayıb, bu siyasi addır” – deyə Çingiz xan tarixini araşdıran akademik Anatoli Olovintsov iddia edir. O, belə düşünür ki, XIII yüzillikdə Avrasiya məkanı Çingiz xan da daxil olmaqla, türklərdən ibarət idi və bu türklər müxtəlif tayfalara bölünürdü. Daha sonra Çingiz xan bütün tayfaları bir araya gətirərək onu “Moğolustan”, yəni “Əbədi ordu” adlandırdı.
O dövrdən Çingiz xanın bir sıra hökmdarlarla olan yazışmaları Çin arxivlərində qalıb. Bu məktubların araşdıran tədqiqatçılar tam əminliklə deyirlər ki, onların hamısı türk dilindədir. Mərkəzi Asiyadan Kubilay xanın nəvələrinə göndərilmiş məktublar türk dilində, qədim uyğur əlifbası ilə yazılıb. Bundan əlavə, böyük fatehin yaşadığı dövrdə üzərində türk dilində yazı olan Tau daşı bu günümüzə qədər gəlib çatıb. Əgər o dövrdə moğol dili var idisə, Çingiz xanın türk dili nəyinə lazım idi?
İndiki Monqolustanın rəsmi dili isə Çingiz xanın dövrünün dilindən çox fərqlidir. Ona görə ki, hazırkı xalxa-monqol dili mancurlar onlara qalib gəldiyi dövrdə, XVII əsrdə yaranıb. Çingiz xanın ölümündən sonra isə elitar təbəqə arasında hakimiyyət uğrunda mübarizə başladı. Nəticədə XVII əsrdə yerli əhalinin, özü türk olub və türk dilində danışan insanların sayı 60 min nəfərə qədər azaldı. Bunu görən mancurlar Monqolustanı ələ keçirdilər. Onların dili türk dilindən kəskin şəkildə fərqlənirdi. 100 il sonra dillərin qarışması nəticəsində hazırda xalxa-monqol dili adlandırdığımız tunqus-türk-mancur dili formalaşdı. Bu dildə danışan əhalinin sayı 5,8 milyon nəfərdir. Buraya əsasən fonetik cəhətdən fərqlənən şivələrin qərb, mərkəzi və şərq qolları daxildir. Ən çox yayılmışı mərkəzi qrupa daxil olan xalxa dialektidir. Monqolustanın ədəbi və rəsmi dili onun üzərində qurulmuşdur, buna görə də monqol dilini tez-tez “xalxa-monqol dili” adlandırırlar.
Zaur Əliyev