Dilə münasibətdə hər kəsin öz kömbəsi
İGİD TEYMURLU
VƏ CİKKİLDƏŞƏN HƏRƏMXANA QUŞLARI
Ha istəyirəm ki, bu mövzuyla bağlı yazmayım, olmur. Axırda deyəsən bir pritça var, onu danışmaq məcburiyyətində qalacam...
ŞAHBAZ XUDUOĞLUNUN dilimizlə bağlı səsləndirdiyi fikirə münasibətdə rəyləri oxuyanda adam dəhşətə gəlir. Hər kəs odu öz kömbəsinə çəkir. Bir yandan da cikkildəşən hərəmxana quşları...
İctimai-siyasi sferada xüsusi çəkisi olanların, özünə alim deyənlərin də tam əksəriyyəti etibarlı limanlara çəkilib həmişəki kimi olanları seyr edir. Bir qisim normal yanaşma istisna olmaqla hikkə dili, böhtan dili, söyüş dili meydan sulamaqda!!!
Adını "ziyalı, dilçi, gənc yazar, bloger", nə bilim hansı er, hansı ar qoyan bu adamların heç birini fərd olaraq mən dilin müdafiəsində görməmişəm...
Azərbaycanda dilimizin qorunmasıyla bağlı qanunlar qəbul edilib. Və bu qanunların qəbul edilməsində elə sizin təbirinizcə desəm, "Şahbazı müdafiə edən Sabir Rüstəmxanlı"nın da millət vəkili olaraq xeyli xidməti var.
AMMA VƏ LAKİN məhz o qanunu tapdalayan da, o qanundan irəli gələn məqamları görməyən də məhz sizlərsiniz. İndi günahkar kimdir - Rüstəmxanlı, yoxsa siz?..
Bu gün Azərbaycan türkcəsi obyekt adlarından tutmuş reklamlara qədər, təhsilimizdə, sənayemizdə, iaşə müəssisələrində, danışığımızda, orfoqrafiyamızda belə demək mümkünsə, zorlanıb, meyxana dilinə, komedixana dilinə çevrilib. Siz də buna yengəlik etmisiniz.
İndi Şahbaz müzakirəyə bir məsələ çıxaran kimi, "kakoy-to alkaş", " gənc yazar" olaraq ağalarınızın diliylə Şahbazın fikirlərində gah "Konstitusiya zidd addımlar", gah başqası kimi "separatçılığa yaradılan münbit şərait" axtarırsınız...
Lətıfəsi uzaq olsun, yelə doğru tüpürən üzünə tüpürər, demədi deməyin...
Ə kişi, Allah deyəsən sizi yaradanda çənənizə "purjun" qoyub ki, yorulmursunuz bu düşük yanaşmalarınızı tirajlamaqdan..Belə haqlısınızsa, verin Şahbaz Xuduoğlunu məhkəməyə, digərini söküb dincəlin, iddialarınızı sübut edin, daha moizə oxumayın. Ammmma siz bunu edə bilməzsiniz, çünki plovu yalanla bişirməyə çalışırsınız. Bişirin, bişirin, dəniz qədər yağı da bizdən olacaq...
Şahbazı bir yana qoyub bu mövzuya münasibət bildirən "yazar"ların fikirlərini Sabir Rüstəmxanlı faktorunun üzərinə yönləndirmələrsə sadəcə olaraq, bir əxlaqsızlıqdır.
A bədbəxt uşağı, Sabir Rüstəmxanlı sizlərin indiki yaşınızda olanda, hətta ondan da qabaq bəşər tarixində ən qaniçən imperiya olan SSRİ zamanında "Sağ ol, ana dilim!" deyib rus, fars faşizminə, rus, fars şovinizminə meydan oxuyurdu. Onda sizin dədələriniz səslərini belə çıxara bilmirdi. İndi sizlər Rüstəmxanlıya əxlaqsızcasına yol göstərməyə çalışırsınız!!!! Siz dədələrinizi sorğulayın ki, niyə zamanında ancaq qulaqlarıyla danışıblar...
Bu gün Azərbaycanda dövlət büdcəsindən maliyyələşən 360-dan yuxarı orta təhsil müəssisəsi fəaliyyət göstərir. NƏDƏN? Çünki Sizin dədələruniz azadlığı, karyeranı bu dildə gördüklərindən zamanında susublar və indi də sizlər dillə bağlı mövzularda ifrazat yeyən qarğa kimi sinənizi qabağa verib, özünüzü Cünun gününə qoymusunuz.
Çıxarın da səsinizi! Nədən mənim pulumla burada rus dili sektorları fəaliyyət göstərməlidir, axı bu dövlətin dili "azərbaycan dili"dir? Deyəlim ki, Şahbaz yağmur istəyir, siz də quraqlıq, nə iynə kimi yaxasına sancılmaq istəyirsiniz, bu konuyla bağlı səsinizi çıxarın da. Cürətiniz çatırsa kösövünüzü bu təndirdə də fırlayın.
Təhsil sistemimizə vurulan bu calaq kökündən yanlışdır və birmənalı şəkildə rus sektorlarının fəaliyyəti dayandırılmalıdır! Məqsədli şəkildə rus sektorunu bitirənlərə, rusdillilərə, ingilisdillilərə iş axtarışında birincilik verilməsinə təxirə salınmadan son qoyulmalıdır. ......çatırsa bununla bağlı prinsipial mövqe qoyun ortalığa. Rus sektorunun fəaliyyətisə dövlət büdcəsi tərəfindən deyil, özəl sektordan maliyyələşməlidir! Kim istəyir rusdilli məktəb açsın, kim istəyir, gedib pulunu versin rusdilli, ingilisdilli məktəbdə oxusun və heç şübhəsiz ki, birbaşa Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi ümumi proqram əsasında...
Sonda onu da deyim ki, cikkildəşən quşlar dənə, milçək də şirəyə gəlir. Dimdiyiniz də, qanadınız da apaydın görünür. Və mən də daha heç bundan yazmaq istəmirəm. Bir də bu mövzuya bağlı yaxası olsam Qurdla Eşşək haqqında olan pritçanı nəql edəcəm...