ƏRDOĞAN, yoxsa KILICDAROĞLU?...
İGİD TEYMURLU
Ərdoğan və Kılıcdaroğluna münasibətdə mənim də dərk edə biləcəyim səviyyədə görünən budur ki, hər iki siyasi fiqurun kifayət qədər yanlışları var və bu, ayrı mövzunun söhbətidir. Dövlətin, millətin çıxarları baxımından məsələyə yanaşanda supergüclərin əl quzusu olacaq siyasi hakimiyyət qardaş Türkiyəyə və bütövlükdə Türk Dünyasına yaxşı heç nəyi vəd etmir..
Amerika və Avropa gerçəyi deyil, öz görmək istədikləri demokratiyanın tələbləri çərçivəsində bir terroristə azadlıq tələb edirsə və bunun müqabilində bunu edəcək liderə cənnət qəbzi bağışlayacaqsa, onda vay məmləkətin, vay türk irqinin halına!!!
Şübhəsiz ki, bu seçimdə əsas söz sahibi qardaş Türkiyə vətəndaşlarıdır!!!
AMMA VƏ LAKİN....
Kılıcdaroğlunun verdiyi sual və nida işarəli vədləri fonunda Ərdoğanın yürütdüyü siyasətin sonuclarına diqqət yetirmək də milli və dövləti maraqlarımızın tələbi.
ƏN AZINDAN
- iqtisadi, siyasi, hərbi müstəvidə leqal, ya da ki, qeyri-leqal gedən müharibələrin son mənzilədək aparılma zərurəti;
- 30 ildən artıq bir müddət ərzində həlli dalana dirənmiş Qarabağ probleminin çözülməsində Ərdoğan hakimiyyətinin Azərbaycana siyasi dəstəyi;
- ÖZÜNƏQAYIDIŞ istiqamətində TURAN BİRLİYİnin yaranmasına əsaslı və həlledici təkanlar verən sərt addımların atılması;
- türk irqini dünyanın supergücləri cərgəsinə çıxarmaq istiqamətindəki prinsipiallığı;
- türk və müsəlman dünyasına qarşı qeyri-rəsmi olaraq aparılan səlib yürüşünü dayandırmaq;
- Türkiyənin hərbi sənayesini düşmənləri mat qoyacaq səviyyəyə qaldırmaq;
- Türkiyəni nəinki bölgədə, bütövlükdə dünya çapında söz sahibinə çevirmək;
- 40 minə türkü qanına qəltan edən PKK-nın lideri Abdulla Öcalanın həbsi;
- Türkiyənin doğal qaz ehtiyatlarının təminatı...
Təbii ki, ən azından bu faktlara qarşılıq Ərdoğan hakimiyyətinə yönəli xeyli sayda faktlar da mövcuddur. Amma o faktlar milli və dövləti maraqlarımız baxımından bunlarla müqayisədə kiçikdir və zaman etibaril indi səsləndirilməyinə dəyməz.
ÇÜNKİ bir məqamı da unutmayaq ki, həyatda hər şey nisbidir. Bu mənada məmləkətin lideri kontekstində bütün parametrlər baxımından Kılıcdaroğlu Ərdoğanla müqayisədə çox kiçik və bir az da qorxunc görünür.
Haşiyə kimi: o da heç kimə sirr deyil ki, Ərdoğan aydan arı, sudan duru deyil.
Ən azından;
- cənab Ərdoğan özü vurğulayıb ki, "Orta Doğu projesunin müəlliflərindən biriyəm". Orta Doğuda nələr baş verdi və nələrin planlanması nəzərdə tutulur, fərqindəsinizmi?!
- 40 min türkü qətlə yetirən peşmərgəni sokaklarda qəhrəman kimi qarşılayan da
Ərdoğan hakimiyyəti olub;
- terrorçu qruplaşma olan PKK-nın siyasi cəhətdən təşkilatlanması da məhz Ərdoğan zamanında özünün pik həddinə çatıb...
Və sair, və iləaxır...
Ancaq Kılıcdaroğlunun da rəhbərlik edəcəyi Türkiyənin üfüqdə görüntüsü belə adamı dəhşətə gətirir: əl quzusuna döndərilən bir Türkiyə, tapdalanan, əzilən, haqqı tanınmayan müsəlman və türk dünyası Kılıcdaroğlunun vəd etdiyi siyasi hakimiyyətin "övladı" olacaq, əfəndilər!
Bu mənada bütövlükdə türk dünyasında başlanan "uzun, incə yol"u başlayan hakimiyyətin bu "yol"u davam etməsi günün zərurətidir. Ki, bu da Ərdoğanın rəhbərlik egəcəyi siyadi hakimiyyətdir...
Hər kəsin görmək istədiyi, gördüyü və görə bildiyi bir həqiqət var - hətta bu görə bildiklərimiz başqasının gözüylə, düşüncəsiylə həqiqətin özü olmasa belə. Bu da indiki zaman çərçıvəsində mənim seçimimdir...