ZƏFƏR BAYRAMI FONUNDA QAZİLİYİMİZə baxış
İGİD TEYMURLU
VƏ OXUNAN ŞAMAN DUASI
Bu məmləkətdə hər şey urvatsızlaşdırılır. Dərd orasındadır ki, sanki gizli bir əl hər kəsi öz diliylə, öz əliylə urvatsız edir: fəhlə fəhlənin üzünə durur, müəllim müəllimi linc edir, vəkili vəkili, həkimi həkim, çilingəri çilingər...., qazini də qazi....Belə bir mühitdə ürəyimiz səksəkə, ruhumuz da zəlzələylə doludur...
Millət sortlaşdırılıb, millət təbəqələşib. Eyni bir sahənin adamı ideoloji qula çevrilməklə bir-birini tanımaz olub. Müəllimin öyrətmənliyi, jurnalistun Sözə və Qələmə sahibliyi formal bir ifadəyə çevrilib. Günün reallığı budur - sən həkim, müəllim, fəhlə olaraq bir loxma çörək naminə hətta istəmədiyin bir qrupun yanındasansa yaşayacaqsan, yox əks mövqedəsənsə sürünəcəksən. Sən jurnalist olaraq MİA-nın vəsiqəsini daşıyırsansa, səni sayacaqlar, sənə normal yanaşacaqlar. Yox Sözə və Qələmə söykənmisənsə sənin adın it dəftərində də olmayacaq.
Halbuki jurnalisti jurnalist edən onun Sözü və Qələmidir, MİA vəsiqəsi yox!
Müəllimi müəllim edən onun bilik və bacarığıdır, öyrətmənliyidir, hansısa ideolojı rıçağın iradəsilə hərəkət etməsi yox!...
Elə Qazilik də bir missiyadır -Vətən qarşısında Cavabdehlik və Məsuliyyət Hissini dərk edərək daşınan missiya, atılan addımdır.
Bu gün bir "qazi"nin məmur olan başqa bir "qazi"nin çənəsini sındırma olayı cəmiyyəti başdan başa bürüyən urvatsızlaşdırmanın tərkib hissəsidir...
Amma istənilən halda baş verən bu tip neqativ olaylar QAZİ adıyla tərs mütənasibdir!...
Döyüşçüləri sortlara ayırmaqla, son savaşımızın iştirakçılarına fərqli "status" verməklə, fərqli yanaşma sərgiləməklə yanlış addımı atan DÖVLƏTİN ÖZÜ olub, məmurun çənəsini sındıran "qazi" yox!!!!
Yaranan növbələrdə "mən qaziyəm" -deyə, böyüyü, kiçiyi saymayan, qadını, qızı, xəstəni, xüstəni vecinə almayan DÖVLƏTİN ÖZÜ olub, "qazi" yox!
O növbədə dayanan xəstə uşaqlar, xəstə adamlar bu VƏTƏNİN ƏN BÖYÜK QAZİLƏRİDİR! Sən "qazi" o xəstəni kənara itələyib önə keçəndə heç düşündünmü ki, bəs sən kimin üçün vuruşmusan? Sən öz döyüşünlə bu Vətənə və bu Vətənin övladları olan həmin xəstələrə xidmət etmisən axı...Və indi də o xəstəni itələyib önə keçirsən, ona sahib çıxmırsan. VƏTƏN ONLARA SAHİB ÇIXANDA BÖYÜK OLUR!
ONLAR TAPDALANANDA, ONLAR KİMLƏRİNSƏ AYAĞINA VERİLƏNDƏ VƏTƏN KİÇİLİR!
VƏTƏNİN KİÇİLMƏSİNİ İSTƏYƏN, BUNU ÖZÜNƏ "HAQQ" KİMİ SAYAN OĞLANDAN "QAZİ" OLMAZ, ATAM BAIASI!
Qarabağ Savaşı başlayandan o mərmilər, o bombalar atılıb və bütün iştirakçılar da o döyüşün içində olub. Yüksək texnoloji, hərbi, siyasi potensialla deyil, tam imkansız bir durumda düşmənlə üz-üzə dayanan Oğlanlar Xankəndinin 11 kilometrliyinə qədər gedib çıxmışdılar!
Sizlər hakimiyyət uğrunda çarpışanda keçmiş döyüşçülər yurdun azadlığı uğrunda səngərlərdə idilər. O zaman indi haqqını tanımadığınız 713 saylı tabor 33 nəfərlə Laçının Hoçaz kəndini götürmüş, böyük strateji əhəmiyyətə malik HOÇAZ YÜKSƏKLİYİNİ 27 nəfərlə (indi çoxları özünü həmin döyüşün iştirakçısı sanır, sual olunur, onda siz hansı mövqedə dayanmışdınız Hoçaz yüksəkliyində, cənablar?) ƏLƏ KEÇİRMƏKLƏ BİRBAŞA LAÇIN KORİDORUNA NƏZARƏTƏ YİYƏLƏNMİŞDİR! Və bu gün ikinci sort hesab etdiyiniz 1992-1993-cü illərin döyüşçüləri Azərbaycanın 80 faizini düşməndən qorudu. Fərqindəsinizmi?
Heyif ki, hər şey siyasətin güdazına getdi! O OĞLANLARın 95 faizinə heç qiymət verən də olmadı və o OĞLANLAR heç kimdən heç nəyi də ummadılar! Adicə "veteran knijkası"nı onlara çox gördünüz.
Qul psixologiyalı, qul xarakterli məhkəmələriniz nəcməddinlərin qarşısında kəbinli arvad kimi davranıb Ər Oğlanların haqqını yediniz..YEDİKLƏRİNİZİ İLAHİ ƏDALƏT GÜNÜN BİRİNDƏ BURNUNUZDAN XOLA-XOLA GƏTİRƏCƏK!..
Və heç Dövlət Baba da həm onda, həm də sonrakı dövrlərdə bu OĞLANLARa indiki "status"u, indiki orden, medalı verməmişdi!!
Sual olunur: o OĞLANLAR bəyəm Azərbaycan uğrunda döyüşməyiblərmi?!...
O OĞLANLAR bu günə kimi tapdalanan haqlarına görə heç kimin çənəsini də sındırmayıblar və heç kim də ONLARa bu haqqı tanıya bilməz!
Hər zaman bir devizi olub bu OĞLANLARın: Vətənə canımız fəda!
Ancaq Vətən də öz övladına sahib çıxmalı, indiki kimi övladları arasında fərq qoymamalı idi!!
Baxmayaraq ki, 30 ildən artıq bir müddətdə bu OĞLANLAR mənən sındırılmaqdadır, ancaq yenə də hər şey "VƏTƏN NAMİNƏ" deyib, dururlar...
Son savaşımızın "kantuziya alan" iştirakçısı və bu "kantuziya alan"a status verib, KÖHNƏ DÖYÜŞÇÜLƏRİ gözardı edən DÖVLƏT BABA, bəs 30 ildir ki, elə dövlətin harın məmurları, Müdafiə Nazirliyi, məhkəmələr adlı çete yığnağı tərəfindən mənən öldürülən CANFƏDAİLƏR ORDUSUNUN DÖYÜŞÇÜLƏRİ neyləməlidir?!
Hər şeyin urvatdan salınması bu dövlətin varlığına qənim kəsilməkdir! Əfəndilər, neft kapitalını insan kapitalına çevirməyin yolu adamları sortlaşdırmaqdan keçmir! Fəhləsinə də, müəlliminə də, həkiminə də, qazisinə də Dövlət Baba bir gözlə baxmalıdır! Sən Vətənin sərhəddini qoruyursan, mən ideolojisinin, təhsilinin, səhiyyəsinin, iqtisadiyyatının keşiyində dayanmışam. Hamımız birik, bir Vətənin Döyüşçüləriyik! Yox əgər ayrıseçkilik olacaqsa, onda gücümüz Rüstəm Behrudi diliylə şaman duası oxumağa çatır:
"...Ürəyimdə səksəkə, ruhumda bir zəlzələ;
İlahi, bu milləti yox olmaqdan hifz elə!"...