713 SAYLI TABORUN DÖYÜŞÇÜLƏRİ VƏ AVMVİB SƏDRİ ŞƏHİDLƏR XİYABANI İLƏ TÜRK ŞƏHİDLİYİNİ ZİYARƏT ETDİ
FÜZULİ RZAQULİYEV: "Köhnə döyüşçülər Azərbayanın 80 faiz torpaqlarını qoruyub"
Bu gün Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev və keçmiş 713 saylı taborun döyüşçüləri Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər.
Keçmiş döyüşçülər indi Xiyabanda uyuyan səngər yoldaşlarının məzarlarının üstündə dualar oxuyublar. Sonra döyüşçülər öz xatirələrində torpaqlarımızın azadlığı uğrunda gedən müharibənin birinci fazası olan 1992-1993-cü illərin realıqlarını dilə gətiriblər.
AVMVİB sədri Füzuli Rzaquliyev mərhum Prezident Heydər Əliyevdən sitat gətirərək söylədi ki, "bəli, o dövrün döyüşçüləri Azərbaycanın 80 faiz torpağını erməni işğalından xilas edib. Keçmiş sovetlər dağılanda erməni faşistləri və onların havadarlarının məkrli planına görə bütün Azərbaycan işğal edilməli, təkcə mərkəzi Bakı olmaqla bir Azərbaycan vilayəti saxlanılmalı idi. 1992-1993-cü illərdə döyüşənlər bu mənfur planı alt-üst edib erməni və onların havadarlarına gözləmədikləri, təsəvvür belə edə bilmədikləri zərbəni endirdi. Müzəffər Ali Baş Komandanımızın rəhbərıiyi altında sonrakı dövrlərdə Azərbaycanımız iqtisadi, siyasi və hərbi müstəvidə daha böyük uğurlar əldə etdi. Və bütün bunlar, millətimizin həmrəyliyi 44 günlük müharibədə erməniləri kapitulyasiya aktı imzalamağa vadar etdi. Biz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin qarşısında baş əyir, Onlara Allahdan rəhmət diləyirik".
AVMVİB sədri Rzaquliyevin fikirlərilə həmrəy olduqlarını bildirən 713 saylı taborun köhnə döyüşçüləri 1992-ci ilin avqust ayında Şəhid olmuş Xasay və Nəsimi qardaşlarıyla bağlı xoş xatirələrini bölüşmüşlər.
Keçmiş döyüşçülər və AVMVİB sədri eyni zamanda 30 avqust qardaş Türkiyənin Zəfər Günü münasibətilə Şəhidlər Xiyabanında olan Türk Şəhidliyini də ziyarət etmiş, mehmetciklərin xatirəsini əbədiləşdirən abidə önünə gül dəstələri qoymuşlar. Tədbirin sonunda AVMVİB-nin Səbael rayon təşkilatının qərargahında 713 saylı taborun döyüşçülərinin bir çoxuna veteran statusunun verilməməsilə bağlı süni şəkildə yaradılan əngəllər müzakirə edilmiş və problemin aradan qaldırılması üçün gərəkən addımların atılacağı qərara alınmışdır.
MÜŞFİQ RƏHİMOV
TV713. az