Ümid Partiyasının “Elm və təhsil proqramı”

Aktual / Siyasət / Manset 15-fev, 17:599 tv713 5 0




Qısa xülasə


Yeni təhsil qanununa ehtiyac var.
Ölkəmizi qonşu və xarici dövlətlərdən ideoloji basqılar gözləyir. Özəlliklə, təriqət və məzhəb davalarını Azərbaycana transformasiya etməklə, öz maraqlarını təmin etmək istəyən çoxsaylı qruplar və dövlətlər var.
Təriqət və məzhəb savaşlarını gerçəkləşdirmək üçün ən optimal mühit təhsilsizlikdir.
İlk növbədə, hər kəs etiraz edə bilər ki, Azərbaycanda təhsil heç də təriqət və məzhəb davalarının gerçəkləşdiriləcəyi qədər geridə deyil. Lakin söhbət effektiv və planlı, nəticələri insanları maarifləndirə bilən təhsildən gedir. Azərbaycan təhsili uzun illər “diplom təhsili” kimi təşəkkül tapıb.
Hələ sovet dönəmində ali məktəblərdəki rüşvət və korrupsiya təhsilimizi gerçək mahiyyətindən uzaqlaşdırmışdı.
İki inəyini, beş qoyununu sataraq, övladını ali məktəbə gətirən saysız valideynlər tanıyırıq.
Qəbul prosedurundakı rüşvət və tanışlıqla yanaşı, savadsız insanların da ali məktəbə daxil olması kütləvi hal almışdır. Acınacaqlı hal onda idi ki, bu tələbələrin böyük əksəriyyəti sonradan orta məktəb müəllimi və ya maarif şöbəsinin işçilərinə çevrilirdilər. Beləcə, təhsilimiz ildən-ilə geri gedirdi.
Təhsil siyasəti təməldən dəyişdirilməlidir. Diplom siyasəti və onun verdiyi üstünlüklər dərhal, həm də sərt qanunlarla aradan qaldırılmalıdır.
Müstəqillik dönəmində təhsildə test üsulunun tətbiqi ənənəvi sovet dövründəki rüşvət və korrupsiyanı əsasən aradan qaldırsa da, təhsilin effektivliyini təəssüf ki, təmin edə bilmədi.
Xüsusilə, ixtisas seçimindəki çoxvariantlılıq və digər qüsurlar savadlı və istəkli kadr yetişdirməyə mane oldu və bu gün də davam edir.

Orta məktəbdən başlamalıyıq.
- Orta məktəb şagirdləri ibtidai təhsildən sonra tədris olunan, hər fənn üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi sistem əsasında hər ilin sonunda imtahan verməli və onların bilik səviyyələri 51-100 bal arası qiymətləndirilməlidir.
- 85-100 bal toplayanlar əla, 65-84 bal toplayanlar yaxşı, 51-64 bal toplayanlar kafi qiymətləndirilməlidirlər.
Bu proses attestat alana kimi davam etməli və attestat qiyməti buna uyğun müəyyənləşdirilməlidir.
Müəllimlərin attestasiyası və ya onların biliklərinin yoxlanılması xüsusi imtahan vasitəsi ilə test edilməməlidir.
Dərs dediyi şagirdlərin ümumi qiymət balı 75 olarsa, müəllimlə əmək müqaviləsi davam etdirilməli, ilk ildə 75-dən 10 vahid aşağı olarsa (65), xəbərdarlıq edilməklə, müvəqqəti (bir illik) əmək müqaviləsi bağlanılmalıdır.
Əgər ikinci ildə dərs dediyi şagirdlərin orta balı 75-dən aşağı olarsa, əmək müqaviləsinə xitam verilməlidir.
Bu siyasət orta məktəbdə gerçəkləşdirilərsə, repetitorluq kimi zərərli və xərc tələb edən işə son veriləcək. Orta məktəbdə dərs deyən müəllim məsuliyyətini dərk edər və şagirdlərinin yüksək bal toplaması üçün kifayət qədər ciddi fəaliyyət göstərər. Dərs dediyi şagirdlərin biliklərini isə özü deyil, mərkəzləşdirilmiş qaydada DİM qiymətləndirər.
Müəllimlər test edilərkən, bu vacib element nədənsə həmişə unudulur.
Pedoqoji fəaliyyət üçün təkcə biliklər yetərli deyil. Yaxşı müəllim olmaq üçün həm də metodlar doğru və yerində olmalıdır. Müəllimlərin testində isə bu qiymətləndirmənin nəzəri tərəfləri işlənilir, praktika isə təəssüf ki, bunun əksini deyir. Beləliklə, orta məktəbdə təhsil alan şagird məzun olana kimi ona tədris olunan bütün fənlər üzrə biliklərini DİM-in vahid test sistemi ilə yoxlatdırmış və bəlli bal toplamış səviyyəyə çatdırır.
Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın dövlət hesabına təhsil almasını vəzifə kimi dövlətin üzərinə qoyur.
Lakin bunun üçün də müvafiq imtahanlar vasitəsi ilə məzunların biliklərini yoxlayır.
Çox təəssüf ki, qəbul imtahanlarında keçid balı toplayan şəxslər çoxsaylı ixtisas seçimində sərbəstlik əldə edir və beləliklə də, çox vaxt abituriyentlər istədikləri ixtisası deyil, balının çatdığı peşənin sahibinə çevrilirlər. Bu da peşəkar kadrların yetişməsinə mane olan ən böyük faktorlardan biridir. Yəqin ki, çoxlarınız “”hüquqşünas” olmaq istəyirdim, balım çatmadı, “filoloq” və ya “tarixçi” oldum, “həkim” olmaq istəyirdim, balım çatmadı, “bioloq” oldum” və s. bu kimi iddialara təsadüf etmisiniz. İstəməyərək, sevməyərək, bir peşedə uğur qazanmaq mümkünsüzdür, insan gərək seçdiyi peşəni sevə, ona yiyələnmək üçün arzuları ola, onun ardınca gedə. Sizə elə gəlmirmi ki, diplom təhsilimizin ən böyük qəbahətlərindən biri də budur?

Nə təklif edirik?
- Ali məktəblərə qəbul üçün 85-100 bal arası attestat balı toplamaq şərtdir. DİM-in keçirdiyi orta məktəb imtahanlarından 85-100 bal toplayanlar ali məktəbə imtahansız qəbul olunurlar, onların bir ixtisas seçmək imkanları olur və müsabiqədə iştirak edirlər. İxtisas üzrə dövlət sifarişi nə qədərdirsə, ona müvafiq ən yüksək bal toplayanlar həmin ixtisas üzrə tələbə adı alırlar.
- 65-84 bal toplayanlar orta ixtisas təhsili müəssisələrinə imtahansız qəbul olunurlar, onlar da bir ixtisas seçməklə, müsabiqəyə qatılır, ən çox balı olanlar tələbə adını qazanırlar.
- 65-dən aşağı bal toplayanlar peşə təhsili seçimində yuxardakı sistem üzrə hərəkət edirlər.
Təbii ki, dövlət attestat balından və bilik səviyyəsindən asılı olmayaraq, heç kimin ali təhsil almasına maneə törətməməlidir.
Bunun üçün DİM-in imtahan sistemi vasitəsi ilə hər bir attestatlı şəxs imtahan verərək, ali təhsil ala bilər.
Qəbul imtahanında keçid balı isə 85-100 balın ekvivalenti olmalı, o cümlədən özəl universitetlərdə təhsil almaq üçün standartlar müəyyənləşdirilməlidir.
- Pulsuz ali təhsil almanın imkanları və şərtləri dövlət müəssisələrində bu sistem üzrə olmalı, digərləri isə imtahan sistemi ilə özəl və ya xarici universitetlərdə təhsil almaq kimi fürsətlərdən qanun çərçivəsində yararlanmalıdırlar.
- Özəl universitetlərdə təhsilin səviyyəsini yüksəltmək üçün Elm və Təhsil Nazirliyinin standartları müəyyənləşdirilməlidir.
Ali təhsil ocaqlarında bal sistemi tətbiq etməklə, imtahanların keçirilməsi ilkin dövrdə DİM-ə, təcrübə topladıqdan sonra isə universitetlərə həvalə edilə bilər.
Müəyyən edilmiş bal sistemini toplaya bilməyən tələbə ödəniş etməklə, fənni və ya kursu yenidən oxuya bilər.
Diplom alacaq şəxslər müəyyən edilən bal sistemini tam doldurmalıdır.
- Dövlət universitetləri təmərküzləşməli, pərakəndə, dağınıq və yaxın ixtisaslar bir universitetdə birləşdirilməlidir. (Məsələn, Slavyan Universiteti, Xarici Dillər Universiteti, Bakı Dövlət Universitetinin “Şərqşünaslıq” fakültəsi və s. birləşdirilərək, Dillər və Tərcümə Universieti adı altında fəaliyyət göstərə bilər).
- Xaricdə dövlət hesabına təhsilə xüsusi büdcə ayırmaqla, planlı sistemi keçid edilməlidir.
- Ölkə üçün tələb olunan ixtisaslar qruplaşdırılmalı, xüsusi istedadlı (olimpiyada qalibləri, ən yüksək attestat balı toplayan) şagirdlər xaricdə oxumağa göndərilməli, onlarla müqavilə imzalanmalı, geri dönüşdə pedoqoji və praktik fəaliyyətlə bağlı dövlətin məsuliyyəti və vəzifələri, o cümlədən xaricdə təhsil alan, xərclərini bütövlükdə dövlət qarşılayan tələbənin də öhdəlikləri müəyyən olunmalıdır.
- Xaricdə təhsil alan ixtisaslı kadrların hesabına orta və ali təhsil məktəblərində, həmçinin praktik sahədə peşəkarlıq, təhsilin səviyyəsi artırılmalıdır.

Elmin səviyyəsini qaldırmaq üçün fərqli siyasətin zamanıdır.
- Azərbaycan Milli Elmlər Akademiyasının bütün strukturları nazirlik, komitə və publik şəxslərə bağlanılmalı, elmə dövlət sifarişi həyata keçirilməlidir.
- Elmi işlər müvafiq qurumlar tərəfindən sifariş edilməli və bunun üçün yüksək səviyyədə qonorar ayrılmalıdır.
- Hər hansı bir sahəni tədqiq edən alim cibindən pul xərcləməməli, əksinə, elmi işini mahiyyətinə və gərəkliyinə görə dövlətdən vəsait almalıdır. Bu sistem nəticədə həm tədqiq olunmayan sahələr üzrə elmi nəticələrin əldə olunmasına, həm də praktik sahədə ölkə iqtisadiyyatına xeyir verə biləcək elmi işlərin ərsəyə gəlməsinə xidmət edəcək. Bu sahədə yalançı alimlər - elmi işinin praktik nəticəsi olmayan alimlər yetişməyəcək.
- İxtiralar və kəşflər sahəsində xüsusi laboratoriyalar yaradılmalı, mərkəzləşdirilmiş qaydada ixtira və kəşflərin təcrübədə tətbiqi sınaqdan keçirilməli və lisenziya verilməlidir. Bu gün hər akademikin bioqrafiyasında az qala onlarla kəşf və ixtira olmasına baxmayaraq, onların heç biri praktik sahədə ölkə iqtisadiyyatına və elminə xeyir vermir. Buna görə də elm haqqında da yeni - zamanın tələbinə cavab verən qanun qəbul edilməlidir.
- Dərs vəsaitlərinin səviyyəsi yenidən ölçülməli, humanitar və texniki dərs vəsaitlərinin standartları müəyyənləşdirilməlidir. Şagirdə təqdim olunan şeirdən tutmuş, hər bir riyazi düstura kimi dünya elmi ilə uzlaşdırılmalı və nə üçün öyrənməli olduğunun fəlsəfəsi aydın bilinməlidir. Xüsusilə texniki və riyazi, məntiq bilikləri müasir dünya elmi ilə vəhdətdə öyrənilməli, proqram yükü qabaqcıl elm ölkələri ilə uyğunlaşdırılmalıdır.
- Humanitar sahə üzrə də fundamental dəyişiklik edilməlidir. Tarix qərəzsiz, ədəbiyyat isə elmi tədris edilməlidir.
- Məktəbəqədər uşaq müəssisələrinin işi yenidən təşkil edilməli, insan tərbiyəsində və məktəbə hazırlıqda dövlətin vahid proqramı olmalıdır. Təəssüflə qeyd edək ki, rusdilli bağçalarda rusiyalı, fransız, ingilis dillərində olan bağçalarda isə fransız və ingiltərəli yetişdirilir. Lakin dilindən asılı olmayaraq, bütün məktəbəqədər uşaq müəssisələri Azərbaycan vətəndaşı yetişdirməli, onları Azərbaycan məktəbinə hazırlamalıdır.
- Məktəblərdə dil özəlliklə dövlət dilimiz olan Azərbaycan dilində olmalıdır, yəni ölkə ərazisində bütün məktəblər dövlət dilində fəaliyyət göstərməlidir. Yalnız bələdiyyə və özəl məktəblər xarici dillərdə fəaliyyət göstərə bilər. Bu bir konstitusiya normasıdır, kimsə tərəfindən pozula bilməz.
- Özəl və xarici dildə fəaliyyət göstərən məktəblərin proqramı da Elm və Təhsil Nazirliyi tərəfindən vahid qaydada təsdiq edilməlidir.
- Məktəbəqədər müəssisələrin yaradılması və fəaliyyəti isə daha çox bələdiyyə qurumlarının tabeçiliyində və vətəndaşların imkanlarına uyğun olmalıdır.

Elm və təhsil haqqında proqramımızdan qısa çıxarışlar etdik. Çox istərdik ki, bu sahədə fəaliyyət göstərən peşəkarlar da öz münasibətlərini bildirsinlər.
Təhsil bir millətin gələcəyini müəyyən edən əsas sahədir. Əks təqdirdə təhsilsizlik bizi müasir dünyadan uzaqlaşdırmaqla yanaşı, cəhalət və xürafat içərisində boğacaq faciəmiz olar. Hər birimiz təhsilli, elmli cəmiyyət uğrunda mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur!

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz... (Nizami Gəncəvi “İsgəndərnamə”)


Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr