ELŞAD MUSAYEV: "Ermənistan sülh müqaviləsi imzalamağa hazırlaşmır"
"Ötən il böyük əksəriyyətin belə bir mövqeyi var idi ki, ilin axırınadək sülh müqaviləsi imzalanacaq. Bu il də əksəriyyət o fikirdə idi ki, sülh müqaviləsi imzalanacaq. Mən onda da, indi də deyirəm ki, sülh müqaviləsinin imzalanacağı gözlənilmir. Sadə bir səbəbdən ki, Ermənistan buna hazır deyil. Eyni zamanda arxasında olan qüvvələr də Ermənistanı qızışdırır və müəyyən qədər Ermənistana maddi kömək edirlər, həmçinin hərbi baxımdan Ermənistanı gücləndirirlər”.
Tv713. az saytı xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev deyib.
Deputat bildirib ki, Paşinyan nə qədər ki, təhlükə yoxdur, bu prosesi 2026-cı ilə qədər uzadacaq: “O tarixdə Ermənistanda seçkilər keçiriləcək. O müddətə qədər Paşinyan bu prosesi uzatmaq niyyətindədir. Ermənistan yalnız onu güzəştə gedir ki, Azərbaycan təzyiq mexanizmini işə salar. Gördüyünüz kimi Ermənistan faktıki olaraq gündəmi dəyişə bilib. Belə ki, Qazax rayonunun 4 kəndi işğaldan azad olunduqdan sonra gündəmdə duran əsas məsələ Qazax rayonunun işğal altındakı 3 kəndini və Kərki kəndinin işğaldan azad olunması idi, eyni zamanda Zəngəzur dəhlizinin açılması idi. Sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında dəyişiklik edilməsi məsələsi gündəmdədir. İndi nə o kəndlərin geri qaytarılması məsələsi ilə bağlı Ermənistanın ortada mövqeyi var, nə də Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan konkret mövqe ortaya qoyub”.
Milli Məclisin üzvünün fikrincə, sadəlövhcəsinə düşünmək olmaz ki, Ermənistan sülh müqaviləsi imzalamaq üçün hazırlaşır: “Əksinə, Ermənistan revanşist mövqedə qalmaqda davam edir. Ermənistan bu revanşist hisslərlə uzaqda, imkan düşən kimi bir təxribat törətməyə çalışa bilər”.
Elşad Musayev bildirib ki, Ermənistanın arxasında duran qüvvələr bölgədə sabitliyi pozmağa çalışırlar, Gürcüstandakı vəziyyəti də paralel şəkildə gərginləşdirmək istəyirlər.
“Ermənistan vasitəsilə bu bölgəni gərginləşdirmək istəyirlər ki, Fransa və digər ölkələr bu bölgəyə nəzarət edə bilsin. Ona görə bu müddət ərzində sülh müqaviləsinin imzalanmasını gözləmirəm və vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırıram”- deyə, Elşad Musayev qeyd edib.