VÜQAR DADAŞOV
MCP sədrinin müavini,
siyasi şərhçi
Putini çəkindirən hansı şərtlər var ki...
Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirdiyi mətbuat konfransında “Kiyevlə danışıqları yenidən başlamaq istəyirik. Mən Prezident Ərdoğandan danışıqların İstanbulda aparılmasını xahiş edəcəm” - deyə açıqlama verib.
Sual doğuran məqam da budur ki, Putin Ukrayna ilə danışıqlardan, atəşkəsdən müxtəlif bəhanələrlə yayındığı halda niyə birbaşa danışıqlar təklifi ilə çıxış etsin?
Əvvəla, Putin anladı ki, müharibə nə qədər çox davam edərsə Rusiya o qədər zəifləyib, qlobal güc statusunu tam itirə bilər. Həmçinin, Rusiyanın Ukrayna ilə müharibəsindən qalibin ancaq ABŞ-ın çıxdığını gördü. ABŞ Ukrayna ilə istədiyi təbii ehtiyatlarla bağlı müqaviləni imzalandıqdan sonra, ABŞ dövlətinin Rusiyaya qarşı ənənəvi siyasətini bərpa etdi.
Rusiya 9 Mayda Moskvada parad keçirəndə Avropanın əsas aparıcı dövlətlərinin rəhbərləri Almaniya kansleri Fridrix Merz, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmer Kiyevə səfər edib, Zelenskiyə dəstəklərini birmənalı şəkildə ifadə etdilər. Şolts dövründə Almaniyanın Rusiyaya münasibətdə çəkinən davranışı Fridrix Merzin gəlişindən sonra daha sərt xarakter alıb. Çox ehtimal ki, Almaniya yeni erasına başlayaraq, Avropanın bütün məsuliyyətini öz üzərinə götürmək və hegemon dövlətə çevrilmək yolunu tutub. Doğrusu, Avropa İttifaqında Almaniyadan başqa nə belə bir dövlət, nə də döyüşkən xalq yoxdur. Baxmayaraq ki, Almaniya nüvə silahına malik deyil, ancaq bu qısa zaman məsələsidir.
Həm də, Putin Moskvada keçirdiyi paradda hansı dairədə qaldığını və hərbi baxımdan çox zəif durumda olduğunu real nəticələrlə gördü. Zelenski Moskva paradını dolayısı təhdid etdiyindən, Putin bütün hərbi gücünü Moskvaya cəlb edib, paradın təhlükəsizliyini təmin etməyə çalışanda cəbhə boyu müdafiəsiz vəziyyətə düşüb çox ağır itkilərə məruz qaldı. Əslində də bu Zelenskinin əvvəldən planı idi ki, Putin ordusunu Moskvaya çəksin.
Putin Qərbdən gələn vasitəçiliyə inanmır və Qərb siyasətçilərin söz bütövlüyünə şübhə edir.
İnandığı ancaq Ərdoğandır.
- ABŞ prezidenti Donald Trampın Ukrayna ilə müqaviləsindən sonra Rusiya qarşı sərtləşməsi;
- Avropa liderlərin Ukraynaya qəti dəstək nümayişi;
- Moskvada paradla bağlı nəticələr;
- dəstəklədiyi Hindistanın Pakistan qarşısında acizliyi;
- ABŞ İran arasında danışıqların ümidverici tonlarla davamı ( Rusiya hesab edir ki, İran ABŞ - la razılaşarsa şərtlər daxilində Rusiyadan üz döndərə bilər);
- nəhayət, hərbi imkan və resursların tükənməsi Putinin tələsik Türkiyə prezidentin ətəyindən yapışmağa məcbur edib.
Artıq Ərdoğan Putinin xahişinə reaksiya verərək, missiyasına başlayıb.
Ancaq Rusiya - Ukrayna arasında atəşkəsin əldə edilməsi və ümumiyyətlə mümkün danışıqlara elə Avropadan manelər olacaq.





















