
....1992-ci il oktyabrın 9-da Bakıda parad keçirilirdi. Burada məqsəd Azərbaycan ordusunun döyüş ruhun qaldırmaq idi. Belə bir vaxtda ermənilərin qəfildən Hoçaz dağına əks-hücuma keçməsi və Hoçaz yüksəkliyini ələ keçirmə istəyi Azərbaycan ordusuna bayram mesajı olacaqdı. Yüksək strateji mövqeyə malik Hoçaz dağının ermənilərin əlinə keçməsi Soyuqbulaq, Mişni, Sonasar, Hoçaz kəndi, Seyidlər, Tıqik və Bülüldüz istiqamətində olan qüvvələrimizi təhlükəli duruma salacaqdı. Bu da nəinki Laçın istiqamətində, bütövlükdə cəbhəboyu bölgələrdə, həmçinin Azərbaycan ordusunda ruh düşkünlüyü yarada bilərdi. 713 saylı taborun inadlı müqaviməti düşmənin bu hiyləsini alt-üst etdi.
Həmin döyüşdə ermənilərin bir tankı vuruldu, bir tank və bir BMP-ləri isə ələ keçirildi.
Oktyabrın 10-u səhər saatları olardı. Bizə bir mərmi yeşiyi göndərilmişdi. Elə bildik ki, bizə mərmi göndəriblər. Qapağı açanda gözlərimizə inanmadıq. İçində çoxlu sayda ərzaq ehtiyatı var idi. Ac adam olasan, sənə belə bir yeşik göndərələr! Biz fikirləşdik ki, yəqin ermənini geri oturtduğumuza görə bizi ərzaqla mükafatlandırıblar. Bir az zarafatlaşdıq, həmin gün taborun bir qisim uşaqları qayıdıb gəldilər. Təqribən 17-18 nəfər yığılmışdı.
Oktyabrın 10-u idi. Hoçaz dağının aşağısından keçən yolda xırda bir təpə var idi, hansı ki, oradan dağın arxasına gedən yol keçirdi. Həmin günü müdafiənin möhkəmləndirilməsi məqsədilə ora Oqtay Güləliyevin rəhbərliyilə bir qrup Laçın polisi yerləşdirildi. Biz dağın başında idik. Eyni zamanda bizim yanımıza da kömək məqsədilə hardasa bir 10 nəfərlik təzə gəlmiş əsgər heyəti göndərilmişdi. 10 nəfərdən ibarət olan Mingəçevir batalyonundan olan həmin uşaqlar təzə əsgər olduqlarına görə güllə onları tutmasın deyə tapşırdıq ki, heç yana çıxmayın, hərəkət etməyin, ancaq bizim döyüşçülərin maqazinlərini doldurmaq və sursat daşımaqda köməklik edin”.
Biz dağın başında 2 qrupa bölündük. Bir qrup Hoçaz dağının “”vışka”sından aşağıda böyük qaya daşı var idi, onun yanında müdafiə mövqeyi tutdu. İkinci qrup isə bizdən hardasa 20-30 metr aşağıda qaya daşları və ağaclıqlar olan hissədə mövqe tutdular. Beləcə biz düşməni daha yaxşı izləmək və görmək üçün iki qrupa bölündük. Həm də dağa xeyli silah sursat daşıyıb gətirdik. Eyni zamanda özümüzün ərzaq təchizatımızı yaxşılaşdırdıq. Günortaya yaxın idi. Bir də onda gördük ki, ermənilər bizdən təqribən 1,5 kim aralıda olan 1666-cı koordinatda səngər qazırlar. Ağaclıq olan hissədə də bir palatka qururdular. Mən bununla bağlı arxa komandanlığa məlumat verdim. Onlar da koordinatı müəyyən edib, mənə dedilər ki, “həmin ərazi artilleriya ilə vurulacaq. Sən o ərazini müşahidə elə, koordinatın dəqiq vurulmasıyla bağlı bizə məlumat ver”. Artilleriya bir az keçməmiş həmin əraziyə iki atəş açdı. Bundan sonra ermənilər qaçıb təpələrin arxasına keçdilər. Hardasa bir necə saatdan sonra ermənilər həmin palatkanı sökərək təpələrin arxasında bizim görmədiyimiz əraziyə keçdilər. Həmin günü əlavə ciddi bir şey olmadı. Hər iki tərəf mövqelərini möhkəmləndirməklə məşğul idi...
Ayın 11-i səhər saatları idi. Bir az çay qaynadıb içdik. Saat 9 olardı. Erməni tərəfini mən tez-tez müşahidə edirdim. Bir də gördüm ki, 1666-cı koordinatdan ermənilərin texnikaları çıxıb yol boyu Hoçaz istiqamətində hərəkətə başladı. Dərhal komandanlığa və bizim sağ cinahımızda yerləşən qüvvələrə xəbərdarlıq elədim ki, “mən Zoğal-2-yəm, ermənilər Laçın istiqamətindən bizə doğru hücuma keçiblər”. Məlumatı verəndən sonra uşaqlara da bildirdim ki, hazırlaşın, donuzlar gəlir. Hər iki qrupumuz döyüş mövqelərini tutub, silahlarımızı, ehtiyat patronlarımızı, sursatımızı yoxladıq. Ermənilərin texnika və canlı qüvvələri irəliləyərək “karyer” deyilən əraziyə cəmləşirdi. Az keçmədi ki, erməni texnikası bizə atəş açmağa başladı. Biz AQS silahını işə salaraq “karyer” də olan erməni qüvvələrini güclü atəşə tutduq. Hoçaz dağında yerləşən bizim hər iki qrupumuz ermənilərin həm texnikasını, həm də canlı qüvvəsini güclü atəş altında saxladıq. Döyüş hava qaralana qədər davam etdi. Hava qaralandan sonra ermənilər öz mövqelərinə çəkildilər.
Sonradan bizə məlum oldu ki, dağın sağ cinahında artilleriyanın Xoznavar istiqamətindəki atəşi nəticəsində Laçın polisindən Oqtay Güləliyev şəhid olub və bir neçə nəfər də yaralanıb. Dağın başında olan bizim iki qrupdan Elburus Əhmədov istisna olmaqla heç kimə heç nə olmamışdı. O. güllə yarası aldığına görə aktiv zonadan uzaqlaşdırıldı.
Ancaq erməni tərəfindən ölənlər çox idi. Həmin vaxtı arxadan döyüş ərazisinə gəlib gedən maşınlar çox güman ki, o yaralıları və ölənləri daşıyırdı...
QƏŞƏM RZAYEV
Keçmiş 713 saylı taborun döyüşçüsü
















