HOÇAZ DÖYÜŞÜNÜN TƏFƏRRÜATLARI SİLSİLƏSİNDƏN

Şahidlər və Şəhidlər 20-okt, 20:249 tv713 34 0
ELŞƏN MUSTAFAYEV : "PLANA ƏSASƏN BİZ QAYALIQDA MÖVQE TUTMUŞDUQ"






"ERMƏNİLƏR QAÇIB MƏKTƏBƏ DOLUŞMUŞDULAR"




...1992-ci il iyulun 29-da 713 saylı taborun 2-ci bölüyü Vaqif Quliyevin başçılığıyla Hoçaz istiqamətində hücuma keçmişdi.
Bu vaxt bizim birinci bölük Pircahanda Bülüldüz istiqamətində müdafiə mövqeyində idik. Müşahidə postundan verilən məlumata görə düşmən Bülüldüz istiqamətindən Pircahana doğru cəmləşməkdə idi. Biz də düşmən qüvvələrini dəf etmək üçün postları möhkəmləndirmiş, əlverişli müdafiə mövqeləri qurmuşduq...

O günkü düşmən hücumu və bu hücumun tərəfimizdən peşəkarlıqla dəf edilməsinin təfərrüatları ayrıca bir mövzunun söhbəti olduğu üçün mən buna detallı şəkildə toxunmuram. Ancaq onu deyə bilərəm ki, o günü Bülüldüz istiqamətindən Pircahana doğru irəliləyən düşməni dəf etdikdən sonra axşama yaxın eşitdik ki, Hoçaz kəndinə hücum edən 2-ci bölük 7 Şəhid verib. Bu üzücü xəbər bizə çox ağır zərbə oldu. Üstəlik onu da eşitdik ki, düşmənlə qeyri-bərabər döyüşdə 2-ci bölüyün uşaqları mövqe dəyişkənliyinə getmək məcburiyyətində qalmış və bu səbəbdən də Şəhidlərimizi döyüş mövqeyindən çıxara bilməmişlər....

Gecəni heç yata bilmədik. Mən səhərə qədər Asəflə söhbət elədim. Səhər bizim 713 saylı taborun birinci bölüyünün komandiri RƏHMAN İSGƏNDƏROV bildirdi ki, Hoçaza hücum edib düşməni geri oturtmaqla şəhidlərimizi döyüş mövqeyindən çıxarmalıyıq. Bu məqsədlə bölük komandirimiz Rəhman bildiyim qədərində tağım komandirlərinə də gərəkən göstərişləri vermişdi. Rəhmanın döyüş planına görə biz 10-15 nəfərlik bir qrupla Hoçaz dağına çıxıb orada mövqe tutmalı, kəndi yuxarıdan nəzarətdə saxlamalı idik. Yaddaş pozğunluğu mənə orada olan uşaqların kimliyini adbaad sadalamağa imkan vermir. Bircə Asəflə Həmid yadımdadı...

Plana əsasən biz qayalıqda mövqe tutmuşduq. Gördük ki, bizim uşaqlardan bir qrupu kəndə girdi. Elə bu zaman kəndin içində düşmənin "Şilka" qurğusu hərəkətə keçdi. Həmid buna atəş açdı. Ara məsafə çox olduğu üçün mən də qumbaraatandan istifadə edə bilmədim və qrup halında " şilka" nı atəşə tutduq. Duruş gətirə bilməyən ermənilər qaçıb məktəbə doluşmuşdular. Biz onları mühasirəyə aldıq. Bölük komandirimiz Rəhman İsgəndərovun göstərişiylə mən və Asəf məktəbə tərəf gəldik, Həmid isə qalan uşaqlarla göstərişə uyğun olaraq "vışqa" deyilən tərəfə getdilər.
Biz məktəbə yaxınlaşanda artıq Rəhmanın ermənilərə təslim olmaları üçün 5 dəqiqə vaxt verdiyini eşitdik. Bir az keçmədi ki, komandirimiz Rəhman İsgəndərov mənə "atəş!" əmri verdi və mən məktəbə doğru atəş açdım. Birinci atəşlə pəncərəni, ikinci atəşlə də qapını vurdum. Aramızdakı məsafə yaxın olduğu üçün atəş zamanı mərminin dalğası komandirimiz Rəhmana da öz təsirini göstərmişdi. Mən bölük komandirimizə yaxınlaşanda o, "hər şey qaydasındadır" - dedi. Sonra birinci bölüyün komandiri Rəhman İsgəndərov, mən, ikinci bölüyün komandiri Vaqif Quliyev, bir də Asəf məktəbə girdik. Koridorda olan ermənilərdən biri təslim oldu. Komandirimiz Rəhman onu yerə yıxanda ayağını erməninin əlinin üstünə basdı və o, əlini tərpədə bilmədi. Erməninin əlində atışa hazır vəziyyətdə olan tapança var idi. Birinci bölüyün komandiri Rəhman İsgəndərov ermənini tərksilah edib, tapançanı da əlindən aldı.

Mən və Vaqif müəllim koridora keçdik. Otağın içindən atılan güllə mənim avtomatımın darağına dəymişdi. Pəncərədən uşaqları səsləyib avtomat darağı istədim. Sahib öz ehtiyat darağını mənə atdı. Mən güllə atılan otağa qayıdanda erməni özünü pəncərədən çölə atdı. Künc tərəfdə bir meyid var idi. Mən də pəncərədən çıxdım. Gördüm ki, pəncərədən çıxan erməni idarə tərəfə qaçır. Onun arxasınca atəş açsam da ermənini vura bilmədim. Adı yadımdan çıxan Vağazindən olan bir qardaşla onun dalınca getdik. Mən arxa qapıdan girdim, bu qardaşa isə divarın dibiylə gedib ön qapını nişan almasını tapşırdım . Bir az getmişdim ki, ardıcıl olaraq 3-4 güllə səsi eşitdim. Tez çölə çıxdım və bu an vağazinli qardaşımızı qanın içində uzanan gördüm. Yaxınlaşıb onu qaldıranda güllə yarası almış və ölüm ayağında olan vağazinli döyüşçü yoldaşımız mənə qaçan ermənini göstərdi. Mən həmin erməniyə doğru bir güllə atdım, o, yıxıldı və yenə də durub qaçdı. Bu vaxt "vışqa" tərəfdən Həmid o ermənini vurdu.
Plana əsasən digər mövqedə dayanan qardaşlar da onlara verilən əmri peşəkarcasına yerunə yetirmiş və kəndi ermənilərdən təmizləmişdilər. Qızğın döyüş getdiyindən gəbərən ermənilərin hansı mövqedən zərərsizləşdirilməsini belə ayırd etmək çətin idi. Əsas o idi ki, 713 saylı tabor yenə də düşməni darmadağın etmişdi. Və biz həmin gün erməniləri geri oturdub ikinci bölükdən olan Şəhidlərimizi də döyüş mövqeyindən çıxardıq. Hər tərəf erməni meyidləriylə dolu idi, bizdən isə bir yaralı var idi.


ERMƏNİLƏR HOÇAZ MƏĞLUBİYYƏTINİN QİSASINI PİRCAHANDA ALMAQ İSTƏYİRDİLƏR


Hoçaz kəndi uğrunda gedən döyüşdə ermənilərə endirdiyimiz sarsıdıcı zərbənin qisasını almaq istəyən düşmən qüvvələri az keçmədi ki, Pircahan istiqamətində hücuma keçdilər...

O zaman biz komandirimiz İsgəndərov Rəhmanın əmriylə Bülüldüz istiqamətində müdafiə mövqeyi qurmuşduq. Səhər saatlarından etibarən düşmən bizim mövqelərimizi çox güclü artilleriya atəşinə tutmağa başladı.

Biz komandirimiz Rəhmanın əmriylə postlarda müdafiə mövqelərimizin daha da möhkəmləndirilməsilə yanaşı həm də onun növbəti göstərişini gözləyirdik. Birinci postda biz 4 nəfər idik. Həmin uşaqlardan yadımda qalan bircə Asəfdi. Artilleriya atəşi hələ davam edirdi. Birdən Möhlət bizə yaxınlaşıb uşaqlardan 4 nəfərin Şəhid olduğunu bildirdi. Şəhid olan qardaşlardan biri Rəşid idi. Rəşid qarmonda çox yaxşı ifa edirdi. Baxdıq ki, Rəşidin qanı Möhlətin üstündəydi.

Möhlətin xəbəri bizə çox pis təsir etmişdi . Elə bu vaxt gördük ki, 50-60 nəfər erməni 1 BTR və 1 zirehli maşınla hərəkətə keçdilər. Aramızdakı məsafə çox uzaq olduğuna görə yüngül silahlardan açacağımız atəşin heç bir təsiri olmayacağına görə hələ də gözləmə mövqeyində idik....
Asəflə mən uşaqları postda qoyub çaya doğru irəliləməyə başladıq. Biz çaya çatanda gördük ki, komandirimiz İsgəndərov Rəhman bir qrupla çox əlverişli mövqe seçərək düşməni tam hərəkətsiz hala gətirmişdi. Həmin qrupun intensiv olaraq açdıqları atəş düşməni çaş-baş salmışdı: düşmən nə qabağa, nə də geri hərəkət edə bilmirdi.

Qədir də pulemyotla çox gözəl mövqedə durmuşdu. Komandirimiz əmr verəndə mən qumbaraatandan atəş açdım. Məsafəni düz hesablaya bilmədiyimdən atdığım mərmi hədəfdən haradasa 50-60 metr aralı düşdü. Sonra gördük ki, ermənilər yaralı və meyidlərini götürüb zirehli maşının arxasınca geri çəkilirlər...



MÜŞFİQ RƏHİMOV
Tv 713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr