"ƏN YENİ TARİX"DƏ BOĞAZ İNCƏLİKLƏRİ VƏ UNUDULANLAR
Qarşıdan gələn doğum günü münasibətilə mən də ad və soyadıyla "Mirşahin"liyi özü üçün transfer edən Şahin Ağayevi təbrik edir, ona qozbel Mediçiləri gözəllik mücəssəməsi kimi təqdim etmə kimi yalanlardan, belə riyakarlıqdan uzaq olmağı arzulayıram...
Şahin Ağayev üçün bu yazıda deyəcəklərim ilk baxışda doğum günü təbriki kontekstində müəyyən mənada ovqatı təlx edə biləcək sətirlər kimi qiymətləndirilə bilər. Ancaq REALlığın özü baxımından yazılanlar Şahin Ağayevin jurnalistika fəaliyyətinə toplumun əksəriyyəti tərəfindən verilən qiymətin virtual təqdimatının kiçik bir hissəsidir.
Düzdür Şahin Ağayev bununla bağlı məsələyə münasibət bildirərkən narsistcəsinə ərz edir ki, "gələcəkdə Mirşahin adı çəkiləndə ancaq jurnalistika yada düşəcək"...
Düppədüz. Bəli, o həm də cəmiyyətin ayrı-ayrı üzvləri tərəfindən verilən qiymətlərlə də yada düşəcək. Və bu jurnalistika heç də gerçək mətbuatın keşiyində dayanan deyil, həm də yallama çapılan Mətbu Atın nümunəsi olaraq anılacaq.
Azərbaycan yurnalistikasının tam əksəriyyətinin "birincilər"inə elə gəlir ki, bunlar hətta zamanın özünə belə hiyləgərlik donu biçiblər. Fərqində də deyillər ki, məhz onların adı üstündə olan yalları və quyruqları kəsilən bu Mətbu At əslində cəmiyyətə heç bir başucalığı gətirmir, əksinə cəmiyyətimizdəki bütün mənəvi dəyərlər sistemini darmadağın edir, onların ləyaqətlərinin sübutu kimi tarixə düşürlər. Deşilən çuvaldan və yerə tökülən dənlərdən bunların xəbərləri olsa da öz bellərinə yüklənənin hayındadılar. Çünki onları uğura aparan yol budur...
Bu yolda kötüklüyü görünsə də, bilinsə də, zaman etibarilə kötüklüklərinə şahid olsaq da, çoxlarından onları sığallayanlar tərəfindən sitayiş edilən büt düzəldilib və həm də qorunurlar. Ancaq belələrindən fərqli olaraq Şahin Ağayevin ( Mirşahinin)
hədəfləri müəyyənləşdirmək və iz açmaq potensialı var. Bunu kənara qoyaq. Faktiki olaraq əldə etdiyi zirvə baxımından bunu öz DİLİ və həm də öz YAZI ÜSLUBUYLA əldə edənlərdən biridir ŞAHİN AĞAYEV( MİR ŞAHİN)....
"Xəbərçi"lər vaxtilə yerin altını öyrənə-öyrənə "kanalizasiya lükü"ndən mətbu sferaya boylanıb çıxıblar. Boy göstərmək üçün onlara yaradılan imkan çərçivəsində yerin altını da, üstünü də öyrəniblər. Boyları artdıqca, ötürülən informasiyaların işığında hətta yanlışlardan belə bir naxış düzəldib cəmiyyətə sırıyıblar. Başlanğıcda "AZƏRBAYCAN"dan onlara uzanan əlləri də tez unudublar.
Şahin Ağayev mətbu sferada "Xəbərçi"lik etməklə böyüdü. Uzun illər külüng vursa da, Böyüklüyü Vahidin, Seyfullanın xidmətində durmaqdan o yana keçmədi, özü də onlardan büt qayırıb cəmiyyətə təqdim etdi.
ANS abbreviatürası adı altında elə ilkin çağlardan dilimizi özgələşdirdilər. Həm də mətbuatı Mətbu At obrazında hərraca çıxardılar.
Çox hündürlüyə tullandılar, çox uzununa hoppandılar. Əl çalanları da çox oldu. Özlərini "Ən yeni tarix" yazanlar kimi təqdim etdilər. Amma ən yeni tariximizin rəhmətlik Seyidağa Mövsümlü, keçmiş döyüşçülər, Savaş Adamlarının Haqqı, baş verən siyasi olaylardakı gerçəkliklər, sosial həyatımıza hörülən hörümçək toru, bütün sahələr üzrə baş alıb gedən deqradasiya, yazıq millət səhifəsini yaza bilmədilər, daha doğrusu, yazmadılar.
Beləcə üçü birində olan qazanın qapağı bağlandı...
Və Şahin Ağayev REALlığı beləcə gərəkən tərəfə mesaj formasında ötürdü, "REAL"da öz aZADLIĞIna qovuşdu.
İnsafən, başqa bir reallıq da var: "Mirşahin"ə transfer edilən Şahin Ağayev son dövr publisistikamızın Birincisi olmasa da, ancaq Bir İncisidir. İndiki dövr jurnalistikamızın tarixinə əgər iki nəfərin adı düşəcəksə, onun biri "Mirşahin" kimi təqdim edilən Şahin Ağayevdir. Razılaşmayan varsa Mir Şahinlə virtual və vizual dillə danışıb, alternativ olaraq öz potensialını ortaya qoysun.
Bu gün mətbu sferada publisistik dillə onunla danışa biləcək "büt", "media generalı" yoxdur!
Dünən müxalifəti, hakimiyyəti "söyən" bu gün onların dostu kimi davranır, onlardan aylıq para, qərargah, ev, orden, medal alır və hər zaman "Mirşahin"i söyənlər yenə də "oğlan" doğan qoyunlarının yelninə baxıb fərəhlənirlər!!!
Beləcə mətbu fəaliyyətin yalan üzərində qurulması mətbuatın yaşamını stumullaşdırıb....
Həm də təqdirəlayiq haldir ki, Şahin Ağayev çoxlarından fərqli olaraq bütün bu zamanlarda zatən dövlətin yanında olub. Bəs millətin yanında olmaq necə, olubmu? Dövlət millətin sayəsində bərqərar olursa və olur da, onda hanı REAL tv-nin efirində qul bazarlarında, hambal bazarlarında can çürüdən diplomlu mütəxəssislərlə bağlı reportajlar?
Hanı bu yurd uğrunda canını fəda edən və hələ də haqqı tapdalanan "birinci Qarabağ savaşı"nın canfədailər ordusu, o illərin gerçəkləriylə bağlı reportajlar?
Hanı bu və ya digər kanallar vasitəsilə "Tərtər olayları" adı altında yayımlanaraq cəmiyyətdə ajiotaj, hiddət, nifrət yaradan süjetlərə əsil həqiqət rakursundan olan baxış?
Hanı "gələcəyi belə oğurlanmış uşaqlar"la bağlı gerçək həqiqətlərin işıqlandırılması?
Hanı sosial iqtisadi çətinliklər ucbatından günbəgün boşalan rayon və kəndlərimiz və bunun nədənləriylə bağlı reportajlar?
Hanı icra orqanlarının, qanunverici orqanın qəbul etdikləri qərar və qətnamələrlə xalqın qanını soran gerçəkliklə bağlı reportajlar?
Hanı şəhadət barmağının əsirinə çevrilən məhkəmə biabırçılıqlarıyla bağlı reportajlar?
Hanı "talanan məmləkət"in gerçək durumunu arqumentlərlə sübut edən reportajlar?!
Hanı "Azərbaycandan beyin axını"nın səbəblərini göstərən faktoloji materialların təqdimatı?...
Axı bütün bunlar bir REALlıqdır və embrionlarına qədər Şahin Ağayevin içində bəslədiyi reallıqla daban dabana ziddir. Belə ziddiyyətlər fonunda da Şahin Ağayev do, re, mi, fa, sol, lya, si notları üstündə oxumaqla öz boğaz incəliklərini sosial sifarişlərə görə deyil, ancaq daha çox siyasi ahəngə görə uyğunlaşdırır.
Axı dövlət və millət də təkcə hakim siyasi elitadan ibarət deyil, həm də bu gün bütün növ fəlakətlərin girdabında can verən heç başqasını demirəm, Şahinin doğulub boya-başa çatdığı Yardımlıdan, yardımlılardan da ibarətdir. Və Yardımlının özü də təkcə Şahingilin Perimbel kəndindən ibarət deyil. Bu gün Yardımlı bütün növ fəlakətin içindədir. Kəndlərdə toyuq başı kəsə biləcək adam qalmayıb. Yolu yox, qazı yox, suyu yox, təhsili yox, səhiyyəsi yox, rayon başdan başa ekoloji, sosioloji, kulturoloji, pedaqoji fəlakətin tən ortasında. Hanı bəs Şahin Ağayevin "Xəbərçi"liyi? Şahin Ağayevin "bəsirət gözü" hansısa səbəblər ucbatından o gerçəkləri görmürsə demək ki, ortalıqda dövlət adına da, millət adına da bir riya var, bir yalan var. Və Şahin Ağayev də bu yalanın, bu riyanın özüdür.
Şahin Ağayevlərin sosial spektrə yönəli yalanları milləti ayaqlamadadır. Millət bu kateqoriyadan olanların yalanlarının qurbanına çevrilib. Boynu qırmızı xaltalı quzular özlərini "4-cü hakimiyyət"ə siğə edən mətbuat saysalar da, əslində MƏTBU AT olaraq minilməkdən, beləcə sürülməkdən həzz almadadılar!!!
Qaldı ki, Şahin Ağayevə münasibətdə cəmiyyətin bir çox üzvlərinin kimlərdənsə sitat gətirmək yanaşmasına - çox cılız və səviyyəsiz bir mövqedir bu. Bu gün Azərbaycan jurnalistikasında Şahin Ağayevlə publisistik dillə danışa biləcək ikinci birisi varsa belə, Sözün Cəng Meydanında hələ ki, onlar görünmür. Və Şahin Ağayev də öz "ANA VƏTƏN, ATA DÖVLƏT" sevgisiylə, mediçilərə bir serenada oxumaqda....
Doğum Günün qutlu olsun, Şahin Ağayev!
Hörmətlə,
İGİD TEYMURLU
















