
SAVAŞ Tariximizdən söhbət düşəndə şahidi olursan ki, bir çoxları qazanılan qələbədə bilərəkdən, ya da bilməyərəkdən hansısa illərin mübarizəsinin üstündən sanki yan keçməyə çalışır. Kökündən düzgün olmayan bu yanaşma bütün parametrlər baxımından həm dövlətçiliyimiz, həm millətçiliyimiz, həm də bütövlükdə varoluşumuza endirilən zərbədən başqa bir şey deyildir.
Bizlər ulu babalarımızın Öygü Dualarıyla müqəddəs bir yolun yolçusu olmuşuq. Və bu Yol bizləri öz dövlət sevgimizə qovuşdurub. Və bu yol bizləri dövlətimizin, millətimizin varoluşu uğrunda apardığımız mücadilədən mücadiləyə səsləyib. Keçmişimizə baxıb gələcəyimizi qurmuşuq. Gələcəyimizi qurmaq üçün keçmişimizin səhvlərindən nəticələr çıxarmışıq. Bu mənada varoluşumuz uğrunda aparılan mücadilənin hər anı, hər ili bizim üçün şərəfli bir tarixdir. Şübhəsiz ki, keçilən zaman çərçivəsində hansısa səhvlərin olması, hansısa səhvlərin buraxılması da başadüşüləndir. Yetər ki, bizlər o səhvlərə bu günün prizmasından, bu günün gerçəkliyindən baxıb qiymət verməyək. Zamanın nərdivanında bizi ən yuxarı qata gətirən aşağıdakı pillələrə ikrahla deyil, sevgi ilə baxaq. Axı o illərin də bir mərhələ olduğu ta qədimlərdən başlayıb bizim “torpağı ot deyil, Kişi göyərdən” qəhrəmanlıq səlnaməmız. O qəhrəmanlıq səlnaməmizin bir səhifəsində də keçmiş 713 saylı taborun 1992-ci il 2 sentyabr Vəng döyüşü haqqında həqiqətlər var...
Savaş tariximizin xronikasında Vəng döyüşüylə bağlı gerçək həqiqətlər hələ də doğru-dürüst formada cəmiyyətə çatdırılmayıb. 713 saylı taborun döyüşçüləri bununla bağlı məhdud çərçivədə öz təəssüratlarını “Tv713” yutub kanalında təqdim etsələr də, ancaq bununla bağlı Müdafiə Nazirliyinin o zamankı rəhbər şəxsləri hələ də susmaqda, hələ də arxiv sənədlər gizlədilməkdədir....
Vəng döyüşüylə bağı "Tv713" yutub kanalında o zaman 713 saylı taborun 1-ci bölüyünün komandiri (komandir SÜLEYMAN ƏHMƏDOV Şəhid olduqdan sonra) olmuş, sonradan tabor komandiri olan RƏHMAN İSGƏNDƏROV və döyüşçülərin bir qisminin xatirələri təqdim edilib. Bugünkü yazıda da o günlərə güzgü tutacaq daha 2 subyekt var - biri 713 saylı taborun 3-cü bölüyünün komandiri olmuş BUDAQ NƏSİBOV və sonradan (komandir VAQİF QULİYEV Şəhid olduqdan sonra) 713 saylı taborda 2-ci bölüyün komandiri olmuş ƏDALƏT MUSTAFAYEV. 3-cü "subyekt" isə hələ də cavabı verilməyən, qaranlıq qalan suallardır. Budaq Nəsibov və Ədalət Mustafayevlə o illərə etdiyimiz ekskursda qaranlıq qalan sualların bir qisminin aydınlaşması üçün keçmiş 713 saylı taborun 1-ci bölüyünün döyüşçüsü kimi İGİD TEYMURLU olaraq mən özüm, eləcə də MƏRDAN ŞÜKÜROV VƏ XASAY ƏLİYEV də iştirakçı qismində çıxış edirik.
Düzdür, keçmiş 713 saylı taborda 1-ci bölüyün komandiri olmuş, polkovnik leytenant RƏHMAN İSGƏNDƏROV həm də Vəng döyüşüylə bağlı saytımıza verdiyi müsahibədə kiçicik detallara belə tam aydınlıq gətirib. Ancaq Rəhman İsgəndərov kimi digər bölük komandirlərinin də Vəng döyüşüylə bağlı fikirləri tarixiliyin və gerçəklərin qorunub saxlanılması baxımından öz aktuallığını hər zaman qoruyub saxlamaqda. Bu baxımdan söylənilənlər hər kəsin öz "həqiqəti"dir, gerçək həqiqətlər də məhz o "həqiqətlər"in işığında üzə çıxır.
Beləcə HƏQİQƏTLƏRƏ doğru gedən yolda aşağıda bir qısa xronoloji xatırlatma edirik ki, müzakirəsi gedən mövzunun içinə düşən dəyərli oxucu üçün də hər şey aydın olsun…
713 saylı tabor yarandığı gündən apardığı təkbaşına mübarizədə Laçın rayonunun strateji əhəmiyyət kəsb edən əsas dayaq nöqtələrini və iri yaşayış məntəqələrini erməni qəsbkarlarından təmizləmiş və beləcə son dislokasiya yeri olan Pircahan kəndinə qədər irəliləmişdi. Onda tarix səhv etmirəmsə, 1992-ci il iyul ayının sonuncu ongünlüyü idi.Tabor Pircahanda yerləşsə də, ətraf ərazilər tam şəkildə nəzarətə götürülmüş, Laçın rayonunun özü də daxil olmaqla rayona yaxın olan bütün kəndlər kəşfiyyat edilmiş, düşmən qüvvələrinin yerləşdiyi məntəqələr və postlar aşkar edilmiş, hətta qüvvələr nisbəti arasında olan fərqlər və uyğunsuzluqlar saf-çürük edilmiş, düşmən tərəfi susdurmaq üçün gərəkən növbəti əks-hücumun hazırlanması üçün komandanlığa lazımi məlumatlar verilmişdi. Bu zamana qədər ermənilərlə ölüm-dirim savaşına girən 713 itkilər versə də bütün döyüşlərdə düşməni geri oturtmuş, torpaqıarmızı qarış-qarış mənfur qüvvələrdən təmizləmişdir…
Beləcə Laçın koridorundan əli üzülən düşmənin səksəkə içində olduğu bir dönəmdə 1992-ci ilin avqust ayının ikinci ongünlüyündə komandanlıqdan əmr gəlmişdi: 713 saylı tabor Ağdərəyə getməlidir…
Bununla bağlı yaddaşımda qalanlar: avqust ayının 20-si idi. Axşam mən posta çıxmağa hazırlaşırdım. Heç onda komandanlıqdan gələn kəslərin kimliklərini də üzdən tanımırdım. Gələn şəxs kim idisə rus dilində danışırdı. Görünüşündə, danışığında nə qədər sərt olsa belə könüllü döyüşçülər üçün bu, heç bir əhəmiyyət kəsb etmirdi. Danışdıqca sanki uşaq başı aldadırdı. İlkin məlumatdan (dediklərinə istinadla) bəlli oldu ki, “Surət Hüseynovun dəstəsi zasadaya düşüb. 713 də daxil olmaqla bizim qüvvələr tərəfindən üçtərəfli hücum hazırlanıb Surət Hüseynovun dəstəsi ermənilərin əlindən azad ediləcək və bundan sonra 713 də yenidən Laçına qayıdacaq”. Fərd olaraq mən bunu eşitmişəm Kəlbəcərdən Pircahana gələn komandanlığın zabitinin dilindən. Sonra dedilər ki, bu, Tacibov olub. Mənsə ora gələnin Zadir Rzayev olduğunu bilmişəm…
Onda sual olundu: bəs bu ərazilər kim tərəfindən qorunacaq? Cavab ”Tahir Süleymanovun dəstəsi tərəfindən” oldu. Tahir Süleymanov Arif Paşanın yaratdığı, sonradan da Laçının işğalı öncəsi (??) qəfildən ləğv edilmiş 811 saylı Laçın batalyonunun yeni komandiri idi. Sonradan bildim ki, Tahir Süleymanov sovet dönəmində rusların “Alfa” qrupunda xidmətdə olub. Bu qrupun xüsusiyyətlərindən biri həm də odur ki, hətta tərxis olunandan sonra belə sən o qrupun maraq dairəsində olan əsgəri sayılırsan..
Və beləcə bizi Ağdərəyə gətirdilər. Bizdən öncə 713-ün Budaq Nəsibovun komandiri olduğu 3-cü bölüyü Ağdərəyə gətirilmişdi. 1992-ci il avqust ayının 21-i günoraya yaxın Ağdərənin (Vaquas) Dövşanlı kəndinə gəlib çatdıq. Öyrəndik ki, “Surət Hüseynovun dəstəsinin zasadada olması” xəbəri kökündən yanlışdır və həmin qüvvələr Drambondadılar.
Və bizə dedilər ki, hazırlaşın, saat 1-də 713 Qızılqaya (Arutunaqomer) istiqamətində hücuma keçəcək. Ərazinin kəşfiyyat olunub olunmamasından xəbərimiz yoxdur. Ərazi ilə heç birimizin tanışlığımız yox və əlimizdə də yüngül atıcı silahlar. Özümüz də acından ölürük. Bir sutkadan çoxdur ki, acqarına və beləcə yol gəlmişik, Döyüş planından xəbərimiz yox…
Beləcə Qızılqaya döyüşü başladı…
Bu döyüşün detallarından, indinin özündə belə hələ də cavabını tapmayan döyüş əsnasında ortaya çıxan qaranlıq məqamlardan, ağrılı situasiyalardan danışmıram…Çünki dediklərimin müəyyən bir qismi danışılıb və danışılacaq. Yetər ki, hələlik nəticəni deyim. Nəhayətdə bu kənd avqust ayının 28-də götürüldü.
Beləcə, tərəfimizdən sıxışdırlan düşmən qüvvələr böyük strateji əhəmiyyətə malik Vəng kəndi istiqamətində cəmləşməyə başladılar. Hətta Vəngdə erməni terror birləşmələrinin toplandığı haqda informasiyalar da gəlirdi. Vəng erməni silahlı birləşmələrinin, terror qruplaşmalarının qərargahına çevrilmişdi. O zaman bütün strateji yüksəkliklərin hamısı ermənilərin əlində idi. Ağdərədə olduğumuz müddətdə orada əlavə taborların da olduğunu gördük. Yenə də dedilər ki, “Vəng istiqamətində üçtərəli hücum (Kəlbəcər, Ağdam və Ağdərə) əməliyyatı hazırlanıb, 713 də Ağdərə istiqamətindən bu hücumun əsas həmlə qüvvəsi rolundadır”…
Biz 1992-ci il 2 sentyabra keçən gecəni Vəng istiqamətində olan meşədə keçirdik… 21 avqust Qızılqaya əməliyyatı zamanı hansı situasiya ilə qarşılaşmışdıqsa Vəngə hücumda da eyni halın şahidi olduq – əldə olan qüvvələrin komplektləşdirilərək hücuma cəlb edilməməsi, 713-ün meydanda tək buraxılması, yalan kəşfiyyat məlumatları, daha nələr, nələr…
ƏN AĞRILI MƏQAM BUNDAN İBARƏTDİR Kİ, bu günə qədər istər ayrı-ayrı fərdlər olsun, istərsə də Müdafiə Nazirliyinin özü tərəfindən təqdim edilən sənədli kadrlarda Ağdərə əməliyyatı ilə bağlı çəkilişlərdə hansısa səbəblər ucbatından 713 saylı taborun adı iştirakçı qismində hallanmır. Necə olur, 713 saylı taborun torpaqlarımızın azadlığı uğrunda Ağdərədə verdiyi Şəhidlərdən bölük komandiri Vaqif Quliyev, eləcə də digər döyüşçülərin mübarək cisimləri Şəhidlər Xiyabanında uyuyur, ancaq onların taborlarının adı Ağdərə ilə bağlı çəkilişlərdə hallanmır, bu taborun döyüşçülərinin tam əksəriyyətinə heç veteran status belə verilmir. Halbuki, Qarabağ uğrunda gedən savaşın ikinci fazasında şahidi olduq ki, hətta arxa cəbhədə olana, əsgər qarşısında bir dəfə çıxış edən musiqiçiyə belə veteran statusu verilib. Müdafiə Nazirliyinin belə yarıtmaz fəaliyyəti dövlətə olan sevgini öldürməkdən, dövlətlə vətəndaş arasında uçurum yaratmaqdan başqa bir şey deyl. Və bu, ayrı bir mövzunun söhbəti olduğu üçün hələlik buna toxunmuruq…
Rəhman İsgəndərovla olan müsahibədə, eləcə də döyüşçülərin xatirələrində 713-ün keçdiyi döyüş yoluna, bu yolda qarşılaşdığımız bir çox məqamlara fərdlərin baxış bucağıyla müəyyən mənada aydınlıq gətirilib. Qarşılıqlı diskussiya formatında olan bugünkü yazıda o günlərə ekskurs edən müsahiblər, keçmiş döyüşçülər Vəng döyüşünə qədər keçilən yolun ağrı-acılarından deyil, birbaşa döyüşün gedişatında qarşılaşdıqları situasiyadan danışırlar. Zatən mən özüm elə bunu nəzərə alaraq aydınlıq olsun deyə dəyərli oxucularımıza bu yolun qısa xronikasını təqdim etmişəm…
Beləcə Vəng döyüşüylə bağlı növbəti baxış bucağını təqdim edirik. Diskussiyanın gedişatında sonradan 2-ci bölüyün komandiri olan Ədalət Mustafayev özünün dediyinə görə “müşahidəçi” kimi aktiv döyüş zonasında kimlərin hansı mövqedə olmasıyla bağlı fikir səsləndirir və yazımız da buna münasibətdə 3-cü bölüyün komandiri Budaq Nəsibovun etirazıyla başlayır:


XASAY


İGİD


ABBAS


BUDAQ


ƏDALƏT
“DƏRHAL GERİ ÇƏKİLİN, DİGƏR TABORLAR HÜCUMA KEÇMƏDİYİ ÜÇÜN DÖYÜŞ TƏXİRƏ SALINIB”
...BUDAQ: Ədalət, ermənilərin arxasına keçəndə sən bizim solumuzdan dərədən keçib adladın o taya. Amma nədənsə 3-cü bölüyün adını çəkmirsən. Bəyəm biz o döyüşdə yox idik?..
ƏDALƏT: Sizin 3-cü bölük düşmənlə üzbəüz, dərənin bəri üzündə idi. Amma 1-ci bölük çıxmışdı təpənin üstünə. Mənim uşaqlarımın yarısı da sizin 3-cü bölüklə birgə idi. Hələ bir nəfər əsgərim də orada Şəhid oldu. Ümumiyyətlə mən 3-cü bölük ilə daim təmasda olurdum. O dövrlə bağlı danışanda hər zaman demişəm , indi də deyirəm, mənim ona heyfim gəlir ki, düşmənə gözəl sarsıdıcı zərbə endirilsə də sonradan 1-ci və 2-ci bölük oradan çıxdılar. Erməni meyidləri də dərədə qalmışdı. Biz onların silahlarlarını da götürdük...
IGİD: Kökündən yanlışdır. Yaddaşınız sizi aldadır, söylədiklərinizdə yanlışlıq var, qardaşım. Tam əksinə idi vəziyyət, Rəhman İsgəndərovun komandiri olduğu bizim 1-ci bölük döyüş öncəsində verilən əmr üzrə tam mərkəzlə irəliləmiş, döyüş əsnasında da həmin koordinatda idi – tam mərkəzdə və sona qədər də döyüş tapşırığından kənara çıxmayıb.
BUDAQ: Bəli, Ədalət, sənin dəstəndən olan əsgərlərdən birini düz mənim yanımda vurdular. Abbasgil, Rafiqgil də yanımızda idi. Əlavə bir nəfər də yaralandı. Abbas ona sarı sürünmək istəyəndə mənim onu geri çəkməyimlə başımızın üstündən güllələr yağmağa başladı. Bəli, biz ermənilərlə üzbəz idik. Ermənilərin orada şoxlu meyidləri qalmışdı...
İGİD: Budaq müəllim, bax o dediyin erməni meyidləri var idi haa, kim onları məhv etmişdi?..
BUDAQ: Təbii ki, bizim öndən gedən qüvvələrimiz, sizlər. Doğrudan da Vəng döyüşündə 713 böyük rəşadət göstərdi. Amma onu da deyim ki, bir çox hallarda söylənildiyi kimi qüvvələrimizin pərakəndə düşmələri heç də 2-ci bölüyün komandiri Vaqif müəllimin vurulması ilə tam şəkildə bağlı deyildi...
İGİD: Elə isə nə ilə bağlı idi dediyiniz “pərakəndəlik”?
BUDAQ: Deyim də. Həmin vaxtdan bir az sonra bizə əmr gəldi ki, “dərhal geriyə çəkilin, həmin mövqedən çıxın!”. Məhz bundan sonra biz də geri çəkilməyə qərar verdik. O zaman radistim Mərdan da mənim yanımda idi. Qərargahdan ratsiya vasitəsilə dedilər ki, “geri şəkilin!”, biz də verilən əmrə uyğun olaraq geri çəkildik...
İGİD: Ədalət, deyirsən mən “müşahidəçi” idim. Budaq müəllim deyən geriyəçəkilmə ilə bağlı sən nəsə eşitmişdin, nəsə müşahidə etmişdin?
ƏDALƏT: İgid, qurban olum, mən orada həm də komandir vəzifəsində idim. Füzuli müəllimgil, Tacibov da də onda təpənin başında idilər. Mən də onlarla təmasda olurdum, gedib-gəlirdim, mənə onlar tapşırıqlar verirdilər. Həmin tapşırığa əsasən mən də müşahidəçi kimi hərəkət edirdim. Bax onda müşahidə etdim ki, 1-ci bölük yuxarıdan getmişdi. Düşmənlə üzbəüzdə 3-cü bölük idi - dərənin içində. 2-ci bölük isə 3-cü bölükdən sağ tərəfdə idi. 1-ci bölük isə lap başdan gedirdi. Bunların hamısını olduğu kimi deyirəm. Budaq müəllim deyən əmrdən xəbərim yoxdur.
İGİD: Xeyir, Ədalət müəllim, xeyir! Hərəkət trayektoriyası elə deyildi. Amma bu, ayrı məsələdir ki, kimlərsə verilən koordinat üzrə hərəkət etmirdi. Əgər vurğuladığınız döyüş anında 3-cü bölük həmin ərazidə olubsa, demək ki, hər şeydən öncə onlar özləri də ehtiyat qüvvə olaraq verilən əmrdən kənara çıxıblar.
BUDAQ: Bəli, Ədalət, 1-ci bölük lap başda idi. Vaqif müəllimin 2-ci bölüyü ortada, 3-cü bölük isə lap ayaqda, yolla gedirdi. Yolun altı, üstü biz idik. Bizdən yuxarı, sağda Vaqif müəllimin bölüyü, ondan da yuxarı İsgəndərovun bölüyü idi. O ki, qaldı İgidin iradına. Bəli, İgid, deyilənlərlə razılaşıram. Biz əmrdən kənara çıxmışdıq. Əvvəlcə ehtiyat qüvvə olaraq biz geridə idik. Amma sonradan gördük ki, atışma şox şiddətli hal aldı, bax onda mən hücuma keçməklə bağlı öz bölüyümə əmr verdim... .
İGİD: Yəni, döyüş planına görə sizə verilən əmr belə olmayıb, eləmi?...
BUDAQ: Bəli.
İGİD: Döyüşdən az öncə radistlərin dəyişdirilməsilə bağlı fikir bildirmişdiniz. Yenə də o fikirdəsiniz?
BUDAQ: Yox, yox. Mənim radistim dəyişməmişdi. Bilmirəm İsgəndərov dəyişmişdi, ya yox. Amma Vaqif müəllim mənim yanımda idi, yüz faiz dəyişmişdi. Hətta mən ona dedim ki, dəyişmə, radisti döyüş qabağı dəyişmək olmaz! Ancaq o, dəyişdi, mən dəyişmədim, Mərdan mənim yanımda idi...
““RADİSTLƏRİN DƏYİŞDİRİLMƏSİ”LƏ BAÖLI MƏNDƏ HANSISA BİR İNFORMASİYA OLMAYIBVƏ YOXDUR”
MƏRDAN: Həm Vəng, həm də Qızılqaya döyüşündə mən tabor komandirinin yanında olmuşam. Onda briqada komandiri Zadir Rzayevlə əlaqə saxlayanda briqada komandiri göstəriş verdi ki, “DƏRHAL GERİ ÇƏKİLİN, DİGƏR TABORLAR HÜCUMA KEÇMƏDİYİ ÜÇÜN DÖYÜŞ TƏXİRƏ SALINIB”. Zadir Rzayevin bu əmrini komandirimiz Süleyman Əhmədova çatdırdım, Budaq müəllimə yox...
İGİD: Söhbət hansı taborlardan gedirdi, Mərdan?
MƏRDAN: Ratsiyadan eşitdiyim məlumatlara istinadla deyə bilərəm ki, həmin dövrdə biz döyüşə gedəndə 3 tabor hücuma keçməli idi: biri Narışlar tərəfindən, biri aşağıdan qalxmalı idi, biri də biz. Ancaq bizə bəlli olmayan səbəblər ucbatından deyildiyi kimi digər taborlar döyüşə qatılmadıqları üçün bizim döyüş də təxirə salındı.
İGİD: Mərdan, döyüş əsnasında sən kimin yanında idin – Süleyman Əhmədovun, yoxsa Budaq Nəsibovun?
MƏRDAN: Yox, mən hər zaman Süleyman Əhmədovun yanında olmuşam – həm Qızılqaya döyüşündə, həm də Vəng döyüşündə..
İGİD: Budaq müəllim vurğulayır ki, “döyüşdən öncə radistlərin dəyişdirilməsilə bağlı məlumat gəldi. Və mən bundan qəti şəkildə imtina etdim. Amma Vaqif müəllimin radisti dəyişdi”. Bununla bağlı səndə hansısa bir informasiya varmı? Və sən konkret olaraq Budaq müəllimin fikirlərinə istinad edəsi olsaq onunla necə əlaqə saxlamısan ki?
MƏRDAN: Budaq müəllimin dediyi “radistlərin dəyişdirilməsi”lə bağlı məndə hansısa bir informasiya olmayıb və yoxdur. Və belə bir şey eşitməmişəm. Amma onu da vurğulayım ki, bəli, mən ilk olaraq Budaq müəllimin yanında radist olmuşam. Sonra 713 saylı taborun komandiri Süleyman Əhmədov məni radist kimi öz yanına götürdü. Əlaqə məsələsinə gəlincə, şübhəsiz ki, biz ratsiya vasitəsilə bir-birimizlə əlaqə saxlayırdıq. Ancaq yenə də deyirəm, bölüklərin radistlərinin kim olmasını mən bilmirdim...
“VAQİF MÜƏLLİM VURULANDAN SONRA...”
ƏDALƏT: Çox düz deyirsiniz, Budaq müəllim. Siz aşağıda idiniz, mənim də uşaqlarımdam sizin yanınızda var idi. Qalan 10-15 nəfərlə mən ancaq müşahidə edirdik, çünki mənə belə əmr verilmişdi. Həm də əmr verilmişdi ki, sən güllə atma, yerini bildirmə, şünki biz orada döyüşün gedişatına nəzarət edirdik. Müşahidələrimə istinadla deyirəm, döyüşün əvvəlki bir saatını 713 çox gözəl müqavimət göstərdi. Vaqif müəllim vurulandan sonra sanki döyüşçülər arasında nə isə təxribat oldu, uşaqların arasına panika düşdü, geri çəkilməyə başladılar. Mən də onlara xitabən qışqırdım ki, bunu etməyin. Kimsə orada mənim üstümə avtomat da çəkdi ki, sən bizi qırğına verirsən. Uşaqların çoxuna elə gəlirdi ki, mən briqadadan gəlmiş zabitəm. Onlara izah etdim ki, mən də sizin kimi sıradan bir döyüşçüyəm. Nə qədər uşaqlara dedim ki, gəlin gedək qabağa, ermənilərin təpədə minamyotları qalmışdı, heç kim getmədi. Bizdə Rüfət adında bir oğlan var idi...
İGİD: Kəlbəcərli?
ƏDALƏT: Bəli, kəlbəcərli Rüfət. Mən həmin Rüfətgillə qabağa gedib erməni meyidlərinin üstündən xeyli sayda silah da yığdıq.
İGİD: Bayaq siz hansısa əmrdən danışırdınız, Budaq müəllim. Mümkünsə, onu bir az təfərrüatıyla söyləyə bilərsinizmi? Konkret olaraq siz necə oldu ki, geriyə çəkildiniz?
BUDAQ: İgid, əmr olmasa idi, biz geriyə niyə çıxırdıq ki? Şəxsən mənə radistim söylədi ki, geriyə çıxmaqla bağlı əmr verilir. Mən də bölüyə geri şəkilməklə bağlı əmr verdim. Abbas da düz yanımda idi, ondan da soruşa bilərsən.
İGİD:Tapıb soruşmuşam, münasibəti belə olub, təqdim edirəm.
ABBAS: O vaxtı rəhmətlik Vaqif müəllim yaralandı. Biz onu aktiv döyüş zonasından çıxarıb bir az arxaya - tankın yanına gətib qoyandan sonra əvvəlki mövqeyimizə qayıtdıq. vallah konkret yadımda deyil ki, geri çəkilməklə bağlı əmri kim vermişdi. Ancaq hamıya deyildi ki, geri çəkilmək lazımdır. Əmrin gəlməsindən də mənim xəbərim olmayıb. Hətta biz tankın yanına gələndə Füzuli Rzaquliyev mənə dedi ki, sizin həm bölük komandiriniz yaralanıb, həm də starşinanız. Bölüyə komandanlığı sən edəcəksən. İndi deyir ki, belə bir söz deməyim yadımda deyil. Mən də bu vəzifənin öhdəsindən gələ bilməyəcəyimi qəti şəkildə ona bildirdim. Füzuli Rzaquliyev bizi bulağın üstündə düzüb dedi ki, uşaqları yığın, görək kim qalıb, kim yoxdu. Amma hə, orada eşitdim ki, geri çəkilmək lazımdır....
ƏDALƏT: Budaq müəllim. Mən burada İgidlə bir məsələdə razılaşıram. Biz orada 2-ci və 3-cü bölük geri çəkiləndə, İsgəndərovun komandiri olduğu 1-ci bölük geri şəkilmədi, onlar həmin ərazidə post qurub düşmənin qarşısını kəsdi. Biz isə səhv etmirəmsə, Ketovan kəndi istiqamətində geri çəkildik..
İGİD: Döyüş planına görə 1-ci bölük tam mərkəzlə, yolla, 2-ci bölük 1-ci bölüyün sağ tərəfiylə ən azı 300- 500 metrlik məsafə saxlamaq şərtilə təpəliklə irəliləməli, 3-cü bölük isə ehtiyat qüvvə olaraq arxada gözləmə mövqeyində dayanmalı idi. Amma bu planda Ədalətin qrupuna, çeçenlərə hansı tapşırıq verilmişdi onu bilmirəm. Döyüşün gedişatında onlardan da bir neçə nəfər bizim yanımızda peyda oldular. Hələ döyüş başlamazdan öncə mars keçilərkən 2-ci bölüyün uşaqları hansısa səbəblər ucbatından verilən əmrdən kənar çıxaraq 2 dəfə bizim 1-ci bölüyün yolunun üstünə, qarşımıza çıxdılar. Döyüşün sonrakı gedişatında qüvvələr nisbəti erməni xeyrinə olsa da 1-ci bölük mövqeni tərk etmədi, təkbaşına olsa da, qismən mövqe dəyişkənliyinə keçib postlar qurdu və gecəni müdafiə mövqeyində dayandı.
BUDAQ: bəli, düz deyirsən. İsgəndərov Rəhman əmr vermişdi ki, mövqe dəyişkənliyinə keçib postlar qurulsun və 1-ci bölük həmin gecəni elə həmin döyüş mövqeyində dayandı, doğrudur.
İGİD: bəli, indi düppədüz oldu
“ƏMRİ VERƏN YA TACİBOV, YA DA İSRAFİLOV İDİ”
BUDAQ: 1-ci və 2-ci bölük bizdən öndə getdiklərinə görə çox irəliləmişdilər. Biz isə düşmənlə az getməmiş dərədə rastlaşdıq. Erməniləri apaydın görürdük. Ola bilsin ki, biz erməniləri onların geriçəkilmə məqamında görmüşdük. Həmin yerdə 2 saata yaxın güclü atışma getdi.
İGİD: Ədalət, mən hələ də sənin və sənin komandanlığın altında olan çeçenlərin niyə məhz Vəng döyüşündə ora göndərilmə səbəblərilə bağlı açıqlamanı eşidə bilmirəm. Təkbaşına döyüşə qatılan 713 saylı taborun doğrudanmı sənin 10-15 nəfərlik dəstənə böyük ehtiyacı var idi? Nədən həmin vaxt (Vaquas) Dovşanlıda Azərbaycan tərəfinin xeyli qüvvəsi olduğu halda həmin birləşmələri deyil, məhz sənin 15-20 nəfərlik dəstəni 713-ə köməyə göndərmişdilər.
ƏDALƏT: Onu ged komandanlıqdan soruş, məndən niyə soruşursan ki? Mən bir əsgər idim. Hara göndərirdilərsə, ora getmək mənim vəzifə borcum idi. Ağdərə də bu qəbildən idi.
BUDAQ: Vaqif müəllim yaralanıb çıxardılanda ondan qabaq Qızılcadan olan Etibar qardaşımız qışqırdı ki, Vaqifi vurdular. Mən dərhal onun harada vurulmasını soruşub Kamilə əmr verdim ki, uşaqları götür, gedin Vaqif müəllimi çıxarın. Kamilgil də gedib görüblər ki, Vaqif müəllimin öz uşaqları onun yarasını sarıyıb, özünü də plaşpalatkanın arasına qoyub gətirirlər. Mən 2-ci bölüyün uşaqlarını saxlayıb Vaqifin yarasına baxdım. Bundan sonra 2-ci bölüyün uşaqlarının tam əksəriyyəti aktiv döyüş zonasından çıxdılar. Yaralı vəziyyətdə olan Vaqif müəllim döyüş zonasından uzaqlaşdırılandan sonra onun 2-ci bölüyündən olan Şəmili də gətirdilər, o da qıçından yaralı idi. Bizim 3-cü bölüksə dərədə düşmənə qarşı hələ də müqavimət göstərirdi. Döyüş səngiyəndən sonra biz də geriyə çəkildik.
İGİD: Siz rezerv qüvvə idiniz. Elə isə sizə irəli getmə əmrini kim vermişdi, Budaq müəllim? Axı siz rezerv qüvvə olaraq gözləmə mövqeyində olmalı idiniz…
BUDAQ: Bizə irəliyə get əmrini heç kim verməmişdi. Bu qərarı mən özüm qəbul etmişdim, Buna da səbəb atəşin şiddətli xarakter alması idi. Qarşıdakı qüvvələrimizə kömək məqsədilə bu qərarı qəbul etdim. Və hətta həmin anda ermənilər bizi açıq şəkildə gördüklərindən qüvvələrimizi intensiv atəşə tutdular. Biz yolun altı ilə sepşəkilli formada irəliləyirdik.
ƏDALƏT: Bəli, Budaq müəllim, orada elə də böyük olmayan bir tala var idi. O talada mənim dəstəmdən olan Vüqar, Canpolad, Allahverdi ermənilərin qulaqlarını kəsib torbalara yığırdılar. Gördüm ki, bizim uşaqlardan biri taladan çıxıb bir az qabağa baxdı və dərhal meşəyə qayıtdı. Ondan sonra bizimkilərdən meşədən talaya heç kim çıxmadı. Biz aşağıdan talaya baxırdıq.Yəni, bizimkilər talaya çıxsaydılar, görəcəkdilər ki, erməni qüvvələri sürətlə geri çəkilib döyüş zonasını tərk edirlər. Onda ermənilərin geri çəkilmələriylə bağlı nə qədər qışqırsam da, heç kim mənim “irəli” çağırışıma cavab vermədi. Hələ orada bir mahnı da oxudum ki, ortalıqda hansısa bir panika varsa belə aradan qalxsın…
İGİD: Ədalət deyirsən ki, ermənilər oranı tərk edirdilər. Bəli, düşmənə qarşı 713-ün müqavimət gücü onları geri çəkilməyə vadar etmişdi. Duruş gətirə bilməyən erməni qüvvələri növbəti taktiki gediş etmək məcburiyyətində qalmışdı. Biz bunu ermənilər geri çəkiləndən heç bir az keçməmiş həmin ərazinin ağır silahlarla gülləbarana tutulmasından da gördük…
ƏDALƏT: bəli, ermənilər geri çəkiləndən sonra artıq həmin anda erməni artilleriyası, ağır texnikaları çox güclü bir şəkildə bizi vurmağa başlamışdı..
İGİD: Ədalət, döyüşdən öncə 1-ci və 2-ci bölüyə konkret koordinatlar , konkret əmrlər verilmişdi ki, üzərinizə düşən vəzifə bundan ibarətdir. Və bu bölüklər ilk olaraq döyüşə atıldılar. Bəs döyüşdən öncə sənin qruppana hansı tapşırıq verilmişdi və bu tapşırığı hansı səviyyədə yerinə yetirə bildiniz?
ƏDALƏT: İgid, məndə 37 nəfər idi, 15 nəfər də Kəlbəcərdən gələn uşaqlar idi. Onların da başçıları Rüfət idi. Onları da mənə verdilər. Mən lap aşağıdan - dərənin qırağıyla erməninin arxa tərəfinə çıxmalıydım. Mən əvvəl rezervdəydim. Sən düz deyirsən, öncə döyüşə 1-ci və 2-ci bölüklər qoşuldu. Biz də rezervdə idik. Ancaq verilən kəşfiyyat məlumatları özünü doğrultmadı. Və biz aşağıdan, 3-cü bölük də ortadan keçib getdik erməni qüvvələrinin yan tərəfinə. Biz aktiv döyüş zonasına çatanda 1-ci və 2-ci bölük artıq ermənilərlə döyüşürdü. Beləcə biz səssizcə keçdik erməninin arxasına, onları müşahidə edirdik…
İGİD: Daha müşahidə neyçün, ermənin arxasına keçib müşahidə etməklə nə etməyə çalışırdınız?
ƏDALƏT: Əslində biz ora müşahidəçi kimi getmişdik ki, düşmənin haradan hara getdiyini izləyib məlumat verək…
İGİD: Məlumatı kimə verirdiniz, Ədalət?
ƏDALƏT: Orada qərargahda kəşfiyyatın komandiri var idi, mayor, biz məlumatı ona verirdik. Mayor da həmin məlumatı 1-ci, 2-ci bölüyün radistlərinə verirdi, onlara koordinatları ötürürdü.
İGİD: Budaq müəllim deyir ki, “Vaqif müəllim vurulandan sonra 2-ci bölüyün tam əksəriyyəti onun nəşinin döyüş zonasından çıxarılmasıyla məşğul olub oradan uzaqlaşmışdılar”….
ƏDALƏT: Düppədüz…
İGİD: Sən verdiyin açıqlamalarda başçılıq etdiyin dəstənin gah 12 nəfərdən, gah 37 nəfərdən, gah da hansısa 15 nəfərin olmasını vurğulayırsan? Komandir olaraq öz qrupunun sayını dəqiq deyə bilərsənmi?
ƏDALƏT: Hansı dəstə, hansı qrup?
İGİD: Vəngə gətirdiyin dəstə, Vəngə gətirdiyin qrup.
BUDAQ: İgid , Ədalətin yanına gələn çeçenlərdən bizim yanımızda da qalanlar var idi. Məndən solda vurulan rusdan da başqa çeçenlər var idi. Sonra o rusun meyidini də atəş altında uşaqlar götürdülər.
İGİD: Demədin axı, sizə “geri çəkilmək”lə bağlı əmri kim vermişdi?
BUDAQ: Bilmirəm, ratsiyada adını, familiyasını demirdi ki, mən hardan bilim…
İGİD: Təbii ki, ratsiyada ad, familiya deyilmirdi, parol ki, var idi. Parolu nə idi, siz öz komandirinizin səsini tanımırdınız?
BUDAQ: Padistim Mərdan mənə dedi ki,..
İGİD: Mərdan artıq o zaman sizin radistiniz olmayıb..
BUDAQ: Qərargahdan ratsiyada dedilər ki, təcili olaraq geriyə çəkilməyinizi əmr edirəm…
İGİD: Kim dedi, Budaq müəllim?
BUDAQ: Ya briqada komandirinin müavini Tacibov idi, ya da İsrafilov. Ancaq tam dəqiq deyə bilmərəm.
ƏDALƏT: Eldar İsrafilov
BUDAQ: Rus vurulan ərazi iki dərənin birəşdiyi yer idi. Bizdən sol tərəfdə də səhv etmirəmsə, Abbasın qaynı vurulmuşdu. Abbas onu götürməyə cəhd eliyəndə mən qoymadım, çünki gülləyə tuş gəlirdi belə olanda. Amma sonradan onu götürdük.
İGİD: O əmr təkcə 3-cü bölüyə verilmişdi?
BUDAQ: Vallahi, bilmirəm o əmri tək bizə verilmişdi, ya yox. Ancaq şəxsən mən özüm bu əmri eşitmişəm. Düzdür, radist olaraq Mərdanın mənim yanımda olub olmaması dəqiq yadımda deyil. Amma o vaxtı kimsə həmin əmri bizə çatdırdı. Abbas da yanımda idi, soruşa bilərsiniz…
İGİD: Abbası axtarıram, tapa bilmirəm…
BUDAQ: Dəqiq bilirəm, mənə o əmr çatdı ki, mən də bunun əsasında uşaqlara göstəriş verdim ki, geri çəkilmək lazımdır. Üstündən illər ötüb, çox şeylər yaddan çıxıb, amma geri çəkilməklə bağlı əmr olmuşdu. Əmri eşidəndən 20-30 dəqiqə gözləyəndən sonra geriyə çəkiib meşəlikdə ayaqüstü çörək yemək istədik. Bizi ermənilər aşkar edib minamyot atəşinə tutdular. Soltan da həmin yerdə qəlpə yarasından Şəhid oldu.
“TƏRƏFİMİZDƏN GERİ OTURDULAN ERMƏNİ BUNDAN HƏM DƏ MANEVR KİMİ İSTİFADƏ ETDİ”
ƏDALƏT: Döyüş planı bizdən arxada olan təpədən icra olunurdu. Orada da Füzuli Rzaquliyev, Eldar İsrafilov, briqadadan kəşfiyyatın komandiri olan mayor, Tacibov orada idilər. Onda Zadir Rzayev də gəlib döyüş planını verib getdi. Orada briqadanın yüksək rütbəli zabitləri var idi. Döyüş oradan idarə olunurdu. Biz aşağıda, 1-ci bölük isə təpənin, yalın üstündə idi..
İGİD: Ədalət, yoruldum deməkdən, dediyin yalın üstüylə 2-ci bölük getməli idi. 1-ci bölük isə tam mərkəzdən – yol və yolun üstüylə irəliləyirdi.
ƏDALƏT: mən bilmirəm, sən hansı yolu deyirsən…
İGİD: necə yəni, bilmirəm! Qızılqayadan Vəng istiqamətinə gedən maşın yolunu deyirəm də. Mərkəz bax bu yol idi ki, oradan da 1-ci bölük gedirdi. Bizdən də ən azı 300500 metr aralı sağ tərəfimizlə dağın döşüylə, sən deyən yalın üstüylə də 2-ci bölük getməli idi plana görə. Deyirsən ki, 3-cü bölük ermənilərlə üz-üzə çıxmışdı. Xeyir. Ermənilərlə üzbəüz çıxan 1-ci bölüyün uşaqlarından təşkil edilən, Mehman Ağayevin rəhbərlik etdiyi dazorqruppanın uşaqları idi.
ƏDALƏT: Ola bilər. Ancaq sonradan 2-ci bölük geri çəkiləndən sonra Rəhmanın solu boş qaldı…
İGİD: Solu yox, sağı..
ƏDALƏT: Olsun. Sonradan Rəhmana da məlumat verildi və onlar da geri çəkildilər.
İGİD: Ədalət, dediyinizə görə döyüşdə sizə müşahidə etmək əmr olunub. Vəng döyüşündə “ sizə verilən bu status” haqqında bir az təfərrüatıyla məlumat ver, mümkünsə. Geriçəkilmələrin səbəbi kimi nəyi müşahidə etdiniz onda?
ƏDALƏT: müşahidəçinin vəzifəsi döyüş zonasında qüvvələrin hərəkət trayektoriyasını izləmək, qüvvələr nisbətini müəyyənləşdirmək, düşmən tərəfə gələn və gələ biləcək rezerv qüvvələr, texnikası haqqında məlumatı komandanlığa ötürmək və bu kateqoriyadan olan digər məqamlara aydınlıq gətirməkdən ibarətdir. Bir növ kəşfiyyat xarakterlidir, kəşfiyyat qrupunun vəzifəsi döyüşdən öncə topladığı məlumatlar və müəyyənləşdirdiyi koordinatlardırsa, müşahidəçi döyüş zamanı bunları edir və məlumatı ötürür.
İndi gələk hər 2 tərəfdə olan geriçəkilmələr məsələsinə. Öncə bunu deyim ki, 713-ÜN İNADLI MÜQAVİMƏTİ DÜŞMƏNİ VƏNGDƏ DİZ ÇÖKMƏYƏ MƏCBUR ETDİ. Bizdə olan geriçəkilmə bir yandan Şəhidimizin nəşinin aktiv döyüş zonasından çıxarılmasıyla bağlı idisə, bunun başqa bir səbəbi də var idi. Qüvvələrimiz qarşısında duruş gətirə bilməyən ermənilər dediyim kimi tam şəkildə geri çəkilmək məcburiyyətində qaldılar . Və bu geriçəkilmədən ermənilər həm də taktiki manevr olaraq istifadə etməyi bacardılar. Erməni artilleriyası dərhal 3 istiqamətdən bizim olduğumuz ərazini aramsız şəkildə vurmağa başladılar. Texniki baxımdan imkansızlığımız həm də o zaman geriçəkilməmizi stimullaşdıran səbəblərdən daha birisi oldu.
“GERİÇƏKİLMƏLƏR OLSA DA, BİZ TABORLA BİR YERDƏ ÇIXMIŞIQ”
XASAY (2-ci bölüyün döyüşçüsü): Vəng döyüşündə bizim 2-ci bölük ən qızğın döyüşün içində idi. Ona görə də itkilərimiz oldu. Döyüş başlayandan bir az keçməmiş komandirimiz Vaqif Quliyev Şəhid oldu. Etibar, Şəmil yaralandı. Bəzən yanlış müşahidələr əsasında vurğulanır ki, 2-ci bölük geri çəkildi. Xeyir, 2-ci bölük heç vaxt geri çəkilməyib. Məhz döyüş səngiyəndən sonra biz taborla birlikdə çıxmışıq. Ədalət, səninlə gələn çeçenlərdən döyüşün gedişatında bizim 2-ci bölüyə qoşulanları da var idi. Hətta bu döyüşdə onlardan yaralananlar da oldu. Geriçəkilmə ilə bağlı bir daha vurğulayıram: ola bilsin ki, yaralıların döyüş zonasından çıxarılmasında uşaqların müəyyən bir qismi aktiv zonadan çıxıblar. Ancaq 2-ci bölüyün tam əksəriyyəti taborla birgə hərəkət edirdi. Hətta biz hərəkət etdikcə ermənilər də bizi qradla vururdular, artilleriya atəşinə tutmuşdular.
BUDAQ: Xasay, heç kim demir ki, 2-ci bölük döyüşü tərk edib. 2-ci bölük də döyüşün qızğın yerində idi. Biz geriyə çəkiləndə bəli, qrad yox, minamyotla bizi vururdular. Soltan da elə orada Şəhid oldu. Sadəcə olaraq Vaqif müəllim vurulandan sonra 2-ci bölük sanki ruhdan düşdü, 2-ci bölükdən olan döyüşçülərin böyük bir qismi də Vaqifin nəşini çıxaranda onunla birlikdə getdilər. Amma onu da düz deyirsən ki, hələ sonradan sizin bölükdən olan Şəmil də yaralandı. Demək olar ki, biz 2-ci bölüklə qarışmışdıq bir-birimizə. Elə Abbas mənim yanımda idi. Arada Abbasın avtomatı da atmadı. Alıb düzəldəndən sonra qaytardım avtomatı Abbasın özünə.
XASAY: Budaq müəllim, biz o döyüşə girəndə 1-ci bölük bizdən sol tərəfdə idi, bizdən aşağı tərəfdə...
İGİD: Bəli.Vəngə doğru bir yol gedirdi: o yolla 1-ci bölük, 1-ci bölükdən sağda, yalın üstüylə də 2-ci bölük, bütün bölüklərdən öndə isə Rəhman İsgəndərov 1-ci bölüyün döyüşçülərindən formalaşdırdığı xüsusi dazorqruppa tam mərkəzlə gedirdi. Ermənilərlə ilk döyüşə girən də dazorqruppa oldu, sonra 1-ci və 2-ci bölük.
BUDAQ: mən burada bir şeyi xatırlatmaq istəyirəm. Burada İgid deyir ki, ilk olaraq dazorqruppa ermənilərlə üz-üzə gəlmişdi. Onu mən o vaxtı da eşitmişdim ki, hətta o anda erməninin biri bizim radistin ratsiyasına əl atıb və bundan sonra döyüş başlayıb.
İGİD: Bəli, məhz o qrupun tərkibində olan “malış” da onda itkin düşdü, sonradan tapıldı.
ƏDALƏT: Xasay, mən Ağdərədən gələndə 12 nəfər azərbaycanlı uşaq ilə gəlmişdim. 5-6 nəfər avar, 8 çeçen, 6 rus var idi mənim qrupumda. Qılınclıda onları mənə qoşmuşdular və mən onlarla birgə Laçına gəlmişdim. Komandirləri də mən idim. Mən Laçına çatan kimi Vəng döyüşü başladı. Bizi də Laçının Bülövlük kəndindən maşınlara yığıb Ağdərəyə gətirdilər. Biz onda 2-ci bölüklə bir yerdə idik. O döyüşdə mənim qrupumdan bir rus öldü, bir azərbaycanlı. Yevlaxdan idi, Qarayev, 3 nəfər də yaralandı. Mən bu qrupla Vəngdə döyüşə girəndə Kəlbəcərdən 15 nəfərlik əlavə bir qrup da gəldi, onların da başçıları Rüfət idi. Komandanlıq bu qrupu da mənə verdi. Mən də bunlardan müəyyən bir qrupla döyüşə qatılmışdım. Qalanlarısa 2-ci, 3-cü bölüklə bir yerdə döyüşürdülər.
Ancaq mən orada İgid deyən dazorqruppanı görmədim..
İGİD: Ədalət, siz ora gələndə artıq döyüş çoxdan başlamışdı. Dazorqrup gözlənilmədən qarşılaşdıqları ermənilərlə vaxt udmaq və onlardan yayınıb arxaya məlumat vermək üçün üzbəüz danışıqlar aparıblar. Və yaranmış ilk imkandan istifadə edərək dağılışıb döyüşə giriblər. Artıq həmin anda bizim 1-ci bölük ermənilərə tam yaxınlaşmışdı. Sıx meşəlik olsa da artıq ermənilər 1-ci bölüklə üz-üzə idilər. Sadəcə olaraq sıx meşəlik ermənilərin hamısının tərəfimizdən aşkar edilməsinə imkan vermirdi. Komandirimiz Rəhman İsgəndərov bizdən bir xeyli önə keçib açacağımız atəşin hansı istiqamətə yönləndirilməsilə bağlı göstərişlər verirdi. İsgəndərov ilk olaraq elə mənim özümə qarşı tərəfdə olan koordinatı verdi ki, bax buranı qumbaratanla vur və mən də o deyən istiqamətdə atəş açdım. Bundan sonra güllələr yağış kimi yağırdı. 1-ci bölükdən olan Fərrux da ayaqüstündə atəş açdığı üçün bax elə həmin yerdə yaralandı. Belə olan halda təbii ki, sən dazorqrupu görə bilməzdin. Rəhmanın o döyüşdə böyük taktikliyi həm də elə həmin dazorqrupu təşkil etməsində, koordinatları düzgün müəyyənləşdirməsində idi. Əks halda 1-ci bölük ermənilərlə yolun döngəsində tam üzbəüz çıxacaq və itkilərimiz də çox olacaqdı...
ƏDALƏT: Razılaşıram. Ancaq biz gələndə də tam olaraq ermənilərin 20 metrliyində idik. Onlar bizim yanımızdan öz yaralılarını, meyidlərini daşıyırdılar. Bu anda bir nəfər bzimkilərdən meşədən çıxıb bizə sarı qaçdı və birdən geri qayıdıb başqa istiqamətə getdi. Rüfət də “o elə bildi ki, biz erməniyik”söylədi. Sonradan bildim ki, o döyüşdə bu uşaq itkin düşmüşdü....
“AĞDƏRƏDƏ 713-Ü SINDIRA BİLMƏDİLƏR, ANCAQ GÖZÜNÜN ODUNU ALDILAR”
BUDAQ: İgid sən deyirsən ki, 1-ci bölük yolla, 2-ci bölük isə yalın üstüylə gedirdi. Məncə burada yanlışlıq var. Əksinə, 2-ci bölük yolla gedirdi.
İGİD: Budaq müəllim, yanlışlıq sizin dedyinizdədir. 1-ci bölük yolla gedirdi. Sadəcə olaraq, sonradan relyef şəraitinin keçilməz olduğundan, ya hansısa səbəblər ucbatından ayrı-ayrı vaxtlarda 2-ci bölük verilən tapşırıq üzrə hərəkət edə bilmirdi. Hətta 2 dəfə onlar bizim lap yaxınlığımıza gəlib çıxdılar. Bax onda komandirimiz Rəhman onlara qəti şəkildə xəbərdarlıq etdi ki, verilən koordinatlar üzrə hərəkət edin, əks halda tabor olaraq biz gözlənilməz , arzuolunmaz nəticələrlə qarşılaşa bilərik.
XASAY: Bizə verilən koordinat üzrə irəliləmək xeyli çətin idi. Sıx meşəlik və relyefin uyğunsuzluğu ucbatından qüvvələr arasındakı məsafə bəzən çox yaxınlaşırdı. Biz istəsək də, istəməsək də, bu hal bəzən təkrar olunurdu.. Ədalət, sənin qrupundan olan çeçenlər gəlib bizim içimizə də doluşdular. Kəlbəcərlilər bizim 2-ci bölüyün 3-cü tağımına qoşuldular. Gənc uşaqlar idi onlar. Haradasa 20-25 nəfər olardılar. Onların çoxu həmin döyüşdən sonra tanıdıqları meşə yoluyla çıxıb getmişdilər. Burada düz deyirlər. Ola bilər ki, 1-ci bölük qabaqdan gedər, amma döyüş vaxtı bizim 2-ci bölük də yolda idi.
BUDAQ: Xasay, onda nədən biz döyüşə girəndə 1-ci bölüyü görmədik?..
İGİD: Siz necə görə bilirdiz bizi, Budaq müəllim. Biz döyüşə qatılana qədər siz rezervdə olmusuz. Özünüz də deyirsiniz ki, mən döyüşün şiddətli hal aldığını görəndən sonra “irəli” əmrini verdim. Bax sən o əmri verəndə 1-ci bölük artıq döyüşün tam içində idi, əziz qardaş. Amma siz hələ “irəli” əmriylə hərəkətə keçirdiniz. Biz bəyəm arxada idik ki, siz də bizi görəsiniz?
BUDAQ: Ola bilər. Amma onu deyim ki, mən özüm hansı mövqedə dayandığımı və kimlərlə yanaşı olduğuma görə belə deyirəm. Qaldı ki, kəlbəcərlilərə. Kəlbəcərlilərdən bizim 3-cü bölüyə də vermişdilər. Mən də onları bütün tağımlara böldüm. Döyüşdə Şəhid olan Soltan da onlardan biri idi. Telman da Qızılqaya döyüşündə yaralanmışdı. Məndə siyahıda 11 nəfər kəlbəcərli əsgərin adı var. Bu əsgərləri Vəng döyüşündən bir gün qabaq mənm bölüyümə verdilər.
ƏDALƏT: Xasay, mən rezervdə olanda maşınla gətirdilər o uşaqları. Siz onda döyüşdə idiniz. Onda mən özüm ayrıça bir qrupa rəhbərlik etsəm də elə 2-ci bölüyün adında gedirdim. Daha doğrusu, yeni gətirilən uşaqları da mənə qoşub dedilər ki, bunları da apar döyüşə. Onda qıvrımsaç bir oğlan idi Rüfət, mənimlə birgə döyüşə girdi. Mənim Şuşa, Canyataq, Gülyataq, Çıldıran təcrübəm olduğu üçün komandanlıq tərəfindən mənə həm də bir güvən var idi. Elə ona görə də briqada tərəfindən Zadir Rzayev məni ora göndərmişdi. Təəssüflər olsun ki, döyüşdə istədiyimiz nəticəni əldə edə bilmədik. Mən də briqadya məlumat verdim ki, bəs 1-ci bölük qalıb yuxarıda meşədə, 2-ci və 3-cü bölük də...Və beləcə döyüş dayandı. Sonra Rəhmanı qoydular orada ki, sən burada qalıb düşmənin qarşısını kəsirsən. Bizi də aparıb səhv etmirəmsə, Ketovan istiqamətinə göndərdilər. Sonra uşaqlar iradlar bildirdilər ki, nədən bizim mövqeyimizi Laçından bura dəyişdiniz, nədən kəşfiyyat məlumatları yanlış çıxdı? Sanki hər yanı təxribat bürümüşdü. AĞDƏRƏDƏ 713-Ü SINDIRA BİLMƏDİLƏR, ANCAQ GÖZÜNÜN ODUNU ALDILAR...
“VƏNGDƏ ERMƏNİLƏRİN 2 TABORU DARMADAĞIN EDİLDİ”
İGİD: Ədalət, bu, necə olur ki, ən kritik situasiyalarda və ən çıxılmaz məkanlarda sənin qruppan həm 1-ci, həm 2-ci, həm də 3-cü bölüyün yanında olur? Axı ən azından zaman və məkan baxımından bu, mümkün deyildi?
ƏDALƏT: Sualın bir az ritorikdir, həm də bir az ironiya var. Və sualın ritorik olduğu kimi elə cavabı da ritorikdir. Sənin məsələyə yanaşmanı qoyuram bir yana, sadəcə olaraq, onu deyə bilərəm ki, öncə buna imkan verən mənim döyüş təcrübəm idi. Ağdərə əməliyyatına qədər mənim döyüş yolum Şuşadan, Daşaltıdan, bütövlükdə o zamana qədər olan ən aktiv döyüş xətlərindən keçmişdi. Bu mənada harada və nə zaman olmasını, kritik situasiyalarda vəziyyətdən necə çıxmağı mən öz döyüş təcrübəmdən bilirdim. Və elə sən deyən ən kritik situasiya və ən çıxılmaz məkan döyüşün ən qızğın yeri olur da, əziz qardaş. Təbii ki, biz də anındaca orada olur və vəzifə borcumuzu yerinə yetirirdik.
İGİD: Yeri gəlmişkən, Ədalət, sən Ağdərəyə gəlməzdən öncə harada idin?
ƏDALƏT: İlk gündən döyüşə atılmışam..
İGİD: Bunu bilirəm. Deyirəm bizim tabora gəlməzdən öncə rəsmən hansı hərbi hissədə olusan?
ƏDALƏT:....
İGİD: Yaxşı, qayıdaq o məsələyə ki, Budaq müəllim, nədən siz belə demək mümkünsə, özbaşına olaraq geri çəkilməklə bağlı bölüyünüzə əmr vermisiniz?
BUDAQ: Əziz qardaş, burada hansısa sənn təbirincə desək, “özbaşına verillən əmr”dən söhbət gedə bilməz və bunun nədənini də mən dedim axı. Digər bir tərəfdən, unutma, döyüş gedə-gedə əmrləri döyüşün ortasında olan komandirlər verir. Sadəcə olaraq, irəli, geri əmrlərinisə ümumi döyüşə komandanlıq edən kəs verir. Və dediyim kimi mən bu əmri də ratsiyada eşitmişəm. Ədalətlə bağlı mən onu deyə bilərəm ki, də biz Vaquaza gələndən bir gün sonra o bizim yanımıza gəlib - şüvərək bir oğlan idi, başında da qara lent.
İGİD: Yaxşı, başqa bir məqam. Ədalət, necə bilirsən, nə əcəb sənin kimi “təcrübəli” bir döyüşçünü “səni tanıyan” briqada komandanlığı əvvəlcədən 713-ə də bələdçi olaraq daxil etməyib?”
ƏDALƏT: Etiraf edilməlidir ki, Vəng döyüşündə 713 düşmən qüvvələrinə kifayət qədər sarsıdıcı zərbə endirdi. Ancaq bir şeyə yanıb tökülürəm ki, obrazlı şəkildə desəm, o döyüşdə 713 düşməni necə lazımdısa yendi, döyüb yerə yıxdı, bircə qalmışdı erməninin başını kəsmək. Bax bu, edilmədi. VƏNGDƏ ERMƏNİLƏRİN 2 TABORU DARMADAĞIN EDİLDİ. Sadəcə olaraq, sonda hansısa səbəblər ucbatından biz erməninin tam olaraq başını əzə bilmədik. Bax bu sonluq məni yandırıb tökdü. Ona görə də arxada hirsimi uşaqların üzərinə tökəndə “komandirimiz Şəhid olub, sən bizi hara sürükləyirsən?” – deyə, 2-ci bölüyün uşaqları az qalırdı ki, məni gülləliyələr. Bəlkə də yanımdakı çeçenlər olmasaydı, mən çoxdan güllələnmişdim. Düzdür, uşaqların da qanı qaralmışdı, amma axı onların irəlidən xəbərləri yox idi ki, erməni oradan tam çəkilmişdi. Biz ermənilərin dalınca getsəydik, heç artilleriyanın hədəfinə də tuş gəlməyəcəkdik. Beləcə erməni kəşfiyyatı da yəqin ki, bizim dayandığımızı sezdi və artilleriyanı bizim istiqamətimizə yönəltdi.
ƏDALƏT: Mən Pircahanda olanda yanımda adları yadımda qalan çeçenlərdən Maqomed, Bazon, avarlar var idi, Zaqataladan Orxan, Gəncədən Vüqar, Canpolad, Salyandan Allahverdi, moldavan var idi. 1992-ci il sentyabr ayının 10-12-si aralığında mən 2-ci və 3-cü bölüyü qəbul edəndə döyüşən uşaqlar çox idi yanımda : onlardan Alməmmədov Füzuli, Yaşar Abdullayev, Yaşar Balaş, Nofəl, İqbal, Sarvan və Əlvan qardaşları və başqaları yaxşı yadımdadır...
İGİD TEYMURLU
TV713.az

















