İGİD TEYMURLU
"ANIM GÜNÜ"NÜN TƏQDİMATINDAKI UNUTQANLIĞIMIZ və YARADILASI ŞƏRƏF MUZEYİ
Torpaqlarımızın işğalı prosesi 300 illik məkrli planın və 160 illik mənfur siyasətin sonucu olaraq ortaya çıxmışdı...
QARABAĞ uğrunda gedən müharibənin ikinci fazası çərçivəsində 27 sentyabr 2020-ci ildə başlanan antiterror əməliyyatı sonradan Anım Günü kimi tarixə həkk olundu.
Çox təəssüf ki, bu tarixi günün mahiyyətini anlamayanlar öz açıqlamalarında hər zaman "3 minə yaxın Şəhid"in Ruhuna dualar oxuyur, Onların Vətən yolundakı Qəhrəmanlıqlarını örnək olaraq cəmiyyətə təqdim edirlər.
Orası bəlli. Bəli, həmin 3 minə yaxın Şəhid də bu dövlətin varoluşunda canını fəda etmiş və öz mübarək Cisimlərilə bu yurdu ən azından elə o Mübarək Cisimləri qədər böyütmüşlər. Və bizlər də o Mübarək Cisimlər, o Müqəddəs Ruhlar qarşısında baş əyirik!
AMMA VƏ LAKİN!
Qarşısında baş əyəcəyimiz o Mübarək Cisimlər, o Mübarək Ruhlar təkcə bu "3 min Şəhid"dirmi?
Xeyir və əsla...
Ən dəhşət doğuran məqam bundan ibarətdir ki, bu məmləkətdə hər şey kateqoriyalara ayrılıb və ayrılmaqdadır. Biz BÜTÖVLÜYƏ can atdıqca çox təəssüf ki, bizlər BİZİ kiçildirlər, zərrələrə bölürlər..
Apardığımız Müqəddəs Vətən Savaşından tutmuş bu Savaşda canını, qanını qoyan Oğlanların mübarizəsinədək hər şey sortlaşdırılıb. 44 günlük Savaşda iştirak edən döyüşçülər imkan çərçivəsində bütün növ təminatlarla təchiz edildikləri bir halda Qarabağ Savaşının 1992-ci il birinci fazasında iştirak edən döyüşçülərin nəinki heç üzlərinə baxılmır, hələ onların lağ və nifrət obyektinə çevrilmə səhnələrilə də qarşılaşırıq.
UNUTMAYIN VƏ QULAQLARINIZA SIRĞA EDİN BU İFADƏNİ: "Birinci, ikinci, üçüncü Qarabağ Savaşı" ifadəsinin özü yanlışdır. Torpaqlarımıza yönəli işğal siyasəti və buna qarşılıq azadlıq mücadiləmiz illərdir ki, davam edir. İndi neyniyək, sıra saylarını işə salaq? 1992-1993-cü illərdə döyüşən Oğlanlar olmasaydı siz heç bilirsinizmi Azərbaycanın neçə faiz torpağı erməninin əlinə keçəcəkdi və o torpaqları antiterror əməliyyatı vasitəsilə azad etmək istəyən sən nə qədər şəhid verəcəkdin?!
Azərbaycanımızın bugünkü strateji müttəfiqlik, hərbi potensialı 1992-ci ildə olsaydı və başqalarını deyə bilmərəm, o zaman şəxsi heyətinin tərkibinə daxil olduğum 713 saylı tabor bugünkü təminatla malik olsa idi, nəinki Qarabağı, Ermənistanın özünü, onun havadarlarını belə diz çökdürərdi. Birbaşa Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin komandanlığı altında həyata keçirilən əməliyyatı 33 nəfərlik bir heyətlə qələbə ilə başa vuran və bu qələbədə yalnız avtomatla silahlanmış 713 saylı taborun, eləcə də digər taborların döyüşçüləri məgər bu dövlətin varoluşu üçün can qoymayıblar!? O şanlı və qanlı döyüşlərdə ŞƏHİD OLAN CANFƏDAİLƏR məgər bu dövlətin övladı deyil!? Elə 713 saylı taborun döyüşçüləri başda olmaqla 30 ildir ki, haqqı tapdalanan o illərin döyüşçüləri məgər Azərbaycan üçün döyüşməyiblər!?..
MƏHZ BU OĞLANLARIN SAYƏSİNDƏ AZƏRBAYCANIN 80 FAİZ TORPAĞI QORUNDU, "BAKIDA ERMƏNİ DÖVLƏTİ" YARANMADI!..
Bu gün Müdafiə Nazirliyində oturan harınlamış hərbi qulluqçular deyəsən hətta rəhmətlik Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanı belə görməzdən gəlirlər. Fərarini belə az da olsa torpaqlarımızın müdafiəsində iştirak etdiyinə görə o fərmanla əfv edib haqqının bərpasını təmin etməyə çalışan rəhmətlik Heydər Əliyevin çabaları Müdafiə Nazirliyinin adına belə xələl gətirən boynuyoğun danabaşlar tərəfindən hələ də tanınmır.
Və bütün bunların nəticəsidir ki, veteranlar, qazilər sortlaşdırılıb. Nəinki vəsiqəsi olmayan veteran və qazilərimiz, hətta Şəhidlərimiz arasında ayrıseçkilik aparılır. O zamankı icra strukturları və birbaşa Müdafiə Nazirliyinin səhvinin əzabını bu gün döyüşən oğlanlar çəkməkdədir. Hanı Dövlət Babanın məsələyə münasibəti?!..
Qarabağ müharibəsinin gedişatında 30 minə yaxın Şəhid vermişik, amma danışanda 3 min Şəhiddən danışılır!
Qarabağ müharibəsinin gedişatında 13 mindən artıq əlilim var, amma danışanda ancaq 44 günlük savaşda əlini, qolunu itirənlərdən danışılır!
Qarabağ müharibəsinin gedişatında minlərlə oğlan döyüşüb ki, heç veteran statusu yoxdur belə, amma danışanda 44 günlük savaşda əlinə silah götürməyənlərə "Qazi" deyib başa keçirir, döyüşən oğlanları heç .... da alan yoxdur!
Budur dediyiniz "haqq, ədalət"?!..
Sosial şəbəkələrdə icra strukturlarının, bələdiyyələrin, yuxarı instansiyalara yarınmaq istəyənlərin qazanılan qələbəmizə münasibətdə yazdıqları yazıları oxuyanda, MN-nin özünün döyüşçülərə olan yanaşmasına baxanda süni şəkildə cəmiyyətdə yaradılan uçurumun şahidi olursan. Bu kateqoriyadan olan yazıları saf-çürük edəndə apaydın görürsən ki, müəllif imzasıyla təqdim edilən o yazılar əslində MN-nin yaydığı informasiyaların təqdimatından başqa bir şey deyildir...
Savaş Tariximizə xroniki baxış keçirilirsə, heç şübhəsiz ki, 1992-ci ilin qanlı və şanlı səhifəsinin üstündən vaz keçmək ən azından tariximizə qənim kəsilməkdən başqa bir şey deyil. Məsələn, kimsə bu gün Laçın uğrunda gedən döyüşlərdən danışırsa, bu kontekstdə həmin yerlərdə sinəsini sipərə çevirən 713 saylı tabordan, 811 saylı Laçın polkundan, o zamankı Laçın polisindən söz açmaması nəinki bəndənin, heç Allahın da xoşuna gəlməz. Çünki Şəhidlərin Allah Qatında öz Ucalıqları var. Eləcə də cismimiz yoğrulan torpaq uğrunda döyüşən qazilərin, veteranların haqlarının tanınmaması Allahın Özünə asi olmaqdır...
Qorxun və utanın Allaha asi olmaqdan.
Üstəlik dərd orasındadır ki, təqdim edildiyi kimi "ikinci Qarabağ savaşı"nın iştirakçılarının əksəriyyəti, eləcə də icra strukturlarıyla MN çetesi tərəfindən "veteran" vəsiqəsiylə "mükafatlandıranlar"ın bir çoxu da köhnə döyüşçülərə ikrahla baxıb "veteran olsaydın, sənin də vəsiqən olardı" -deyə, lağ obyektinə çevirirlər...
Heç şübhəsiz ki, belə kəslər əslində öz davranışlarıyla kimliklərinini sübut edirlər. Elementar döyüş taktikasından xəbəri olmayan belə "veteranlar"ın döyüşçü əxlaqından uzaq olmaları onların və onları "istehsal eliyənlər"in kimliklərini tam ortaya qoyur...
Tarixə birtərəfli yanaşmaq həm də özü-özünü tarixin hələ açılmamış, ancaq günün birində açılacaq qatlarında basdırmaqdan başqa bir şey deyil. Bu mənada ayrı-ayrı bölgələr uğrunda gedən qanlı savaşda iştirak edən hərbi birliklərin Şərəf Muzeyi olmalıdır - o cümlədən, Laçında da yuxarıda adlarını sadaladığım Vətən Sevdalı hərbi birliklərin.
Məhz bu muzey yaradılandan sonra MN-nin informasiya boğçasından seçmələri cəmiyyətə təqdim etmək olar, əfəndilər!
Bu illərdə minlərlə Vətən Sevdalısı canını yurdumuzun azadlığı uğrunda fəda edib və minlərlə oğulun bu mübarizədəki haqqı indi olduğu kimi 1992-ci ildə Laçın və Ağdərə uğrunda gedən əməliyyatlarda misilsiz qəhrəmanlıqlar göstərmiş 713 saylı taborun döyüşçülərinin haqqı timsalında unudulub. Nə qədər acınacaqlı olsa da, reallığın fonunda yaşayış və təminat baxımından ağlar və qaralardan ibarət olan cəmiyyətimizdə Şəhidliyimiz, Qaziliyimiz, Veteranlığımız da sortlaşdırılıb. Birini baş üstünə qaldırır, digərinin haqqının tapdalanmasını görməzdən gəlirik...
Gələcəyimizi qurmaq, dövlətçiliyimzi yaşatmaq üçün belə yanaşma kökündən yanlış və qüsurludur!
FƏRQİNƏ VARIN, ƏFƏNDİLƏR!: BU QOCA KİŞİLƏRƏ VETERAN STATUSUNUN VERİLİB VERİLMƏMƏSİ BİRBAŞA YETİŞƏN NƏSLƏ DÖVLƏTİ SEVİB SEVMƏMƏK VƏ DÖVLƏTİN ÖZ VƏTƏNDAŞINA SAHİB ÇIXIB ÇIXMAMASIYLA BAĞLI ÖTÜRDÜYÜNÜZ MESAJDIR!
BİZ DÖVLƏTÇİLİYİMİZ VƏ MİLLƏTÇİLİYİMİZ NAMİNƏ GƏLƏCƏYİMİZƏ ÖRNƏK OLARAQ BU QÜSURLARI ARADAN QALDIRMALIYIQ. ÜMİD EDİRƏM Kİ, GÜNÜN BİRİNDƏ BU MƏSƏLƏYƏ MÜNASİBƏTDƏ MƏHZ ALİ BAŞ KOMANDANININ DƏMİR YUMRUĞU TAPDALANAN HAQLARIN BƏRPASI İSTİQAMƏTİNDƏ ÖZ KÖMƏKLİYİNİ GÖSTƏRƏCƏK!
BÜTÜN ŞƏHİDLƏRİMİZİN MÜQƏDDƏS RUHLARINA SAYĞIYLA...




















