Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, ictimai-siyasi və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin (1884-1955) kulturoloji irsində mədəniyyət, millət və dövlət anlayışları bir-birinə qarşılıqlı təsir göstərən dialektik proseslərdir. M.Ə.Rəsulzadə milli mədəniyyəti dil və din birliyinin, adət-ənənə və əxlaq birliyinin cəmindən hasil olan yekun kimi dəyərləndirir. Bu xüsusda birinciliyi dilə verən M.Ə.Rəsulzadənin fikrincə, dil millətin böyük bir hissəsidir, onun zahiri və batinidir. Onun yaradıcılığında dil damğası millətləri bir-birindən ayıran ən böyük əlamət kimi səciyyələndirilir.
M.Ə.Rəsulzadənin istiqlal məfkurəsinin reallaşmasında təməl daşı və ideoloji mənbə kimi qiymətləndirdiyi milli mədəniyyətlə bağlı yaradıcılığı zəngin və çoxşaxəlidir. Bu yaradıcılıq irsi Azərbaycan xalqının milli-mənəvi xəzinəsini zənginləşdirmişdir. M.Ə.Rəsulzadə dövləti olmayan millətin mövcudluğunun başlıca təminatı (tarixi yaddaş və milli mədəniyyət) zəminində millətə qurtuluş yolunu göstərən bir şəxsdir. Azərbaycan kəlməsini coğrafi, etnoqrafik və linqvistik bir çərçivədən çıxararaq ona siyasi məna və ruh verən də məhz M.Ə.Rəsulzadədir. Onun ictimai şüurda formalaşdırdığı istiqlal məfkurəsi sayəsində xalqa qurtuluş yolu göstərilmiş və müsəlman Şərqində ilk Cümhuriyyət elan olunmuşdur.
M.Ə.Rəsulzadə irsinin tədqiqi həm Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi, həm də Azərbaycanın bugünkü müstəqilliyinin qorunması baxımından əhəmiyyətlidir. M.Ə.Rəsulzadənin kulturoloji irsi öyrənilmədən Azərbaycan mədəniyyət tarixinin son 150 illik dövrünün obyektiv araşdırılması mümkün deyil. Bu baxımdan onun bu gün də aktuallığını qoruyan kulturoloji irsinin araşdırılması tədqiqatın əsas məqsədidir. Onun mədəniyyət, millət və dövlət anlayışlarına münasibətinin öyrənilməsi tədqiqatın elmi mahiyyətini təşkil edir. Tədqiqatın nəzəri və metodoloji əsasında tarixi-müqayisəli təhlil prinsipləri durur. M.Ə.Rəsulzadənin kulturoloji irsinin təqdimatında elmi-tənqidi yanaşma metodu əsas yer tutur.
1. Cümhuriyyətə qədərki Azərbaycan mədəniyyətinə ümumi baxış.
Azərbaycanın Xalq Cümhuriyyətinin qurucuları mədəniyyət məfhumuna orijinal münasibətləri ilə seçilmişlər. Milli dövlətin nəzəri əsaslarının hazırlanması və milli dövlət quruculuğunun həyata keçirilməsində mühüm rolu olan M.Ə.Rəsulzadə də “Mədəniyyət sinfi deyil, millidir” başlıqlı məqaləsində [10, s.1-2] bu qənaətə gəlir ki, Bəşər mədəniyyəti – milli mədəniyyətlərin toplusu və müxtəlif mədəniyyət çiçəklərini bir araya gətirən gözəl bir çələngdir. Yoxsa, milli mədəniyyətlərin xaricində bəşəri mədəniyyət mövcud ola bilməz. Bəşəri mədəniyyət müxtəlif milli mədəniyyətlərin, insan övladının müştərək dərdlərini, ehtiyac və duyğularını oxşayan seçilmiş bir qismidir. M.Ə.Rəsulzadə bəyan edirdi [6] ki, XVIII əsrin sonları və XIX əsrin əvvəllərindən etibarən mədəniyyət dünyası tarixində ən böyük rol oynayan fikir cərəyanları XX əsrin astanasında daha qüvvətli xarakter daşımış, Avropa və Amerika hüdudlarını aşaraq Yaxın və Uzaq Şərq ölkələrini də öz təsir dairəsinə almışdı. Milliyyət, cümhuriyyət, demokratiya və müasirlik kimi dörd mühüm əsasa istinad edən bu fikir cərəyanları artıq Azərbaycanda da mövcud idi.
Milli Azərbaycan hərəkatını, ideoloji mənşəyi etibarilə Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki mədəniyyət və demokratiya cərəyanlarını özündə birləşdirmiş bir hərəkat hesab edən M.Ə.Rəsulzadə yazırdı: “Qafqaz Azərbaycanı nə din, nə irq, nə də mədəniyyət baxımından onunla qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu kimi, tarixi ənənəsi türk və islam düşmənliyinə dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən, istər türkçülük və istərsə islamçılıq ideyaları burada canlı inikasını tapmışdır. Tədricən ictimai qüvvələrin fəallığı və geniş xalq təbəqələrinin ictimai hərəkata daha çox qovuşması sayəsində, Azərbaycandakı milli hərəkat Müsəlman Şərqin digər ölkələrindən daha əvvəl “avropavi” bir şəkil almışdır” [7, s.163].
M.Ə.Rəsulzadənin milliyyət və millət anlayışları ilə bağlı belə qənaətə gəlir ki, dilləri, dinləri, adətləri, ənənələri, tarixləri, vətənləri və sairələri bir olan insanlar bir milliyyət təşkil edirlər. Bir milliyyətin millət halına keçməsi üçün isə ümumi şüur və kollektiv iradənin formalaşması zəruridir. Bu da yalnız “ictimai hafizə” vəzifəsini daşıyan orqanın vasitəsilə mümkündür. O, “Millət olmaq əzmi” adlı məqaləsində [11, s.2-3; 5, s.2-3] belə bir ümumiləşdirmə aparırdı ki, müxtəlif zamanlara görə “ictimai hafizə” vəzifəsini daşıyan orqan dəyişik olmuşdur. Məsələn, orta əsrlərdə bu vəzifəni feodal zümrə görürdü. Millətin sosial həyatını tənzimləyən, tarixi hadisələri, adət-ənənələri qeyd edən və yaşadan orqan rolunu, vəzifəsini cəngavər qalaları və xan sarayları oynayırdı. Zamanın gedişatı ilə bu orqan da dəyişirdi. Feodalizmin dağılması və kapitalizmin inkişafı nəticəsində mənəviyyat mərkəzi “qala”lardan şəhərlərə keçdi. Millətin ümumi şüurunu formalaşdıran, onu tərbiyə edən, iradəsini təmsil edən bir sinif kimi ziyalı zümrəsi zühur etdi, yetişdi. Bu təbəqənin öz tarixi vəzifəsinin icrası üçün istifadə etdiyi ən böyük vasitə və alət isə mətbuat olmuşdur. İctimai rəyin və kollektiv iradənin formalaşması məhz mətbuat sayəsində mümkün olmuşdur. Ziyalılar bu orqan vasitəsilə öz içərilərindən ictimai rəyi və milli özünüdərk prosesini sürətləndirən fikir adamları və sənətkarlar yetişdirdilər. XIX əsrin sonlarına doğru “yeni ictimai zümrənin – sənaye burjuaziyası və avropavi ziyalı zümrəsi”nin [4, s.12] meydana çıxması Rusiya çarlığının sistemli surətdə tətbiq etdiyi ruslaşdırma siyasətinə qarşı mübarizəyə və Azərbaycanın öz mənliyini mühafizəyə yardım etdi. XX əsrin əvvəllərində isə artıq Qafqazın bir parçasını təşkil edən Azərbaycanın Rusiya imperatorluğu tərəfindən işğalından yüz ilə yaxın bir zaman keçirdi. M.Ə.Rəsulzadə “Stalinlə ixtilal xatirələri” əsərində [16, s.10] yazırdı ki, bu müddət ərzində bütün milli təşkilatları dağıtmaq siyasəti güdən çarizm məqsədinə heç də tamamilə nail ola bilməmişdi. Milli xüsusiyyətləri heç vaxt unutmamış xalqda hürriyyət və milli istiqlal fikirlərini mənimsəyən yeni bir ziyalı nəsil yetişmişdi.
Azərbaycan belə bir tarixi gedişatla, dünya sivilizasiyasının o vaxta qədər ən yüksək pilləyə çatdığı XX əsrə qədəm qoyur. İnsan zəkası hər şeyə hakim kəsilir. Fironların və despot hökmdarların taxtında xalqın ümumi idrakının daşıyıcısı olan fikir sahibləri oturmağa başlayır. Demokratik fikirlərin cövlan etdiyi bu əsrdə cəngavərliyin, aristokratiyanın yerini mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutmağa başlayır. “Hakimiyyət imperatorlardan, sultanlardan, şahlardan xalqa, bilgi kahinlər, sehrbazlar və ilahilərdən alimlərə, texniki elm sahibləri və yazarlara keçdi” [14, s.265]. Nəhayət, Yapon zəfərlərinin iflic vəziyyətinə saldığı Rusiya İmperatorluğunun dayaqları laxlamağa başladı. Azərbaycan 1905-ci il ərəfəsində Rusiya imperiyası tərkibinə qatılmasının təxminən bir əsrini yaşayırdı. Bu zaman “Milli Azərbaycan hərəkatının hər cür siyasi, sosial, iqtisadi və mədəni təşkilatlarının mərkəzləri də əksəriyyətlə” [16, s.13] Bakı şəhərində yerləşirdi. Artıq XX əsrə qədəm qoymuş Azərbaycan cəmiyyətindəki mədəni hərəkat milli mahiyyət almağa başlamışdı. İmperatorluq daxilində cərəyan edən liberal və istiqlalçı cərəyanlarla həmahəng olaraq irəliləyən bu hərəkat, bir tərəfdən də bütün Rusiyadakı müsəlmanların milli-mədəni haqlarını tələb edirdi.
2. Dil, mədəniyyət və millət.
Millətlərinin gələcəyini milli-mədəni birliyə bağlayan Azərbaycan ziyalılarının böyük bir qismi milli birliyin formalaşmasını milli mədəniyyətin mühafizəsi və inkişafında görürdülər. Bu mənada mədəniyyətin mühüm amillərinin, ilk növbədə dilin milli tərəqqidə, milli özünüdərkdə oynadığı mühüm rola dair M.F.Axundov, H.B.Zərdabi, Ş.C.Əfqani, İ.Qaspıralı, Ə.B.Ağayev, Ə.B.Hüseynzadə kimi bir çox türk ziyalıları da dəyərli fikirlər söyləmişlər. Xüsusilə, M.Ə.Rəsulzadə, M.K.Atatürk, M.B.Məmmədzadə kimi “milli dövlət ideoloqları” “dil-mədəniyyət-millət” məfhumlarını eyni mövqedən dəyərləndirmişlər. Dili mədəniyyətin ifadə vasitəsi, milli birliyin ən sağlam dayağı kimi dəyərləndirən Atatürkə görə milli dövlətin əsasını mədəniyyət təşkil edir: “Türkiyə Cümhuriyyətinin təməli mədəniyyətdir” [1, s.87, 152]. M.Ə.Rəsulzadəyə görə də “dil bir nöqteyi-nəzərdən həmən millət deməkdir”. “Dil millətin böyük bir hissəsidir, zahiri və batinidir. Millətləri bir-birindən ayıran ən böyük əlamət məhz bu dil damğasıdır”, “Milliyyətin əsas sütununu təşkil edən şey dildir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir” [17, s.476-479]. M.Ə.Rəsulzadə millətin tarixi formalaşma prosesində də dilin rolunu önə çəkir, “milliyyət”lə “millət”i [11, s.2-3] mahiyyətcə fərqləndirir və millətin yalnız “ictimai hafizə” [12, s.19-25] vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəldiyini yazır.
Millətin və dövlətin təşəkkülündə mədəniyyətin roluna birincilik verən M.B.Məmmədzadə milli dövləti mədəniyyət yaradıcılığının zirvəsi hesab etməklə yanaşı, həm də belə bir tezis irəli sürür ki, “milli istiqlala malik olmayan bir millət hürriyyət və mədəniyyətini hifz edə bilməz” [4, s.54-55]. Bəşər mədəniyyətini milli mədəniyyətlər məcmusu hesab edən M.B.Məmmədzadəyə görə millətlər müstəqil olmadıqca milli mədəniyyətlərini mühafizə edə bilməzlər və buna görə də bəşər mədəniyyəti qüsurlu olar. M.Ə.Rəsulzadəyə görə də “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur” [17, s.462]. Mənəvi işğal təhlükəsinin mövcudluğunu xatırladan M.Ə.Rəsulzadə yazırdı ki: “Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsl bunun üçündür ki, assimilyasiya əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər” [17, s.476]. M.Ə.Rəsulzadə “türk mədəniyyət birliyi”, “türk dil birliyi”, “sadə və təmiz dil uğrunda” [9, s.1-3; 10, s.1-2] tezislərini müdafiə etməklə bərabər, həm də bu tezislərin əhəmiyyətini, mahiyyətini izah edərək xalqa çatdırmağa çalışırdı. Eləcə də bir küll olaraq qəbul etdiyi türklüyün dil üzərində qurulduğunu vurğulayırdı. M.Ə.Rəsulzadənin sadə və təmiz türk dili formasında ifadə edilmiş tezis qısa bir müddət ərzində rəğbət qazanmış və bu dildə millətçi bir ədəbiyyatın yaranmasına yol açmışdı. “Azərbaycan Cümhuriyyəti” əsərində [13, s.7] azərbaycanlıları milliyyət etibarı ilə türk, din etibarilə islam, mədəniyyət etibarilə şərqli olaraq təqdim edən M.Ə.Rəsulzadəyə görə dil daima bir millətin təməlini təşkil edir. Dil bu nöqtədə milliyyət və millət məfhumları ilə birləşməkdədir. Yəni dil, milli mədəniyyət və millət bir bütündür ki, tamamən bir-biri ilə qaynayıb-qarışmış, birləşmişdir. Bu tarixi, sosial və kulturoloji gerçəklik dilin dəyərini ortaya qoymaqdadır.
3. Mədəniyyət və milli dövlət.
M.Ə.Rəsulzadə inanırdı ki, türk milləti dünya mədəniyyətinə orijinal və zəngin mədəniyyət əlavə edə biləcəkdir. Çünki artıq XIX əsrin əvvəllərindən etibarən “mədəniyyət dünyası tarixində ən böyük rol oynayan milliyyət fikri XX əsrin girməsi ilə daha artıq qüvvətlənmiş, Avropa və Amerika hüdudunu aşaraq, yaxın və uzaq şərq məmləkətlərini də öz təsiri ilə bürümüşdü” [6, s.118]. “Milli dirilik” başlıqlı silsilə məqalələrində [15] millətin din birliyinə deyil, dil və mədəniyyət birliyinə dayandığını, müsəlmanlığın milləti deyil, ümməti ifadə etdiyi qənaətində olan M.Ə.Rəsulzadə, milliyyəti təşkil edən amilləri təhlil etmişdir.
İnsanlıq və mədəniyyət baxımından milli dövlət qurmağın zəruri və ən demokratik yol olduğunu isbat edən M.Ə.Rəsulzadə bütün millətlərlə bərabər rus əsarətində olan türklər üçün də milli dövlət qurmaq haqqının tanınmasını hərarətlə müdafiə edə bilmişdir. O, milli mövcudiyyətlərini mühafizə və milli mədəniyyətlərini inkişaf etdirmək üçün milli hüdudları daxilinə çəkilib milli azadlıq və istiqlala qovuşmalarını müdafiə etməklə bərabər, həm də bütün millətlərin “dünya federasiyasında” birləşə biləcəklərinə inanmış və hər kəsi də inandırmışdır. 7 dekabr 1918-ci ildə Bakıda fəaliyyətə başlayan Azərbaycan Parlamentindəki açılış nitqində M.Ə.Rəsulzadə bu məsələyə toxunmuşdur [2, s.10]. Onun, üçüncü Fətəli Xan hökumətinin bəyannaməsi ilə bağlı çıxışı bir hökumət proqramı mahiyyətində idi. M.Ə.Rəsulzadə Azərbaycan Cümhuriyyətinin təşəkkülü ilə milli dövlət məfkurəsinin zəfərini görür və bu zəfər nəşəsi ilə coşur və hər kəsi çaşdırırdı. Azərbaycan istiqlalının birinci ildönümü münasibətilə (28 may 1919-cu il) verdiyi bəyanatda isə: “Milli mədəniyyət əsasında dayanması və milli demokratik türk dövlətçiliyi təməli üzərinə qurulması etibarilə Azərbaycan, ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir” [2, s.13-14] deyir, bunu izah və isbat edirdi.
Milli istiqlal davasını mədəni millətlər ailəsində özünəməxsus bir evə malik olmaq davası ilə eyniləşdirən M.Ə.Rəsulzadəyə [6, s.119] görə 28 May, müasir Azərbaycan cəmiyyətinin milli tərəqqi və mədəni inkişaf seyrini icmal edərək, ona yaşadığımız milli istiqlal məfkurəsi ilə dolu, böyük dövr ilə mütənasib bir şəkil və istiqamət vermişdir: “Türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Cümhuriyyəti müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim cümhuriyyətimiz ilk türk dövlətidir” [8, s.4].
M.B.Məmmədzadə Cümhuriyyətin quruluşunu “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat olaraq ortaya çıxan Azərbaycan türk milliyyətçiliyinin məntiqi bir sonucu” [3, s.20] kimi dəyərləndirirdisə, M.Ə.Rəsulzadə deyirdi ki, Rusiya idarəsindəki müsəlmanlara “Türk” dedirtmək indi qazanılmış bir davadır. Yalnız “Türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanılmışdır” [14, s.303].
4. Məzmunca da, formaca da milli mədəniyyət.
Azərbaycan Xalq Cümhuriyyətinin milli-mədəni inqilab tərəfdarları, kommunistlərin irəli sürdüyü “sinif mədəniyyəti” iddiasını tamamilə uydurma və yanlış hesab edir və buna qarşı “milli mədəniyyəti” (“proletar mədəniyyəti”nə qarşı “milli mədəniyyət”i) qoyurdular. Azərbaycan milli dövlətçiliyinin baniləri sonrakı mərhələdə də kommunistlərin “formaca milli, məzmunca sosialist” şüarına qarşı “məzmunca da, formaca da milli mədəniyyət” tezisini qoymuşlar. Onların fikrincə, millət xaricində hər hansı bir sinif mövcudiyyəti düşünülə bilməz. Çünki fəhlə də hər yerdə və hər zaman, bütün digər siniflər kimi, öz yurduna, dilinə, ədəbiyyatına, sənətinə və ümumiyyətlə, milli varlığına və mədəniyyətinə bağlı və sadiq qalmışdır.
“Milliyyətini inkar edən hər hansı bir fəhlə sinfi təsəvvür edilə bilməz” fikrində olan M.Ə.Rəsulzadə “Mədəniyyət sinfi deyil, millidir” adlı məqaləsində yazırdı: “Milli mədəniyyətdə hər sinif xalqın payı və hissəsi vardır. Milli mədəniyyət hər sinif xalqın həyatını, istəklərini və dərdlərini əks etdirir. Hələ yoxsul xalq təbəqələri, ən böyük müdafiələrini və hamilərini milli ədiblərimizin, milli sənət xadimləri və elm adamlarımızın qüvvətli qələmlərində və fırçalarında tapırlar” [10, s.1-2]. Fəhləni millətindən ayırma hədəfini güdən kommunistlərin təşəbbüslərini, qoyunu sürüdən ayıraraq boğmağa çalışan qurdun hərəkətinə bənzədən M.Ə.Rəsulzadənin fikirlərini bu şəkildə ümumiləşdirmək mümkündür: Digər xalq zümrələri qədər fəhlə də rifahını və səadətini ancaq bütün millətin müştərək və yekdil səyi nəticəsində təmin edə bilər. Milli topluluq xaricində heç bir rifah ola bilməz! “Milli mədəniyyət yoxdur, sinif mədəniyyəti vardır” deyənlərin mədəniyyətlə əlaqələri yoxdur. Sırf imperialist məqsədlər güdən rus uşaqları fəhləni öz dili, teatrı və musiqisindən məhrum edib, ona rus dilini və mədəniyyətini zorla qəbul etdirmək istəyirlər. Sinfin mücərrəd və müstəqil varlığı ola bilməyəcəyi kimi, özəl və ayrı bir mədəniyyəti də ola bilməz. Mədəniyyət birdir və müştərəkdir, yəni bütün millətin malıdır. Bu mədəniyyət, millətin bütün tarixinə aid siniflər fövqü bir varlıqdır. Buna görə də adına milli mədəniyyət, yəni millətin bütün keçmişini əks etdirən bir mədəniyyət deyilir.
5. Mədəniyyətdə müasirləşmə.
M.Ə.Rəsulzadə mədəniyyətdə müasirləşmə probleminə müxtəlif adlar qoyanlara, çağdaş dünyanın elmi-mədəni dəyərlərini yalnız müəyyən coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq “gəlin yanlış termin işlətməyək” – deyirdi. Onun fikrincə “Şərq mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, orta cağ mədəniyyəti ilə çağdaş mədəniyyətdən bəhs etmək lazımdır” [12, s.22]. Bu mənada M.Ə.Rəsulzadə bəşəriyyətin mədəni tərəqqisində elm və mədəniyyətin məqsədlərinə də toxunaraq yazırdı ki, “İdarəçilik sahəsində qazanılmış qiymətləri elm ölçüsü ilə dəyərləndirərək, cəmiyyət nizamını ona görə qurmaq ictimai bir idealdır” [12, s.88]. M.Ə.Rəsulzadə belə bir qənaətə gəlir ki, Avropa mədəniyyətini mənimsəmə məsələsində çox vaxt yanlış şərhlərə yol verilir. Bəzən elə təəssürat yaranır ki, guya Şərqi atıb, Qərbi tuturuq. Əslində isə islam-xristian, şərq-qərb mədəniyyəti anlamlarının orta çağ və müasir mədəniyyət şəklində işlədilməsi doğru olardı [18, s.3]. M.Ə.Rəsulzadə mövqeyini bu şəkildə əsaslandırır ki, çağdaş mədəniyyətə ayaq uydurmağa yönəldilmiş islahat hərəkatına bizdə qərbliləşmək və avropalılaşmaq adı verilməkdədir. Geri qalmış Şərq məmləkətlərini “Qərb mədəniyyətinə” çatdırmaq yolunda radikal üsullara baş vuran milli türk inqilabının ideologiyasını işləyənlər Şərq mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədəniyyət anlamlarını qarşılaşdırırkən əsaslı bir xətaya düşür, yanlış termin işlədirlər. Halbuki, mədəniyyətin coğrafi sahələrə istinadən bölünməsi və bir mədəniyyətdən digər mədəniyyətə keçmək düşüncəsi doğru bir görüşün məhsulu deyildir. Çünki “dünya mədəniyyəti bir bütündür”. M.Ə.Rəsulzadə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, orta əsrlər mədəniyyəti ilə müasir mədəniyyətdən bəhs etmək lazım gəldiyini vurğulayır. O, qeyd edir ki, bizim “dəyişdirdiyimiz” mədəniyyət, Avropanın da vaxtilə “dəyişdirmiş” olduğu orta əsrlər mədəniyyətidir. “Almaqda” olduğumuz mədəniyyət də bir Qərb mədəniyyəti deyil, müasir bir mədəniyyətdir.
M.Ə.Rəsulzadə diqqəti Şərq-Qərb mədəniyyətlərinin coğrafi mənalarla izah edilməsinin yanlış olduğu məntiqinə yönəldir: “Məsələn, Şərq deyirik. Yaponiyanı nəzərdə tutmuruq. Qərb dedikdə İspaniyanı düşünmədiyimiz kimi...” [18, s.3-4]. M.Ə.Rəsulzadə vaxtilə Yaponiyanın müasirləşmə sahəsində qazandığı uğuru modern inkişaf yolu tutmuş Türkiyənin də təkrarlamağa çalışdığını nəzərdə tutaraq yazırdı ki: “Millətçi Türkiyə, bugünkü gənc şərqlilərə örnək olaraq yapdığı inqilab həmləsi ilə Şərqdən sıyrılıb Qərbə qatılmayır; geri orta əsrlər səviyyəsindən çıxaraq mütərəqqi səviyyəyə yüksəlir” [18, s.4]. M.Ə.Rəsulzadənin digər bir fikri də siyasətlə mədəniyyətin qarşılıqlı təsirlənmələri üçün etalon hesab edilməlidir. İdarəçilik sahəsində qazanılmış meyarları elm ölçüsü ilə dəyərləndirərək, cəmiyyətin nizamını ona görə qurmağın “ictimai bir ideal” olmasını zəruri hesab edən M.Ə.Rəsulzadə “Elm və siyasət” məqaləsində yazırdı ki, “Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir” [12, s.88]. M.Ə.Rəsulzadənin elm, siyasət və mədəniyyətin hansı bir məqsədə xidmət etməli olduğunu aydın göstərən bu düstur, yalnız dünya gücləri tərəfindən tətbiqini tapdığı təqdirdə insanlığın perspektivlərinə nikbin baxıla bilər.
Nəticə.
M..Ə.Rəsulzadənin baxışlarına görə, nə millət keyfiyyətinə layiq bir cəmiyyət olmadan milli mədəniyyət, nə də bundan məhrum olan millət var ola bilməz. Millət olma keyfiyyəti baxımından bir cəmiyyət, ilk növbədə milli-mədəni birliyin məhsuludur. Bunun üçün hər şeydən öncə dövlət, parlament, hökumət səviyyəsində “millət” və “milli mədəniyyət” zərurətinin dərk edilməsi lazımdır. M.Ə.Rəsulzadə bu qənaətə gəlmişdir ki, “milli dövlət mədəniyyət yaradıcılığının ən yüksək şəklidir”, “mədəniyyət nizamının ən yüksək təzahürü dövlət nizamıdır”, “millətsiz dövlət olmadığı kimi, dövlətsiz millət də, hələ millət deyil, toplumdur”. Bu mənada Azərbaycan Xalq Cümhuriyyəti xalqın azadlıq hərəkatı tarixində dərin iz qoyaraq sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə xalqın azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
M.Ə.Rəsulzadə üçün milli dövlətin başlıca ölçüsü və meyarı milli mədəniyyətdir. Azərbaycanın milli dövlətçilik təcrübəsi də təsdiqlədi ki, mədəniyyət bir millətin ortaq düşüncəsini və kimliyini təşkil edən maddi və mənəvi dəyərlərin sintezidir. Bir millətin mədəniyyəti, onun keçmişindən süzülüb gələn maddi və mənəvi dəyərlərin cəmi olmaqla, zaman daxilində özünə xas duyğu, düşüncə və ifadə tərzi ilə ortaya çıxmaqdadır. Sağlam bir cəmiyyət, milli-tarixi düşüncəyə sahib, keçmişi ilə qürur duyan və gələcəyinə inam və ümidlə baxan bir cəmiyyətdir.
M.Ə.Rəsulzadənin istiqlal məfkurəsinin reallaşması sübut etdi ki, dünya millətlərinin müxtəlif mədəniyyətləri arasında Azərbaycan xalqının da özünəməxsus, köklü və zəngin milli mədəniyyəti böyük önəm daşıyır. Bu mədəniyyət türklüyün doğuşu ilə başlamış, zamanla inkişaf edərək, minlərcə il türk toplumlarını millət olaraq mühafizə etmiş, onlara türklük damğası vurmuşdur.
Mədəniyyətdə müasirləşmə problemi ilə bağlı mühafizəkarlar və qərbçilərin baxışlarından fərqli olaraq M.Ə.Rəsulzadə bu fikirdə idi ki, elmi-texniki tərəqqinin nailiyyətləri, mədəni yeniliklər mənimsənilməli, ruhi-mənəvi dəyərlər mühafizə edilməlidir. Əslində M.Ə.Rəsulzadə mədəniyyətləri coğrafi məkanları ilə adlandırmağın əleyhinə çıxaraq vahid bir dünya mədəniyyətindən söz açmağı məntiqi bilmişdir. M.Ə.Rəsulzadənin “dünya mədəniyyəti bir bütündür” qənaəti müasir kulturoloqlar tərəfindən də təqdir edilməkdədir. Azərbaycan Respublikasının mədəniyyət siyasətində M.Ə.Rəsulzadənin kulturoloji irsindən faydalanmaq baxımından, araşdırma zamanı əldə olunan elmi nəticələr həm də praktik əhəmiyyət kəsb edir.
MÜBARİZ SÜLEYMANLI
professor


















