JURNALİSTİKAMIZIN MÖVCUD DURUMU

Aktual / Cəmiyyət / Manset / Yazarlar 18-mar, 07:029 tv713 19 0




İGİD TEYMURLU



OXUCU İLƏ MEDİANIN ORTAQ SINAĞI



Jurnalistika cəmiyyətin güzgüsüdür. Bu güzgü nə qədər aydın və şəffafdırsa, cəmiyyət də özünü bir o qədər doğru görür. Bu gün Azərbaycan jurnalistikası mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir.

Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin təsiri və informasiya bolluğu ənənəvi medianın rolunu həm zəiflədib, həm də yenidən müəyyənləşdirib.
Sosial mediada artan operativlik, saniyələr içində yayılan xəbərlər fonunda dəqiqlik və peşəkarlıq məsələsi daha həssas mövzuya çevrilib. Reytinq və bəyənmələr uğrunda gedən "yarış" jurnalistikaya hakim olaraq bazar təfəkkürünü gətirib və təsdiq edib.
Halbuki bazar təfəkküründən uzaq olmalı jurnalistikanın əsas missiyası təkcə xəbər vermək deyil, həm də izah etmək, araşdırmaq və ictimai məsuliyyət daşımaqdır.

Müstəqillik, obyektivlik və etik prinsiplər qorunanda jurnalistika cəmiyyətə xidmət edir. Amma heç kimə sirr deyil ki, bugünkü jurnalistika bir növ həmin prinsiplərdən yan keçmək və buna özünməxsus tərzdə don geyindirməklə informasiya xaosunun bir parçasına çevrilib

Maliyyə asılılığı bugünkü jurnalistikanı daha çox və özündən də asılı olmayaraq kommersiya maraqlarına bağlayırsa, burada hansısa publisistik inkişafdan danışmaq da arxa plana keçir. Bu gün ictimai məsuliyyət baxımından təkcə mətbuat deyil, oxucunun özü də imtahan qarşısındadır.

Çünki mətbuatın taleyi həm də birbaşa auditoriyanın davranışıyla bağlı olan məsələdir. Oxucu nəyi oxuyursa, nəyi paylaşırsa, nəyi maliyyələşdirirsə – media da ora istiqamətlənir. Əgər sensasiya, başlıq şousu və emosional manipulyasiya daha çox diqqət toplayırsa, bazar məntiqi bunu “tələb” kimi qəbul edir və mətbuat da öz fəaliyyətini yaşamaq naminə bazar "tələbləri" çərçivəsində qurur.

Beləcə də mətbuat publisistikanı arxa plana keçirməklə kommersiyaya "hə" deyib, əslində auditoriyanın zəif zövqünə xidmət etməyə başlayır.

Deməli, seçim yenə də oxucunun qarşısındadır: ya ucuz informasiya ilə kifayətlənmək, ya da keyfiyyətli və məsuliyyətli jurnalistikanı tələb etmək. Keyfiyyət tələb olunmadıqca, o, yaranmır.
Çünki vurqulandığı kimi, oxucu seçim edəndə media istiqamət alır.

Belə olan halda mətbuat öz nəzarətçi funksiyasını da itirir, formal xəbər ötürənə, ya da maraq qruplarının tribunasına çevrilir.

Bu gün cəmiyyət olaraq normal mətbuat görmək istəyiriksə 72-lik sabunla yuyunanları və yuyulanları söyməzdən öncə reallığa baxıb, onu qiymətləndirməli və hamılıqla gərəkən şəraitin yaradılmasına çalışmalıyıq. Mirşahinləri söyməyə, ona münasibətdə Cəlal Əliyevdən sitat gətirməyə nə var ki. Danmaq olmaz, fərqinə varan yox ki, Miri dediyimiz Şahin Ağayev son dövr publisistikamızın Bir İncisidir, amma cəmiyyətin böyük bir kəsimi ona dəyəri məlum sitatla verir. Əslində bu, Şahin Ağayevə verilən qiymət deyil, bu səpkidə çıxış etmək sındırdığı güzgü qırıntısında özünə baxıb lağ edən cəmiyyətimizdəki kəsimin özünün dəyəridir. "Cayıl oğlan"sansa sən mətbuatın yanlış istiqamətə sürüklənməsinə rəvac verən səbəbərin aradan qaldırılmasında demokratik düşüncəndən süzülüb gələn iştirakçılıq, cavabdehlik, məsuliyyət bacarığını ortaya qoy, mediaya yön ver.

Bacararsanmı?

Sual olunur: bu gün Azərbaycanda faktlara söykənərək yazdıqlarına görə jurnalistin hüquqi təminatı varmı?

Hüquqi müstəvidə bu təminat olsa da, təəssüf ki, reallıqda bunun əksinin şahidi oluruq. Real ifadə azadlığı kağız üzərində deyil, praktikada işləməlidir. Jurnalist araşdırma apardığına görə təzyiq və ya qorxu yaşamamalıdır. Məhkəmə sistemi müstəqil olmalı, medianın müdafiə mexanizmi formal yox, real xarakter daşımalıdır.

Media maliyyə müstəqilliyinə sahib olmalı, mediaya bu və ya digər formatda dəstək ola biləcək sahibkarlara, reklam şirkətlərinə seçim azadlığı verilməlidir, onlara etdikləri seçimə görə təzyiq göstərilməməlidir, təqib edilməməlidirlər. Özünü maliyyələşdirə bilməyən media istər-istəməz maliyyə verənin maraqlarına uyğun davranır. Reklam bazarının şəffaflığı, abunə və oxucu dəstəyi modeli ortaya qoyulmalıdır.

Təbii ki, bütün bunların fonunda peşəkarlıq və etik standartlar, faktların yoxlanılması, balanslı mövqe, mənbə etibarlılığı jurnalistin fəaliyyətinin əsasını təşkil etməlidir. Əks halda sevə-sevə işlətdiyimiz mətbuatın nəzarət funksiyası populizmə çevrilir. Populist çıxışlara və populizmin bəslədiklərinə meydan verilir, onlardan mətbu büt düzəldilir. Ki, həmin bütlərdən biri də son günlərdə ATƏT-in iclası kontekstində beynəlxalq arenada şahidi olduğumuz olay timsalında Azərbaycan adına bizlərə utanc bəxş edir. Bu da sl sənə büt formalaşdıranların AQİLliyi....

Digər bir tərəfdən, bu gün Azərbaycanda informasiyaya çıxış imkanları hədsiz dərəcədə qəlizləşdirilib, açıq məlumat bazaları, sorğulara operativ cavab vermə mexanizmi yoxdur. Belə olanda da jurnalist faktın üzərində deyil, indiki kimi şayiənin üzərində işləməyə məcbur qalır. Və belə yanaşma sosial mediada lap iyrənc bir format alıb ki, o da hər kəsin gözü önündədir

Səbəb nədir? Səbıb....çünki əməldə deyil, sözdə fəal və tələbkar olan auditoriya keyfiyyətli jurnalistika tələb edir, ancaq mediaya göstərdiyi maraq çərçıvəsində öz alıcılıq qabiliyyəti başqa kriteriyalara köklənir. Bu kriteriyalara köklənən oxucunun, tamaşaçının alıcılığı şübhəsiz ki, ucuz şou xarakterli, yalana söykənən informasiyaların təqdimatıyla qarşılaşır. Şübhəsiz ki, belə olan halda onun etdiyi tənqid də bayağılaşır və formal xarakterli sayır. Oxucu tənqidi formallıqdan çıxıb əməl kontekstində özünü göstərəndə, iştirakçılıq, məsuliyyət missiyası ortaya qoyulanda və mediaya gərəkən şərait yaradılanda KİV-in də məsuliyyət səviyyəsi yüksəlir.

Yəni, mətbuatın nəzarətçi rolu yalnız jurnalistin cəsarətindən asılı deyil; bu, hüquqi mühitin, iqtisadi modelin, peşə etikasının və ictimai şüurun birgə məhsuludur. Bu gün bizlər mətbuat adlı güzgüdə problem görürüksə, deməli, məsələ təkcə güzgüdə deyil — bu, o güzgüyə baxanların da seçimindədir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr