SƏNGƏRDƏ YARANAN ƏFSANƏ

Manset / Şahidlər və Şəhidlər / Tarix 15-may, 22:439 tv713 12 0





MEHDİ RÜSTƏMOVun yarımçıq qalmış savaşı


SƏNGƏRDƏ YARANAN ƏFSANƏ



Müharibələrin taleyini bəzən təkcə ön xətdə silah tutanlar yox, həm də döyüşün ağlını, nizamını və ruhunu ayaqda saxlayan insanlar müəyyən edir. Elə insanlar olur ki, həm qərargahda plan qurur, həm də səngərdə döyüşür. 713 saylı Laçın taborunun Şəhid qərargah rəisinin müavini Mehdi Həmdəm oğlu Rüstəmov da məhz belə insanlardan idi.

1956-cı il sentyabrın 1-də Laçın rayonunun Pircahan kəndində dünyaya gələn Mehdi Rüstəmov uşaqlıqdan zəhmətlə böyümüş, həyatın çətinliklərinə erkən alışmış insanlardan idi. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlir, bir müddət fəhlə işləyir, daha sonra sovet ordusunda həqiqi hərbi xidmət keçir.

O dövrün bir çox gəncləri kimi həyatını zəhmətlə qurur, addım-addım irəliləyirdi.
Amma Mehdi Rüstəmovu fərqləndirən əsas xüsusiyyət onun daim özünü inkişaf etdirməsi idi. Hərbi xidmətdən sonra dəniz sahəsində çalışmağa başlayır, “Sovet Azərbaycanı” gəmi-bərəsində işləyir. Daha sonra Odessa Dəniz Mühəndisləri İnstitutunun qiyabi şöbəsinə daxil olur və ali təhsilini qırmızı diplomla başa vurur. Təhsil aldığı müddətdə “VİXR-2” yanğınsöndürən gəmisində mexanik kimi fəaliyyət göstərirdi.

O, həyatını dənizdə davam etdirə, sakit və sabit bir ömür yaşaya bilərdi. Lakin torpaq işğal altına düşəndə Mehdi Rüstəmov üçün artıq başqa yol yox idi.
Erməni separatizmi Azərbaycan torpaqlarına qarşı açıq işğal siyasətinə başlayanda daxili xidmət baş leytenantı Mehdi Rüstəmov könüllü şəkildə cəbhəyə yollandı. Bu qərar onun üçün sadəcə vəzifə seçimi deyildi — doğulduğu Laçının harayı idi.

Məhz həmin ağır günlərdə əsasən yerli sakinlərdən ibarət 713 saylı Laçın taboru formalaşdırılırdı. Mehdi Rüstəmov taborun yaranması prosesində yaxından iştirak edən əsas simalardan biri oldu. O, təkcə hərbçi deyil, təşkilatçı idi.

Döyüşçülərin toparlanmasında, taborun formalaşmasında, nizam-intizamın qurulmasında böyük əməyi vardı.
Ən ağır məqamlarda belə qardaşları ilə çiyin-çiyinə döyüşməsi onun Vətən savaşına necə bağlı olduğunu göstərirdi. Çünki bu insanlar üçün müharibə təkcə dövlət sərhədi məsələsi deyildi. Bu savaş onların uşaqlığının, ata ocağının, kəndlərinin taleyi idi.

Mehdi Rüstəmovun yüksək hərbi hazırlığı, analitik düşüncə qabiliyyəti və taktiki çevikliyi qısa müddətdə diqqət çəkir. O, 713 saylı taborun qərargah rəisinin müavini təyin olunur. Lakin onun qərargah anlayışı kabinetdən ibarət deyildi. Mehdi üçün qərargah həm də döyüş meydanı idi.

O, hazırladığı əməliyyat planlarında çevikliyi, risk hesablamasını və ərazi üstünlüklərini düzgün qiymətləndirməyi bacarırdı. Döyüşçülər arasında böyük hörmət qazanmasının səbəbi də buydu — özü risk etməyən adamdan başqasına ölümə getməyi tələb etmirdi.

713 saylı taborun Laçının Kürdhacı, Pircahan, Soyuqbulaq, Vağazin, Qorçu və Narınclar kəndlərinin erməni silahlı birləşmələrindən təmizlənməsində Mehdi Rüstəmovun hazırladığı planların mühüm rolu olmuşdu. Laçın və Ağdərə istiqamətində keçirilən əməliyyatlarda göstərdiyi bacarıq yüksək komandanlıq tərəfindən dəfələrlə təqdir edilmişdi.
Lakin müharibə yalnız qəhrəmanlıq deyil, həm də itkilər demək idi...

713 saylı tabor ən ağır döyüşlərdən keçdi. Komandirlər bir-bir Şəhid oldu. Elə həmin qarışıq dövrdə taborun sənədlərinin də itib-batması sonralar döyüşçülərin haqqının tanınmamasına səbəb oldu. Bu gün də 713-ün bir çox döyüşçüsünün haqqı tam şəkildə öz qiymətini almayıb.
Əslində isə o tabor sıradan bir hərbi birlik deyildi. O tabor Laçının ürəyindən çıxan insanların müqavimət simvolu idi.

Hoçaz qayasının azad olunması uğrunda gedən döyüş Mehdi Rüstəmovun son savaşı oldu. Ağır yaralansa da, son ana qədər mübarizəsini dayandırmadı.
1992-ci ilin 6 oktyabrında Mehdi Rüstəmov Şəhidlik zirvəsinə ucaldı.

Onun Şəhidliyindən sonra 3 yaşlı oğlu və 7 yaşlı qızı atasız böyüdü. Amma bir həqiqət dəyişmədi — belə insanlar övladlarına yalnız soyad yox, şərəfli bir miras qoyurlar.

Bu gün Mehdi Rüstəmov Bakıda Şəhidlər Xiyabanında uyuyur.

Amma əslində onun adı ən çox döyüş yoldaşlarının yaddaşında yaşayır. Çünki bəzi insanlar haqqında yazılan sənədlər itə bilər, amma onların döyüşdə göstərdiyi mərdlik heç vaxt unudulmur.

713 saylı taborun tarixində Mehdi Rüstəmovun adı qərargahda xəritə qarşısında dayanan zabit kimi yox, səngərdə əsgəri ilə birlikdə döyüşən komandir kimi qalıb.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.



İGİD TEYMURLU
Tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr