Şəhidlik Zirvəsi - VAQİF QULİYEV
Vaqif Quliyev 28 may 1956-cı ildə Laçın rayonunun İpək kəndində anadan olub.
1975-ci ildə orta məktəbi bitirdikdən sonra keçmiş sovet qoşunlarında hərbi xidmətə çağırılmış və xidmətini Monqolustanda başa vurmuşdur.
Respublika üzrə keçirilən güləş yarışlarında iki dəfə çempion olub.
1978-ci ildə Azərbaycan SSR-in 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun tarix ixtisası üzrə tam kursunu bitirərək tarix və ictimaiyyət müəllimi ixtisasına yiyələnib.
Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonu, Vağazin kənd orta məktəbinə tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddət ötəndən sonra isə Vaqif Quliyev həmin məktəbə direktor təyin edilir.
Sonradan pedaqoji fəaliyyətini öz arzusuyla doğma kəndində davam etdirmiş və bu məktəbdə dərs hissə müdiri kimi çalışmışdır.
Vaqif Quliyev 1991-ci ildə erməni separatçılarının işğalçı siyasətlərinə qarşı vuruşmaq üçün könüllü olaraq ordu sıralarına qoşulur, yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olur.
Yüksək hərbi potensial və yüksək fiziki hazırlığa malik olan Vaqif Quliyev komandanlıq tərəfindən bölük komandiri vəzifəsinə təyin edilir. Bölük komandiri kimi Vaqif Quliyevin hər zaman döyüşdə öndə olması tabeliyində olan əsgərlərə də ruh verib.
Vaqif Quliyev 713 saylı taborda ikinci bölüyün komandiri kimi Laçın və Ağdərə istiqamətlərində keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib, torpaqlarımızın ermənilərdən təmizlənməsində şücaət göstərib. Göstərdiyi şücaətlərə görə komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb.
1992-ci il sentyabr ayının 2-də Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş zamanı qəhrəmancasına Şəhid olub.
Məzarı Bakıda Şəhidlər Xiyabanındadır.
Şəhid komandirin Beyrək adlı bir övladı var.
Döyüş yoldaşlarının Vaqif Quliyevin misilsiz şücaətlərini çox yüksək qiymətləndirilmələrinə baxmayaraq, Şəhidə Milli Qəhrəman adı verilməsi hələ ki, mümkün olmayıb.
Şəhidlər ölməzdir, Allah bütün Şəhidlərimizə rəhmət eləsin!