TÜRK DÜNYASININ "ÖMÜR KİTABI"NDAKI DÖYÜŞ PLANI

Aktual / Cəmiyyət / Manset / Yazarlar 30-may, 09:499 tv713 20 0







İGİD TEYMURLU




SABİR RÜSTƏMXANLI – Millətin Yaddaşını, Türk Dünyasının Yol Xəritəsini yazan Adam




Bəzən bir insanın ömrünü yazmaq üçün tərcümeyi-hal kifayət etmir. Çünki onun həyatı yazdığı kitablara, kitabları isə yaşadığı taleyə çevrilir.

Sabir Rüstəmxanlının 80 illiyinə baxanda da ilk ağla gələn budur: o, ömrünü yazıb, amma yazdığı təkcə öz ömrü olmayıb. O, millətin ömrünü yazıb. Elə buna görə də onun ən məşhur əsərinin adı təsadüfi olaraq "Ömür kitabı" olmayıb.

Əslində, Sabir Rüstəmxanlının bütün yaradıcılığı bir böyük "Ömür kitabı"dır.

Bu kitabın ilk səhifələrində "Tanımaq istəsən" çağırışı dayanır. Unutdurulmaq, özgələşdirilmək və kökündən qoparılmaq istənilən bir millətin özünü tanıması üçün yazılmış çağırışdır bu.

Sonra "Xəbər gözləyirəm" gəlir. Rüstəmxanlı o xəbərdən yazır – Azadlıq xəbərindən, Birlik xəbərindən, Bütövlük xəbərindən, Böyük Qayıdış xəbərindən...

Ardınca "Gəncə qapısı" açılır. Rüstəmxanlı o qapıya sahib çıxır – Tarixin qapısına, Dövlətçilik qapısına, Türk ruhunun əsrlər boyu döyülən, amma sınmayan qapısına...

Və həmin qapının arxasından bir xalqın müqəddəs duası eşidilir:

"Sağ ol, ana dilim!"

Çünki Sabir Rüstəmxanlı yaxşı bilirdi ki, ana dilini itirən xalq əvvəlcə yaddaşını, sonra isə gələcəyini itirir.

Onun bütün yaradıcılığı boyunca qorumağa çalışdığı da elə bu yaddaş idi.

O yaddaş ki, müəllif onu "Qan yaddaşı" adlandırdı.

Çünki millətlərin həqiqi arxivi kitabxanalarda deyil, damarlarında yaşayır.

O yaddaşın içində "Bütövlük həsrəti" var.

O yaddaşın içində Arazın iki sahilinə bölünmüş Azərbaycanın ağrısı var.

O yaddaşın içində "Bu xalqı sevmək" var.

Çünki bu xalqı sevmədən onun dərdini daşımaq, onun gələcəyi üçün mübarizə aparmaq mümkün deyil.

O yaddaşın içində "Ruhumun sərhədləri" var.

Və həmin sərhədlərin dövlət xəritələrindən daha böyük olduğunu göstərən bir düşüncə sistemi var.

Sabir Rüstəmxanlı heç vaxt yalnız şair olmayıb.

O, sözü sadəcə yazmayıb, sözdən mövqe yaradıb. Siyasətin içində tarixi, tarixin içində milli yaddaşı, milli yaddaşın içində isə gələcəyin layihəsini görməyi bacaran nadir fikir adamlarından olub.

Məhz buna görə onun əsərlərinə sadəcə ədəbiyyat nümunəsi kimi baxmaq yanlış olar.

"Azərbaycanın harayı" bir kitabdan çox, yuxuya verilmək istənilən millətin yaddaşına çalınan həyəcan zəngi idi.

"Difai" və "Difai fədailəri" tarixin tozlu rəflərindən çıxarılmış qəhrəmanlıq salnaməsi, milli müqavimət dərsi idi.

"Cavad xan" bir roman olmaqdan çox, işğal qarşısında baş əyməyən dövlət iradəsinin ədəbi manifestidir.

"Ölüm zirvəsi" isə azadlığın həmişə yüksəkliklərdən keçdiyini xatırladan xəbərdarlıqdır.

Tarixçi professor Fəzail İbrahimli haqlı olaraq söyləyir ki, "Sabir Rüstəmxanlının yazdığı nəzm əsərlərini oxuyanda elə bilirsən ki, o, bu janrda daha güclü yazır. Nəsr əsərlərini, publisistikasını da oxuyanda adam eyni qənaətə gəlir və düşünürsən: yox, Rüstəmxanlı nəsrlə daha güclü yazır".

Və sonucda görürsən ki, Rüstəmxanlı yaradıcılığının özəlliyi hansı janrda yazmasında deyil. Onun gücü hansı formada danışmasından asılı olmayaraq, hər sözün arxasında eyni milli məfkurənin, eyni Vətən ağrısının və eyni Türk idealının dayanmasındadır.

Amma onların hamısını birləşdirən bir ortaq xətt var:

Türk millətinin gələcəyi.

Ona görə də "Göy Tanrı"nı oxuyanda sadəcə tarixi roman oxumursan, türkün minillik yaddaşına daxil olursan.

"Türkün dastanı"nı oxuyanda keçmişlə görüşmürsən, gələcəyin haradan başlamalı olduğunu anlayırsan.

Bu gün Sabir Rüstəmxanlıya Türk Dünyasının Ağsaqqallarından biri deyirlər.

Bu, sadəcə yaşın verdiyi titul deyil, bu, Sözün qazandırdığı Haqqdır.

Çünki o, ömrünü sadəcə yaşamayıb, onu millətin taleyinə çevirə bilib.

Ağsaqqal yalnız keçmişi danışan adam deyil.

Ağsaqqal həm də labirintdən çıxış yolunu göstərən adamdır.

Sabir Rüstəmxanlının kitabları da əslində həmin yol göstəriciləridir.

Onun əsərləri Türk Dünyasının ədəbi xəritəsi olmaqla yanaşı, həm də strateji xəritəsidir.

Bir millətin necə ayaqda qalmasının...

Necə bütövləşməsinin...

Necə yaddaşını qorumasının...

Necə dövlət qurmasının...

Necə dövlətini yaşatmasının planıdır...

Başqa sözlə, Sabir Rüstəmxanlının əsərləri Türk Dünyasının döyüş planıdır.

Bu planın səngəri sözdən qurulub.

Əsgəri fikirlərdir.

Komandiri milli şüurdur.

Silahı milli yaddaşdır.

Qələbəsi isə gələcək nəsillərin milli kimliyini qorumasıdır.

Bu gün 80 yaşına çatan Sabir Rüstəmxanlıya baxanda anlayırsan ki, o, yalnız kitablar yazmayıb.

Rüstəmxanlı Türk millətinin mənəvi müdafiə xəttini qurub, Türk Dünyasının düşüncə istehkamlarını yaradıb.

Bəli, doğrudan da, bəzən bir insanın ömrünü yazmaq üçün tərcümeyi-hal kifayət etmir. Çünki onun həyatı yazdığı kitablara, kitabları isə yaşadığı taleyə çevrilir.

Sabir Rüstəmxanlının 80 illik ömrü artıq bir insanın bioqrafiyası deyil.

Bu ömür "Tanımaq istəsən"dən başlayan, "Bütövlük həsrəti"ndən keçən, "Qan yaddaşı"nda möhkəmlənən, "Göy Tanrı"nın ucalığında görünən və Türk Dünyasının gələcəyinə doğru uzanan böyük bir yolun tarixidir.

Elə buna görə də Sabir Rüstəmxanlının yazdığı "Ömür kitabı" çoxdan müəllifinin şəxsi taleyindən çıxıb.

Bu gün o kitabın adı Türk Millətinin Yaddaşıdır.

Bu gün o kitabın adı Türk Dünyasının Yol Xəritəsidir.

Bu gün o kitabın adı Sabahın Döyüş Planıdır.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr