İGİD TEYMURLU
BÜTÜN ŞƏHİDLƏRİMİZİN VƏ ÖLÜMSÜZ DÖYÜŞÇÜLƏRİMİZİN RUHUNA ELEGİYA
Tarixdə elə rəqəmlər var ki, onları dil söyləyir, yaddaş isə susur. Elə rəqəmlər də var ki, onlar səslənən kimi insanın içində bir dağ ayağa qalxır, bir yurd dirilir, bir xalqın taleyi danışmağa başlayır.
713 belə rəqəmlərdəndir.
Bu, sadəcə üç rəqəmin yan-yana düzülüşü deyil.
Bu, Laçının qan yaddaşıdır.
Bu, işğalın qaranlığında Vətənin üzünə çəkilən sipərdir.
Bu, torpağın uğrunda ölümə gedən oğulların adı, sağ qalanların ömürlük yarası, şəhid olanların isə əbədiyyət vəsiqəsidir.
Bu gün azad Laçının küçələri ilə gəzən adam bəlkə də hiss etmir ki, ayaqlarının altında yalnız torpaq yoxdur.
Orada yarımçıq qalmış ömürlər yatır.
Qovuşa bilməyən arzular yatır. Anaların göz yaşları, ataların sinəsinə gömülmüş fəryadlar yatır. Orada Laçının azadlığı uğrunda can verən şəhidlərin nəfəsi yatır.
Orada 713 saylı taborun əfsanəyə çevrilmiş komandiri Süleyman Əhmədovun Ruhu yatır. Orada Mehdi Rüstəmovun, Vaqif Quliyevin, Sədi Fərmanovun Ruhu yatır
Orada Kamran bəy Abdurrəhmanovla oğlu İmanverdinin taleyi yatır — Vətən yolunda bir-birinə qovuşan ata ilə oğulun müqəddəs hekayəti kimi...
Orada İman və Vüqar Həsənquliyevlər, Kamil və Asəf Məmiyevlər yatır — qardaş qanının torpağa qarışdığı, amma Vətən sevgisinin sınmadığı bir tarix kimi...
Orada Vüqar Babaverdiyev, Səməd Əmirov, Müzəffər Qiyasov, Qasım Alxazov, Polad Bəylərov, Camal Əliyev, Sarvan Məmmədov, Rəşid Baxışov, Etibar Fərəcov, Xasay Quliyev, Nəsimi Aslanov, Soltan Mehtiyev, Rəmzi Novruzov, Əfilağa Həsənov, Bəhmən Səfərəliyev, Məmməd Əhmədov, Ramiz Musayev, Teymur Əliyev, Ərəstun Bəylərov, Əlövsət Sarıyev, Mahmud Xasiyev, Səməd Səmədov, Ağasəf Niftəliyev, Asif Orucov və Vüqar Aslanovun Ruhu yatır.
Amma əslində onlar yalnız torpaqda yatmırlar.
Onlar Laçının dağlarında yaşayırlar.
Onlar Hoçazın qayalarında yaşayırlar.
Onlar Pircahanın küləyində yaşayırlar.
Onlar Həkərinin axarında yaşayırlar.
Çünki Vətən uğrunda ölənlər torpağa gömülmür, Vətənin özünə çevrilirlər.
Bu adlar sıradan bir siyahı deyil, bu adlar Laçının ürək döyüntüləridir.
Bu adlar Azərbaycanın Sökülməyən Sütunlarıdır.
Onlar qəhrəman olmaq üçün döyüşmürdülər, Onlar sadəcə torpağın yad ayağı altında qalmasına razı olmurdular.
Onlar sadəcə Laçının yetim qalmasını istəmirdilər, Onlar sadəcə Vətəni sevirdilər.
Və bəzən insanı ölümə aparan ən böyük qüvvə də məhz həmin sevgi olur.
Artıq illər keçib, o səngərləri ot basıb.
O illərn silah səslərini indi quş nəğmələri əvəz edib. Barıt qoxusunun yerini çiçəklərin ətri alıb.
Amma Laçının dağları heç nəyi unutmaylb.
Qayalar unutmayıb.
Küləklər unutmayıb.
Çünki Vətən özünü qoruyanları heç vaxt unutmur.
Bu gün biz yalnız 713-ün şəhidlərini deyil, Laçın uğrunda, Qarabağ uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizi ehtiramla yad edirik.
Onların arasında adı tarix kitablarına düşənlər də var, yalnız ailəsinin qəlbində yaşayanlar da. Ancaq hamısının adı Azərbaycanın istiqlal salnaməsində eyni hərflərlə yazılıb: VƏTƏN.
Bu gün həm də Sahib İbrahimovu, Rafael Nadirovu, Mehrab Bağırovu, Mehman Səfərəliyevi, Zöhrab Əliyevi, Turab Nəsibovu, Nəriman Nəbiyevi, Elman Məhərrəmovu, Firdövsi Heydərovu və Əliqulu Abdullayevi xatırlayırıq.
Onlar 713-ün döyüş meydanından sağ çıxdılar, amma müharibə onların içindən heç vaxt çıxmadı.
Çünki bəzi savaşlar səngərdə bitir, insanın ruhunda isə ömür boyu davam edir...
Bu gün Laçın azaddır.
Bayrağımız zirvələrdə dalğalanır.
Uşaqlar yenidən doğma torpaqda gülür.
Həyat öz yatağına qayıdır.
Lakin bu həyatın görünməyən təməli var.
Laçının hər daşının altında bir şəhid nəfəsi yatır.
Hər cığırında bir döyüşçü izi var.
Hər zirvəsində bir Vətən andı dayanır.
Mənim üçün 713 sadəcə bir hərbi hissənin nömrəsi deyil.
Mənə görə 713 də Laçının qan yaddaşıdır.
Mənə görə 713 Laçının ürəyidir.
Məə görə 713 Vətənin ən ağır günündə önə çıxan oğulların adı, ən işıqlı günündə isə millətin qürurudur.
Bəzi insanlar dünyadan köçür, bəzi insanlar isə dünyadan köçəndən sonra Vətənə çevrilirlər.
713-ün oğulları, Laçının şəhidləri və Azərbaycanın bütün müqəddəs şəhidləri məhz belə insanlardır.
Bu gün Laçına baxanda biz yalnız bir rayon görmürük, biz ölümsüzlüyə çevrilmiş bir nəsli görürük.
Bir xalqın sınmayan iradəsini görürük.
Bir millətin öz torpağına yazdığı qanlı, şərəfli tarixi görürük.
Çünki Laçının qan qrupu dəyişməyib.
Bu gün də 713-dür.
Bu gün də Laçın uğrunda can fəda etmiş Şəhid Qanının müqəddəs rəngidir.
Bu gün də Vətən uğrunda ölümə gedənlərin, Vətəni yaşatmaq üçün əbədiyyətə qovuşanların sıra nömrəsidir.
Bütün şəhidlərimizin, bütün qazilərimizin, dünyasını dəyişmiş bütün döyüşçülərimizin ruhu qarşısında ehtiramla baş əyirik.
Onlar torpaq uğrunda can verdilər.
Torpaq isə onları zamandan da uzun yaşadacaq.
Çünki Vətən unutmur.
Laçın unutmur.
Azərbaycan unutmur...



















