ADI DÖYÜŞLƏRİN YADDAŞINA YAZILAN KOMANDİR - VAQİF QULİYEV

Aktual / Cəmiyyət / Manset / Şahidlər və Şəhidlər 16-may, 07:209 tv713 21 0










VƏTƏN ÜÇÜN YAŞAYANLARIN ÖLÜMÜ OLMUR






ADI DÖYÜŞLƏRİN YADDAŞINA YAZILAN KOMANDİR - VAQİF QULİYEV



Bəzi adamların adları tarix kitablarına düşür, bəzilərinin isə adı xalqın yaddaşına hopur. 713 saylı taborun 2-ci bölüyünün komandiri olmuş Vaqif Quliyev ikinci qism adamlardan idi. O, adını kreslolara, vəzifələrə, ordenlərə deyil, Laçının daşına, Hoçazın qayalarına, Ağdərənin qan qoxulu torpağına yazdı...

713 saylı taborun 2-ci bölüyünün komandiri olmuş Vaqif Quliyev 1956-cı ilin 28 mayında Laçının İpək kəndində dünyaya göz açmışdı. Tale elə bil onu əvvəlcədən Vətənin müdafiəsi üçün hazırlayırdı. Güclü bədən, iradəli xarakter, tarix müəlliminə xas düşüncə tərzi və idmançı dözümlülüyü onun şəxsiyyətində birləşmişdi. Respublika üzrə keçirilən güləş yarışlarında iki dəfə çempion olması sadəcə idman uğuru deyildi — bu, onun həyat fəlsəfəsinin ilk işarəsi idi: yıxılmamaq, geri çəkilməmək, sona qədər dayanmaq...

O, ixtisasca müəllim idi. Amma sadəcə dərs deyən müəllim yox...

Şagirdlərinə tarixdən danışarkən Vətənin nə olduğunu, sərhədlərin haradan başladığını, dövlət və millət olaraq bizə qarşı yönələn münasibətlərin tarixi köklərini, milli kimliyimizi və varlığımız uğrunda aparılan mübarizələrin mahiyyətini aydın şəkildə anlatmağa çalışırdı.

Dürüstlüyü, qeyrəti, yurd sevgisini məktəb partalarından uşaqların ruhuna hopdururdu. Vaqif müəllim üçün vətənpərvərlik kitab cümləsi deyildi — yaşanmalı həqiqət idi.

Vaqif Quliyevin xarakterində müəllimə xas müdriklik, idmançıya xas iradə və hərbçiyə xas cəsarət bir bütöv şəxsiyyət kimi birləşmişdi. Onun çöhrəsindəki sərtliklə baxışlarındakı nisgil yanaşı addımlayırdı. Məcburi köçkünlüyün ağrısı, yurdsuzluğun içində yanan səssiz qəzəb üz cizgilərindən açıq hiss olunurdu. Elə bil Vaqif Quliyev təkcə silahla yox, həm də içində daşıdığı Vətən ağrısıyla döyüşürdü...

Onun bilik və bacarığını yüksək qiymətləndirən təhsil rəhbərliyi Vaqif Quliyevi qısa müddətdə daha yüksək vəzifələrə irəli çəkdi. Direktor kimi fəaliyyət göstərdiyi dövrdə həm pedaqoji kollektivdə, həm müəllim-valideyn münasibətlərində, həm də məktəbdaxili nizam-intizamın qurulmasında böyük hörmət qazandı.

Amma xarakter etibarilə Vaqif Quliyev kreslo adamı deyildi.

Çünki bəzi adamlar üçün vəzifə məqsəd olur, Vaqif Quliyev üçün isə sadəcə vasitə idi. Ona yüksək vəzifələr təklif olunsa da, o, rahat kabinetləri deyil, səngəri seçdi. Çünki Laçın yanırdı... Və yurd yananda, Vaqif kimi adamlar sakit yaşaya bilməzdilər.

Onun 1991-ci ildən könüllü olaraq ordu sıralarına qoşulması da təsadüf deyildi. Bu, xarakterinin və düşüncə dünyasının təbii davamı idi.

713 saylı taborun ikinci bölüyünə komandir təyin olunan Vaqif Quliyev döyüşlərdə həmişə öndə gedirdi. Əsgərlər onun arxasınca tərəddüdsüz irəliləyirdilər. Çünki komandir çox olur, amma əsgərinə öz canı ilə sipər olan komandirlər az olur...

Hoçaz uğrunda gedən döyüşlərdə bunu hamı gördü.

Hoçaz kəndinin strateji əhəmiyyətini ilk düzgün qiymətləndirənlərdən biri məhz Vaqif Quliyev idi. O anlayırdı ki, bu yüksəklik alınmadan Laçının müdafiəsini qorumaq olduqca çətin olacaq. Elə buna görə də ilk zərbəni onun bölüyü vurdu.
Ermənilərə sarsıdıcı zərbə endirilən həmin qanlı döyüşlərdə 713 saylı taborun ilk şəhidləri də məhz Vaqif Quliyevin bölüyündən oldu.

Bu, sıradan bir döyüş deyildi... Bu, Vətəni qorumağın hansı qiymətə başa gəldiyinin ilk ağır xəbərdarlığı idi...

Sonra Ağdərə istiqaməti...
Sonra Vəng kəndi...
Sonra ölümə doğru gedən yol...

Deyirlər, insan bəzən öz sonunu ürəyində hiss edir.
Vəng kəndi uğrunda döyüşdən əvvəl Vaqif Quliyev birinci bölük komandiri Rəhman İsgəndərova baxıb demişdi:
“Gəl doyunca sənə baxım... Döyüşdür, bəlkə bir-birimizi bir daha görmədik...”

Bu, sadəcə bir cümlə deyildi. Bu, ölümün nəfəsini duyan bir döyüşçünün içindən qopan son sükut idi...

1992-ci ilin 2 sentyabrında Vaqif Quliyev Ağdərənin Vəng kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid oldu.

Amma bəzi adamlar öldükdən sonra yox olmurlar. Əksinə, torpaqla birləşib Vətənə çevrilirlər.

Bu gün onun məzarı Şəhidlər Xiyabanındadır. Amma ruhu ən çox Laçının dağlarında gəzir... Hoçazın qayalarında... Vəngin qanlı səngərlərində...

O da rəhmətlik Şəhidlərimizdən olan, Miili Qəhrəman Oqtay Gülalıyev kimi eyni savaş coğrafiyasının adamı idi. Eyni ağrının... Eyni müqəddəs müqavimətin əsgəri...

Və bəlkə də eyni taleyin...

Ancaq təəssüf ki, üstündən onilliklər keçsə də, Vaqif Quliyevin adına nə bir fəxri ad verildi, nə də onun qəhrəmanlığı layiqincə əbədiləşdirildi.

Halbuki bəzi adamların adı medalda olmur... Onların adı əsgərlərin yaddaşında olur. Xalqın vicdanında olur.
Vaqif Quliyev də məhz onlardan idi.

Çünki Vətən uğrunda ölənlərin hamısı eyni taleyi yaşamır... Bəzilərinin adı tarixə yazılır, bəzilərinin isə haqqı tarixdən gizlədilir...

Amma zamanın da dəyişə bilmədiyi bir həqiqət var:
Vaqif Quliyev kimi adamlar fəxri ada görə döyüşmürdülər. Onlar sadəcə Vətəni sevirdilər... Həm də çılğıncasına...

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


İGİD TEYMURLU
Tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr