İGİD TEYMURLU
GÜNTAY TÖLGENİN MİLLİ YADDAŞI SİLMƏ CƏHDİ
Güntay Tölgenin "kamil insan" anlayışı, Nəsimi, Babək və hürufilik barədə bir yazısını oxudum. Mətndə qaldırılan bəzi elmi və fəlsəfi məsələlərin müzakirəsi, əlbəttə ki, mümkündür. Hətta zəruridir. Ancaq mən həmin yazıya ədəbiyyatşünas və ya filosof kimi deyil, milli yaddaşa həssas yanaşan bir qələm əhli kimi münasibət bildirmək istəyirəm.
"Kamil insan" anlayışının fəlsəfi və irfani məzmunu, Nəsiminin yaradıcılığında Hafizin təsiri, hürufiliyin mahiyyəti kimi məsələlərə bu sahənin mütəxəssisləri cavab verməlidirlər. Akademik mübahisəni alimlər aparmalıdır. Mənim etirazım isə tamam başqa nöqtəyədir – yazının ümumi ideoloji istiqamətinə.
Çünki bu yazıda söhbət artıq "kamil insan" anlayışından getmir. Bu anlayış sadəcə vasitəyə çevrilərək Nəsiminin, Babəkin və bütövlükdə türk-İslam mədəniyyətinin nüfuzuna zərbə vurmaq cəhdi göstərilir. Burada elmi polemika ilə ideoloji münasibət bir-birinə qarışdırılır.
Tarixi şəxsiyyətlər toxunulmaz deyillər. Heç kim ideal olmayıb. Hər bir tarixi şəxsiyyətin fəaliyyəti tənqid oluna bilər. Bu, elmin də, tarixşünaslığın da normal tələbidir. Ancaq bir xalqın əsrlər boyu formalaşdırdığı tarixi yaddaşı "mif", "yalan", "fanatizm" kimi təqdim etmək artıq elmi yanaşma deyil. Bu, milli yaddaşı hədəfə alan ideoloji mövqedir.
Güntaya anlatmaq lazımdır ki, "Nəsimi" filmi bədii əsərdir, tarix dərsliyi deyil. Dünyanın bütün xalqları öz tarixi şəxsiyyətləri haqqında bədii filmlər çəkirlər. Heç kim "Braveheart" filminə baxıb onu Şotlandiya tarixinin tam və dəyişməz mənbəyi hesab etmir. Heç kim "Troya" filmini Homerin hər misrasının ekranlaşdırılması kimi qəbul etmir. "Nəsimi" filmi də bədii interpretasiyadır. Onun missiyası arxiv sənədi təqdim etmək yox, bir şəxsiyyətin ideyasını, mübarizəsini və mənəvi obrazını tamaşaçıya çatdırmaqdır.
Əksinə, həmin film milyonlarla azərbaycanlının Nəsimini tanımasına səbəb oldu. Onun azadlıq ruhunu, zülm qarşısında əyilməyən iradəsini gənc nəslə çatdırdı. Bunu "xalqın düşüncəsinə yeridilmiş zərər" kimi təqdim etmək ən azı ədalətli yanaşma deyil.
Yazıda "kamil insan" anlayışının nə islamda, nə irfanda, nə də fəlsəfədə mövcud olmadığı iddia edilir. Halbuki "kamil insan" anlayışı əsrlər boyu həm İslam fəlsəfəsində, həm təsəvvüf düşüncəsində işlədilib. Və bildiyim qədərində buradakı kamillik heç vaxt kainatın bütün sirlərini bilmək mənasında başa düşülməyib. Söhbət mənəvi yetkinlikdən, nəfs üzərində qələbədən, əxlaqi kamilliyə can atmaqdan gedib. Heç bir böyük sufi "mən hər şeyi bilirəm" iddiası ilə çıxış etməyib. Əksinə, ilahi həqiqət qarşısında insanın acizliyi irfanın əsas ideyalarından biridir.
Nəsimini "elmdən uzaq fanatik", Babəki isə "mif" adlandırmaq asandır. Çətin olan onların yaşadığı dövrün tarixi reallığını dərk etməkdir. XV əsrin insanını XXI əsrin dünyagörüşü ilə mühakimə etmək tarixçilik deyil. O dövrün fəlsəfəsini bugünkü laboratoriya elmi ilə ölçmək də metodoloji baxımdan doğru yanaşma deyil.
Daha düşündürücü məqam isə budur ki, müəllif Nəsimini gözdən salmağa çalışarkən əslində türk ədəbi irsini, Babəki "mif" adlandırarkən isə milli tarixi yaddaşı hədəfə alır. Bu cür yanaşmalar təsadüfi görünmür. Çünki tarixini nüfuzdan salmaq istədiyin xalqın gələcəyini də zəiflətmək daha asan olur.
Biz Babəki də, Nəsimini də bütləşdirməməliyik. Ancaq onları gözdən salmaq, xalqın yaddaşından silmək cəhdlərinə də biganə qala bilmərik. Tarixi şəxsiyyətlərin zəif və güclü tərəflərini araşdırmaq elmdir. Onları bütövlükdə saxtakarlıq elan etmək isə ideologiyadır.
Millətlər keçmişini söyərək inkişaf etmirlər. Onlar öz tarixini öyrənərək, səhvlərindən nəticə çıxararaq və dəyərlərini qoruyaraq irəliləyirlər. Renessans da tarixini inkar edənlərin deyil, onu yenidən oxuyan və yeni məna verən xalqların əsəri idi.
Babək müqəddəs deyil. Nəsimi də müqəddəs deyil. Onlar insandırlar və hər bir insan kimi müzakirə oluna bilərlər. Amma onların timsalında xalqın mənəvi yaddaşını dağıtmaq cəhdlərinə "elmi polemika" adı vermək mümkün deyil.
Çünki keçmişini dağıdan xalq gələcəyini də sağlam qura bilməz.






















