YARDIMLI: UNUDULAN RAYONUN SƏSSİZ FƏRYADI

Aktual / Siyasət / Cəmiyyət / Manset / Ölkə / Yazarlar 03-iyn, 20:309 tv713 38 0



İGİD TEYMURLU



BURA ARTIQ TƏKCƏ COĞRAFİYA DEYİL, SOSİAL TƏNƏZZÜLÜN XƏRİTƏSİDİR



Jurnalistin işi hökm vermək deyil. Göstərməkdir. Ona görə də Yardımlı haqqında danışarkən emosiyaları bir kənara qoyub sadəcə mənzərəyə baxmaq kifayətdir. Dəyərli oxuculara və aidiyyatı instansiyalara təqdim edəcəyim bu mənzərə isə heç ürəkaçan deyil.

Azərbaycanın ən zəngin təbiətə, ən gözəl dağ landşaftına, ən qədim yaşayış məskənlərinə malik rayonlarından biri olan Yardımlı bu gün öz potensialı ilə real vəziyyəti arasındakı ən böyük uçurumlardan birini yaşayır.

Rayona gedən hər kəs ilk növbədə bir şeyi hiss edir: sükutu.

Bu sükut dağların sakitliyi deyil. Bu sükut boşalan kəndlərin sükutudur. Bir vaxtlar həyatı qaynayan kəndlərdə indi qapıları bağlı evlər, baxımsız həyətlər və yaşlı insanların üzündəki yorğunluq görünür. Gənclərin böyük hissəsi rayonda deyil. Kimi Bakıya, kimi Rusiyaya, kimi də başqa ölkələrə çörək dalınca qaçıb.

Əmək qabiliyyətli əhalinin rayonu tərk etməsi artıq təsadüfi proses yox, sosial tendensiyadır.

Bu proses məktəblərdə daha aydın görünür. Siniflər ilbəil kiçilir. Məktəblər ilbəil boşalır. Şagird sayı ilbəil azalır. Təhsil müəssisələri fəaliyyət göstərsə də, rayonun gələcəyini göstərən əsas göstərici olan uşaq sayı ildən-ilə aşağı düşür.

Bu gün Yardımlıda ali məktəbə qəbul olunan gənclərin uğuru daha çox ailələrin şəxsi səylərinin, repetitor hazırlıqlarının və valideyn fədakarlığının nəticəsi kimi qiymətləndirilir. Bu isə təhsil sisteminin qarşısında duran sualları daha da artırır.

Ancaq problem təkcə təhsil deyil.

Yardımlının iqtisadi mənzərəsi də ciddi suallar doğurur. Rayonda nəinki böyük istehsal müəssisələri yoxdur, heç adi iş yeri tapmaq mümkün deyil. Mən hələ birbaşa dövlət siyasəti olan "yeni iş yerlərinin açılması"ndan danışmıram.

Sabit məşğulluq imkanları məhduddur. İnsanların əhəmiyyətli hissəsi dolanışığını rayondan kənarda qazanır. Bakının "qul bazarları", daş karxanaları Yardımlı kökənli gənclərlə doludur.

Rayonun iqtisadi həyatı daha çox dövlət subsidiyaları hesabına nəfəs alır. Lakin sual yaranır: əcəba, özünü dolandıra biləcək potensiala malik rayon niyə özünü təmin edən iqtisadi model qura bilmir? Niyə zəngin təbiəti, turizm imkanları, kənd təsərrüfatı resursları olan bir bölgədə zərrə qədər də olsa belə inkişaf hiss olunmur?

Daha maraqlı sual isə başqa yerdədir.

Niyə qonşu rayonlarda müəyyən dəyişikliklər, yenilənmələr, infrastruktur layihələri, iqtisadi canlanma elementləri görünür, Yardımlıda isə zaman sanki daha ağır hərəkət edir? Qədim türk diyarına olan belə düşmən münasibət haradan bəhrələnir? Niyə bəzi rayonlar yeni nəfəs qazana bilir, Yardımlı isə hələ də öz əsas problemləri ilə baş-başa qalır?

Bu sualların cavabını statistik hesabatlarda tapmaq çətindir. Çünki hesabatlar adətən rəqəmləri göstərir. Həyat isə nəticələri göstərir. Nəticə isə göz önündədir.

Mədəniyyət həyatı zəifləyib. Sosial aktivlik zəifləyib. Kəndlər boşalır. Tarixi irs diqqətdən kənarda qalır. Ekoloji problemlər artır.

Regionlaşdırma siyasətindən sonra bir çox dövlət qurumlarının fəaliyyəti və əlçatanlığı barədə narazılıqlar səslənir. Vətəndaşla idarəetmə arasında məsafə böyüyür. Bütün bunlar bir-birindən ayrı problemlər deyil. Eyni mənzərənin müxtəlif tərəfləridir.

Bu gün Yardımlı təkcə iqtisadi çətinlik yaşamır. Təkcə demoqrafik problem yaşamır. Təkcə təhsil problemi yaşamır. Bu gün Yardımlı paralel şəkildə sosial, iqtisadi, mədəni, ekoloji və demoqrafik aşınma prosesinin içindədir.

Ən təhlükəlisi isə budur ki, bu proses birdən-birə baş vermir. Səssiz baş verir. Bir məktəb boşalır. Bir kənddən daha bir ailə köçür. Bir tarixi iz itib gedir. Bir gənc geri qayıtmamaq üçün rayondan ayrılır. Və illər sonra dönüb baxanda məlum olur ki, problem bir sahədə deyilmiş. Bütöv bir rayon yavaş-yavaş öz həyat enerjisini itirirmiş.

Yardımlının problemi yolun, qazın, məktəbin və ya iş yerinin olmamasından daha böyükdür. Əsas problem onun potensialı ilə reallığı arasındakı dərin uçurumdur.

Bu uçurum aradan qaldırılmasa, Azərbaycanın ən gözəl guşələrindən biri olan Yardımlı tədricən boşalan kəndlərin, susan məktəblərin və itirilən imkanların simvoluna çevrilə bilər.

Bu isə artıq təkcə bir rayonun yox, bütöv bir bölgənin gələcəyi, qədim türk tarixi haqqında ciddi düşünmək üçün səbəbdir. Bütün bunlarsa hökm deyil, Yardımlının acı həqiqətlərinin bir qismidir - yazıb göstərdik...
BAXIN BİR NÜMUNƏYƏ: BU DA YARDIMLINN TƏHSİL İDARƏSİ..


Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr