Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
Bir neçə gündür ki, Azərbaycanda sürücülərə ştorka və jalüzdən istifadə üçün verilmiş mövsümlük icazə müddəti başa çatsa da, heç bir inzibati tənbeh görülmür.
"Qafqazinfo”ya müraciət edən bir çox sürücü "biz plyonkanı sökməsək, həqiqətən cərimə etməyəcəklər?” deyə sual ünvanlayıblar. Bu ildən etibarən bu qadağanın aradan qalxacağı, daha sürücülərin cərimə olunmayacağı deyilsə də, vətəndaşlar hələ də bu məsələyə şübhəli yanaşırlar.
Noyabrın 15-i gün sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun adından imzalanan sənəd də yayılıb. Sənəddə Ramiz Zeynalovun göstərişinə əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülərin cərimələnməyəcəyi qeyd olunub.
BPYPİ-nin mətbuat katibi Rüfət Quliyev də məlumatı təsdiqləyib və bildirib ki, hazırda avtomobillərə jalüz və örtük (plyonka) vurulması standartları ilə bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlarda baxılma ərəfəsində olduğundan arxa, yan şüşələrdə jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.
Lakin hüquqşünaslar hazırkı qanunun qüvvədə olduğunu, qanunvericiliyə dəyişiklik edilənədək bu tələbin icra olunmalı olduğunu irəli sürürlər.
Hüquq-mühafizə orqanlarındakı mənbədən "Qafqazinfo"ya bildirilib ki, sürücülərdə bu məsələ ilə bağlı hər hansı şübhə yaranmasına əsas yoxdur: "Bu məsələ Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun nəzarətindədir. Bu istiqamətdə bütün addımlar onun tapşırığı ilə həyata keçirilir. Nazir Vilayət Eyvazovun sürücülərin, vətəndaşların ziyanına ola biləcək hər hansı qərar verməyəcəyinə əmin ola bilərsiniz”.