"Tarixin kölgəsi”

Mədəniyyət / Manset / Yazarlar 08-mar, 14:249 tv713 4 0




FİRUZ MUSTAFA



“Tarixin kölgəsi” dramındakı hadisələr əsasən 1920-1922-ci illərdə baş verir. Əsərin bütün qəhrəmanları real tarixi şəxsiyyətlərdir. Əsər ayrıca kitab kimi nəşr olunub.




İosif Stalin: Rus xalqı bütün digər kiçik və böyük xalqların azad yaşamasının mühüm qarantıdır. Bu barədə, yoldaş Nərimanov, sizin də obrazlı ifadəniz var...

Nəriman Nərimanov: Bəli, mən yenə də o fikirdəyəm ki, xalqımızın xoşbəxtliyi Rusiya ilə, Mərkəzlə bağlıdır.

İosif Stalin: Özü də təkcə Azərbaycanın yox...

Məmməd Əmin: Gəlin etiraf edək ki, bir çox bədbəxtliklərin kökü məhz mərkəzləşmə ilə bağılıdır...

İosif Stalin: Lap olsun siz deyən kimi... Amma baxır hansı mənda? Bəli, mən də belə düşünürəm ki, Rusiyanın düşməni olan millətləri faciələr gözləyir. Bu, həmişə belə olub, bu gün belədir, sabah da bu cür davam edəcək...

Məmməd Əmin: Siz Rusiya haqda rusdan betər danışırsız, yoldaş Stalin.

İosif Stalin: Bəyəm hansısa millətə aid olmaq üçün onun familiyasını daşımaq lazımdır? Düzdür, hamı bilir ki, mən gürcü ailəsində doğulmuşam. Amma mən təpədən-dırnağacan özümü həm qafqazlı, həm də rus hesab edirəm. Heç əslində məsələ hansı xalqa və ya millətə mənsub olmaqda da deyil. Əsas məsələ budur ki, mən bolşevikəm. Mən Lenin ideyalarına sadiqəm. Mən hər cür milli ayrılığın düşməniyəm. Bəs siz necə, yoldaş Nərimanov? Siz özünüzü hansı millətin nümayəndəsi hesab edirsiz?

Nəriman Nərimanov: Təbii ki, mən türkəm.
İosif Stalin. Mən bunu bilirəm. Yoldaş Rəsulzadə də türkdür. Söhbət ondan gedir ki, bolşevikin milli mənsubiyyəti onun bu və ya digər məsələyə münasibətini dəyişirmi?

Nəriman Nərimanov: O asılıdır, konkret olaraq söhbətin hansı məsələyə münasibətdən...

İosif Stalin: İndiki halda söhbət bolşeviklərdən gedir. Mən belə hesab edirəm ki, bolşevik üçün siyasi əqidə hər şeydən yüksək olmalıdır.

Nəriman Nərimanov: Mən əqidəyə sadiqliyi xoşlayıram. Amma elə də ola bilər ki, biri kommunist deyil, fəqət çox vicdanlı adamdır.

İosif Stalin: Vicdanın bu məsələyə nə dəxli, yoldaş Nərimanov?

Məmməd Əmin: Yoldaş Stalin, sizin fikriniz mənə aydındır. Demək istəyirsiniz ki, əqidə hər şeydən üstündür. Hətta vicdandan da...

İosif Stalin: Əslində, mən belə demək istəmirdim. Madam ki, siz deyilən fikri bu cür səciyyə edirsiz, mənim etirazım yoxdur.

Məmməd Əmin: Yoldaş Stalin, əqidə, məslək, vicdan ... kimi cəhətlər hər bir normal insanda dini və milli mənsubiyyətdən asılı olmayaraq mövcud ola bilər.

İosif Stalin: Axı dinin bu məsələyə nə dəxli? Bolşevik hara, din hara?

Nəriman Nərimanov: İnsanların dini hissləri ilə oynamaq olmaz, yoldaş Stalin.

İosif Stalin: Bəlkə kilsəyə və ya məscidə gedib mənasız moizələrə qulaq asmalıyıq?

Nəriman Nərimanov: Biz cəhaləti və nadanlığı məhv etməliyik, dini yox.

İosif Stalin: Siz niyə unudursuz ki, cəhalətin mənbəyi elə din özüdür.

Məmməd Əmin: Yoldaş Nərimanov özü də daim cəhalətə, nadanlığa qarşı mübarizə edib.

İosif Stalin: O mübarizə necə olub?

Məmməd Əmin: Kitablarla olub... Doktorun “Nadanlıq” pyesi və “Pir” povesti bu cür halların tənqidinə həsr olunub.

İosif Stalin: Əlbəttə, bu, təqdir olunur. Amma dinə qarşı mübarizəni təkcə əsərlərlə aparmaq bir az sadəlövhlükdür. Biz bu mübarizəni başqa şəkildə aparacağıq. Mən Nərimanovun bir zamanlar təhsil aldığı şəhərdə, yəni Qoridə doğulub böyümüşəm. Orada dini seminariyada təhsil almışam. Dinin necə iyrənc şey olduğunu da hamınızdan yaxşı bilirəm. Siz mənə din haqda moizə oxumaq istəyirsiz?

Məmməd Əmin: Yoldaş Stalin, səhv etmirəmsə, sizin ananız sağdır...

İosif Stalin: Yoldaş Rəsulzadə, səhv etmirəmsə, Sizin də ananız ötən iləcən sağ idi.

Məmməd Əmin:Bəli, mənim anam da sağdır, atam da...

İosif Stalin: Nəyə görə bunu soruşursuz?

Məmməd Əmin:Axı sizin ananız da dindardır... Elə mənim ata-anam da...

İosif Stalin: Bəli, mənim anam Yekaterina Georgiyevna Geladze sağdır... Mən ona Кеке deyirəm. Anam mənim keşiş olmağımı istəyirdi. O, indi də ibadətlə məşğuldur. Bəli, mən vaxtilə sizin atanız Ələkbər kişinin məscidindəki minbərdə gizlənmişəm. Bunu dana bilmərəm. Bütün bu söhbətlər nə üçündür?

Məmməd Əmin: Dediyim odur ki, dindar olduqlarına görə biz öz valideynlərimizdən imtina etməli, yaxud onları öldürməliyik?

İosif Stalin: Biz öz dindar ata-anamızdan yox, dini təbliğ edən ocaqlardan imtina etməliyik. Biz dini fanatizmi yayanları öldürməliyik. Elə deyilmi, yoldaş Nərimanov?

Nəriman Nərimanov: Biz dindarları məhv etməli deyilik, yoldaş Koba. Onları öz tərəfimizə çəkməliyik.

İosif Stalin: Arxayın olun, bolşeviklərin müsəlmanlarla heç bir mübarizəsi olmayıb və ola bilməz də. (Gülür). Bizim mübarizəmiz fanatik pravoslavladır. Din dövlətdən ayrı olmalıdır. Çarın yanında özünə isti yuva qurub min bir oyundan çıxan dələduz Rasputinlər bizə lazım deyil. Bizə nə allah lazımdır, nə də peyğənbər. Əgər Allah varsa o dahi Marks, əgər peyğənbər varsa o da Lenin yoldaşdır. Olsun ki, bu müqayisə yerinə düşmür. Mən başqa bənzətmə də deyə bilərəm: Lenin yoldaş yeni quruluşun memarı, biz- o cümlədən mən özüm, olsa-olsa bu işdə iş icraçısı, fəhlə, suvaqçı, bənna ola bilərik.

Məmməd Əmin: Bu, daha çox bir dinin başqası ilə əvəz olunmasına bənzəmir ki?..

Nəriman Nərimanov: Yoldaş Stalin, Vladimir İliç onun peyğəmbərlə müqayisə edilməsinə necə baxardı?

İosif Stalin: Yoldaş Nərimanov, bəs biz bolşeviklər Sizin Bakıda işlədiyiniz dövrdə tez-tez məscidlərə getməyinizə, din xadimlərini qəbul etməyinizə necə baxmalıyıq?

Nəriman Nərimanov: Bəyəm din xadimləri bu cəmiyyətdən qovulmalıdır?

İosif Stalin:Əgər mənim fikrimi soruşursuzsa, deyim: onların kökü kəsilməlidir.

Məmməd Əmin: Bu, çox sərt ittiham olmadımı?

İosif Stalin: Bolşeviklər öz başladıqları missiyanı sona çatdırmalıdırlar. (Pauza). Biz heş bir liberal dəyəri qəbul edə bilmərik. Elə bilirsiz, eşitməmişik. Bu gün “nərimanovçuluq” deyilən bir ideya intişar etməkdədir. Biz dinlə kommunizmi, millətçiliklə beynəlmiləlçiliyi bir yerdə təsəvvür etmirik.

Məmməd Əmin:Hər bir ideya öz məcrasıyla axıb getməlidir.

İosif Stalin: Bizim bir ideya və ideologiyamız var: leninizm. Ta nərimanovçuluğa nə ehtiyac?

Nəriman Nərimanov: Mən öz adımla hansısa bir ideyanın yaranmasının əleyhinəyəm. Amma onu da yaxşı bilirəm ki, bu gün mənim əleyhimə güclü və gizli bir təbliğat gedir. Mən isə bu yeni qurduğumuz cəmiyyət üçün əlimdən gələn heç nəyi əsirgəmirəm...

Məmmədəli Rəsuloğlu: Həmin dövrdə Mövsüm Qədirli Nərimanova yazırdı ki, Azərbaycanda sizin adınızı çəkmək belə qadağandır.

İosif Stalin: Yoldaş Nərimanov, gəlin açıq danışaq, öyünməli elə bir iş yoxdur. Sizin rəhbərliyiniz dövründə Azərbaycanda neft istehsalı ən aşağı səviyəyə enib. Baxın, 1920-ci ilin sonuna olan məlumat: Bakıda cəmisi 176,6 milyon pud neft çıxarılıb. Bu, nəinki 1913-cü il, hətta, 1888-ci il səviyyəsindən də aşağı göstəricidir. Budur bizim nailiyyət?

Nəriman Nərimanov: Bəli, neft istehsalı aşağı düşüb. Bunun da təqsiri Mərkəzdədir.

İosif Stalin: Mərkəzdə? Siz niyə bu cür düşünürsüz?

Nəriman Nərimanov: Bəli, Mərkəzdə. Əvvələ, mütəxəssislərin çoxu xaricə getməyə məcbur oldu... İkincisi də neftçilərin, adi fəhlələrin bir qismi isə muzdlarının az olmağı səbəbindən işə çıxmır.

İosif Stalin: Bu, bizə qarşı bir təxribatdır....

Nəriman Nərimanov: Bundan başqa biz öz neftimizi xaricə özümüz çıxarmalıyıq... Bu barədə Lenin yoldaşa da demişəm.

İosif Stalin: Xaric deyərkən yəqin ki, Siz Türkiyəni nəzərdə tutursuz... Onsuz da türklərə kifayət qədər yardım olundu...

Nəriman Nərimanov: Mən anlamıram, niyə “türk” sözünü eşidəndə Mərkəzdəkilərin bir çoxunun başına sanki qaynar su ələnir?

Məmmədəli Rəsuloğlu: Nərimanov məktublarının birində yazırdı ki, mən təkidlə deyirəm: məhz türklərlə ittifaq bütün müsəlman Şərqini bizə verər və bunun sayəsində fərsiz Şərq siyasətimiz nəticəsində yaranmış ümumi narazılıq aradan qalxar. Elə bu yolla da biz fitnəkarlıq silahının İngiltərənin əlindən almış olarıq.

Məmməd Əmin: Yoldaş Stalin, mən hər ikinizdən soruşmaq istəyirəm: doğrudanmı Azərbaycan müstəqildir?

İosif Stalin: Bilmirəm siz müstəqillik deyəndə nəyi nəzərdə tutursuz, yoldaş Rəsulzadə?

Məmməd Əmin: Müstəqilliyin atributlarından biri də müstəqil siyasət yürütməkdir. Bu gün Azərbaycan hüquqsuz bir təhkimçi vəziyyətindədir.

İosif Stalin: Məsələni bunca qəlizləşdirmək lazım deyil... (Pauza). Yoldaş Rəsulzadə, Siz əslən bakılısınız. Öz şəhərinizə və onun ətrafına yaxşı bələdsiniz...

Məmməd Əmin: Yoldaş Stalin, Bakını və Bakıətrafını Nərimanovla Siz də pis tanımırsız.

İosif Stalin: Elədir. Orada tez-tez vulkanlar püskürür. Heç onları müşahidə etmisizmi?

Məmməd Əmin: Bəli.

İosif Stalin: Bilirsizmi nədən yaranır o vulkanlar?

Nəriman Nərimanov: (Gülür). Vulkan sözü qədim romalıların od Allahı Vulhanın adından götürülüb? Vulkanın özü isə...

Məmməd Əmin: Vulkanın özü isə yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində əmələ gəlir. Nəticədə yerin təkindən yerin üstünə lava, alov, qaz püskürür.

İosif Stalin: Doğrudur. Səhv etmirəmsə, iki cür vulkan olur - birisi yatmış, digəri oyanmış vulkan. Biz indi həmin oyanmış vulkanın yanında, bəlkə də üstündəyik... Biz cənnəti xatırladan yeni bir cəmiyyət qurmalıyıq o püskürən vulkanın üstündə.

Məmməd Əmin: Vulkanın üstündə qurulan taxt-tacın, sarayın ömrü nə qədər ola bilər, yoldaş Stalin?

İosif Stalin: Mən bunu bir məsəl kimi çəkdim.

Məmməd Əmin: Elə mən də bir məsəl kimi deyirəm ki, vulkan üstündə tikilən ən möhkəm qəsri, ən etibarlı sarayı belə daim təhlükə təqib edəcək.

İosif Stalin: Siz də unutmayın ki, Rusiya bolşeviklərinin qurduğu sarayın özülü poladdan, divarları qranitdən olacaq.

Məmməd Əmin: Yoldaşlar, gəlin özümüzü aldatmayaq. Çar Rusiyası ilə bolşevik Rusiyası arasında heç bir fərq yoxdu. Sadəcə olaraq, birinin zəncirlərinin rəngi ağ, o birisinin isə zəncirlərinin rəngi qırmızıdır.

İosif Stalin. Yoldaş Nərimanov, siz də Əmin bəy kimi düşünürsüz?

Nəriman Nərimanov: Təbii ki, mən elə düşünmürəm... Ən azından o cür düşünsəydim, tutduğum yolu, yəni inqilab yolunu seçməzdim. Amma desəm ki, qurduğumuz cəmiyyətdə hər şey məni qane edir, onda bu bir riyakarlıq olardı.

İosif Stalin: Əvvəla, bu cəmiyyət hələ qurulmayıb, qurulmaqdadır. İkincisi isə, bir çox şeylər şəxsən mənim özümü də qane etmir...

Nəriman Nərimanov: Qane etmək üçün düzgün bünövrə olmalıdır. Bünövrə əyri olanda hər şey əyilə-əyilə gedəcək... Mən Bakı fəaliyyətimdə çox belə əyriliklərin şahidi oldum.

İosif Stalin: Mən anlamıram, Siz niyə bu qədər narazısız? Yoldaş Nərimanov, qoy Əmin bəy də eşitsin. Məhz Sizin tələbləriniz əsasında Bakı Azərbaycanın paytaxtı oldu.

Məmməd Əmin: Onsuz da bolşeviklər gələnəcən biz Bakını paytaxt elan etmişdik.

İosif Stalin: Elədir. Amma siz gedəndən sonra artıq şərtləri biz diktə edirdik. Zaqatala və Qarabağ da sizin Leninlə əlaqələrinizin sayəsində Azərbaycana tabe etdirildi.

Məmməd Əmin: Qarabağın tarixi Azərbaycan torpağı olduğu kimə məlum deyil?.

Nəriman Nərimanov. Əmin bəy, təəssüf ki, korun belə gördüyü bu mənzərəni çoxları görmək istəmirdi.

İosif Stalin: Xahiş edirəm, öz həmkarlarınızı təhqir etməyin. Biz bu məsələni kollegial, demokratik əsada həll etmək üçün səsverməyə çıxartdıq. Nəticəsi nə oldu?

Nəriman Nərimanov: Nəticəsi o oldu ki, bizə qarşı olanların maskası yırtıldı...

İosif Stalin: Fakt budur ki, yoldaş Orconikidze də daxil olmaqla açıq səsvermədə Qarabağ Ermənistan ərazisi kimi tanındı. Səhv etmirəmsə, bu hadisə bir neçə ay öncə, 1921-ci il iyun ayının 3-də baş verdi.

Nəriman Nərimanov: Bu, əsassız qərar idi... Məhz buna görə də bir gün sonra həmin nəticə haqlı olaraq ləqv edildi...

İosif Stalin: Yoldaş Nərimanov, bu qərar ona görə ləğv olundu ki, siz iclasdan çıxan kimi Lenin yoldaşın yanına getmisiz...

Nəriman Nərimanov: Belə çıxır ki, Vladimir İliç ya əsassız qərarı müdafiə edib...

Məmməd Əmin: ... ya da təzyiq göstərib.

İosif Stalin: Xeyr, nə elə olub, nə də belə... Sadəcə, Lenin yoldaş reallıqdan çıxış edərək real qərar çıxarılmasının tərəfdarı olub.

Məmmədəli Rəsuloğlu: Stalinin həyat yoldaşı Nadejda Alliluyeva Leninin katibliyində işləyirdi. O, hər gün Komissarlar Soveti Sədrinin yanına gələnləri görür, lazım olan hallarda bu barədə öz ərinə məlumat verirdi. Nərimanovun həmin gün Leninin yanına gəlməsini də Stalinə məhz Alliluyeva çatdırmışdı.

Nəriman Nərimanov: Və bundan sonra, məhz elə həmin gün Siz Lenin yoldaşın yanına gedərək verilən qərarın qüvvədə saxlanılmasını rica etmisiz.

İosif Stalin: Xeyr, sizə səhv məlumat veriblər. Mən təkrar səsvermənin keçirilməsini xahiş etmişəm...

Məmməd Əmin: Köhnə dostlar, inciməyin, mən görürəm ki, Azərbaycan coğrafiyası üzərində müdhiş bir oyun gedir. Belə olmaz, Koba! Belə olmaz, Nəriman bəy! Bu nə oyundur mənim millətimin başına açılır.

İosif Stalin: Əmin bəy, nəticədə hər şey xalqın və millətin xeyrinə olacaq. Siz buna öz adınız kimi əmin ola bilərsiz, Əmin bəy.

Məmməd Əmin: Elə isə hələlik. İcazə versəniz mən gedərdim.

İosif Stalin. Buyurun, Əmin bəy. Bu yaxınlarda yenə görüşərik.


6 mart 2021

Nəriman Nərimanov. Hələlik, Əmin bəy.

Məmməd Əmin. Xudahafiz.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar