İctimai Şura nəyi dəyişə bilər? - GƏLİŞMƏ
Mərkəzi Bank sahibkarlarla görüş keçirib. Görüş barəsində “Report”a açıqlama verən “Azərsun Holdinq” MMC-nin rəhbəri Abdolbari Gözəl deyib ki, Mərkəzi Bankın sədri Elman Rüstəmovun sahibkarlarla görüşməsi çox vacib idi. Bu həmin qurumun atdığı ilk addımdır. Prezidentin təklifindən sonra məmurlar hərəkətə keçib ki, özəl sektorla danışsın və problemləri yaxından eşitsin. AMB-nin keçirdiyi görüşün nəticəsi o oldu ki, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şura yaradılacaq. Bundan sonra da müzakirələr ola bilər. İstənilən halda, bunlar çox yaxşı addımlardır və davam edəcək. Biz özəl sektor olaraq dövlət qurumları ilə daha yaxından işləyəcəyik və onlar da problemləri anlayıb daha yaxşı tədbir görəcəklər".
“Yeni Müsavat”a danışan ekspert Əkrəm Həsənov bildirib ki, bankların özləri əslində bir sahibkardır: “Sadəcə olaraq, Azərbaycanda bankların arasında sağlam rəqabət yoxdur. Banklar hazırda adi sahibkarlardan çox güclüdür və buna görə də sahibkarlar onların qarşısında acizdir. Bu baxımdan təşəbbüsü normal qəbul etmək olar. Azərbaycanda on minlərlə sahibkar var. Qorxuram ki, şurada təmsil olunan bir neçə sahibkara yaxşı güzəştli kreditlər verələr, digərləri bundan yararlana bilməyə. Həmin sahibkarları kimin müəyyənləşdirdiyi açıqlanmayıb. Bəlkə də oradakı sahibkarların bir qismi elə həmin banklara bağlıdır. Normal iqtisadiyyatda bu cür məsələlər, sadəcə olaraq, qanunla tənzimlənir. Yəni sahibkarların öz aralarındakı münasibəti, bankların sahibkarlarla əlaqələri qanunla tənzimlənməlidir. Çünki bu sahibkarlar da bir-biriləri ilə rəqibdir. Ona görə də davranış və qərarlar qanunla olmalıdır. Düşünürəm ki, İctimai Şura yalnız bir müddət fəaliyyət göstərəcək və ictimaiyyətdə belə fikir yaradacaqlar ki, nə isə yenilik edilir”.
Ekspert bildirib ki, qanunda bəzi dəyişikliklər edilməsinə ehtiyac var: “Bəziləri deyir ki, qanunlarımız yaxşıdır, ancaq bunun icrası pisdir. Doğrudur, belə hallar mövcuddur. İcrada problemlər çoxdur. Ancaq elə düşünməyək ki, qanunlarımız çox yüksək səviyyədədir. Hər bir ölkənin iqtisadi konstitusiyası hesab edilən qanunu Mülki Məcəllədir. Həcminə görə bu, hər bir dövlətdə ən böyük qanundur. Eləcə də ən bərbad qanun da elə bunun özüdür. Orada elə cümlələr var ki, başa düşmürsən ki, söhbət nədən gedir. Hətta Tacikistan, Pakistanın Mülki Məcəlləsi bizim eyniadlı qanundan daha oxunaqlıdır. Bunun səbəbi isə çox sadədir. Çünki bizdə Mülki Məcəlləni tərcüməçilər hazırlayıblar. Həmin tərcüməçilər təbii ki, bu qanun maddələrini özlərindən yazmayıblar. Başqa dövlətlərin qanunlarını necə gəldi tərcümə ediblər. Bu tərcüməni isə heç bəlkə də özləri də başa düşmür. Mülki Məcəlləni istənilən şəxs götürüb baxa bilər. Orada anlaşılmayan cümlələr çoxdur. Halbuki Mülki Məcəllə ölkənin sahibkarlarının bir nömrəli qanunudur. Qanunda söhbət əsasən bank məsələlərindən gedir. Daha da konkretləşdirsək, söhbət kreditlərdən gedir. Yəni kredit müqavilələri həmin məcəllə ilə tənzimlənir. Bu barədə həmin məcəllənin 37-ci fəslində müvafiq maddələr var. 37-ci fəsil, sadəcə olaraq, 10 maddədən ibarətdir və kiçik fəsil hesab edilir. Bu fəsildə nə qədər cümlə var ki, onları başa düşməyəcəksiniz”.
Ekspert iddia edir ki, həmin qanun maddələrini alman qanunlarından götürüb, bərbad şəkildə tərcümə ediblər:
“20 ildir ki, bu qanun qüvvədədir və bu müddət ərzində heç bir dəyişiklik edilməyib. 6 il bundan öncə alman professoru ilə bu fəsli yenidən yazdıq. Bizim işlədiyimiz fəsil daha geniş və anlaşılan idi. Bunu ona görə etdik ki, sahibkarlar heç olmasa oxuduqlarını başa düşsünlər və bilsinlər ki, onların fəaliyyəti necə tənzimlənir. İstehlakçıların, sahibkarların və hətta bankların da marağını orada nəzərə aldıq. Lakin altı il ərzində banklar bu qanunun qəbul edilməsinə maneə yaradırlar. Qanuna müvafiq dövlət qurumları tərəfindən müsbət rəy verilib. Ancaq banklar buna imkan vermirlər. Elə birinci imkan verməyən Mərkəzi Bankın özüdür”.
“Yeni Müsavat”