Jalə Əliyevadan sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı AÇIQLAMA - VİDEO
Sosial şəbəkələrdə 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş və açıqlanan ilkin nəticələrə görə lider olan Jalə Əliyevanın məclisdə öz tərəfdarlarına təşəkkür etməsi ilə bağlı kadrlar yayılıb. Diqqət çəkən məqam isə J. Əliyevanın “bu seçkidə sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” kimi ifadələr işlətməsidir.
Sözügedən kadrlarla bağlı Yeniavaz.com-a açıqlama verən J. Əliyeva görüntülərdə işlətdiyi ifadələrin bir çoxlarının zənn etdiyi kimi seçki günü yox, təbliğat kampaniyası ərəfəsində yaşandığını bildirib: “Təbliğat müddətində qarşı tərəfin apardığı anti-təbliğat xarakterli addımlardan biri də o idi ki, mənim görüşümə öyrədilmiş adam göndərmişdilər və adam birbaşa “Azadlıq radiosu” ilə canlı yayıma girirdi. Yüksək səviyyəli təşkil olunmuş görüşü sərhəddən kənara ötürməyə çalışırdı. Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən, həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada “başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı sadəcə qız yuxarıya qaldırmaqla o təxribatçıya “çıx get buradan” demək istəyir. Mən də həmin adamlara seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da, mən onların adını çəkirəm deyə seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssəlam, bundan ibarətdir. Yenə də bunu özləri üçün istifadə etməyə və qərəz yaratmağa çalışırlar, bu qədər.”
J. Əliyeva həmçinin dedi ki, kadrların lentə alındığı evə onlar seçkilərin nəticələri üçün yox, başqa səbəblə toplaşıblar: “Onu da bildirim ki, həmin kadrlar fevralın 10-u lentə alınıb və biz həmin evə, ev sahibinin övladının doğum gününü qeyd etmək üçün toplaşmışıq”.
Həmin kadrları təqdim edirik:
J. Əliyeva həmçinin, bəhs etdiyi təbliğat kampaniyası ərəfəsində yaşananların da kadrlarını redaksiyamıza təqdim edib:
Qeyd edək ki, MSK, bir sıra dairələrdən daxil olmuş müraciətlərə baxılması üçün aidiyyatı üzrə Dairə Seçki Komissiyalarına geri göndərib. Bunların arasında J. Əliyevanın namizədliyini irəli sürdüyü 92 saylı Zərdab-Ucar seçki dairəsi də var. J. Əliyeva, bu məsələyə isə belə münasibət bildirdi: “O normal bir seçki prosedurasıdır. Ola bilər ki, kiminsə seçki günü ilə bağlı hər hansı bir şikayəti olsun. MSK onları araşdırır. Bu da, mənə elə gəlir ki, normal bir şeydir. Göndərilib dairəyə, yəqin ki, dairə araşdıracaq. Amma şikayətin tam olaraq nə ilə bağlı olduğunu bilmirəm. Bəzi dairələrə araşdırılması üçün müraciətlərin göndərilməsi isə normal bir prosedur qaydadır. Qarşı tərəf bütün bunları böyüdür, amma məğlubiyyəti də normal bir şəkildə qəbul etmək lazımdır”.