Ölkə rəhbərliyi İKT sahəsinin inkişafına xüsusi diqqət ayırmışdır

Təhsil / Manset 09-apr, 12:099 xebertv 274 0
Ölkə rəhbərliyi İKT sahəsinin inkişafına xüsusi diqqət ayırmışdır


Pələngov Əbülfət Qulam oğlu

ADPU-nun Kompüter elmləri kafedrasının professoru, pedaqoji elmlər doktoru, Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü



ADPU-da onlayn dərslər geniş vüsət almışdır.

Dünya təhsil sistemində distant təhsil və onun rolu barədə diskussiyalar səngimir. Bəzən də distant təhsilin rolu aşırı şəkildə şişirdilir. İnternet olan yerdə çarə tükənməz ─ deyiblər. Müəllim və tələbə informasiya texnologiyalarından istifadə etməklə məsafədən tədris prosesinin iştirakçıları olurlar. Bu, distant təhsildir. Distant təhsil zamanı tələbə hazırlanmış proqram üzrə müstəqil şəkildə məşğul olur, vebinarın (onlayn seminarın) qeydlərini nəzərdən keçirir, tapşırıqları yerinə yetirir, müəllimdən onlayn məsləhət alır, öz işlərini periodik şəkildə yoxlamaq üçün müəllimə göndərir.

Onlayn dərslər kompüter və digər qadcetlər vasitəsilə "burada və bu saatda" rejimində tələbələrin müəyyən kompetensiyalara nail olması deməkdir. Bu formatı e-learning və ya "elektron təlim" adlandırırlar. Onlayn təlim zamanı da tələbə mühazirələrin videoyazısını izləyir, testlərdən keçir, müəllimlə fayl mübadiləsi aparır, qrup yoldaşları ilə fikirlərini bölüşür ─ bir sözlə, yuxarıda sadalanan təlim hərəkətlərinin, demək olar ki, hamısının öhdəsindən gələ bilir. Müvəffəqiyyət isə müəllimin onlayn dərsə necə hazırlaşması və onu təşkil etməsindən çox asılıdır. Əslində, elə onlayn dərslər distant təhsilin təzahür formasıdır. Təbii, distant təhsil tədris prosesinə kommunikasiya texnologiyalarının daha geniş cəlb edilməsi deməkdir. Bu isə xeyli vəsait tələb edir.

Statistika göstərir ki, İKT sahəsində ölkəmiz qonşu dövlətlərdən heç də geri qalmır. Bu onun nəticəsində baş vermişdir ki, ölkə rəhbərliyi həmin sahənin inkişafına xüsusi diqqət ayırmışdır. Bu diqqətin nəticəsi olaraq müvafiq sərəncamlar imzalanmış və yerinə yetirilmişdir. Ölkəmizdə İKT vasitələrinin səviyyəsinin yüksəldilməsi, əslində, onlayn dərslərin keçirilməsinə çoxdan imkan yaratmışdır. Bundan yeri gəldikcə istifadə də olunurdu, lakin əsas təhsil növü kimi əyani təhsilə üstünlük verilirdi. Hazırda dünyada Covid-19 virusunun geniş yayılması onlayn dərslərin keçirilməsini zərurətə çevirdi.

Respublikamızda digər qabaqcıl universitetlərlə yanaşı, ADPU-da da onlayn dərslərə start verilmişdir. Microsoft Teams və Microsoft Zoom korporativ iş rejimində tədris proqramları özünü doğrultduğu üçün Təhsil Nazirliyi onlayn dərslərin bu proqramlarla aparılmasına göstəriş vermişdir. Hələ bu proqramlarla işləməzdən qabaq da bacarıqlı müəllimlər öz işlərini Elektron poçt, WhatsApp, Skupe və başqa vasitələrlə qurmuşdular, çünki bu vasitələr ölkəmizdə əksər ailələr üçün əlçatandır. Lakin Təhsil Nazirliyinin və universitet rəhbərliyinin göstərişindən sonra onlayn dərslər geniş vüsət almışdır. Universitetimizdə bu işə lokomativlik edən riyaziyyat fakültəsinin kompüter elmləri kafedrası olmuşdur.
Bu sahədə bizim müəyyən təcrübəmiz olduğu üçün təcrübəmizi digər kafedra əməkdaşları və universitet müəllimləri ilə bölüşmüşük. Belə ki, 2014-2015-ci tədris ilində Moskva dövlət pedaqoji universitetinin Stavrapol filialının tələbələri üçün Bakıdan onlayn dərslər təşkil etmişik. Həm həmin universitetin müəllim və tələbələri, həm də biz onlayn dərslərdən razı qalmışıq. Ona görə də onlayn dərslərin üstün cəhətlərinə həmin vaxtlardan bələdik. Belə dərslərə müəllim həmişə qabaqcadan hazırlaşmaq məcburiyyətindədir, çünki tələbənin sorğularına vaxt itirmədən cavab vermək müəllimdən tələb olunur. Fikrimizcə, dərsin tədris üsulundan asılı olmayaraq, bütün mərhələlər tələb olunan səviyyədə gözlənilməlidir. Onlayn dərslərin keçirilməsində ilk addım müəllimlə qrupun birgə iştirakını təmin etməklə atılır. Bunu reallaşdırmaq üçün tələbələrin və müəllimin bütün smartfon telefon nömrələri və elektron poçt ünvanları qrupda paylaşılmalıdır. Bu iki formada ola bilər: hamının kompüteri olan qruplarda ─ Skupe proqramı vasitəsilə, kompüter təchizatı natamam olan qruplarda ─ WhatsApp vasitəsilə. Təcrübə göstərdi ki, hərəkətin məhdudlaşdırıldığı vaxt tələbələrin kompüteri bir yerdən başqa yerə daşımaq imkanı olmadığı üçün daha çox ikinci varianta üstünlük verilməlidir. İkinci variant daha əlçatan olduğu üçün müəllim əvvəlcə qrupla elektron jurnal yaratmalı, dərslərin tarixinı qrupla razılaşdırmalıdır. Dərsə başlayarkən salamlaşdıqdan sonra davamiyyəti yoxlamaq məqsədilə hər bir tələbəyə öz qrup jurnalında neçənci nömrədə yazıldığını bildirən rəqəmi qeyd edərək müəllimə ötürmək tapşırığı verilir. Bu zaman müəllim qısa zamanda siyahını qrup nümayəndəsi ilə dəqiqləşdirir və qrupa nəzarət edir.

Universitetdə dərslərin onlayn keçirilməsi üçün dərs ilinin əvvəlindən zəmin yaradılmışdır. Belə ki, kafedralarda yaradılmış hər bir müəllim üçün elektron qovluqda bütün mühazirə və mühazirənin təqdimatı olan slaydlar toplusu yerləşdirilmişdir. Bunları dərs ili başlayarkən tələbələr əldə edə bilirlər. Onun üçün də onlayn mühazirədə müəllim mərhələli şəkildə tələbələrlə dialoq quraraq təqdimatı aparır. Bununla bərabər, tələbələrin sorğularına da operativ qaydada şərh verə bilir.

Nəzəri məsələlərin tələbələr tərəfindən necə mənimsənilməsinə nail olmaq üçün müəllim alt qrupllarla canlı və görüntülü əlaqə yaratmaqla öz işini qurur, bu zaman digər tələbələr passiv olaraq qulaq asır. Növbə ilə üç tələbə müəllimlə görüntülü təlim fəaliyyətinə keçir, digər tələbələr isə passiv qalır. Bu proses o qədər davam edir ki, bütün tələbələr aktiv rejimə keçirlər.

Praktik tapşırıqlar olan dərslərdə isə hər bir tələbə üçün hazırlanmış tapşırıqların şəkli çəkilir və onlara ötürülür. Bundan ötrü müəllim qabaqcadan hazırlıq işləri görməlidir. Tələbələr fərdi qaydada tapşırığı yerinə yetirir və müəllimə qaytarırlar. Müəllim isə hər bir tələbənin işini yoxlayır, səhvlərini və qeydlərini ona bildirir, nəhayət, qiymətləndirmə aparır. Sonda bütün qeydlər elektron junalda yazılır, tələbələrin tapşırıqları isə yaradılan elektron tələbə qovluğunda saxlanılır.

Beləliklə, ADPU-da onlayn dərslər mümkün olan səviyyədə təşkil olunmuşdur. Onlayn dərslərin keçirilməsinə, təbii, elektron formada da nəzarət təşkil edilir.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq tapşırığı ilə orta ümumtəhsil məktəblərində də DT-in müxtəlif formalarından istifadə edilir. Qabaqcıl orta məktəblərdə (Bakı şəhərinin 251, 285, fizika, riyaziyyat və informatika təmayüllü məktəblər, H.Əliyev adına məktəb kompleksi, İdrak, Modern, Avropa və sair özəl məktəblərdə) bu iş yüksək səviyyədə təşkil olunmuşdur. Hətta rayon və kənd yerlərinin qabaqcıl orta ümumtəhsil məktəbləri də səylərini günü-gündən artırır, nəticələr zamanına görə tamamilə qənaətbəxşdir və heç bir narahatlıq doğurmur. Fikrimizcə, bu da təhsil işçilərinin qarşıya qoyduğu məqsədlərə çatacaqlarına ümüdləri doğruldacaqdır.



tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr