Qatil “Lotu Quli”nin son videosunu bu şəxslərə göndərib - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonundakı beşulduzlu otel və spa mərkəzində Lotu Quli kimi tanınan kriminal avtoritet Nadir Səlifovu qətlə yetirən Xaqan Zeynalov (Xan Bakinski) onun cinayətdən az əvvəl çəkdiyi videosunu azı dörd nəfərə göndərib.
Bildiyiniz kimi, Xaqan Zeynalov Lotu Qulini qətlə yetirməzdən təxminən 30 dəqiqə əvvəl otelin dəhlizində onun arxasınca gedərkən videosunu çəkib. Bu kadrlar qətldən bir neçə saat sonra sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən heç nədən şübhələnməyən Lotu Quli telefonla danışa-danışa dəhlizlə gedir, Xan Bakinski isə onu arxadan çəkir. Daha sonra özünü iri planda çəkir və sanki sifarişçiyə mesaj vermək istəyir ki, Lotu Qulinin arxasındadır və hədəfi haqlayıb.
“Azadlıq” radiosunun özbək xidməti bildirir ki, Xan Bakinskinin həmin kadrları göndərdiyi dörd şəxsin hamısı Türkiyə polisi tərəfindən dindirmə üçün saxlanılıb. Onların arasında Özbəkistandan olan “Zolotoy” ləqəbli kriminal avtoritet Ravşan Muhiddinov da var.
Ravşan Muhiddinov Beynəlxalq Boks Federasiyası AİBA-nın keçmiş prezidenti, Birləşmiş Ştatlar tərəfindən beynəlxalq narkotik ticarəti mafiyasının başçısı kimi axtarılan, "Qara Qafur" ləqəbli kriminal avtoritet Qafur Rəhimovun qohumudur.
Muhiddinovu İstanbuldakı evində avqustun 20-də gecə saat 3 radələrində saxlayıblar. Türkiyə polisi onu yeddi saat ərzində dindirib, lakin hər hansı ittiham irəli sürmədən sərbəst buraxıb.
Bu arada Rusiya KİV-ləri xəbər verib ki, qətldən sonra Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sibirdə Lotu Qulinin adamlarından birini saxlayıb və dindirmədən sonra heç bir ittiham irəli sürmədən buraxıb.
Mərkəzi Asiya kriminal aləmindəki mənbələr isə “Azadlıq” radiosua deyiblər ki, hazırda Rusiyada həbsdə olan kriminal avtoritet, əvvəllər “1 nömrəli oğru” statusunu daşıyan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov özünün həbsxana kamerasında Lotu Quliyə ölüm hökmü çıxarmışdı. Mənbələr deyirlər ki, N.Səlifov rəqib kriminal qruplaşmalara “mübahisəli situasiyalarda” hücum etməklə qanuni oğruların şərəf kodeksini pozmuşdu. (virtualaz.org)
tv713.az